Prezidentliyə iddialıların sayı artır - 11 namizədAzərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün daha bir partiya sədrinin namizədliyi fevralın 13-də irəli sürülüb. Azərbaycan Sosial-Demokrat Partiyası (ASDP) Mərkəzi Komitəsinin plenumu partiyanın lideri, deputat Araz Əlizadənin aprelin 11-də keçiriləcək seçkilərdə namizəd kimi iştirak etməsi ilə bağlı qərar qəbul edib. Bununla da namizəd- deputatların sayı 4 nəfərə çatıb.

A.Əlizadə namizədliyi irəli sürülsə də seçkinin qalibi olmayacağını özü indidən etiraf edib: “Əlbəttə, prezident postu uğrunda mübarizənin şəksiz lideri İlham Əliyevdir. Mənim qarşımda isə partiyamız, ölkənin problemlərinin həllinə onun baxışı haqda danışmaq vəzifəsi durur və biz bunu edəcəyik”.

Prezidentliyə namizədliyi AXC təşəbbüs qrupu tərəfindən irəli sürülən yeni AXCP-nin sədri Razi Nurullayevin sənədləri isə fevralın 13-də Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Bu barədə AXCP Ali Məclisinin sədri Rafiq Daşdəmirli bildirib: “Seçki Məcəlləsinə uyğun olaraq 5 gün ərzində baxılıb cavab veriləcək. Ondan sonra rəsmi olaraq imza vərəqələri götürəcəyik”. R.Daşdəmirli onu qeyd edib ki, lazımi sayda (40 min) imza toplamaq çətin olmayacaq.

Fevralın 13-nə olan vəziyyətə görə prezidentliyə namizədliyi irəli sürülən şəxslərin sayı 11 nəfərə çatıb. Bunlar hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, Yeni AXCP-nin sədri Razi Nurullayev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri deputat Fərəc Quliyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri deputat Araz Əlizadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, partiya mənsubiyyəti olmayan deputat Zahid Oruc, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, AĞ Partiyanın sədri Tural Abbaslı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri deputat Qüdrət Həsənquliyev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev (Əli Əliyev son qərarını fevralın 17-si elan edəcək), KXCP sədri Mirmahmud Mirəlioğludur (M.Mirəlioğlu son qərarını fevralın 17-də elan edəcək).

2013-cü il prezident seçkisində namizəd olanların bir qismi bu siyahıda yer alır. Lakin sözügedən seçkidə iştirak etmiş şəxslərin bəziləri 11 apreldə keçiriləcək seçkiyə qatılmayacaqlarını elan ediblər. Bunlar Milli Şuranın sədri Cəmil Həsənli, Ümid Partiyasının sədri İqbal Ağazadə və Ədalət Partiyasının sədri İlyas İsmayılovdur. Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlunun da budəfəki seçkidə iştirak etməyəcəyi gözlənilir. S.Cəlaloğlu bir həftə öncə Musavat.com-a açıqlamasında bildirib ki, seçkidə iştirak edə bilməməsinin səbəbi maliyyə problemidir. Əgər vəsait tapa bilsə seçkiyə qatılacaq. Ötən seçkilərdə namizəd olmuş Ədalət Partiyasının sədri İlyas İsmayılov da builki növbədənkənar seçkilərlə bağlı qərarını açıqlamayıb.

