ALDP prezident seçkisinə hazırlaşır“Artıq seçki qərərgahımızda vətəndaşlarla görüşlər keçirilir, maarifləndirmə işləri aparılır”

“Mərkəzi Seçki Komissiyası (MSK) seçki ilə bağlı öz fəaliyyətinə start verdiyini bəyan etdikdən sonra ALDP özünün seçki qərərgahlarına tapşırıq verib ki, vətəndaşların adlarının seçici siyahılarına düşməsi üçün aktiv fəaliyyətə başlasınlar”.

Bunu Versus.Az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev MSK-nın seçki siyahılarının dəqiqləşdirilməsi ilə bağlı fəaliyyətə başlanılmasından sonra verdiyi açıqlamasında bildirib.

F.Əliyev qeyd edib ki, prezident seçkilərində iştirak edəcəyini elan edən ilk təşkilat olaraq, sentyabr ayından başlayaraq partiyanın Mərkəzi Seçki Qərargahı fəaliyyətə başlayıb:

“ALDP-nin Seçki Qərərgahı prosesə ciddi şəkildə hazırlaşır. Artıq seçki qərargahımızda vətəndaşlarla görüşlər keçirilir, maarifləndirmə işləri aparılır”.

Partiya sədri bildirib ki, seçkiyə hazırlıq prosesində bu əməliyyatların aparılması vacibdir. Əvvəlki seçkilərdə vətəndaşların öz adlarını seçki siyahılarında tapmamaları üzündən ciddi narahatlığın yaşandığını önə çəkən partiya sədri belə halların qarşısını almaq istədiklərini deyib:

“Seçkidə əsas iş vətəndaşların öz üzərinə düşür. Seçicinin adının siyahıya düşməməsi istər-istəməz boşluqların yaranmasına səbəb olur ki, bu da neqativ halların yaranmasına səbəb olur. Hər bir vətəndaş istədiyi namizədə səs vermək üçün birinci növbədə öz adının seçici siyahısına düşməsini yoxlamalıdır. Ona görə də biz hər bir vətəndaşın adının seçki siyahısında olmasında maraqlıyıq. Məhəllə-məhəllə gəzib vətəndaşlarla görüşlər keçiririk ki, seçkilərdə iştirak hüququ olan hər bir kəs MSK-nın dairə seçki komissiyasına gedib adlarının sihahıda olduğunu yoxlasınlar. Əgər vətəndaş bu prosesi necə icra edəcəyini bilmirsə, partiya üzvlərimiz onlara dəstək olur”.

F.Əliyev MSK rəhbərinin ötən illərlə müqayisədə bu il partiya liderlərinin fəallığının müşahidə olunması və seçkilərin daha yaxşı keçəcəyi ilə bağlı proqnozunu maraqla qarşıladığını deyib:

“Birinci növbədə MSK özü seçkilərin bərabər, ədalətli rəqabətlilik prinsipin şəffaf şəkildə keçirilməsində maraqlı olmalıdır. Bəzən xırda nüanslara görə namizədlik qeydə alınmır və bundan sonra iş məhkəməyə qədər gedərək gərginliklər yaşanır. Hələ ki, MSK sədri müsbət proqnozlar verir. Bunun özü də maraqlı yanaşmadır”.
Avropa Şurasından Azərbaycana — Müsbət qiymətləndirməAvropa Şurasının baş katibi Torbyörn Yaqland Azərbaycanda cəzaların humanistləşdirilməsinə dair atılan addımları müsbət qiymətləndirib.

APA-nın məlumatına görə, bu barədə o, AŞ Parlament Assambleyasının qış sessiyasında çıxışı zamanı deyib.

"Azərbaycanda həbsə salınmaqla bağlı cinayət hüququna dair tədbirlər hazırlanıb. Bu, müsbət addımdır", - deyə baş katib vurğulayıb.
Qeyd edək ki, ötən il fevralın 10-da Azərbaycan prezidenti İlham Əliyev “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb.

