Ərdoğanla Putin İrana gedir
Prezident Həsən Ruhani Rusiya Prezidenti Vladimir Putini İrana dəvət edib.

Axar.az xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazım Cəlali deyib.

“Prezident Həsən Ruhani son telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putini “Astana üçlüyü”nün İranda keçiriləcək sammitinə dəvət edib”, - səfir bildirib.

Qeyd edək ki, Astana üçlüyünün İranda keçirilməsi nəzərdə tutulan görüşünün tarixi açıqlanmayıb.
Yeltsinin Qarabağ planı: 5 maddəlik şok sənəd üzə çıxdı
1991-92-ci illərdə Azərbaycan Respublikasının humanitar məsələlər üzrə Dövlət müşaviri olan Kamran Rüstəmov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduqca maraqlı faktları açıb. O bildirib ki, 1992-ci ilin aprel ayında Rusiya Federasiyasının 1-ci Prezidenti Boris Nikolayeviç Yeltsinin tapşırığı ilə Moskvadan Bakıya nümayəndələr gəlib.

Mövzu barədə Axar.az-a danışan professor Kamran Rüstəmov qeyd edib ki, hərbi təyyarə ilə təcili şəkildə Bakıya gələn rusiyalı rəsmilərin məqsədi Qarabağ münaqişəsini həll etmək olub:

“Axşamtərəfi Rusiya Federasiyasının 1-ci Prezidenti Boris Nikolayeviç Yeltsinin siyasi məsələlər üzrə köməkçisi Konstantin Borovoy və Rusiyanın Xarici İşlər nazirinin köməkçisi Ednan Ağayev gəldi. Onlar vacib bir məsələ ilə bağlı gəldiklərini dedilər. Əvvəlcə Borovoy danışmağa başladı. Dedi ki, biz şəxsən Boris Nikolayeviç Yeltsinin istəyi ilə buradayıq:

- O (Boris Yeltsin – red.), Azərbaycanın ərazi bütövlüyünün bərpasını, Qarabağ məsələsinin birdəfəlik həll olunmasını istəyir. 14 mayda MDB-nin qurultayında bu məsələ müzakirəyə çıxarılıb, öz həllini tapmalıdır.

Bu arada Ednan Ağayev dilləndi:

- Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində müxtariyyət veriləcək. Sizdən sadəcə müvafiq sənədin tərtib olunması tələb olunur.

Borovoy:

- Siz ən qəti istəklərinizi belə qeyd edə bilərsiniz. Biz zəmanət veririk ki, sənəd Ermənistan tərəfindən söz-söhbətsiz təsdiq olunacaq. Artıq hər şey müzakirə olunub”.

Sabiq dövlət müşavirinin sözlərinə görə, bundan sonra təcili sürətdə Qarabağla bağlı sənədin hazırlanmasına başlanılıb:

“Nəhayət, 6 saatlıq çalışmadan sonra 5 maddədən ibarət sənəd hazır oldu. Sənəd aşağıdakı kimi idi:

“1. Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində müxtariyyət verilir.

2. Hərbi kontingent Rusiya və Azərbaycan daxili qoşunlarının köməkliyi ilə Qarabağdan çıxarılır.

3. Qarabağ milisində ancaq yüngül odlu silahlar (tapançalar) saxlanılır.

4. Azərbaycan qaçqınlarının Qarabağa qaytarılması və təhlükəsizliyi təmin olunur.

5. Dağlıq Qarabağda azad iqtisadi zona yaradılır. Xarici biznesmenlər dəvət olunur və yeni iş yerləri açılır”.

Professor vurğulayıb ki, hazırlanmış sənəd müvafiq orqana təqdim olunub, lakin yekun nəticə əldə edilməyib.

“Gecə saat 12-də sənəd hazır idi və biz onu müvafiq struktura təhvil verdik. Çox heyf ki, bu sənədin sonrakı aqibəti sirr olaraq qaldı. Bu cür imkan əldən verildi”, - K.Rüstəmov qeyd etdi.