Azərbaycan Kommunist Partiyası da dünən seçki iştirak edəcəklərini açıqlayıb. Partiyanın sədri Rauf Qurbanov modern.az deyib ki, növbədənkənar seçkinin keçirilməsi ilə əlaqədar prezidentin sərəncamı ilə tanış olandan sonra partiyanın Mərkəzi Komitəsinin katibliyi toplaşdı və mart ayının birinci on günlüyü üçün plenumun çağırılması planlaşdırılır.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə bildirib ki, prezidentliyə namizədliyini irəli sürmüş hər bir şəxs üçün şərait var: “Ölkədə ədalətli, demokratik, azad seçki keçirilməsi üçün bütün mühüm şərait var. Qanunvericiliyə uyğun olaraq, hər bir siyasi partiya, tələblərə uyğun olaraq isə hər bir vətəndaş namizədliyini irəli sürə bilər. Buna görə hər bir siyasi partiya üçün hər cür şərait yaradılıb. Seçkilərdə partiya rəhbərlərinin bir hissəsi iştirak edib, digər hissəsi iştirak etmirsə, bunun səbəbləri tamamilə başqadır. Səbəb ondan ibarətdir ki, o təşkilatlar xaricdən maliyyələşir. Onların bəziləri erməni lobbisinin, müəyyən təşkilatların təsiri altındadır. Onlara göstəriş verilib ki, ”seçkilərdə iştirak etməyin". Onlar da iştirak etməkdən imtina edib. Ümumiyyətlə, onlara göstəriş versələr ki, “seçkilərdə iştirak edin” edəcəklər, yaxud da əksinə. Bunlar nə dərnəyin üzvlərinin, nə də onların adi rəhbərinin qərarı ilə deyil, hansısa ayrı-ayrı ölkələrin, qeyri-hökumət təşkilatlarının, pul verən şəxslərin tapşırığı ilə oturub-dururlar. Ona görə də heç bir narahatlığa əsas yoxdur. Prezident seçkilərində iştirak edəcək namizədlərin hamısı da layiqli insanlardır, Azərbaycan vətəndaşlarıdırlar. Kimlər qanunvericiliyin tələblərinə uyğun olaraq, sənədlərini düzgün təqdim edəcəksə, imzalarını toplayıb verəcəksə, o da qeydiyyatdan keçəcək".
“Belə davam etsək, İlham Əliyev nəinki İrəvanı qaytaracaq, üstəlik evimizə girəcək” - Ermənistan mətbuatıAzərbaycan prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında səsləndirdiyi bəyanatlar Ermənistan cəmiyyətində narahatlıqla qarşılanıb.

APA-nın məlumatına görə, Ermənistanı “1in.am” saytında yer alan məqalədə bildirilir ki, İrəvanda Azərbaycan prezidentinin çıxışına qeyri-adekvat reaksiya verilib.

Qeyd olunur ki, İ. Əliyevin çıxışında seçkiöncəsi komponent olsa da, bu, Ermənistan dövlət orqanları və ekspertlərinin Azərbaycan prezidentinin bu çıxışına soyuqqanlı yanaşmaq fikrindən uzaq durmaq üçün səbəb olmamalıdır: “Əliyevin çıxışının analizi göstərir ki, onun sözlərində güclü təbii artım və ardıcıllığa malik türk elementinin nə vaxtsa Ermənistan Respublikasının yerləşdiyi əraziyə qayıda biləcəyinə dair əminlik var. Bizim hakimiyyət inkar edir ki, Əliyevin əminliyinin mənbəyində ölkəmizin biabırçı durumu və dağıdıcı emiqrasiya dayanır. Keyfiyyətsiz və cinayətkar idarəçiliyin hər ötən günü Əliyevin inamını artırır, Ermənistanı tərk edən hər bir kəs bununla özü də dərk etmədən türk elementinə daha bir qapı açır. Belə davam etsək, Əliyev nəinki İrəvanı qaytaracaq, üstəlik hər birimizin evinə girəcək. Əliyevin çıxışının aqressivliyi hakimiyyət nümayəndələrimiz üçün xoş olmasa da, praqmatik siyasi əsasa malikdir. Bu, dövlətin institusional və perspektiv iflası şəkildə boşaldılan Ermənistandır”.

Məqalədə qeyd olunur ki, Ermənistan hakimiyyət nümayəndələrinin sərt bəyanatlarının məqsədi apardıqları siyasətin iflasını ört-basdır etməkdir. Bildirilir ki, Azərbaycan prezidentinin əminliyinin səbəbi Ermənistanın çökməsinin davam etməsi, habelə milli gündəmin və idealların olmamasıdır.
BAXCP sədri prezidentliyə namizəd olduBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

Avrasiya.net-in xəbərinə görə, bəyanatda bildirilir ki, BAXCP partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyini irəli sürdüyünü bəyan edir.

