Prezidentliyə dördüncü namizəd - Sollardan gəldiSolların namizədinin kimliyi bəlli oldu – Dördüncü namizəd daha ciddi fiqurdur.

Dünən, Azərbaycan Kommunist Partiyasının qərərgahında keçirilən, digər sol təmayüllü ictimai – siyasi birliklərin nümayəndələrinin də iştirak etdikləri toplantıda, 2018-ci ildə, Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkilərində sol qüvvəllərin, öz namizədləri ilə iştirak etmək istəkləri, gündəlikdə duran məsələlərdən biri olub.

Avrasiya.net xəbər verir ki, müzakirələrdən sonra, 2018-ci ildə keçiriləcək prezident seçkilərində, Azərbaycan Sosialist Partiyasının rəhbəri Elşən Həsənovun namizədliyi, yekdilliklə dəstəklənib.

Əslində, sol qüvvələrin seçkilərə öz namizədləri ilə qatılacağı məsələsi nə qədər gözlənilən idisə, Elşən Həsənovun namizədliyinin bu qüvvələr tərəfindən irəli sürüləcəyi də bir o qədər aydın idi.

Digər sol qüvvələrə nisbətən Azərbaycn Sosialist Partiyasının, eləcə də onun rəhbəri Elşən Həsənovun Azərbaycanın siyasi həyatındakı fəallığı göz qabağındadır. İndiki halda onun namizədliyinin bir neçə sol təmayüllü ictimai-siyasi təşkilat tərəfindən irəli sürülməsi, Azərbaycan solçuları tərəfindən uğurlu addım sayıla bilər.

İndiyə qədər, gələcək seçkilərdə iştirak edəcəkləri barədə bəyənatla çıxış etmiş Rəsul Quliyev, İsa Qəmbər və Hüseyn Abdullayevə qarşı, sol qüvvələr, daha ciddi fiqur qoyurlar. Hər halda, Elşən Həsənovun siyasi reputasiyasının ləkəsiz olması, kütlələrlə iş qabiliyyəti, prinsipial xarakterə malik olması, bunu deməyə əsas verir.
Prezident vacib məqama toxundu - PolitoloqD-8 formatı ilə əməkdaşlıq və üzvlük perspektivi Azərbaycanın tranzit ölkə kimi də mövqelərini daha da gücləndirəcək.

Bu sözləri Axar.az-a İstanbulda D-8 İqtisadi Əməkdaşlıq TəşkilatınınIX Zirvə görüşünüvə Azərbaycanın sammitdə iştirakını dəyərləndirən analitik Elçin Mirzəbəyli deyib. Analitik diqqətə çatdırıb ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı olduqca önəmli bir iqtisadi əməkdaşlıq platformasıdır və əhalisinin sayı 1 milyard 200 milyon nəfər yaxın olan nəhəng bir ərazini əhatə edir:

“Təşkilatı önəmli edən amillərdən biri də üzv ölkələrin inkişaf etməkdə olan ölkələr olmasıdır. Bu isə Azərbaycanın ixrac potensialının artırılması üçün yeni imkanlar deməkdir. 1996-cı ildə yaranan, Asiya və Afrikanın böyük dövlətlərini əhatə edən İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısına Azərbaycan prezidentinin xüsusi qonaq kimi dəvət olunması, həmçinin Azərbaycanın təşkilata üzv olması ilə bağlı təşəbbüslər ölkəmizin regional və qlobal iqtisadi proseslərdə oynadığı mühüm roldan qaynaqlanır.

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr, eyni zamanda ciddi ixrac potensialına malik olan ölkələrdir. Azərbaycan isə Bakı-Tiflis-Qars dəmir yolu layihəsi işə düşdükdən sonra olduqca əlverişli bir nəqliyyat dəhlizinə çevriləcək. Azərbaycan prezidenti ölkəmizin iqtisadi imkanlarının təqdimatı çərçivəsində bu məqama da toxundu. Hesab edirəm ki, D-8 formatı ilə əməkdaşlıq və üzvlük perspektivi Azərbaycanın tranzit ölkə kimi də mövqelərini daha da gücləndirəcək”.

Qeyd edək ki, İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib.Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.
“Dağlıq Qarabağ problemi lap Konqoda müzakirə olunsa belə, heç bir mənası olmayacaq”“ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir fikri dəyişməyib”.

Bunu Versus.Az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev ABŞ Senatında “Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu” mövzusunda keçirilən brifinqdə Minsk qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlikin münaqişənin tənzimlənməsi ilə bağlı səsləndirdiyi fikirlərlə bağlı açıqlamasında bildirib. ALDP sədri deyib ki, münaqişənin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunda cəmlənən dövlətlər, o cümlədən Rusiya və Fransanın da mövqeləri eynidir. Dağlıq Qarabağ problemi lap Konqoda müzakirə olunsa belə heç bir mənası olmayacaq. F.Əliyev bəyan edib ki, Dağlıq Qarabağ probleminin həlli yalnız Azərbaycan dövlətinin və xalqının birgə fəaliyyəti və gücü sayəsində gerçəkləşə bilər:

“Dövlətlərin ərazi bütövlüyü məsələsi beynəlxalq hüquqda təsbit olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı BMT-nin 4 qətnaməsi var. Biz həmin qətnamələrə üz tutub öz ərazilərimizi işğaldan azad etməliyik”.

ALDP sədri bildirib ki, Dağlıq Qarabağ məsələsinin harada və necə müzakirə etməsinin məsələyə heç bir təsiri olmayacaq:

“Hamıya yaxşı aydındır ki, neçə illərdir fəaliyyət göstərən Minsk Qrupunun heç bir əhəmiyyəti yoxdur. Sadəcə boş-boş səfərlər edib, görüşlər təşkil etməklə vəzifələrini bitmiş sayırlar. Məsələ isə hələ də öz həllini tapmamış qalır. Aparılan danışıqlar isə yalnız münaqişənin bir az da uzadılmasına xidmət edir. Ola bilər ki, xeyrimizə, yaxud əleyhimizə 100 dənə qərar çıxarsınlar. Qarabağ məsələsində yalnız Azərbaycan dövləti və vətəndaşlarının sözü, yekun qərarı rol oynayacaq. Biz özümüz güclü ordumuza arxalanaraq torpaqlarımızı azad edə bilərik”.