Ermənilər təşvişdə: Ərdoğanın Qarabağla bağlı - Planı
ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Türkiyəyə səfəri erməniləri qorxuya salıb.

Avrasiya.net Teleqraf.com-a istinadən xəbər verir ki, Ermənistanda rezonans doğuran səfər Azərbaycanın işğal edilmiş bölgələrinin qaytarılması ilə bağlı müzakirələri qızışdırıb.

İşğalçı ölkənin mediası xüsusən həmsədrlərin Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşünə diqqət çəkir. Görüş zamanı Çavuşoğlunun “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir” tələbi də ermənilərin tarım çəkilən əsəblərini bir qədər də gərib.

Qarabağın öz gerçək sahibinə - Azərbaycana qaytarılacağı ehtimalı üzərində baş sındıran erməni mediası bir az da irəli gedərək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məsələni rusiyalı həmkarı ilə müzakirə etməyə hazırlaşdığını da dilə gətirir. Həmin iddiaya görə, martın 6-da Moskvaya səfər edəcək Ərdoğanın qovluğunda Qarabağla bağlı yeni planı da var.

Erməni ekspertləri isə Ərdoğanın Bakıya səfəri zamanı səsləndirdiyi fikirlərin üzərində çox dayanır. Ekspertlər xatırladır ki, Ərdoğan səfər zamanı “Qarabağ təkcə Azərbaycanın deyil, Türkiyənin də məsələsidir və bu, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll edilməlidir”, fikri təsadüf deyil.

Erməni politoloq Ayk Qabriyelyan hesab edir ki, Qarabağla bağlı yekun planını müəyyən edən Türkiyə Prezidenti indi də Vladimir Putini yola gətirməyin yollarını axtarır.

O, istisna etmir ki, İdlib məsələsi ilə bağlı Rusiyanı razı sala bilən Ərdoğan, Qarabağ məsələsində də buna nail olacaq.
“Türkiyənin Suriyada nə işi var” deyənlərə - Cavab
Son günlər Rusiya, Türkiyə və Suriya münasibətlərində yaranmış gərginlik, İdlib yaxınlığında türk əsgərlərinin hücuma məruz qalması məsələni olduqca mürəkkəbləşdirdi. Bu məsələdə Türkiyəni müdafiə edənlər də oldu, ittiham edənlər də.

“Türkiyənin Suriyada nə işi vardı ki, bu hadisə də baş versin?” söyləyənlər də az deyil. Eyni zamanda Türkiyəni Rusiyaya inandığı və ona güvəndiyi üçün qınadılar. Bütün bunlara aydınlıq gətirmək üçün bir neçə məsələyə diqqət yetirmək və hadisələri beynəlxalq hüquqi baxımdan dəyərləndirmək lazımdır. Elmi və hüquqi əsası olmayan hər hansı yanaşma və izah hər bir halda uğursuzdur.

İlk olaraq Türkiyənin Suriyaya müdaxiləsinin hansı zərurətdən yaranmasına diqqət yetirmək lazımdır. Bəlkə bunun üçün bir zərurət olmayıb? Daha öncədən Türkiyənin Suriya ilə çox normal əlaqələri olub. Eyni zamanda Türkiyə Suriya ilə ən uzun ortaq sərhəddi bölüşür, müxtəlif coğrafi və tarixi əlaqələr də iki qonşu ölkəni bir-birinə bağlayır. Hər iki ölkənin yüksək səviyyədə iqtisadi razılaşması olub. 2009-cu ildə Türkiyə Prezidenti Abdulla Gülün Suriyaya, Bəşər Əsədin isə Ankaraya səfəri bu əlaqələri daha da genişləndirdi. 2011-ci ilin yanvar ayında Türkiyənin nüfuzlu “Hürriyyət” qəzeti Türkiyə-Suriya münasibətlərini “Yaxın Şərqdə nümunəvi tərəfdaşlıq” adlandırmışdı. Bir sözlə, Suriya Türkiyə üçün geniş iqtisadi əməkdaşlığı olan etibarlı tərəfdaş idi. Bu mənada iki ölkə arasında münasibətlərin gərginləşməsi Türkiyə üçün maraqlı deyildi. Ardıcıl olaraq bu gərginlik Əsəd rejiminə qarşı ölkədə üsyanın baş verməsindən sonra başladı və bir sözlə, diktaturanın tüğyan etdiyi bir ölkədə vətəndaş müharibəsi start götürdü. O zaman Türkiyənin baş nazir olmuş Ərdoğan Əsəd rejimini ciddi tənqid etdi və ona qarşı sanksiyaların tərəfdarı olduğunu açıq söylədi və bu, dünya ictimaiyyətinə məlumdur. Ərdoğan dedi ki, “9 il əvvəl başlayan bir dostluğumuz var idi, amma Suriya bunu qiymətləndirə bilmədi. Xəbərdarlıqlarımıza əhəmiyyət vermədi... təəssüf ki, insanları qırğına məruz qoyur, onları işgəncələrlə məhv edir... Suriya xalqının möhtəşəm müqavimətində uğur qazanacağına inanıram”.

