MSK daha 7 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqlədiMərkəzi Seçki Komissiyası (MSK) daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib.

Avrasiya.net xəbər verir ki, qərar komissiyanın bu gün keçirilən iclasında qəbul olunub.

MSK Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizədliyi irəli sürülən Qüdrət Müzəffər oğlu Həsənquliyevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Asif Rasim oğlu Məmmədovun, prezidentliyə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc İbrahim oğlu Quliyevin, prezidentliyə namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülmüş Razi Qulaməli oğlu Nurullayevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Elşən Şirzad oğlu Həsənovun, prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Məmməd oğlu Əlizadənin, prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Ələmdar oğlu Hacıyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Daha sonra prezidentliyə namizədliyi irəli sürülən şəxslərin səlahiyyətli nümayəndələri qeydə alınıb.

İclasda bəzi seçki dairələrinin seçki məntəqələri üzrə seçicilərin sayı təmsilçilik normalarına uyğunlaşdırılıb, həmçinin bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Qeyd edək ki, MSK bundan öncə prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Anar Umudovun, Liberal Demokratik Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fuad Əliyev, namizədliyi özü tərəfindən irəli sürülmüş Tural Abbaslı, namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Orucun prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib.

Xatırladaq ki, bu il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Milli Məclis Seçki Məcəlləsinə daha bir dəyişiklik edəcəkAzərbaycan Milli Məclisi Seçki Məcəlləsinə dəyişiklik edəcək.

Modern.az-ın məlumatına görə, Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilən Seçki Məcəlləsinə dəyişiklik edilməsi məsələsinə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin fevralın 20-də keçiriləcək iclasında baxılacaq.

Dəyişikliyə görə, Məcəllənin 27.1-ci maddəsinin (Mərkəzi Seçki Komissiyası üzvünün fəaliyyətinin təminatları) ikinci cümləsi aşağıdakı redaksiyada veriləcək:

27.1. Mərkəzi Seçki Komissiyasının üzvünün, sabiq üzvünün və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir.

Hazırda isə 27.1-ci maddəsi belədir: Mərkəzi Seçki Komissiyasının sədri, sədrinin müavini, katibi və üzvü komissiyada öz səlahiyyətləri dövründə dövlət büdcəsi hesabına əməkhaqqı alır. Mərkəzi Seçki Komissiyasının sədri, sədrinin müavini, katibi və üzvü olmuş şəxs təqaüdə çıxdıqda fəaliyyətdə olan Mərkəzi Seçki Komissiyası sədri, sədrinin müavini, katibi və üzvünün əmək haqqının 80 faizi məbləğində pensiya alır.
"Petisiya başladanlar ortada istifadə olunub, atılan şəxslərdir"“Öz ölkəsinə qarşı düşmən mövqedən çıxış edərək, Ermənistanın maraqlarına xidmət edən qarayaxma kampaniyası yürüdən cılız, ucuz, mənəviyyatsız şəxslərin əsassız və gülünc müraciətləri heç bir nəticə verməz”.

Bu sözləri Publika.az-a açıqlamasında siyasi analitik Elçin Mirzəbəyli ipetition.com saytında xaricdə yaşayan 3 azərbaycanlı tərəfindən ölkəmizdə aprelin 11-də keçiriləcək prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiyaya münasibət bildirərkən deyib:

“Təəssüf edirəm ki, həmin şəxslər diqqət çəkmək məqsədi ilə belə bir yola əl atıblar. Bu birbaşa xaricdəki himayədarlarından dəstək almaq və maddi maraqlarını təmin etməyə yönələn addımdır. Prosesin arxasında açıq-aşkar Azərbaycanı sevməyən qüvvələrin durduğunu bilirik. Əvvəla onu deyim ki, Azərbaycanda seçkinin nə vaxt təyin ediləcəyi bilavasitə prezidentin səlahiyyətlərinə aid olan məsələdir. Burada heç bir qanundan kənar məqam yoxdur. 2016-cı ildə Azərbaycanda referendum keçirilib. Referenduma əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında bir sıra dəyişikliklər edilib. Həmin dəyişikliklər imkan verir ki, Azərbaycan istənilən an, istənilən zaman kəsiyində seçkilər keçirsin. Lakin məhz bu cür gülünc yanaşmanın özü də sübut edir ki, petisiya ilə müraciət edən həmin cılız şəxslərin hüquqdan qətiyyən anlayışları yoxdur. Məqsədləri isə xarici qüvvələrlə əlbir olub, qarayaxma kampaniyası aparmaqdan ibarətdir. Bu gün Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər göz önündədir. Kifayət qədər inkişaf mərhələsi keçilib. Təbii ki, münasibətlərin sürətlə yaxşılaşdırılması onları narahat edir. Artıq Avropa Parlamentində Azərbaycan Dostluq Qrupu yaradılıb. Bu qrup bilavasitə xaricdə ölkəmizin əleyhinə qara kampaniya aparan qüvvələrə cavab vermək üçündür. Hesab edirəm ki, bu kifayət qədər ciddi qrupdur. Həmin bu petisiya hazırlayan şəxslərin mövqeyinə diqqət edin, birbaşa Xocalı soyqrımı ilə bağlı Azərbaycana qarşı hərəkətə keçən ermənipərəst dairələrin mövqeyi ilə üst-üstə düşür. Ermənilərlə eyni vaxtda təbliğat aparırlar. Yaxın vaxtlarda ermənilər Xocalı soyqrımından dərhal sonra bir neçə tədbir keçirtməyi planlaşdırırlar. Hətta bununla bağlı müxtəlif orqanlara müraciətlər də ediblər. Belə hadisələrin üst-üstə düşməsi qətiyyən təsadüfi deyil. Yəni, onların hansı mövqe və maraqlara xidmət etdiyi ortadadır”.

E.Mirzəbəyli bildirib ki, ən azından, dünən Bakıda “Cənub Qaz Dəhlizi” ilə bağlı keçirilən konfransı da onu göstərir ki, həmin petisiya hazırlayan şəxslər niyyətlərinə çata bilməyəcəklər:

“Azərbaycana düşmən kəsilən şəxslər hər zaman dövlətin siyasətinə ləkə salmaq üçün çalışıb. Lakin tarix boyu ölkəmizə qarşı aparılan bütün təbliğat və təxribatların nə dərəcədə cılız olduğunun şahidi olmuşuq. Düşünmürəm ki, Avropa İttifaqında, BMT Təhlükəsizlik Şurasına və Baş Katibinə göndərilən bu petisiya ciddiyə alınsın. Çünki həmin şəxslər kiçik, cılız, miskin, ucuz hüquq müvəkkilərindən başqa bir şey deyillər. Onlar ortada istifadə olunub atılan şıxslərdir”.
Kreml İlham Əliyevin İrəvan hədəfindən təşvişə düşdüRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının altıncı qurultayındakı çıxışına reaksiya verib.

Axar.az xəbər verir ki, Zaxarova İlham Əliyevin çıxışını diqqətlə izlədiklərini bildirib:

“Biz Azərbaycanın qonşu Ermənistanla gərgin münasibətlərini yaxşı bilirik. Bu fikir gərginliyin azaldılmasına xidmət etmir”, – deyə o bildirib.

Qeyd edək ki, İlham Əliyev Yeni Azərbaycan Partiyasının altıncı qurultayında azərbaycanlıların İrəvana geri qayıtmalı olduğunu söyləmişdi:

“Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Biz, sadəcə olaraq, öz səylərimizi daha da artırmalıyıq və artırırıq. Əminəm ki, bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ədalətli həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək.

Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”.

Görünür, rəsmi Moskva hələ də 1905, 1918, 1933, 1948-53 və 1988-ci ildə milyonlarla azərbaycanlının Ermənistandan qovulduğunu görməzdən gəlmək istəyir. Üstəlik, Moskva İrəvan xanlığının ərazisinə 19-cu əsrin ikinci yarısından başlayaraq, omminlərlə erməni ailəsi köçürdüyünü və burda qondarma bir dövlət yaratdığını da ört-basdır etmək istəyir.
Aqil Acalov: Azərbaycan prezidenti İlham Əliyev alternativsiz namizəddirAzərbaycan prezidenti İlham Əliyev alternativsiz namizəddir. İlham Əliyevin malik olduğu potensial və gördüyü uğurlu fəaliyyət göz önündədir.