F.Əliyev bu mənada Ceyms Uorlikin brifinqdə səsləndirdiyi fikirləri də mənasız hesab edib:

“Bu yalnız münaqişənin bir neçə il də uzadılması ilə bağlı Ermənistana mesaj göndərməyə xidmət edir. Hətta kimsə bizim xeyrimizə nə isə demiş olsa belə, biz bundan arxayınlaşmamalıyıq. Çünki heç kəs bizim əvəzimizə torpaqlarımızı işğaldan azad etməyəcək”.
“Məni cəzalandırıb Qarakənd faciəsini törətdilər, əsas komandamı itirdim"“Bu gün Azərbaycanın dövlət müstəqilliyini qazanmasının 26 ili tamam olur. Bu, millətimiz üçün böyük xoşbəxtlikdir. Ona görə də biz müstəqilliyimizi göz bəbəyimiz kimi qorumalıyıq”.

Bu fikirləri “Ölkə.Az”-a müsahibəsində Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov bildirib.

A.Mütəllibov prezident olduğu dövrdə Azərbaycanın müstəqilliyinin əldə edilməsinə çalışdığını söyləyib:

“O zaman çox mürəkkəb proseslər gedirdi. Bütün bu risklərə baxmayaraq, biz müstəqilliyimizlə bağlı qərarı qəbul etdik. Mən 1991-ci il oktyabrın 18-də həmin qərara imza atdım. Şükürlər olsun ki, biz indiyədək müstəqilliyimizi qoruyub saxlamışıq. Bu sona qədər davam etməlidir.

Mən müstəqillik aktına imza atan prezident olsam da, bütövlükdə burada xalqımızın rolu böyük olub. Bunu etiraf etmək lazımdır. Zaman elə gətirdi ki, bu tarixi missiya mənim payıma düşdü. Mən də həmin sənədə böyük məmnuniyyətlə imza atdım. Yaxşı xatırlayıram ki, biz digər SSRİ üzvü olmuş ölkələrdən daha tez bu qərarı qəbul etdik. Yəni, 1991-ci il oktyabrın 18-ə qədər digər SSRİ ölkələrindən hələ heç biri müstəqillik haqqında bəyanat verməmişdi”.

A.Mütəllibov deyib ki, həmin dövrdə Azərbaycanın müstəqilliyinin əleyhinə səs verən qüvvələr də olub:

“Sadəcə olaraq, mən onlara qarşı çıxmaq istəmirdim. Düşünürdüm ki, biz demokratik cəmiyyət qurmaq istəyiriksə, bu cür adamlar da olmalıdır. Hətta, bəzən onlara qarşı çıxanda, AXC-Müsavat üzvləri məni anti-demokratik addımlar atmaqda ittiham edirdilər, qınayırdılar və s. Mən də bütün qüvvələrə şərait yaradırdım, onlara fikir və mövqe bildirmək qadağası qoymurdum. Bəlkə də buna görə mən hakimiyyətdə çox qala bilmədim. Prezident idim, bütün güc orqanları mənə tabe idi. Mən də istəsəydim, müxalifətə qarşı güc tətbiq edə bilərdim. Amma bunu etmədim. Düşündüm ki, demokratik cəmiyyətdə müxalifət də olmalıdır. Amma nəticəsi necə oldu? Onlar bu azadlıqlardan, demokratiyadan sui-istifadə etdilər. Müxalifətə açıq şəkildə dedim ki, gəlin bir olaq, Dağlıq Qarabağ problemini həll edək, bir il sonra özüm hakimiyyətdən geri çəkiləcəm. Seçki keçirilər, qalib gələn prezident olar. Onlar buna razı olmadılar, məni devirməyə çalışdılar. Məni Moskva ilə əməkdaşlıq etməkdə ittiham edirdilər. Baxın, 1991-ci il 18 oktyabrda SSRİ var idi. Heç kəsin ağlına belə gəlməzdi ki, SSRİ dağılacaq. Amma mən müstəqillik əldə etməyimizlə bağlı sənədə imza atdım, xalqın müstəqillik uğrunda mübarizə aparmasına mane olmadım. Qarabağın azad olunması uğrunda hərbi əməliyyatlar keçirirdim. Bəlkə də buna görə məni cəzalandırıb Qarakənd faciəsini törətdilər, əsas komandamı itirdim”.

A.Mütəllibov Azərbaycan Xalq Hərəkatı fəallarının ona qarşı çıxmaqla, Qarabağ problemini düyünə saldığını qeyd edib:

“Bizə qarşı amansızcasına müharibə aparırdılar. Mən isə heç zaman prezident postumu möhkəmləndirmək barədə düşünmürdüm. Mənim əsas fikrim Qarabağ problemini köklü həll etmək idi. Hətta, mən Qarakənd faciəsində həlak olmuş komandamı yığanda da, onlara başlıca vəzifə kimi Qarabağ problemini birdəfəlik həll etməyi tapşırmışdım. Onlara bildirmişdim ki, nə yolla olursa olsun, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq və Qarabağ problemi köklü şəkildə həllini tapacaq. Bunun üçün SSRİ rəhbərliyi ilə danışıqlar da aparırdım. Əfsuslar olsun ki, Qarabağ problemini həll etmək üçün mənə imkan vermədilər. Konkret olaraq, AXC, Müsavat və digər siyasi qüvvələr mənə imkan vermədi ki, bu problemi həll edim. Nəticədə də komandamın əsas üzvləri vertolyotda həlak oldular. Onların hamısı Azərbaycanın vətənpərvər oğulları idi. Heç bir vəzifə, təmənna güdmədən bu ağır yükün altına girmişdilər. Onların heç biri vəzifə, pul hərisi deyildilər. Ürək ağrısı ilə bu yükün altına girmişdilər. Mənə Qarabağ məsələsinin həllində özləri kömək etməyi təklif etmişdilər. Allah onlara rəhmət etsin.