Bir sözlə, Türkiyənin israrla qeyd etdiyi bir məqam var idi. Türkiyənin sərhədləri möhkəmləndirilməli və ərazisinə yaranan biləcək təhdid önlənməli, terror hadisələrinin qarşısı alınmalı və ən nəhayət, Suriyada qırğına məruz qalan insanların müdafiəsinə dəstək verilməlidir. Unutmaq olmaz ki, PKK məhz Suriya tərəfində dəstəklənirdi, orada kifayət qədər gücə malik idilər. Suriya 1980-90-cı illərdə PKK-ya öz torpaqlarında hərbi düşərgə salmağa və Türkiyəyə terror hücumları etməyə icazə vermişdi. Türkiyə bu təhlükənin qarşısını almaq üçün davamlı olaraq danışıqlara üstünlük versə də, bir nəticə əldə edə bilmədiyi üçün 1998-ci ildə öz sərhədində hərbi əməliyyatlara başlamışdı. Hələ bu, 1980-90-cı illərdə baş vermişdisə, kim zəmanət verə bilərdi ki, heç bir norma və sərhəd tanımayan qəddar Əsəd rejimi fürsətdən istifadə edərək, Türkiyə sərhədlərində terror dalğasını genişləndirməyəcək?!

Ərdoğanı Suriyada üsyançılara dəstək verməyə görə ittiham edən və “Türkiyə Suriyadan nə istəyir” sualını verənlərin də cavabı məhz bu olmalıdır. Türkiyə sərhədində baş verən vətəndaş müharibəsinə, bu müharibədə qırğına məruz qalan dinc əhaliyə, ərazisinə ola biləcək təhdid və terror hadisələrinə biganə qala bilməz və əli xalqının qanına bulaşmış cinayətkar Əsəd rejimi ilə əlaqələrini davam etdirə bilməzdi. Demək ki, Türkiyənin Suriyaya müdaxiləsi zərurətdən meydana gəlib. Türkiyə Əsəd rejiminə qarşı hadisələrin əvvəlində hansı mövqedə olmuşdusa, indi də həmin mövqedədir.

Əslində bir həqiqət var ki, Ankara digərlərindən fərqli olaraq o zamandan indiyə qədər ardıcıl və praktik olaraq Əsəd rejiminə qarşı çıxdı və münasibətini dəyişmədi. Reallıq budur ki, Ərdoğan münaqişənin əvvəlində söylədiyi fikirləri ardıcıl olaraq müdafiə etməklə bərabər, həm də həyata keçirir. Məsələn, Ərdoğanla eyni zamanda məsələyə münasibət bildirərək vətəndaşların hüquqlarının qorunmasının vacib olduğunu bildirən Rusiya, ABŞ prezidentləri nə hadisələrin gərgin vaxtında, nə də indi real mövqe nümayiş etdirirlər, atdıqları addım da yalnız dağıdıcılığı və terrora dəstəyi ifadə edir. Danılmaz faktdır ki, vətəndaş müharibəsinin yaratdığı qorxudan can qurtarmaq üçün Suriya əhalisi nə Rusiyaya, nə də ABŞ-a üz tutdular, üz tutsaydılar belə, onlara qapı açılmayacaqdı.