Bəyanatda bildirilib ki, BAXCP İdarə Heyətinin bu gün keçirilən toplantısında partiyanın aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirakı ilə bağlı qərar qəbul edilib. BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

İdarə Heyətinin qərarına əsasən, partiya sədrinin müavini Elçin Mirzəbəyli BAXCP-nin səlahiyyətli nümayəndəsi, maliyyə şöbəsinin müdiri İlqar Məmmədxanov isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin ediliblər.

Bu gün BAXCP sədrinin prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqi üçün sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunub.
Starteji yol xəritəsi: İrəvana qayıdış prosesi...Prezidentin Qarabağla bağlı son məruzəsi çox mühüm starteji tezisləri özündə əks etdirir.

Bu sözləri Axar.az-a açıqlamasında fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq bildirib ki, ölkə rəhbərinin Yeni Azərbaycan Partiyasının VI qurultayında Dağlıq Qarabağla bağlı son məruzəsi münaqişənin həllinə dair yeni yol xəritəsindən xəbər verir:

“Dəfələrlə bəyan edilib ki, Azərbaycanın xarici siyasətində Dağlıq Qarabağ məsələsinin həlli əsas prioritetdir. Əzəli Azərbaycan torpaqları olan Göyçə, İrəvan, Zəngəzura budəfəki qayıdış çağırışı Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunması prosesinin başlanğıcı sayıla bilər. Çünki ilk dəfə olaraq bu məsələ bir strateji hədəf kimi qarşıya qoyuldu. Bu çox ciddi və önəmli mətləblərdən xəbər verir və onu göstərir ki, Ermənistanın üçüncü qüvvələrə arxalanması artıq əhəmiyyətini itirir. Söhbət heç də Ermənistanla müharibədən getmir. Prezident açıq şəkildə bəyan etdi ki, azərbaycanlılar öz əzəli torpaqlarına qayıdacaqlar. Təbii ki, dövlət başçısının məlum nitqi Qarabağla bağlı yeni strateji yol xəritəsinin konturlarına söykənir. O üzdən İrəvan təşvişə düşməkdə haqlıdır”.

Ekspert onu da əlavə edib ki, prezident əslində son çıxışı ilə İrəvana iki mühüm zərbə vurmuş oldu:

“Birincisi, onlar Azərbaycanda prezident seçilərinin 11 aprel tarixinə dəyişdirilməsini çox ehtiyatla qarşıladılar. İrəvan ümid edirdi ki, oktyabra qədər heç bir ciddi hərbi konflikt, Qarabağda genişmiqyaslı əməliyyatlar ola bilməz. Ermənistanın bu ümidləri puç oldu.

İkincisi, Azərbaycan növbəti uğurlu taktiki gedişlə Ermənistanı qorxu içərisində saxlamağı bacardı. Bu, Azərbaycanın Ordusunun qüdrətini bir daha sübut etdi”.
Əliyevin İrəvan mesajının pərdəarxası: Savaş xəbərdarlığıPrezident seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hərtərəfli addımların atılması mümkündür.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert bildirib ki, Azərbaycan birmənalı şəkildə Qarabağ probleminin mərhələli həllinə və substantiv danışıqlara getməyə hazırdır:

“Ancaq Ermənistanda fərqli vəziyyətdir, seçkilər yaxınlaşdıqca müxtəlif siyasi partiyalar arasında rəqabət güclənməyə başlayıb. Məlum məsələdir ki, bütün proseslər Dağlıq Qarabağ münaqişəsi üzərində qurulub. Sərkisyan nəyin bahasına olursa-olsun, Qarabağ klanını mütləq surətdə hakimiyyətdə saxlamaq üçün Qarabağ kartından istifadə edir. İndi də buna görə müxtəlif təxribatlara əl atırlar. Bütün bunlar ilk növbədə seçkiqabağı siyasi gedişlərdir. Ermənistan hazırda böyük əndişə içərisindədir. Təmas xəttində müşahidçilərin sayının artırılması da məhz buna xidmət edir. Qarabağda bir “sərhəd” yaratmaqla onları üçüncü tərəf kimi qəbul etməyə çalışırlar. Bu, Bakını razı sala bilməz. Məlum məsələdir ki, Rusiyada martda seçkilərdir. Çox güman ki, Rusiya stabilliyi qorumaqla münaqişənin həllində açar fiqur kimi humanist dövlət mövqeyindən çıxış edəcək. Onsuz da Moskva mütəmadi olaraq müxtəlif səviyyələrdə “tərəflər münaqişəni özləri həll etməlidir” prinsipindən çıxış edir. Ancaq Azərbaycanın qətiyyətli mövqeyi Ermənistanı yaman qorxuya salıb. Seçkilərdən sonra mühüm siyasi dəyişikliklər bu durğun vəziyyəti aradan qaldıracaq və yeni dönəm başlayacaq”.