AXC-Müsavat qüvvələri qorxurdular ki, mən Qarabağ problemini həll edərəm, bunlara heçnə qalmaz, nüfuzdan düşərlər. Onlar Qarabağ məsələsini özləri üçün pay hesab edirdilər. Düşünürdülər ki, Ayaz Mütəllibov bu problemi həll etsə, xalqın gözündə ucalacaq, onlara yer olmayacaq və s. Mənə müxalif olan qüvvələr arasında bu cür düşünən adamlar çox idi. Çox təəssüf ki, onlar bununla çox böyük səhv edirdilər. Bunun nəticəsində də ermənilər torpaqlarımızı işğal etdi. Mən onların kim olması barədə konkret ad çəkmək istəmirəm. Azərbaycan xalqı onların kim olduğunu çox yaxşı bilir. Qoy hər kəs öz payını götürsün!”.
ABŞ-da Azərbaycana qarşı Qarabağ dinləmələri – Erməni lobbisi və Smitin BİRGƏ PLANIVaşinqton və Bakının əhəmiyyətli münasibətlərinə rəğmən, ABŞ-da işğalçı Ermənistana dəstək davam edir. Bu dəstək gah işğal edilmiş Azərbaycan torpaqlarında Ermənistan tərəfindən yaradılan qondarma DQR-ə maliyyə yardımının ayrılması, daha da işğalçı İrəvan rejiminə bu və ya digər formada köməkliyin göstərilməsindən başlamış, müdafiə xarakterli addımlara qədər bir sıra spektrdə özünü göstərir. Oktyabrın 18-də ABŞ-ın Helsinki Komissiyasının Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu və bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda keçirəcəyi dinləmələr də bu dəstəyin davamıdır.

Komissiyanın məlumatında 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası verilir və iddia edilir ki, münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə bilər. Müzakirələrdə Minsk qrupunun keçmiş həmsədrləri Keri Kavano (1999-2001-ci illər), Ceyms Uorlik (2013-2016-cı illər), Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrono çıxış edəcəklər.

Məqsəd ortadadır: Ermənistanı “müdafiəyə ehtiyacı olan tərəf” kimi tanıtmaq və ABŞ qanunvericilərini işğalçı rejimə maliyyə və hərbi xarakterli yadımı artırmağa çağırmaq.

Ermənistan mediası da keçiriləcək müzakirələr haqda xəbəri sevinclə “ABŞ-ın Ermənistana daha çox maliyyə yardımı ayırması üçün görülən iş” olaraq təqdim edib.

Bu, ilk növbədə beynəlxalq qanunvericiliyə zidd addımdır, digər tərəfdən, Qarabağ münaqişəsinin nizama salınması missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan ABŞ-ın xarici siyasət maraqlarına zərbədir.

Bütün bunların fonunda Ermənistana dəstək məqsədilə belə bir müzakirələrin keçirilməsi Helsinki Komissiyasının nizamnaməsinin də pozulması deməkdir. Bu komissiya ATƏT ölkələrində Helsinki Yekun Aktına və başqa öhdəliklərə əməl olunmasının monitorinqi və təbliği məqsədilə yaradıldığını bəyan edir. Lakin 1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları tərəfindən imzalanmış yekun aktının 10 əsas prinsipinin 8-i (suveren bərabərlik, zor işlətməmək; sərhədlərin toxunulmazlığı; dövlətlərin ərazi bütövlüyü; mübahisənin dinc yolla həll olunması; bir-birinin daxili işlərinə qarışmamaq; insan hüquqlarına və əsas azadlıqlara hörmət; dövlətlər arasında əməkdaşlıq; beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi) Ermənistan tərəfindən kobud şəkildə pozulsa da, Komitə bir dəfə də olsun işğalçı ölkəni qınayan bəyanat qəbul etməyib.

Ümumi mənzərə belədir ki, ABŞ-ın müxtəlif strukturlarına sızmış erməni və onların lobbiləri bu ölkənin maraqlarını nəzərə almadan, yanlış addımların atılmasına nail olur. Əslində, ABŞ-ın Helsinki Komissiyasının sədrinin konqresmen Kristofer Smit olması da bir çox qaranlıq mətləbləri gün üzünə çıxarır. Bu konqresmen vaxtilə Demokratlar Partiyasının üzvü, sonra Respublikaçılar Partiyasının üzvü olub. Hazırda ABŞ-dakı erməni lobbisinin ən fəal nümayəndələrindən biridir. K. Smit Azərbaycana qarşı “907-ci düzəliş”in müəlliflərindən biri, ermənilərin işğalçılıq siyasətinə bəraət qazandıran, Dağlıq Qarabağın müstəqilləşməsi ideyasını təbliğ edən və bu istiqamətdə əsaslı tədbirlər görən şəxsdir. Sözügedən 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilmiş və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlamışdır.

K.Smit ABŞ-dakı erməni diasporunun nümayəndələri ilə tez-tez bir araya gəlir. Misal üçün, ABŞ erməni milli komitəsinin (ANKA) radikal rəhbərlərindən biri olan Aram Hamparyan Tvitter səhifəsində konqresmen K.Smitin ANKA sədri ilə görüşünü əks etdirən fotolar yaydı. Alt yazısında isə A. Hamparyan qeyd edirdi ki, “erməni işi”ni dəstəkləmək üçün Smit ilə görüşür”.