Nəhayət, Ankaranın proqnozu özünü doğrultdu, Suriyada vətəndaşların müdafiəsinə ehtiyac yarandı, mülki əhalinin Türkiyə sərhəddinə axını başladı. İdliblə eyni sərhədi bölüşən Türkiyə 3,6 milyon suriyalını qəbul etdi və onları Türkiyədə yerləşdirdi. Baxmayaraq ki, günbəgün Türkiyənin müxalifət partiyaları Ərdoğanı bu addımına görə narazılıqla qarşıladı, bir daha suriyalıların bu ölkəyə gəlmələrini istəmədiklərini bildirdilər. Hesab edirəm ki, bu məsələyə daha geniş çevrədən, Türkiyənin maraqları səviyyəsindən yanaşmaq lazımdır. Ərdoğandan daha böyük Türkiyə var, Türkiyə maraqları var. Bu baxımdan məsələni kiçildib prezidentin - bir şəxsin üzərinə yönəldərək tənqidi yanaşmaq doğru olmaz. Bəli, Türkiyənin bu mövqeyi doğrudur. Əgər Ankara Rusiyanın onun sərhədləri çərçivəsində güc nümayişinə şans, ABŞ-ın isə hər yerdə münaqişə ocaqları yaratmasına imkan versəydi, Türkiyə bu gün daha böyük təhlükələrlə üz-üzə qalacaqdı.

36 şəhid verib cavab olaraq gücünü göstərdisə, o zaman daha çox şəhid verəcəkdi və proseslərə təsir etmək gücünə malik olmayacaqdı. Necə ola bilərdi ki, demokratikləşmə uğrunda bir çox uğura imza atan Ankara, öz vətəndaşlarına zülm edən diktator rejimlə əlaqələrini davam etdirsin? Bu, Əsəd rejiminin Suriya xalqına qarşı qəddar müharibəsini ləyaqətlə təsdiqləmək demək olmazdımı?

Bu məsələyə bir qədər beynəlxalq hüquqi rakursdan baxmaq daha məqsədəuyğun olardı. Beynəlxalq hüquq normalarına görə Ankaranın mövqeyini izah etmək çox vacibdir. Normalda beynəlxalq hüququn “Humanitar müdaxilə” nəzəriyyəsi, birbaşa olmasa da, dolayı yolla rəsmi Ankaranın əməliyyatının qanuniliyini tanıyır. Daha dəqiq desək, beynəlxalq hüquqda “humanitar müdaxilə” anlayışı qəbul olunub və bundan istifadə edilib. Humanitar müdaxilənin mahiyyəti odur ki, əgər hər hansı dövlətdə diktatura rejimi tərəfindən insan hüquq və azadlıqları pozulursa, insanlar kütləvi şəkildə işgəncələrə məruz qalaraq öldürülürsə başqa dövlətlər (dövlət) hərbi güc tətbiq edərək bunun qarşısını ala bilər. Bu hərbi güc tətbiq etmədən daha yüngül formada humanitar yardım və beynəlxalq sanksiyalar formasında da baş verə bilər. Müdaxilə mütləq dövlətlərin strateji maraqlarına birbaşa təhlükə yaratmayan, əksinə humanitar məqsədlərə səbəb olan vəziyyətlərə cavab olaraq qəbul edilir.