Artıq bir müddətdir ki, sərəncamın icrasına başlanılıb.
Rusiyadan Qarabağla bağlı ilk addım Rusiya MDB formatını yenisi ilə əvəzləməyə çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, bunun səbəbi Rusiyanın MDB formatı çərçivəsində məqsədlərinə nail ola bilməməsidir:

“MDB formatı demək olar ki, öz qüvvəsini itirib. Həmin format 20 il bundan öncə Moskvaya imkan verirdi ki, bu məkanada müəyyən cari siyasətini həyata keçirsin. Ancaq hazırda prioritetlər, Rusiyanın postsovet məkanında əldə etmək istədiyi məqsədlər dəyişilib. Ona görə də Rusiya MDB formatını yenisi ilə əvəzləməyə çalışır. Bu yeni format isə Avrasiya İttifaqıdır. MDB-dən fərqli olaraq bu formatda konkret mexanizmlər, ümumi bazar və gömrük sistemi mövcuddur. Moskva da hər vəchlə digər MDB ölkələrini buraya cəlb etməyə çalışır. Lakin üzv qismində bir sıra ölkələr bu formatda iştirak etməkdən ehtiyat edirlər. Belə vəziyyətdə də əlbəttə ki, Rusiya yeni təkliflər irəli sürməyə məcburdur. MDB ölkələrinin müşahidəçi qismində Avrasiya İttifaqında iştirakı etməsi də bu təkliflərin sırasındadır”.

Politoloq vurğulayıb ki, Avrasiya İttifaqında müşahidəçi qismində iştirak, əslində, tərəflərin üzərinə konkret şərtlər qoymur:

“Azərbaycan da müşahidəçi qismində şərti olaraq ittifaqda iştirak edə bilər. Lakin Azərbaycanın xarici siyasətinin əsas prioriteti Dağlıq Qarabağ məsələsinin tənzimlənməsidir. Əgər hər hansı bir inteqrasiya layihəsində iştirak Azərbaycana Qarabağ münaqişəsinin tənzimlənməsində əngəllər yaradarsa, Bakı əlbəttə ki, orada iştirak edə bilməz. MDB-dən fərqli olaraq Avrasiya İttifaqında şərtlər konkretdir, üstəlik, Ermənistan da orada yer alır. Məsələn, Azərbaycan və Ermənistanın MDB-də üzvlüyü tərəflərin üzərinə heç bir məsuliyyət qoymur. Ancaq Avrasiya İttifaqına üzv olacaq ölkələr konkret məsuliyyət götürməlidir. Azərbaycan isə heç vaxt buna getməz. Çünki münaqişə vəziyyəti hökm sürür, Ermənistanla nə rəsmi, nə qeyri-rəsmi münasibətimiz var. İrəvanla yeganə münasibətimiz Minsk Qrupu formatı çərçivəsindədir və bu da bəlli səbəblərə görədir”.

Ekspertin sözlərinə görə, əgər vəziyyət dəyişməsə, Azərbaycan Avrasiya İttifaqında iştirak etməyəcək:

“Rusiya bunu çox yaxşı başa düşür. Ona görə də Sergey Lavrov son vaxtlar Minsk Qrupu çərçivəsində fəal siyasət sərgiləməyə başlayıb. Bu onu göstərir ki, Rusiya münaqişəni heç olmasa şərti olaraq sıfır nöqtəsindən çıxarmağa və bununla öz məqsədlərinə nail olmağa çalışır”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrini Avrasiya İttifaqında müşahidəçi olmağa dəvət edib. Putin Rusiyanın Avrasiya İttifaqına vacib regional inteqrasiya birliyi kimi yanaşdığını söyləyib.
MSK prezident seçkiləri ilə bağlı hazırlığa başladı“Seçkilərə hazırlıq əvvəlki illərdə olduğu kimi, yanvar ayından başlayıb. Seçici siyahılarını dəqiqləşdirməklə məşğuluq”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

M. Pənahov siyasi partiyaların illik hesabatlarını MSK-ya göndərməyə başladıqlarını söyləyib: “Artıq hesabatları göndərməyə başlayıblar. Biz çalışırıq bunu qaydaya salaq, ənənə yaransın, siyasi partiyaların bu məsələyə münasibətləri beynəlxalq standartlara uyğunlaşdırılsın. Eyni zamanda, bu gün mövqeyimiz ondan ibarətdir ki, kəskin münasibət göstərmək də düzgün deyil. Bir az iş getməlidir. Keçən ilə baxanda bu il müsbət dəyişikliklər var, siyasi partiyalar bu məsələyə ciddi yanaşırlar”.
Qarabağda müharibə vəziyyəti dəyişə bilər - PolitoloqƏgər növbəti danışıqlar prosesində müsbət irəliləyiş olarsa, bu, münaqişənin həllində mühüm addım olacaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gözlənilən görüşü həmsədrlərin maraqlarına xidmət edir:

“Hesab edirəm ki, bu görüş eyni zamanda, Rusiyanı da birbaşa qane edir. Görünür, Moskva bölgədə yeni müharibənin başlamasından ehtiyatlanır və məhz bu üzdən də Azərbaycanı dialoqa çağırır. Əgər növbəti danışıqlar konstruktiv keçərsə və bundan sonra prezidentlər real danışıqlara başlayarlarsa, Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində əsas irəliləyiş onda mümkün olacaq. Hələlik isə bu, inandırıcı görünmür. Çünki bu il Rusiya və Ermənistanda seçkilər keçiriləcək. Moskva və İrəvan Bakını dialoqa səsləməklə, sadəcə müharibə ehtimalını önləmək istəyirlər. Çünki müharibə ictimai-siyasi vəziyyəti dəyişə bilər”.