K.Smit qondarma “erməni soyqırımı”nın tanınması istiqamətində də fəal şəkildə iş aparır. Erməni lobbisinin üzvü olan bu konqresmen 2015-ci ildə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı “Azərbaycan Demokratiya aktı” adlı layihəni konqresə təqdim edərək qəbul olunmasını istəmişdi. Layihədə irəli sürülən sanksiya təklifləri belə idi: Azərbaycanda yüksək vəzifəli şəxslərə və onların ailə üzvlərinə viza verilməsi qadağan edilsin; Azərbaycan hökuməti ilə bütün iqtisadi əlaqələr, o cümlədən enerji sektorundakı əməkdaşlıq münasibətləri dayandırılsın; ABŞ-ın İnkişaf və Ticarət Agentliyinin Azərbaycandakı fəaliyyəti qadağan edilsin; Azərbaycanın beynəlxalq maliyyə-kredit institutlarındakı (BVF, Dünya Bankı və digər) bütün maliyyə layihələrinə veto qoyulsun; Azərbaycanın yüksək çinli şəxsləri ABŞ və Avropaya yalnız Qarabağ danışıqları aparmaq üçün gedə bilərlər.

Bu, Azərbaycanın iqtisadi dayaqlarının laxladılması və Qarabağ danışıqlarında “təslimçi sülhə” məcbur etmək cəhdi idi. Yəni, Azərbaycan rəhbərliyinə “yalnız Qarabağ məsələsində ermənilərin xeyrinə olan şərtlərlə razılaşdığın təqdirdə viza veriləcək” mesajı idi. Plana görə, Dağlıq Qarabağın işğal faktı legitimləşdiriləcəkdi. Lakin bu oyun baş tutmadı. Görünür, “erməni işi” davam edir və Kristofer Smit kimi konqresmenlər bu işdə işğalçı ölkəyə dəstək verir.
"AŞPA növbəti dəfə ölkəmizə qarşı ədalətsiz mövqeyini nümayiş etdirdi""Hesab edirəm ki, AŞPA müəyyən maraqlı anti-Azərbaycan dairələrin subyektiv mülahizələri əsasında hazırlanmış və xüsusi məqsəd daşıyan bu sənədləri qəbul etməklə, növbəti dəfə ölkəmizə qarşı öz qərəzli və ədalətsiz mövqeyini nümayiş etdirdi".

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün AŞPA-da Azərbaycana dair qəbul olunmuş sənədlərə münasibət bildirərkən deyib.

"Məlumdur ki, Azərbaycan bu quruma üzv olduğu dövrdən keçən müddət ərzində ardıcıl şəkildə müəyyən lobbi qrupların və xüsusilə də erməni təəssübkeşlərinin təzyiqi ilə üzləşib. Cənab Torbyorn Yaqland baş katib olduğu dövrdə isə bu təzyiqlər daha da artıb və kəskinləşib. Bu da onun Azərbaycana qarşı xüsusi neqativ münasibətindən irəli gələn məsələdir.

Açıq aydın hiss olunur ki, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdən və prinsipial mövqeyi ilə seçilən Azərbaycanın AŞPA-da fəallığı bir çoxlarına sərf etmir. Əks təqdirdə parlamentarilər daha çox islamofobiya, ksenofobiya, irqi və dini ayrı-seçkiliyin başa alıb getdiyi, insan hüquqlarının, ifadə azadlığının kobud şəkildə pozulması hallarının artdığı Avropanın gələcəyi barədə düşünər və bu problemlərin aradan qaldırılması yollarını axtarardılar. O cümlədən İnsan Haqları üzrə Avropa Məhkəməsinin 10 minə yaxın qərarının icra olunmamasından narahatlıqlarını ifadə edərdilər. Krım məsələsinə görə Rusiyaya sanksiya tətbiq olunduğu halda, nəyə görə 25 ildir Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan barədə ölçü götürülməməsi məsələsini qaldırardılar və Avropanın fundamental dəyərlərinə bu dərəcədə açıq hörmətsizlik nümayiş etdirməzdilər", - deyə Ə. Həsənov qeyd edib.

Prezidentin köməkçisinin sözlərinə görə, bu gün demokratiya yolu ilə inkişaf edən, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşan Azərbaycanın süni şəkildə sıxışdırılması bir daha göstərir ki, AŞPA müəyyən məqsədli dairələrin əlində təzyiq vasitəsinə çevrilib və konkret sifariş yerinə yetirir: "Əlbəttə bu kimi əsassız sənədlər qəbul etməklə Azərbaycana təzyiq göstərmək mümkün deyil. Azərbaycan müstəqil, güclü dövlətdir, daxili və xarici siyasət prioritetləri var və bundan sonra da öz yolu ilə irəliləmkdə davam edəcək.

Subyektiv mülahizələrə əsaslanan bu tipli qərəzli sənədlərin qəbul edilməsi, təzyiq cəhdlərinin artması Azərbaycanı Avropa Şurası ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edir".

Qeyd edək ki, oktyabrın 11-də Avropa Şurası Parlament Assmbleyasında həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə 14403 saylı Qətnamə, həmçinin belçikalı parlamentar Alen Desteksenin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” 14397 saylı Qətnamə qəbul olunub.
Azay Quliyev Qırğızıstana gedəcək Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Qırğızıstan Respublikasında keçiriləcək prezident seçkilərini ATƏT-in seçki missiyasının xüsusi koordinatoru qismində müşahidə etmək üçün oktyabrın 10-da bu ölkəyə səfər edəcək.

Avrasiya.net Milli Məclisin saytına istinadən xəbər verir ki, Azay Quliyev bu ilin avqustun 9-da ATƏT-in sədri və Avstriya Respublikasının xarici işlər naziri Sebastian Kurz tərəfindən 15 oktyabrda Qırğızıstanda keçiriləcək prezident seçkilərində beynəlxalq müşahidə missiyasına rəhbərlik etmək üçün ATƏT-in seçki missiyasının xüsusi koordinatoru vəzifəsinə təyin edilib.

O, xüsusi koordinator kimi Avropa Şurasının Parlament Assambleyasını, ATƏT-in Parlament Assambleyasını, Avropa Parlamentini və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edən 400-dən artıq beynəlxalq müşahidəçinin fəaliyyətini əlaqələndirəcək.