Politoloq hesab edir ki, Azərbaycan prezidentinin Qarabağla bağlı son bəyanatı Ermənistana bir mesaj idi:

“Yəni Azərbaycan bayrağı təkcə Xankəndi və Şuşada deyil, Zəngəzur, Göyçə və İrəvanda da dalğalanacaq. Dövlət başçısı əslində son çıxışı ilə bu münaqişənin nə ilə qurtara biləcəyini İrəvana başa saldı. Sərkisyan da indi bütün günahları boynundan atmaq üçün siyasi bəyanatlarla çıxış edir. Azərbaycan təbii ki, münaqişənin hərbi yolla həllini gündəmdə saxlayır. Bu, bizim hüququmuzdur. Rusiya və digər dövlətlər də bunu başa düşür. O üzdən də boş danışıqların və dekorativ bəyanatların bir sonu olmalıdır. Artıq Qarabağ məsələsi öz həllini tapmalıdır. Hesab edirəm ki, prezident seçkilərindən sonra danışıqlara yenidən qayıdılacaq. Ancaq bu dəfə münaqişənin həlli istiqamətində hərtərəfli addımların atılması mümkündür”.
İrəvan Bakı və Moskvanın hədəfində - Sensasion razılıqAzərbaycan prezidentinin gələcək dövr üçün Dağlıq Qarabağla bağlı siyasi açıqlamaları təkcə ölkə daxilində vətəndaşlarımız tərəfindən deyil, eləcə də regional və beynəlxalq dairələrin əsas hədəfindədir. Çünki hər kəs bilir ki, hansı böyük əzəmətli binada ölkənin gələcək həyatı ilə bağlı əsas konsepsiyalar irəli sürülür.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Millət vəkili vurğulayıb ki, o üzdən səfirliklər, diplomatik qurumlar və media mərkəzləri dövlət başçısının dünənki çxışının əsas tezisləri üzərində təhlillər aparmaqdadırlar:

“Əlbəttə, erməni tərəfinin baxışı ondan ibarətdir ki, son zamanlar Azərbaycanın Qarabağla bağlı mövqeyi sərtləşib. Hətta onlar bunu bir qədər də kəskinləşmiş mövqe hesab edirlər və düşünürlər ki, bundan sonra tanklar, toplar işə düşəcək. Yəni sanki verilən mesajlar müharibənin əlamətiymiş kimi görünür. O üzdən hətta 90-ci illərə qayıdış edən, o dövr maksimalizmlə yaşayan ayrı-ayrı şəxslərin, dövlət təmsilçilərinin sonradan torpaq itkiləri fonunda hakimiyyəti itirməsini Azərbaycana xatırlatmağa çalışırlar. Belə demək mümkündürsə, çox fəlakətli aqibəti olan siyasətçilərdən nümunə götürülməsi istənilir. Bu da başadüşüləndir. Düşmən təbliğatı ayrı cür ola bilməz. Görünən odur ki, Azərbaycan rəhbəri, eyni zamanda, onun tapşırıqlarına uyğun olaraq Elmar Məmmədyarov Qarabağ məsələsində daha kəskin mövqelə ortaya qoyur. Bu nə ilə bağlıdır? Çox mümkündür ki, Qarabağ məsələsi ətrafında Rusiya və Azərbaycan arasında müəyyən baxışlar var və bu, özlüyündə qismən razılaşdırılmış mövqelərdir. İlham Əliyev Qarabağ məsələsini uzun illərdir ki, çiyinlərində daşıyır. Obrazlı desək, əslində, seçki amili İlham Əliyevin konkret şəxslərlə mübarizəsi deyil, onun bu mənada alternativi yoxdur. Bu, daha artıq dərəcədə Qarabağ prosesi ətrafında qərarlaşan qüvvələrlə, ölkənin xarici siyasət yolunu dəyişməyə çalışanlarla, Azərbaycanı müxtəlif qütblər əleyhinə bloklara qoşmağa cəhd edənlərlə, həmçinin, müxtəlif cinahlardan bizə yaylım atəşi açıb, bizi forposta çevirmək istəyənlərlə dövlət başçısının apardığı bir davadır”.