Humanitar müdaxilə mövzusu, xüsusən NATO-nun 1999-cu ildə Kosovoya müdaxiləsindən sonra daha çox müzakirələr səbəb oldu. Bir çox hallarda dövlətlərin daxili işlərinə qarışmaq kimi dəyərləndirildi və tənqid olundu. Nəzərə alsaq ki, insan hüquqları məsələsi heç bir dövlətin daxili işi deyil (dövlətlər insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mövcud olan beynəlxlaq konvensiyalara qoşulur və onun təmin olunması sahəsində öhdəlik götürürlər. Bu halda insan hüquqlarını təmin etmək onun başlıca məqsədinə çevrilir və bu onun daxili işi ola bilməz) və tənqid bu aspektən doğru ola bilməz. Dövlətlər humanitar müdaxilə adı altında öz təcavüzkarlıq niyyətlərini reallaşdırmaları əsas tənqid mövzusu olmalıdır. Bu baxımdan humanitar müdaxiləni tam uğurlu hesab etmək olmaz. Uğurlu alınması üçün onu reallaşdıracaq universal beynəlxalq təşkilat olan BMT var. Bu BMT-nin xətti ilə həyata keçirilməlidir. BMT nizamnaməsinin 41-ci maddəsinə görə Təhlükəsizlik Şurası öz qərarlarının həyata keçirilməsi məqsədilə silahlı qüvvələrin istifadəsi ilə bağlı olmayan hansı tədbirlərin tətbiq olunması barədə qərar qəbul edə bilər və Birləşmiş Millətlərin üzvlərindən bu tədbirlərin tətbiq olunmasını tələb edə bilər. Həmin tədbirlər iqtisadi münasibətlərin və dəmiryol, dəniz, hava, poçt, teleqraf, radio və digər rabitə vasitələrinin tamamilə və ya qismən dayandınimasını və diplomatik münasibətlərin kəsilməsini özünə daxil edə bilər. 42-ci maddədə isə göstərilir ki, əgər Təhlükəsizlik Şurası hesab etsə ki, 41-ci maddədə nəzərdə tutulmuş tədbirlər kifayət olmaya bilər və ya artıq kifayət olmamışdır, o, hava, dəniz və ya quru qüvvələrinin vasitəsilə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması və ya bərpası üçün zəruri ola bilən tədbirlər görə bilər. Həmin tədbirlər Birləşmiş Millətlərin Üzvlərinin hava, dəniz və ya quru qüvvələrinin nümayişlərini, blokadasını və digər əməliyyatlarını özünə daxil edə bilər.

42-ci maddədə qeyd olunduğu kimi, bu əməliyyat bir dövlət deyil, BMT üzvlərinin hava, dəniz və ya quru qüvvələri tərəfindən həyata keçirilməlidir. Bunun üçün Təhlükəsizlik Şurasının 5 daimi üzvünün razılığı vacibdir. Məhz bu aspekti rəhbər tutaraq, rəsmi Ankaranın mövqeyini beynəlxalq hüquq normalarına və BMT-nin məqsəd və prinsiplərinə zidd hesab etməklə tənqid etmək olar. O zaman başqa sual meydana çıxır. BMT lazım olduğu təqdirdə qərar qəbul etmirsə və Türkiyə üçün real təhlükə varsa, nə üçün təhlükənin daha da yaxınlaşmasını gözləməlidir Türkiyə? Axı ABŞ və Rusiya Türkiyədən əvvəl çox pis bir təcrübənin əsasını qoydular (halbuki onlar üçün hər hansı təhlükə yox idi, ərazilərində terror olacağı mümkün deyildi, niyyətləri ancaq işğal idi). ABŞ-ın İraq, Liviya, Misir siyasəti, Rusiyanın Çeçenistan, Gürcüstan, Ukrayna və Suriya siyəsəti bunun bariz nümunəsidir. Həm ABŞ, həm də Rusiya bu əməliyyatların həyata keçirilməsini BMT Təhlükəsizlik Şurasının üzvləri ilə razılaşdırmamışdılar. Belə olan halda Türkiyə nə üçün tənqid olunmalıdır, qeyd etdiyimiz kimi, onlardan fərqli olaraq Türkiyənin buna haqqı çatır, mövqeyi ədalətlidir, hərbi əməliyyatlar onun sərhəddində aparılır. Digər tərəfədən Türkiyə NATO-nun üzvüdür, Türkiyəyə qarşı istənilən təhdidə NATO tərəfindən dərhal reaksiya verilməlidir. İdlibdə Türkiyə hərbiçilərinin hücuma məruz qalaraq öldürülməsi sükutla qarşılandı: nə Rusiya, nə də ABŞ tərəfindən açıq dəstəklənmədi, Türkiyə meydanda tək qaldı. Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda çoxları iddia etdi ki, bu, ABŞ üçün bir şans oldu ki, Türkiyəyə açıq dəstək versin və münasibətlər istiləşsin. NATO-nun üzvü olan Türkiyənin Rusiya ilə yaxınlaşması ABŞ tərəfindən çox böyük həyəcanla izlənilirdi. Bu məqamdə gözləntilər özünü doğrultmadı və ABŞ-ın mövqeyi bəlli olmadı. ABŞ-ın istəyi odur ki, Türkiyə S-400 hava hücumundan müdafiə sisteminin Rusiyadan alınmasından birbaşa imtina etsin. İki ölkənin münasibətlərinin gərginləşməsinə də səbəb olan amillərdən biri də məhz bu idi. Türkiyə isə bundan imtina etməyə hazır olduğunu bildirmədi, bu səbəbdən də ABŞ açıq mövqeyini ifadə etmədi.