ATƏT-in seçki missiyasının xüsusi koordinatoru Azay Quliyev səsvermə gününə kimi Qırğızıstanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, seçkilərdə iştirak edən namizədlər və siyasi partiyaların rəhbərləri, o cümlədən QHT və KİV təmsilçiləri ilə görüşlər keçirəcək, seçkiqabağı vəziyyətlə ətraflı tanış olacaq.

Oktyabrın 15-də isə deputatımız seçki məntəqələrində səsvermənin gedişini və səslərin hesablanması prosesini müşahidə edəcək.

Oktyabrın 16-da ATƏT-in seçki missiyasının xüsusi koordinatoru Azay Quliyev prezident seçkilərinin yekununa dair digər beynəlxalq təşkilatların iştirakı ilə mətbuat konfransı keçirəcək, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə ilkin rəyini açıqlayacaq və jurnalistlərin suallarını cavablandıracaq.

Səfər oktyabr ayının 17-i yekunlaşacaq.
Qafqaz separatizmi: Ermənilərin “ikinci Qarabağ” planı...Kataloniya və İraq Kürd Muxtariyyətindəki müstəqillik referendumlarından sonra dünyanın bir sıra ölkələrində xalqların öz müqəddaratını təyinetmə məsələsi yenidən gündəmə gəldi. Bəzi ekspertlər bu referendumların Avropa və Yaxın Şərqdə separatizm dalğasını gücləndirəcəyini bildirdilər. Hətta separatizm dalğasının bəzi yerlərdə hərbi konfliktlərlə bitəcəyi də vurğulandı.

Bu separatizm dalğası Qafqaza hansı təsiri göstərə bilər?

Doğrudur, separatizm bu bölgəyə yad deyil. Artıq burada üç separat zona mövcuddur. Xaricdən bölgəyə həddən çox təsirin olması bölgəni getdikcə partlamağa hazır olan bombaya oxşadır. Nəticədə bölgədə mövcud olan konfliktlərlə bərabər bundan sonrakı dönəmdə yeni konfliktlərin və separat bölgələrin meydana çıxması ehtimalı da formalaşır. Üstəlik, aktikliyini itirərək latent formaya keçən bəzi konfliktlərin də yenidən oyanma ehtimalı yaranır. Bu isə lazımlı addımlar atılmayacağı təqdirdə növbəti illərdə bu konfliktlərin qanlı nəticələrə səbəb olmağına imkan yaradır.

Azərbaycan

Azərbaycan Qafqazın separatizmdən əziyyət çəkən əsas ölkələrindən biridir. Ölkə ərazisində separatçı qurum 1991-ci ildən mövcuddur. Ermənistan və Rusiyanın təsiri ilə yaranan konflikt hazırda dondurulmuş vəziyyətdədir. 2014-cü ildəki avqust döyüşləri və 2016-cı ildəki aprel döyüşləri bölgədə vəziyyətin bundan sonra daha da kəskinləşəcəyi ehtimalını yaradır. Azərbaycanın Qarabağda mövcud olan status-kvonu qəbul etməməsi, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi və beynəlxalq qurumların bu məsələdə fəaliyyətsizliyi Qarabağ ətrafında yeni müharibənin olacağı ehtimalını atırır.

Gürcüstan

Gürcüstan da Azərbaycan kimi separatizm təcrübəsinə sahibdir. Hazırda ölkənin Abxaziya və Cənubi Osetiya kimi konflikt ocaqları var. Bu konfliktlərin yaranmasında Rusiya yaxından iştirak edib. Moskvanın hər iki qondarma rejimin müstəqilliyini tanıması onların həll imkanlarını zəiflədir.

Gürcüstanın NATO-ya inteqrasiya yolunu tutması, onun Kreml tərəfindən qınaq obyektinə çevrilməsinə gətirib çıxarıb. Bu isə onun tərkibində yeni konflikt ocağının yaranmasına şərait yaradır. Bu sırada isə əsas iki bölgənin adı çəkilir. Bunlar Acariya və Samsxe-Cavaxetiya əraziləridir.

Moskva 2000-ci illərin əvvəllərində Acariyada separatizmin alovlanmasına şərait yaratsa da, son anda bunun qarşısı alındı. Moskva 2012-ci ildən etibarən yenidən bölgəyə qayıtmaq planlarını reallaşdırmağa başlayıb.

Əsas konfliktin yaranma ehtimalı olduğu bölgə isə ermənilərin çoxluq təşkil etdiyi Samsxe-Cavaxetiyadır. Ermənilər məhz bu bölgəni öz tarixi torpaqları sayırlar. İndiyə qədər bölgədə dəfələrlə ermənilərlə gürcülər arasında toqquşmalar yaşanıb. Ermənilərin yenidən bölgədəki kilsələrin özlərinə məxsus olmalarını bildirmələri konfliktin yeni formaya keçməsinə imkan yaradıb. Cavaxetiyada daşnakların güclü olması, həmçinin erməni diasporunun burada öz mövqelərini sürətlə möhkəmləndirməsi separatizm imkanlarını artırıb. Tiflisin Qərbə inteqrasiyası Moskvanın gələcəkdə burada yeni konflikt ocağı formalaşdırmaq imkanını yaradıb.

Ermənistan

Qafqazda yeganə monoetnik ölkə Ermənistan hesab edilir. İrəvanda separatizm dalğasının yaranması ehtimalı sıfra bərabərdir. Lakin ölkənin Gürcüstanla Cavaxetiya məsələsi ucbatından yeni münaqişəyə girmək və ya ümumiyyətlə, vətəndaş müharibəsinə sürüklənmək ehtimalı var. Ermənistanda vətəndaş müharibəsi qarabağlı ermənilərlə yerli ermənilər arasında yarana bilər. Bu işdə əsas aktiv funksiyanı isə Rusiya üzərinə götürə bilər.