Bunu iqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal Aqil Acalov bildirib. O, qeyd edib ki. son 15 ildə Azərbaycan uğurlu inkişafa və tərəqqiyə nail olub. Güclü ordumuz formalaşdırılıb. Bölgənin iqtisadi-siyasi lider dövlətinə çevrilmişik. Bir sıra uğurla iqtisadi layihələr prezident İlham Əliyevin zamanında gerçəkəşdir. Bu gün həmin işlər prezident İlham Əliyevin əsas uğurunu təşkil edir. Prezidentin uğurlu daxili-xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. Ölkəmizi hər yerdə tanıyırlar.

Məhz buna görə də Prezident İlham Əliyev aprelin 11-də keçiriləcək prezident seçkilərin şəksiz qələbə qazanacaq.

Şübhəsiz ki, uğurdan narahat olan qüvvələr var. Onlar Avropanın bəzi dairələrdən maliyyə dəstəyi alaraq, Azərbaycanın əleyhinə iş aparırlar. Dövlətçiliyimzə qarşı çıxan qüvvələr erməni lobbisinin əlində oyuncağa çevriliblər. Bütün iyrənc potensialları gecə-gündüz anti-azərbaycan təbliğatına qoşulublar. Onları əmin edirəm ki, bu qüvvələrin arzular ürəklərindən qalacaq. 11 apreldə xalqımız onlara gözəl cavab verəcək. Həm də onların planları fiaksoya uğrayacaq.
ALDP MSK-dan imza vərəqələrini götürdüBu gün Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) MSK-dan imza vərəqlərini götürüb.

ALDP-dən Avrasiya.net-ə verilən məlumata görə, prezidentliyə namizəd ALDP sədri Fuad Əliyevin səlahiyyətli nümayəndəsi Fizuli Kərimov imza vərəqələrini MCK-dan götürüb.

Sabahdan imza vərəqləri partiyanın Regional Seçki Qərargahlarına (RSQ) göndəriləcək. İmza toplama kampaniyasına 100-ə yaxın partiya üzvü cəlb olunub.
"Azərbaycanda ictimai-siyasi sabitlik var"“Demokratik-şəffaf seçkilərin keçirilməsi üçün ictimai-siyasi sabitlik mütləqdir. Amma, bu hal bizim üçün problem kimi qeyd olunmur. Arzu edirəm ki, gələcək nəsillər də bu problemlə qarşılaşmasınlar".

Bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə çıxış edən MSK sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, Azərbaycanda Dairə Seçki Komissiyları üçün yaradılan şərait Avropa və Asiya ölkələrindəki müvafiq strukturlar üçün nümunə ola biləcək səviyyədədir: “Azərbaycanda MSK-nın böyük nüfuzu var. Artıq 10 ildir ki, 125 DSK sədrləri rayonların icra başçılarının müavinləri statusundadır. Bu çox düzgün bir qərardır. Azərbaycanda bu sahədə işlər nümunəvi təşkil edilib. Ancaq standartlar dəyişir, hər zaman aşağı seçki komissiyalarının fəaliyyəti təkmilləşməlidir. Çalışmalıyıq ki, Azərbaycanda keçirilən seçkilər ölkədən kənarda da yüksək qiymətləndirilsin”

“Tək bizə yox, digər ölkələrə də qərəzli münasibət olunur. Onların daxili işlərinə qarışlma cəhdləri olur. Ölkənin daxili işlərinə müdaxilə etməyin yeganə yolu isə seçkilərdir. Biz bizi istəməyənlərə də ölkəmizdə seçkilərin yüksək səviyyədə keçirilməsini qəbul etdirməliyik".
Avropadakı söyüşçül üçlüyə son cavabım  Adil Əliyev,
Milli Məclisin deputatı


Deməli, Avropada sığınacaq alan kiçik qrupun ən söyüşçül 3 üzvü (onlar mənim adımı hər görüntülərində çəksələr də, onlar üçün şərəf olmasın deyə isimlərini tələffüz etməyəcəm) növbətə dəfə mənə qarşı təhqir və yalanlarını səsləndirib və bunu sosial şəbəkədə yayıblar. “Günahım” odur ki, bu üçlüyün Azərbaycan prezidentinə qarşı etdikləri tərbiyəsizliyə etiraz etmişəm, sosial şəbəkədə tənqidlərimi yazmışam. Ancaq mənim yazdığım heç bir cümlədə təhqiredici fikir yoxdur, qarşı tərəf kim olursa-olsun bizim kitabımızda təhqir etmək yoxdur. Bizim tərbiyəmiz buna yol vermir.