Nəticə nə olacaq? Nəticənin Türkiyə üçün tam uğurlu alınması bir qədər mübahisəlidir. Nə Rusiya, nə də ABŞ regionda güclü, iqtisadi və siyasi baxımdan tam müstəqil olan Türkiyə görmək arzusunda deyil. Türkiyənin real gücə sahib olması onlardan asılı olmadan zamanın diktəsidir. Rusiyanın Türkiyəni meydanda tək qoyması (onu da hələ tam əminliklə söyləmək olmaz) həqiqət olacaqsa, bu, Türkiyə və iqtidar üçün çox ciddi bir imtahan olacaq. İndiki şəraitdə Rusiya Türkiyəni müdafiə etmir. Kremlin sözçüsü Dmitri Peskov bildirdi ki, Rusiya xaricində bütün ölkələrin əsgərləri Suriyada beynəlxalq hüquqa zidd olaraq yerləşdirilib. Rusiyanın təkbaşına verdiyi qərar nə zamandan beynəlxalq hüquq normalarına uyğun hesab olunur? Prezidentlərin Soçi görüşü Rusiyanın indiki mövqeyini inkar etmirmi? Məsələyə hansı prizmadan yanaşılsa, Türkiyənin daha çox haqlı olması görünür və onlar istəməsələr belə Türkiyə güc olaraq artıq meydandadır, mövqeyini müdafiə etməkdə qətiyyətlidir, danışıqlar üçün çəkisi olan bir tərəfdir. Bunu rusiyalı politoloqlar da bu günlərdə öz təhlillərində qeyd etdilər və Rusiya-Türkiyə əməkdaşlığının qısa bir zamanda bərpa olunacağına inandıqlarını söylədilər.

Əlövsət Allahverdiyev
Ərdoğanın Putinlə görüşdən GÖZLƏNTİLƏRİ
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyaya səfər proqramını açıqlayıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, görüşdən sonra İdlib bölgəsində sülhün bərqərar olacağına ümid ifadə edib.

“Ümid edirəm ki, bizim söhbətdən sonra atəşkəas əldə etmək mümkün olacaq”- deyə Ərdoğan deyib.

Ərdoğanın Moskvaya 1 gün lük səfər edəcəyi və Putinlə görüş başa çatdıqdan sonra geri dönəcəyi əlavə olunub.
PA-nın şöbə müdirilə hansı statusla görüşəcəm, bilmirəm - Razi Nurullayev2015-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının keçmiş sədr müavini Razi Nurullayev eyni adla partiya yaratdığını elan etdi.

O, vaxtdan eyni adlı iki partiya “əsl AXCP” nin özü olduğunu deyir. R.Nurullayevin rəhbərlik etdiyi siyasi təşkilat hələ də Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmayıb.

Maraqlıdır, 9 fevral növbədənkənar parlament seçkilərində 79 saylı İmişli seçki dairəsindən bitərəf namizəd kimi qalib gələn Razi Nurullayev hələ də “AXCP” adına iddialıdırmı? Bundan sonra onun partiyası fəaliyyətini davam etdirəcəkmi?