Şimali Qafqaz

Şimali Qafqaz da həmçinin əsas risk zonasına daxildir. Rusiya nəzarətində olmasına baxmayaraq, bölgədəki vəziyyət hər gün daha da gərginləşir. Bölgədə əsas konflikt ocağı Dağıstan hesab olunur. Rusiyanın ən çoxmillətli bölgəsi hesab olunan ərazidə müxtəlif xalqlar arasında idarəetmədə iştirak məsələsində kəskin rəqabət mövcuddur. Bu rəqabət daha çox avarlar, ləzgilər, qumıqlar, darqinlər və laklar arasında hiss edilir. Moskva ən sərt tədbirlərlə bunu aradan qaldırmağa çalışsa da, hələlik tam neytrallaşdırma mümkün olmayıb.

Adı çəkilən xalqlar arasında həmçinin ərazi konflikti də mövcuddur. Belə ki, darqinlər avarların yaşadıqları bir sıra bölgələrə iddia edirlər. Ləzgilərlə azərbaycanlılar arasında isə Dərbənd şəhərinə nəzarət uğrunda latent formada mübarizə mövcuddur. Maraqlı məqam odur ki, burada azərbaycanlıların üstünlük təşkil etməsinə baxmayaraq, idarəetmədə əsas açar nöqtələr məhz ləzgilərin nəzarətinə verilib.

Eyni vəziyyət laklarla qumıqlar arasında da var. Qumıqlar həmçinin 1991-ci ildən bu yana Dağıstandan muxtariyyət də istəyirlər.

Dağıstanda ən çətin vəziyyət Çeçenistanla sərhəddə müşahidə edilir. Çeçenistan respublika bu ərazilərinin özünə aid olduğunu iddia edir. Artıq tərəflər arasında müəyyən toqquşmalar da yaşanıb.

Çeçenistanın Rusiyanın tərkibində geniş muxtariyyət hüququ qazanması və üstəlik, Ramzan Kadırovun 30 minlik güclü orduya sahib olması regiondakı digər respublikalarda müəyyən etirazlar yaradır. Rusiyanın müxalif qüvvələri çox zaman Moskvanı Çeçenistana nəzarət edə bilməməkdə ittiham edirlər. Moskvadan külli miqdarda dotasiya almasına baxmayaraq, Çeçenistan istənilən an Rusiyadan ayrılmaq gücünə sahib olan yeganə Şimali Qafqaz respublikası sayılır.

Bölgədə islam terrorizminə gəlincə isə bunun həddən artıq genişlənmə ehtimalı azdır. Çünki Moskva artıq uzun illərdir bölgənin bütün dini radikallarını və onlara gələn maliyyə axınlarını nəzarətdə saxlayır. Onların aktivləşməsi əsasən Kremlin istəyi ilə Qafqazdakı konfliktlərin milli hərəkata çevrilməməsi şəraitində baş tuta bilər.
“Kəlbəcərin işğalına görə İsa Qəmbər məsuliyyət daşıyır” — Rəhim Qazıyevdən ŞOK AÇIQLAMALARAzərbaycanın keçmiş müdafiə naziri, 1988-ci ildə başlanan Milli Azadlıq Hərəkatının liderlərindən biri Rəhim Qazıyev hazırda ABŞ-da yaşayan Milli Məclisin keçmiş sədri Rəsul Quliyevin 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyi ilə bağlı məsələyə münasibət bildirib.

R.Qazıyev “Ölkə.Az”-a açıqlamasında deyib ki, Rəsul Quliyevin prezidentliyə namizəd olmaq istəyi alqışlanacaq addımdır:

“Rəsul Quliyev Azərbaycanın hansı müxalifət liderindən ağılsız və ya savadsızdır? Rəsul Quliyev ağıllı, işgüzar, savadlı və sənayeni, təsərrüfatı yaxşı bilən adamdır. Rəsul Quliyev harada işləyibsə, orada inkişaf olub. Yadıma gəlir, vaxtilə Rəsul Quliyev Bakı Neftayırma zavodunda işləyəndə kasıblara əl tuturdu, maddi yardımlar edirdi, bütün işçilər ondan razı idilər. Mən haqq-ədalətin, düzgünlüyün tərəfdarıyam. Baxmayaraq ki, indiyədək Rəsul Quliyev mənim haqqımda bir dəfə də müsbət fikir söyləməyib. Ancaq ədalət naminə deyim ki, Rəsul Quliyev bütün bunları edib. İndi o niyə Azərbaycanda prezidentliyə namizəd olmasın?”.

R.Qazıyev müxalifətin Rəsul Quliyevi gözünün götürmədiyini də söyləyib:

“Rəsul Quliyevin dırnağı biləni, Arif Hacılının, İsa Qəmbərin bütün bədəni bilmir. Arif Hacılı və ömürlərində iki eşşəyin arpasını bölə bilməyən digər adamlar vaxtilə işlədikləri vəzifələrdə nəyə qadir olduqlarını göstəriblər. Onlardan fərqli olaraq, Rəsul Quliyevin ağlı, savadı, bacarığı var. Doğrudur, Rəsul Quliyev siyasətdə Arif Hacılı kimi məkrli ola bilməz. Ümumiyyətlə, siyasətdə Arif Hacılı kimi məkrli olan ikinci adam tanımıram. Amma İsa Qəmbər, Arif Hacılı və digər müxalifət liderləri arasında təkcə Rəsul Quliyevin normal prezident olmaq şansına inanıram. Əgər Azərbaycanda prezident seçkilərinə Rəsul Quliyev, İsa Qəmbər, Arif Hacılı və digər şəxslər namizədliyini irəli sürsə, mən yalnız Rəsul Quliyevə səs verərəm, onu dəstəkləyərəm. Bunu da konkret əsaslandıraram. Ona görə də müxalifətin Rəsul Quliyevi nədəsə ittiham etməyə və ələ salmağa əsası yoxdur. Baxmayaraq ki, mən 1993-cü ilin avqust ayından sonra Rəsul Quliyevi görməmişəm. Ancaq onun 1990-cı illərə qədər gördüyü yaxşı işləri gizlədə bilmərəm”.
R.Qazıyev Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbəri də hakimiyyətə işləməkdə ittiham edib:

“Bu gün İsa Qəmbər nə isə danışırsa, onu icazəli edir. Kiməsə tikanlı sözlər atmaqla özünü müxalifət lideri kimi təqdim edir. Bütün bunları onun “bacarığı” hesab etmək olar. İsa Qəmbərin bir illik hakimiyyətdən savayı heç bir idarəetmə vəzifəsi olmayıb. O, əvvəllər Akademiyada Şərqşünaslıq İnstitutunda işləyib. İsa Qəmbər 6 il doktorant olsa da, bir elmi işi müdafiə edə bilməyib. Bütün bunlar həqiqətlərdir və xalqımız gözəl bilir. Ona görə də İsa Qəmbər Rəsul Quliyev kimi kənd təsərrüfatını, sənayeni, iqtisadiyyatı yaxşı bilə bilməz. Bizim üçün İsa Qəmbər deyil, belə adamlar lazımdır”.

R.Qazıyev AXC-Müsavat hakimiyyətində təmsil olunmuş şəxslərin onun gördüyü işlərin bir faizini belə görmədiyini bildirib:

“Əgər həmin müxalifət liderləri gəlib sübut etsə ki, mən müdafiə naziri olduğum dövrdə gördüyüm işlərin bir faizini görə biliblərsə, qulağımı kəsərəm. Mən AXC-Müsavat hakimiyyətindən öncə müdafiə naziri olmuşam. Nazir olanda da qeyrətli oğullarımızla bərabər Azərbaycanın dağılmış Müdafiə Nazirliyini yaratmışam. Bunu konkret sənədlərlə sübut da edə bilərəm. Mənim nazir olduğum dövrdə Dağlıq Qarabağın 52 faizi işğaldan azad olunub və Milli Ordu yaranmağa başlayıb. Mən Müdafiə Nazirliyinin yaradılması üçün protokolları hazırlayanda AXC-Müsavat üzvləri meydanlarda hakimiyyətə gəlmək üçün mübarizə aparırdılar. Hətta, 1992-ci il iyulun 17-də Əbülfəz Elçibəy ilk dəfə prezident səlahiyyətlərinə başlayanda mən ona etiraz edərək dedim ki, sizin rəhbərlik etdiyiniz bu komanda ilə işləmək istəmirəm. Əbülfəz Elçibəy isə buna qəti şəkildə etiraz edib. Mən də məcbur olub 10 gün sonra istefa ərizəmi yazmışam. 1992-ci ilin oktyabrında ikinci dəfə istefa ərizəmlə müraciət etmişəm. Nəhayət, 1993-cü il fevralın 17-də üçüncü istefa ərizəmi verib, nazir vəzifəsindən getmişəm. Ayın 20-də isə istefa ərizəmi qəbul ediblər. Mən üçüncü dəfə istefa verib vəzifədən gedən gün Milli Ordumuz Xankəndinin 8-12 kilometrliyində idilər, Kəlbəcər tərəfdən 55, Laçın tərəfdən isə 12 yaşayış məntəqəsini işğaldan azad etmişdik. Dar dəhliz qalmışdı, onu da almaq üzrə idik. Mən hərbçi deyildim, adi müəllim ola-ola bunları etmişdim. Ancaq İsa Qəmbər kimi “qüdrətli siyasətçi” məndən sonra Dadaş Rzayevi nazir təyin etdi və Kəlbəcər yenidən ermənilər tərəfindən işğal olundu. Dalınca da digər rayonlar işğal edildi. Ona görə də Kəlbəcər və digər rayonların işğalına görə birbaşa İsa Qəmbər, Dadaş Rzayev və digər şəxslər məsuliyyət daşıyır”.
“MİLYARDLAR XƏRCLƏMƏYƏ HAZIR ADAMLAR VAR…” – Rəsul Quliyevin seçkidə iştirakı ilə bağlı ŞOK açıqlamalarMilli Məclisin sabiq sədri, 21 ildir ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev gələn il Azərbaycana qayıtmaq və 2018-ci il prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb. Bu barədə azpolitika.info Rəsul Quliyevin müsahibəsinə istinadla məlumat verib.

Müsahibəsində R.Quliyev “Azərbaycana nə vaxt gəlməyi düşünürsünüz?” sualına cavabında deyib: “Bu hadisənin baş verməsi həm də hökumətin mənim gəlməyimin nə qədər vacib olmasını anlamasından keçir. Ümid edək ki, Azərbaycana dönməyim 2018-də baş tutacaq. Seçkilərə qatılacağam”.

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əgər Rəsul Quliyev vətənə gəlişini hakimiyyətlə danışıqlarla həyata keçirəcəksə və seçkiyə qatılacaqsa, bu, hakimiyyətin iradəsinə uyğun gəliş və seçkidə iştirak olacaq. Bu variant Rəsul Quliyevin formal olaraq seçkiyə qatılması və formal olaraq alternativlik yaratması olardı. Əks halda, hakimiyyətin iradəsinə zidd Rəsul Quliyevin Azərbaycana gəlmək şansı yoxdur: “Özünün açıqlamasından da görünür ki, o, hökumətin razılığı olmadan vətənə gəlməyəcək”.

S.Cəlaloğlunun sözlərinə görə, Rəsul Quliyev Azərbaycanda olmadan da seçkidə namizədliyini verə bilər: “Rəsul Quliyev ADP-nin sədri olarkən ABŞ-da yaşasa da biz bir neçə dəfə onun deputatlığa namizədliyini irəli sürmüşük, namizədliyi qeydə alınıb və hətta 2005-ci il parlament seçkilərində Xətai rayonunda seçki dairələrinin birində qalib də gəlmişdi. Onun qələbəsi tanınmadı və biz bu məsələni Avropa Məhkəməsinə qədər apardıq, sübut elədik ki, qalib gəlib. Yəni Rəsul müəllim özü Azərbaycana gəlmədən də onun namizədliyinin verilməsi ilə bağlı işlər aparıla bilər”.