Birincisi, 1 saatdan çox təhqir dolu görüntülərində məni onda günahlandırırlar ki, keçmişdə polis işçisi olmuşam və bunların axsaq düşüncəsinə görə polis olmaq böyük qəbahətdir. Bəli keçmişdə polisdə xidmət etmişəm və bununla fəxr edirəm. Vəzifəsini ləyaqətlə yerinə yetirən polislərdən olmuşam, belələri sıralarımızda mütləq əksəriyyətdir. Polisdə hamıya qara yaxmaq dövlətə qara yaxmaq deməkdir. Çünki bəyənmədəyiniz polis dövlətin və millətin təhlükəsizliyinin keşiyində dayanıb. Polisdən söz düşmüşkən, görüntünü yayınlayan həmin üçlükdən birini tanıdım, o da məni tanımamış deyil, hələ 2003-cü ildə Yasamal Polisində cinayət axtarış şöbəsində işlədiyim dövrdə öz hərəkat yoldaşları haqqında bizə kifayət qədər məlumat verib, ləqəbini də bilirəm, əlimdə kifayət qədər sənədli sübutum da var, sadəcə dövlət maraqları baxımından açıqlamağı hələ ki, lüzum bilmirəm. Sadəcə, qoy öz “dostları” düşünsünlər ki, yanlarındakı kimdir və bir gün başlarına hansı xətanı açacaq. Bir dəfə satan, on dəfə satar! Bu alışqanlıqdır.

İkincisi, içərilərindən biri mənimlə haqq-hesab çürütmək üçün Avropaya çağırıb. Bunlar guya müxalifətdirlər, qanqster və ya killer kimi danışırlar. Mən Avropa ölkələrində ara-sıra oluram, Səninlə rastlaşsam sözümü üzünə deyərəm, hansı idman növü ilə məşğul olduğumdan da yəqin məlumatın var, görüşsək keçmişindən Sənə bəzi xatırlatmalar da edəcəm. Ancaq tələsirsənsə, Səni öz vətənində gözləyirəm, yoxsa Azərbaycanı daha vətən saymırsan? Gəl oturaq danışaq, söhbət edək, fikirlərini deyərsən, yox əgər min kilometrlərlə məsafədən söyüş söyməyə üstünlük verirsənsə səninlə ağız-ağıza vermək mənlik deyil, ünvanı səhv salmısan. Sözümü sizə və sizin kimlərə bir neçə dəfə dedim, anlamaq istəmrisinizsə bu artıq sizin problemdir. Mənim keçmişimdə nəsə ləkə və ya ehtiyat etdiyim məqam olsaydı, heç zaman sizin kimi tərbiyəsizlərlə polemikaya girməzdim, məhz özümə və özümün keçimişinə tam arxayınam ki, dövləti və prezidenti Sizin kimi tərbiyəsizlərdən qorumaq məcburiyyətindəyəm və çəkinmədən sözümü də deyirəm. Sizinlə polemikaya hələ ki, burada nöqtə qoyuram. Sizin üçün şəfər olar ki, hər dəfə Sizə cavab verəm. Biriniz hətta son görüntüdə yalvarırdınız ki, “Adil Əliyev niyə mənim adımı çəkməyib, axı şəkilləri ayaqyolundan mən yapışdırmışam?” Sənin adını elə məhz ona görə çəkmirəm ki, etdiyin əmələ görə bu sənin üçün böyük şərəf olar. Siz uzaq ölkədə söyüş söyməyinizi və tərbiyəsizliklərinizi davam etdirin, mən isə əqidə yoldaşlarımla Azərbaycanın inkişafıyla və mövcud problemlərin həlli ilə məşğul olaq. Bir daha aramızdakı fərqi sizə izah etdim. Sizin işiniz söymək, bağırmaq, təhqir etmək, bizimki isə qurub-yaratmaq və insanların problemlərinin həlli ilə məşğul olmaqdır!
MSK-da ilk partiya sədrinin pezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqləndiMərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK-ya müraciət etmiş şəxslərin Prezidentliyə namizədliklərinin irəli sürülməsinin təsdiq olunması məsələsi müzakirə olunub.

MSK-nın katibi Arifə Muxtarova deyib ki, Anar Azər oğlu Umudovun prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq olunması üçün MSK-ya müraciət edib.

Məsələ səsverməyə çıxarılaraq təsdiqlənib.