Razi Nurullayev Modern.az-a açıqlamasında partiyasının qeydiyyat məsələsini yenidən gündəmə gətirmək barədə tərəddüdlərinin olduğunu bildirib:

“Dostlar da mənə zəng edirlər ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev sizi görüşə dəvət edibmi? Mən də bu cür sual və müraciətləri təbəssümlə qarşılayıram. Başqa nə edim ki?

AXCP adına həm mən, həm də Əli Kərimli iddia edir. Məhkəmə qərarı, Ədliyyə Nazirliyinin mövqeyi də ortada olmadığından özüm də cavab tapa bilmirəm. İndi Ədalət müəllim mənimlə hansı statusla görüşəcək? Özüm də cavab verə bilmirəm.


Bəli, bitərəf kimi seçkiyə qatılmışdım və bitərəf kimi də qalib olmuşam. AXCP-nin qeydiyyat məsələsi ilə bağlı çox səy göstərmişik, məhkəmə instansiyalarına baş vurmuşuq. Nəticə olmayıb. Təzədən qaldırmaqda, israrçılıqda fayda olacaqsa, edək. Amma, nəticə olacaqmı? Heç özüm də bilmirəm”.

O, partiyanı buraxmaq barədə qərarın verilməsinə tələsmədiyini deyib:


“Bu barədə danışmaq tezdir. Çarələr hələ ki, tükənməyib. Hər şeyi zaman yerinə qoyacaq”.
BAXCP sədri Ədalət Vəliyevlə görüşüb
Prezident Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə görüşüb.

Bu barədə BAXCP-nin mətbuat xidmətinə Qüdrət Həsənquliyev məlumat verib.
BAXCP sədri görüşdə siyasi partiyaların ölkənin ictimai-siyasi həyatındakı yeri və rolu ilə bağlı fikir mübadiləsi aparıldığını bildirib.
Politoloq: “Biri Əsədə düşmən, digəri dostdur, rusla türk necə bir ola bilər?”...
Açıq-açıq dilə gətirilməsə də, əslində Suriyanın meydanında rus və türk qoşunları toqquşmaqdadır. Bunun sonu necə görünür? NATO türklərə dəstək verdiyini artıq bəyan etdi.Bu qanlı toqquşmaların sonu nə ilə nəticələnəcək?

Bizimyol.info-nun suallarını politoloq Arzu Nağıyev cavablandırır.

“Bu sonluğu öncədən görmək mümkün idi. Türkiyə və Rusiyanın ərəb dünyası üzərində maraqları üst-üstə düşə bilməz. Hər nə qədər diplomatik vasitələr işə salınsa da, Suriya məsələsində bu iki tərəf ortaq məxrəcə gələ bilmədi. Suriyada dünaynın güclü dövlətlərinin hər birinin öz marağı var. Bütün dövlətlərin maraqları üst -üstə düşmədiyinə görə bu ölkə savaş meydanına çevrildi. Burada Rusiya nə istəyirdi? Rusiya istəyirdi k, İdlibi də ələ keçirdikdən sonra bu əraziləri Türkiyənin nəzarətində olan qruplşamlardan təmizləsin. Rusiya bu qruplardan bir çoxunu, o cümlədən İŞİDi-də terror qruplaşması elan etdi və onlara qarşı müharibə elan etdi. İdlibdəki bu qruplar öz dəhlizlərini yaratmışdılar. Rusiya öz maraqlarını əldə bayraq edərək, əməliyyatlara başladı.

Bu müharibədə tək rus hərbçiləri yox, onun təsiri altında olan qüvvələr də döyüşür. Rusiya guya Əsədlə birləşərək terrorizmlə mübarizə aparır, amma bu ad altında Əsədlə birləşərək Əsədə qarşı olan dövlətlər və qüvvələrlə də müharibə aparır. Bunlar Türkiyə, Suriya müxalif qüvvələridir. Əslində maraq ondan ibarətdir ki, Rusiya Suriya ərazisində öz hökmranlığını qurmağa çalışır. O cümlədən Suriya ərazisində Sovet dövründən qalmış hərbi bazaları da bərpa edir.