ADP sədri qeyd etdi ki, Rəsul Quliyev hakimiyyətin razılığı ilə yox, ölkə konstitusiyasına uyğun olaraq beynəlxalq ictimaiyyətin dəstəyi altında Azərbaycana gələrsə, ölkədə ictimai-siyasi həyatda köklü dəyişikliklər baş verə bilər. Bu da Rəsul Quliyevin şəxsiyyəti ilə bağlı deyil: “Xalq Azərbaycanda yaşayan müxalif liderlərin cəhdlərinə reaksiya vermir. Rəsul müəllim camaatın gözü qarşısında deyil, xaricdə yaşayır, onun haqqında real və qeyri-real müxtəlif rəylər var. Bu baxımdan, o, cəmiyyət üçün yeni lider kimi meydana çıxa bilər. Təbii ki, ciddi şəkildə beynəlxalq dəstək alacağı halda, Azərbaycandakı siyasi proseslərdə fundamental dəyişikliklərə nail ola bilər. Biz Ukraynanın və Gürcüstanın hakimiyyət dəyişikliyi ssenarisinə baxsaq, açıq-aydın görəcəyik zəngin adam faktoru önə çıxıb. Azərbaycanda da əgər beynəlxalq güclərin dəstəyi ilə dəyişiklik ssenarisi olacaqsa, hakimiyyətə demokratik qüvvələrin içindən bir liderin yox, kapitala malik bir şəxsin gətirilməsi gözləniləndir. Rəsul Quliyevin bu baxımdan müəyyən qədər potensialı var. Rəsul Quliyevin şəxsən özünün İvanişvili və Poroşenko qədər kapitalı olmasa da, dediyim ssenari olarsa, böyük kapitalı təşkil edə bilər. Mən yaxşı bilirəm ki, Rəsul Quliyevin hakimiyyətə gəlməsi üçün İvanişvilinin və Poroşenkonun kapitalından çox kapitalı ortalığa qoya biləcək adamlar var. Bu baxımdan, Rəsul Quliyev prosesdə lazım olan vəsaiti təşkil eləyə bilər.

ABŞ fazalı demokratiya siyasəti həyata keçirir. Bu siyasət ölkələrdə rejim dəyişikliklərini aralıq rejimlər qurmağı nəzərdə tutur. Aralıq rejimlər nə klassik demokratik rejimdir, nə də klassik avtoritar rejimdir. Şərt budur ki, hakimiyyətdə olan güclərlə müxalifətdə olan güclərin ittifaqı olsun. Yəni demokratik qüvvələrin loyal qanadı ilə hakimiyyətin nisbətən loyal təmsilçilərindən ibarət ittifaq qurulur. Keçid dövrünün komandası onlar olur. Bu baxımdan da yanaşsaq, Azərbaycanda dəyişiklik olacaqsa, həmin ssenari tətbiq oluna bilər. Müxalifətdə olan loyal qüvvələr arasında isə Rəsul Quliyev də var. Rəsul Quliyev milli azadlıq hərəkatından çıxan və hakimiyyətə qarşı radikal mövqedə duran qüvvələrdən fərqli olaraq zaman-zaman iqtidara loyal münasibət nümayiş etdirir, bəyanatlarında, müsahibələrində hakimiyyətə yönəlik müsbət mesajlar ünvanlayır. Bu baxımdan, elə vəziyyət yarana bilər ki, Rəsul Quliyev hakimiyyətlə ittifaq razılaşması əldə edə bilər-seçkidə hakimiyyətin namizədi birinci, Rəsul Quliyev ikinci olsun variantından söhbət gedir. Bu variant baş tutarsa, ölkədə keçid üçün çox effektli variant olar. Təbii ki, danışmaq, ideya vermək asandır, amma onu həyata keçirmək vacibdir”.

S.Cəlaloğlu vurğuladı ki, burada təkcə Rəsul Quliyevin şəxsi iradəsi rol oynamır, beynəlxalq ictimaiyyətin, xalqın iradəsi önəmli rol oynayır. Həm bu məsələlərdən, həm də iqtidarın özünün dəyişikliklərə nə cür reaksiya verməsindən çox şey asılıdır: “Beynəlxalq ictimaiyyətin çox ciddi şəkildə iştirakı olmadan heç bir ciddi dəyişiklik prosesi uğurla yekunlaşa bilmir. Azərbaycan müxalifəti olaraq biz indiyə qədər apardığımız mübarizədə, heç bir seçkidə yanımızda beynəlxalq ictimaiyyəti, Qərbin nümayəndələrini görməmişik. Ukraynada isə ABŞ dövlət katibinin müavini meydanda yemək paylayırdı. Bu dəstəyin yarısı indiyədək Azərbaycan müxalifətinə verilsəydi Azərbaycan tamamilə başqa istiqamətdə inkişaf etmişdi. Eynilə Rəsul Quliyevə də nə zamansa qeyd etdiyim formalarda dəstək olmayacaqsa, gəlişi və hansısa dəyişiklik edə bilməsi mümkün deyil.

Rəsul Quliyev kifayət qədər zəifləyib. ADP-nin sədri olan vaxtlarda Rəsul Quliyevin gücü Azərbaycanda aparıcı güc idi. O dövrdə Rəsul müəllimin gücü, potensialı indikindən yüz dəfələrlə artıq idi. O vaxt əldə etdiyimiz dəstək də indikindən artıq idi. Amma indi dünyada şərtlər dəyişib. Yəni bu gün Rəsul Quliyev əvvəlki gücündə deyilsə, bu o demək deyil ki, indi dediyi ideyanı həyata keçirə bilməz. Hər an hansısa ssenarilər işə salına bilər və bu zaman Rəsul Quliyev də həlledici əhəmiyyət daşıyanlardan ola bilər”. (Musavat.com)