Politoloq hesab edir ki, Moskva öz məqsədləri naminə İrəvandan gələcəkdə də istifadə edəcək:

“Buna görə də Rusiya işğalçı ölkədə Sərkisyanın hakimiyyətdə qalmasını istəyir. Ermənistan prezidentinin əsas məqsədi status-kvonun uzadılmasıdır. Ancaq rəsmi Bakı bu gün diqtə edən tərəfdir və belə şəraitə heç vaxt imkan verməyəcək”.

Qeyd edək ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov yanvarın 18-də Polşanın Krakov şəhərind ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyanla görüşəcək.

Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.
Bakıdan Lavrovun Qarabağ açıqlamasına - MünasibətAzərbaycan tərəfi Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır.

Bunu Azərtac-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Xatırladaq ki, RF xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə sualı cavablandırarkən indi əsas məsələnin təmas xəttində vəziyyətin sabitləşməsi üçün əlavə addımlar atmaqdan ibarət olduğunu bildirib. O deyib: “Bu, həm də siyasi tənzimləməyə keçid üçün şərait yaradacaq. Bu məsələni bir sənəd vasitəsilə həmişəlik həll etmək mümkün deyil. Bu məsələyə mərhələli şəkildə yanaşmaq lazımdır. Mərhələli yanaşma münaqişənin qəti tənzimlənməsi və Dağlıq Qarabağın statusu ilə əlaqədar hansı məsələləri dərhal həll etmək mümkün olduğunu və hansı məsələlərin həlli üçün əlavə müzakirələrə ehtiyac olmasını göstərəcək, bunun yollarını müəyyən edəcək”.
2018-də Prezidentdən ən yüksək əfv fərmanı- "Qızıl amnisiya"Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Məlahət İbrahimqızı bu haqda məlumat verib.

M.İbrahimqızı deyib ki, bu il imzalanacaq əfv fərmanı ilə daha çox məhbusun azadlığa qovuşacağı nəzərdə tutulur:

“Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası uzun illərdən bəri fəaliyyət göstərir. Bu komissiya daim çalışır, müraciətlərə baxır və sairə. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da cəzasını çəkən məhbuslara qarşı hümanizmin tərəfdarı olub. Ona görə də zaman-zaman yüzlərlə insan əfv edilib. Hazırda da Prezident yanında Əfv Məsələləri Komissiyası müraciətlərə baxır və müvafiq işlər aparılır. Cəzaların hümanistləşdirilməsi ilə bağlı ölkə başçısının qəbul etdiyi qərarı nəzərə alsaq, o zaman bu il imzalanacaq əfv fərmanının daha çox məhbusa şamil olunacağını söyləmək olar. Ancaq əfv fərmanının dəqiq vaxtını söyləyə bilmərəm. Bu cənab Prezidentimizin bilavasitə səlahiyyətlərinə aid olan məsələdir. Ancaq dövlət başçısı hər zaman olduğu kimi, bu il də ailələri sevindirəcək qərara imza atacaq”.

Deputat xatırladıb ki, 2017-ci ilin fevralında ölkə Prezidenti tərəfindən cəzaların hümanistləşməsi ilə bağlı çox mühüm qərar qəbul edilib:

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bütün maddələri də dövlət başçısının qəbul etdiyi qərara uyğun olaraq təkmilləşdirilir. Təbii ki, bütün bunlar əfv olunan insanlara şamil edilir. Yəqin ki, bu il də cənab Prezident tərəfindən növbəti əfv fərmanının imzalanması gözlənilir. İnşallah bu il daha çox məhbus Prezidentin imzaladığı qərardan faydalanacaq”.
"İlham Əliyevin bu qərarı Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin təbliğində misilsiz rol oynayacaq"Bu gün Azərbaycan dünya miqyasında nüfuzlu dövlət kimi tanınır. Bu müsbət imicin formalaşmasının kökündə uzun illərdir həyata keçirilən uğurlu daxili və xarici siyasət dayanır. Bütün bunlarla yanaşı, ölkəmizin çoxəsrlik dövlətçilik təcrübəsi var. Təbii ki, bu təcrübənin əsası Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə bağlıdır. Məhz 1918-ci ildə Şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması 1918-ci il mayın 28-də Tbilisi şəhərində bəyan edilib. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 27-də Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində süqut etdi. Lakin çox qısa bir tarixi dövr-cəmi 23 ay ömür sürməsinə baxmayaraq, AXC ölkəmizin dövlətçilik tarixində mühüm mərhələ hesab edilir.