Millət vəkili qeyd edib ki, əslində prezidentin bu mənada qarşısında dayananalar isimlər yox, qüvvələr, dairlər və mərkəzlərdir:

“Ancaq dövlət rəhbərinin siyasi dünyagörüşü sübut edir ki, bu məsələ ətrafında o, güzəştsizdir. Hər halda erməni cinahında Qarabağla kifayətlənməyən İrəvan, Göyçə və Zəngəzuru millətinə hədəf kimi təqdim edən bir hadisədən danışırıq. Onlar düşünürlər ki, Azərbaycan prezidenti xalqı üçün sadəcə tarixi xatırlatmır, strateji mənada hədəflər qoyur, onun uğrunda mübarizəyə səsləyir. Ona görə də Elmar Məmmədyarov ilk dəfədir ki, danışıqların adekvat olduğunu söyləyir. Görünür, həmsədrlər tərəfindən real detallı müzakirələr mövcuddur və bu, bir qədər ermənilərin ziyanınadır. Qərb və Rusiyanın nəzərində önəmli olan postseçki dövründə legitim hakimiyyətlərin olmasıdır. Azərbaycan tərəfindən məsələ aydındır. Ancaq Sərkisyanın baş nazirliyinin müəyyən toqquşmalardan keçəcəyi şübhə doğurmur. Yəni onlar parlamentdə ölkənin rəhbərini, indi artıq səlahiyyətləri qat-qat azalmış prezidentini seçəcəklər. O şəxs də bəllidir.

Bəs, hakimiyyətin ağırlıq mərkəzi dəyişirsə, ondan sonra vəziyyət necə olacaq? Hesab edirəm ki, Azərbaycan dövlət başçısının inamı yanız seçki amilinə, onu daha çox hərbi ritorika üzərində aparmağa, Qarabağ üzərindən qarşı tərəfə ultimatumlar göndərməyə hesablanmayıb. Hər halda prezident sübut edir ki, o, Silahlı Qüvvələrini sadəcə ərazilərini qorumaq üçün formalaşdırmayıb”.

Z.Oruc bildirib ki, İlham Əliyevin konkret hədəfləri var, onun uğrunda da sistemli, ardıcıl fəaliyyət aparır:

“Hər kəs bunun nəticə verməsini arzulayır və gözləyir. Ona görə də danışıqların Azərbaycanın güclənmiş mövqeyi şəraitində hansı nəticələri verəcəyini qarşıdakı dövrdə görəcəyik. Əgər Rusiya və Azərbaycan arasında razılaşmalar olacaqsa, bunun digər sahələri nə cür əhatə edəcəyi, siyasi və geosiyasi müstəvidə nələri dəyişə biləcəyi, bu sferada kompromislərin necə tapılacağı daha geniş söhbətin mövzusudur. Ancaq ən önəmlisi Bakı və Moskva arasında Qarabağ məsələsində konsensus tapılsa, ATƏT-in Minsk Qrupunun üzərindən xətt çəkmək zərurəti meydana çıxacaq. Bu isə tamamilə fərqli bir eradır”.
İlham Əliyevin namizədliyinin qeydə alınması üçün sənədlər MSK-ya təqdim edildiAzərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin qeydə alınması üçün tələb edilən sənədlər Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilərək Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib.