İclasda daha sonra Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin, namizədlikləri öz təşəbbüsü ilə irəli sürmüş Zahid Orucun və Tural Abbaslının namizədliklərinin irəli sürülməsi təsdiqlənib.

Xatırladaq ki, MSK-nın bugünkü iclasında ilk olaraq Prezident İlham Əliyevin aprelin 11-nə təyin edilən Prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiq olunub.
Veteranlar seçkidə səs verəcəkləri namizədi açıqladı - İlham ƏliyevBu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı ümumi yığıncaq təşkil edilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov ölkəmizdə keçirilən bütün seçkilərdə veteranların fəal iştirak etdiklərini bildirib. O, aprelin 11-də keçiriləcək prezident seçkilərində də bu fəallığın yüksək səviyyədə olacağına əminliyini ifadə edib.

Tofiq Ağahüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan uğurlardan danışıb, Azərbaycanın dünyanın iqtisadi cəhətdən sürətlə inkişaf edən, mütərəqqi, sivil dəyərlərə malik ölkə kimi tanındığını vurğulayıb. Bütün sahələrdə ildən-ilə inkişaf edən Azərbaycanın hərbi qüdrəti də artır, ordumuz güclənir və bu, bizdə erməni işğalında olan torpaqlarımızın azad ediləcəyinə böyük inam yaradır. Xalqın rifahının və sosial vəziyyətinin yaxşılaşması, o cümlədən veteranlara göstərilən qayğı və diqqətin getdikcə yüksəlməsi, eləcə də digər istiqamətlərdə qazanilan nailiyyətlər bizi növbəti seçkilərdə yenə də İlham Əliyevə səs verməyə sövq edir.

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov seçkilərlə əlaqədar qurumun qarşısında duran vəzifələrdən, veteranların bu işdə daha yüksək fəallıq göstərmələrinin əhəmiyyətindən danışıb. O, seçkilərdə iştirak və təbliğat işinin təşkili ilə bağlı məsələlərdə yerli təşkilatlara lazımi köməyin göstərilməsinin, hamını səsvermə günü seçki məntəqələrinə gedərək vətəndaşlıq borcunu yerinə yetirməsinin vacibliyini qeyd edib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev veteranlara dövlət qayğısı siyasətinin müasir mərhələdə inkişafı üçün çox böyük işlər görüb. Onun imzaladığı dövlət proqramları və sərəncamlar əsasında xüsusilə müharibə veteranları hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Veteranlara prezident təqaüdünün verilməsi, hər il 9 May - Qələbə Günü ərəfəsində MDB məkanında ən yüksək birdəfəlik yardım edilməsi, fəal veteran orden və medallara layiq görülməsi və həyata keçirilən başqa tədbirlər bunun parlaq sübutlarıdır. İlham Əliyev görkəmli dövlət adamı, ictimai xadimdir. Prezidentin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən yüksək kürsülərdən Azərbaycanın ədalətli və obyektiv mövqeyini qətiyyətlə səsləndirməsi biz veteranları, Vətənin azadlığı uğrunda həlak olmuş əsgər və zabitlərin ailələrini hədsiz fərəhləndirir və torpaqlarımızın tezliklə işğaldan azad olunacağına inamımızı daha da artırır.

Veteranların layiqli namizədi olan Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti və mühüm xidmətləri ilə bütün xalqımızın səsini qazanmağa haqqı çatdığını vurğulayan C.Xəlilov səsvermə günü veteranların yenidən öz seçimlərinə sadiq qalacaqlarına əminliyini bildirib. O, əmin olduğunu bildirib ki, veteranlar aprelin 11-də layiqli namizəd İlham Əliyevə səs verəcəklər.

Tədbirdə “Azərbaycan Qarabağ Əlilləri və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranlari Birliyinin sədri Füzuli Rzaquliyev, Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü, professor Bəhram Zahidov və digər çıxış edənlər də veteranların aprelin 11-də hamılıqla İlham Əliyevə - davamlı inkişafa, sabitliyə və Azərbaycanın xoşbəxt gələcəyinə səs verəcəklərini qeyd edib və hamını səsvermə günü fəal olmağa çağırıblar.

Sonda Azərbaycan müharibə veteranları təşkilatlarının ümumi yığıncağının iştirakçıları adından Azərbaycan veteranlarına müraciət qəbul edilib.