Bu fikirləri açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadənin deyib: “Bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi tamam olur. Bu böyük tarixi hadisəni daha da möhtəşəm edən qərar Prezident İlham Əliyev tərəfindən verildi. Belə ki, dövlətimizin başçısı Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi. Prezident İlham Əliyev xüsusi vurğuladı ki, 2018-ci ildə bununla əlaqədar olaraq ölkəmizdə, eyni zamanda, xaricdə bir çox tədbirlər keçiriləcək. Hesab edirəm ki, möhtərəm Prezidentimizin bu qərarı Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin təbliğində misilsiz rol oynayacaq”.

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, hələ ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin uca tutulması və dünyaya təbliği istiqamətində mühüm işlər görülüb. Məhz ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti, onun qurucularının şəxsiyyəti daim uca tutulub, xatirələri yad edilib. Ötən illər ərzində orta məktəblərdə, ali məktəb auditoriyalarında, dövlət səviyyəli tədbirlərdə və s. platformalarda Azərbaycan Xalq Cümhuriyyətinin əhəmiyyəti xüsusi olaraq vurğulanıb, AXC-nin qurucuları böyük ehtiramla yad edilib. Hesab edirəm ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli sərvətidir”.

Vüqar Rəhimzadə əlavə edib ki, ötən ilin may ayında dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı imzaladığı Sərəncamı da xüsusi olaraq vurğulamaq lazımdır. “Sərəncamda qeyd edilir ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalıb. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Hesab edirəm ki, möhtərəm Prezidentimiz tərəfindən bu Sərəncamın imzalanması və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətçilik tariximizdə mühüm mərhələ olan ilk demokratik respublikanın əhəmiyyətini bir daha ortaya qoyur”,- deyə Vüqar Rəhimzadə vurğulayıb.
Azərbaycan böyük dövlətlərin yolunu gedir - EkspertDövlətçilik tarixinə və ənənələrinə münasibətdə ardıcıllıq bu ənənələrin gələcək nəsillərə ötürülməsi, dövlətçilik yaddaşının formalaşdırılması, inkarçı deyil, yaradıcı, qurucu, istiqlalçı dövlətçilik təfəkkürünün formalaşdırılması baxımından çox mühüm əhəmiyyət kəsb edir. Bu amillər dövlətçiliyin mənəvi sütunlarıdır.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, hansı dövlətlərdə tarixə, dövlətçilik ənənələrinə münasibətdə ədalətli yanaşma varsa, o dövlətlər dünyanın siyasi xəritəsində öz mövqelərini möhkəmləndirir və inkişaf etdirirlər:

“Tarixə, dövlətçiliyə münasibətdə mühafizəkarlıq, dövlət idarəçilik sisteminə yanaşmada isə çevik və innovativ islahatçılıq inkişafın təməlidir. Bu kontekstdə bir nümunə gətirmək istəyirəm. Rusiyada Romanovlar sülaləsi, mütləq monarxiya hakimiyyəti süquta uğradı, burjua inqilabı qalib gəldi və qısa müddətdə bəlkə də simvolik mövcud olsa da, özündən əvvəlkini inkar etdi. Daha sonra bolşevik inqilabı baş verdi və yaranan yeni rejim də özündən əvvəlkilərin üstündən qırmızı xətt çəkdi. SSRİ süquta uğrayandan sonra isə 70 illik dönəm inkar edildi. Bu yanaşmanın təzahürləri müasir Rusiyanın siyasi sistemində, dövlətçilik ənənələrinə münasibətində hələ də özünü büruzə verir. Qonşu İranda 1979-cu ildə baş verən inqilab da bu ölkəyə oxşar təcrübəni yaşatdı. Yaxın Şərqə, ərəb ölkələrinə diqqət yetirsək, daha acınacaqlı bir vəziyyətin mövcudluğunu görə bilərik. Lakin alternativlər də var. Bizə münasibətdə hansı mövqe sərgiləmələrindən asılı olmayaraq, Avropanın əksər ölkələrində tarixdə baş verən bütün kataklizmlərə baxmayaraq, dövlətçilik ənənələrinin ardıcıllığı və tarixə münasibətdə ənənəvilik qorunub saxlanılır. Azərbaycanın da böyük dövlətçilik ənənələri olan dövlətlərin yolunu getməsi çox sevindiricidir.