Bu barədə YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının 2018-ci il fevral ayının 8-də VI qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib. (report)
Vüqar Rəhimzadə: Prezident İlham Əliyev verdiyi bütün vədlərə sadiq olub“Yeni Azərbaycan Partiyasının namizədi Azərbaycan xalqının mütləq əksəriyyətinin dəstəklədiyi namizəddir. Hesab edirəm ki, 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində YAP-ın Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə Yeni Azərbaycan Partiyasının VI qurultayının qərarı xalqımızın iradəsinə, arzu və istəyinə söykənərək Azərbaycan dövlətinin gələcək illərdəki inkişafına mühüm töhfələr verəcək”.

Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. V.Rəhimzadə bildirib ki, Azərbaycanın son 14 ildə əldə etdiyi dünya miqyasında təqdir olunan uğurlar məhz Prezident İlham Əliyevin adı, onun uğurlu daxili və xarici siyasəti ilə bağlıdır. Onun sözlərinə görə, 2003-cü ildən bəri ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyev verdiyi bütün vədlərə sadiq olub, dövlətimizin başçısının həyata keçirdiyi uzaqgörən, məqsədyönlü siyasət nəticəsində Azərbaycanda sabitlik və dayanıqlı inkişaf təmin edilib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursunun məntiqi nəticəsi kimi Azərbaycanın beynəlxalq mövqeyi möhkəmlənib. Bu gün Azərbaycan beynəlxalq müstəvidə söz və nüfuz sahibidir”.

YAP Siyasi Şurasının üzvü əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu sosial-iqtisadi siyasət dövlətimizin qüdrətinin artmasını təmin edib, əhalinin maddi rifah halı daha da yaxşılaşıb: “Azərbaycanın müstəqillik tarixində qazandığı uğurlara söykənərək dövlətimizin başçısı cənab İlham Əliyev qarşıdakı illər üçün prioritetləri açıqlayıb. Əsas hədəflər şaxələndirməni sürətləndirmək, ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş ölkələr sırasında görməkdir. Bu hədəflər təbii ki, bugünkü reallıqlara əsaslanır. Məhz bu məqsədlərə çatmaq üçün “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, ayrı-ayrı istiqamətləri əhatə edən strateji yol xəritələri icra olunur”.

“Prezident İlham Əliyev həmişə bəyan edib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Biz cənab Prezidentin fəaliyyətində bunun əyani təsdiqini görürük. Azərbaycanın bugünkü inkişafını təmin edən və gələcək tərəqqi üçün etibarlı zəmin yaradan əsas amillərdən biri də çoxşaxəli islahatların həyata keçirilməsidir. İslahatların dövrün tələblərinə uyğun aparılması xüsusi əhəmiyyətə malikdir. Çoxşaxəli islahatlar bütün sahələri əhatə edir, o cümlədən idarəetmə sistemi daha da təkmilləşdirilir. Ümumiyyətlə, Azərbaycanın idarəçilik sistemində yeniləşmə və təkmilləşmə son illərin mühüm uğurlarındandır”, - deyə Vüqar Rəhimzadə vurğulayıb.

V.Rəhimzadə bildirib ki, dövlətimizin başçısı cənab İlham Əliyev ötən dövr ərzində hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirib:

“Prezident İlham Əliyevin təşəbbüs və dəstəyi hesabına başa gələn böyük iqtisadi, enerji və nəqliyyat layihələri dünya dövlətləri üçün mühüm əhəmiyyət kəsb etməklə, regionun inkişafına layiqli töfhələr verir. Azərbaycan dünyanın ən böyük və əhəmiyyətli təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dünyada sülh və təhlükəsizliyin təmin olunmasına, insan haqlarının müdafiəsinə mühüm töhfələr verib. Azərbaycanın paytaxtı Bakı şəhəri ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ölkəmizdə “Eurovision”, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları kimi bütün dünyanın diqqət mərkəzində olan mühüm mədəniyyət və idman tədbirləri keçirilib. Təbii ki, bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, Azərbaycan xalqının və dövlətinin mənafeyinin ən yüksək səviyyədə qorunmasına yönəlmiş qlobal fəaliyyət hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və cənab Prezidentin yorulmaz fəaliyyəti xalqımızın bütün təbəqələri tərəfindən dəstəklənir”.
“İlham Əliyev bütövlükdə Azərbaycan xalqının namizədidir”“Bu gün Azərbaycanın ən yeni siyasi tarixində çox mühüm bir hadusə baş verdi. Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası aprel ayının 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə öz namizədini irəli sürdü. Bu, YAP-ın Sədri, cənab İlham Əliyevdir”.

Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, hakim partiyanın bu seçimi bütövlükdə Azərbaycan xalqının seçimidir və xalqın irəli sürdüyü namizəddir: “Ona görə ki, YAP ümumxalq partiyasıdır və partiyanın namizədi 700 mindən çox olan partiya üzvlərinin namizədidir. Bu isə əslində Azərbaycan xalqı deməkdir. Bilirsiniz ki, YAP-ın Sədri, cənab Prezident İlham Əliyev bəyan edib ki, “mənim həyata keçirdiyim siyasətin mərkəzində Azərbaycan vətəndaşının, xalqının rifahı durur”. Doğurdan da nəzər yetirsək görəcəyik ki, Prezident hakimiyyətdə olduğu 15 il müddətində “Mən hər bir azərbaycanlının Prezidenti olacam” siyasi fəlsəfəsinə sadiq olaraq hər bir bir Azərbaycan vətəndaşının rifahı, onun inkişafı, gələcəyi üçün əlindən gələn hər şeyi edib. Hər şeydən öncə Azərbaycanda ictimai-siyasi sabitliyi yaradıb, ölkəmizin milli maraqlarını qoruya bilib, mürəkkəb tarixi bir mərhələdə ətrafımızda terror hadisələrinin, müharibələrin, xaosun baş verdiyi bir vəziyyətdə Azərbaycanı sabitlik adası kimi qoruyub saxlaya bilib. Hələ üstəlik onu inkişaf etdirib və ölkəmizdə işsizliyin, yoxsulluğun səviyyəsi azalıb. Azərbaycanın regionları inkişaf edib, dövlətimiz region, dünya ölkələri içərisində çox mühüm bir tərəfdaşa çevrilib.

Buna paralel olaraq cənab Prezident Azərbaycan ordusunu gücləndirib. Ölkə başçısı Ali Baş Komandan kimi 2016-cı ilin aprel döyüşlərinə imza atıb. Bununla da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi hərbi-siyasi dönüşə nail olub. Sadalayacağımız çoxsaylı bu kimi uğurlar əlbəttə ki, 11 aprel seçkilərində Azərbaycan xalqının seçimini müəyyənləşdirəcək. Düşünürəm ki, bu seçim partiyamızın irəli sürdüyü namizəd, İlham Əliyev olacaq”.
“Təhlükəsiz gələcəyin növbəti 7 ilinin memarı İlham Əliyev olmalıdır”"Azərbaycanın stabil, təhlükəsiz və çiçəklənən gələcəyinin növbəti yeddi ilinin memarı prezident İlham Əliyev olmalıdır".

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov özünün “Facebook” səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "Möhtəşəm bir Qurultay. Səmimi, ürəkdən gələn, gələcəyə inamlı və ümid dolu çıxışlar. Ölkənin müxtəlif region və təşkilatlarının nümayəndələrinin nitqləri bir leytmotiv üzərində köklənmişdi: Azərbaycanın stabil, təhlükəsiz və çiçəklənən gələcəyinin növbəti yeddi ilinin memarı Prezident İlham Əliyev olmalıdır. İstər-istəməz dahi Heydər Əliyevin aşağıdakı cümlələrini “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram... Mən ona özüm qədər inanıram və gələcəyinə Böyük Ümidlər bəsləyirəm.” xatırladım. Qurultayda elə təəssürat yaranmışdı ki, sanki hamı bu müdrik kəlamları xatırlayır. Düşünürəm: Şübhəsiz Azərbaycan xalqı Prezident İlham Əliyevə inanır".

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Qərar yekdilliklə qəbul olunub.