Tarixə münasibətdə ədalətli, həssas, mütərəqqi mövqe sərgiləyir. Özünün olandan imtina etmir, tarixin səhifələrini cırıb atmır, əksinə yanlışlardan nəticə çıxarır, doğruları isə daha da inkişaf etdirir.

Azərbaycan Prezidentinin 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti İli elan etməsini də məhz bu kontekstdən dəyərləndirir və Azərbaycan dövlətçiliyində ənənə ardıcıllığının, varisliyin qorunması baxımından mühüm tarixi qərar hesab edirəm”.

Millət vəkili Himət Babaoğlu isə qeyd edib ki, Xalq Cümhuriyyəti XX əsrin əvvəllərində yaranan Azərbaycan milli dövlətçilik təfəkkürünün institusional-funksional qurumu olaraq meydana çıxıb:

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması çox mühüm tarixi, siyasi əhəmiyyətə malikdir. AXC dövlətçilik tariximizin xüsusi bir səhifəsini təşkil edir, eyni zamanda, 100 illik müddət keçməsinə baxmayaraq, Azərbaycan cəmiyyətinin və onu təşkil edən ayrı-ayrı fərdlərin dövlətçilik şüurunun daşıyıcıları olmasını göstərir. Prezident İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu vurğulayıb. 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi isə Prezident İlham Əliyevin milli dövlətçilik tariximizə göstərdiyi böyük qayğıdan xəbər verir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.
Türkiyə buna görə yenidən Avropa ilə yaxınlaşır - PolitoloqTürkiyə Avropaya, Avropa da Türkiyəyə lazımdır. Təbii ki, bu gedişlərlə Türkiyə AB-yə üzv olmayacaq. Amma Avropa Türkiyə kimi güclü bir dövlətin daim onların yanında olmasının tərəfdarıdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Avropa İttifaqı ilə bütün Qərbi ümumiləşdirmək olmaz:

“Hər bir dövlətlə ayrı-ayrılıqda Türkiyənin normal münasibətləri var. Lakin buna baxmayaraq, istər Fransa, istərsə də Almaniya və digər dövlətlər Türkiyəni AB-yə qəbul etmək istəmirlər. Burada da bir sıra məqamlar var. Məlum məsələdir ki, bu gün Almaniyada təxminən 6 milyona, Fransada isə 4 milyona yaxın türk əsilli insanlar yaşayır. Ona görə də əgər Türkiyə AB-yə üzv olsa, bir sıra dövlətlər lokomativliyini itirə bilər. Digər tərəfdən, bir sıra dövlətlər AB-dən kənd təsərrüfatına görə dotasiyalar, Türkiyə də məhz aqrar ölkədir. Buna görə də AB ölkələri bu sahədə Türkiyənin lider olaraq müvafiq addımlar ata biləcəyindən də ehtiyat edir. Yəni Türkiyənin AB-yə üzvlüyə qəbul edilməməsinin tək səbəbi onun müsəlman dövləti olması deyil”.

Politoloq qeyd edib ki, Türkiyədə insan haqlarının tapdalanması, jurnalistlərin həbsinin gündəmə gətirilməsi bəhanədir:

“AB-nin aparıcı dövlətləri ilə Türkiyənin münasibətlərinin düzəlməsi müsbət haldır. Bundan Türkiyə də müəyyən dividentlər götürəcək. Türkiyənin ASELSAN şirkəti ilə Fransa və İtaliyanın ortaq şirkəti olan EUROSAM arasında yeni raketdən müdafiə sistemi ilə bağlı saziş imzalanıb. İqtisadi və mədəni sahədə də əməkdaşlıq müsbət bir hal kimi dəyərləndirilməlidir”.

Politoloq vurğulayıb ki, son zamanlar Türkiyənin Almaniya ilə də münasibətlərində müəyyən yumşalmalar var:

“Almanlar bunu qəbul etmək istəmirlər. Lakin Almaniya yaxşı başa düşür ki, seçicilərinin müəyyən faizi məhz türk əsilli vətəndaşlardır. Almaniyanın siyasətində Türkiyənin rolu çox mühümdür. Türkiyənin Qərblə münasibətlərinin yaxşılaşmasına digər bir səbəb isə Türkiyənin NATO blokuna daxil olan ən mühüm dövlətlərdən biri olmasıdır. Bundan başqa, AB-yə daxil olan Fransa və Almaniya ilə ABŞ arasında son vaxtlar müəyyən gərginlik yaşanır. Məhz bu gərginliyə qarşı Türkiyə də daxil olmaqla kiçik bir blokun yaradılması da mühüm amillərdən biridir”.