Maraqlıdır ki, yenidən qaçqınların sayı artacaq. 30 kilometrlik ərazidə birgə patrul ərazisi yaradılmışdı, indi o ərazilər dağılmaq üzrədir və Türkiyə bunu saxlamağa çalışır. Avropa Türkiyəyə vəd etdiyi pulu vermir. Türkiyə indiyədək qaçqınlar üçün 50 milyard vəsait xərcləyib. Ona kömək edilmir, Türkiyə bu köməyi də tələb edir Elə buna görə sərhədləri açıb, qaçqınların Avropaya axınını təmin edəcəyini də bəyan etdi. Suriya böhranında ABŞ öncələr Türkiyəni dəstəkləsə də S400 böhranından sonra araları dəydi.

Əsəd rejimini Türkiyə istəmir, Rusiya dəstəkləyir. Onlar necə eyni maraqdan danışa bilərlər. Dünən 33 türk əsgəri şəhid oldu. Rusiya hələ də hadisədəki rolunu boynuna almır. Amma bir neçə gün öncə Suriyada uçan hərbi təyyarələrdə rus təlimatçıların olduğunu bəyan etmişdi.

Görünən odur ki, Rusiya -Türkiyə qarşıdurması davam edəcək. Türkiyə öz mübarizəsini davam etdirəcək və açıq şəkildə Əsəd rejiminə qarşı müharibə elan etdiyini bəyan etdi. NATO Türkiyədən öz maraqları üçün istifadə etdi. Rusiya da müəyyən mənada bəz məqamlarda Türkiyədən istifadə etdi, amma lazım gələrsə ona qarşı çıxa biləcəyini də göstərmiş oldu”,- deyə o bildirib.
PA-nın şöbə müdiri müxalifət partiyasının sədri ilə görüşüb
“REAL” partiyasının sədri İlqar Məmmədov Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüşüb.

Avrasiya.net xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

O bildirib ki, bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə onunla görüşüb:

“Söhbət etdik, hakimiyyət və müxalifət arasında siyasi dialoq və əməkdaşlığın vacibliyini söhbət zamanı qarşılıqlı olaraq bildirdik. Daha çox tanışlıq görüşü idi, bəzi perspektiv mövzulara sadəcə toxunduq. Ümid edək ki, bundan sonra müntəzəm ünsiyyət və əməkdaşlıq siyasi rəqabətin tərkibində layiqli yer alacaq”.
Türkiyə niyə şəhid verir? -  Əsrlərin mübarizəsi yeni üslubda
Elməddin Behbud

Türk milləti ötən əsrin əvvəlində azadlığını yenidən qazanmaq üçün təkcə Çanaqqala savaşında 50 minə yaxın şəhid vermişdi. O şəhidlər olmasaydı Anadoluda min illik türk mirasından bu günümüzə gəlib çatan ən yaxşı halda muzeyə çevrilən məscidlər olacaqdı.

1923-cü il 29 oktyabrda Cümhuriyyətin yaradıldığı elan olunandan az sonra Türkiyə doğu Anadoluda çıxan üsyanları (Şeyx Səid, Seyid Rza və s.) da şəhidlərinin qanı bahasına yatıraraq həmin ərazilərdə suverenliyini təmin etmişdi.

Türkiyə 27 noyabr 1978-ci ildə yaradılan, 15 avqust 1984-cü ildən etibarən aktiv şəkildə terror aktlarına başlayan PKK-ya qarşı mübarizədə indiyədək minlərlə şəhid verməsəydi bu gün ərazi bütövlüyü pozulmuş, torpaqlarında "Sevr"in sahiblərinin marionet "dövlət" qurduğu kiçik ölkəyə çevrilmişdi.

Türkiyə "Zeytin Dalı", "Barış Pınarı" əməliyyatlarını keçirməsəydi, türk əsgəri vücudunu terrorçular və onların dəstəkçisi olan imperalistlərin qarşısında sipər etməsəydi bu gün döyüş Anadolunun içində, ən yaxşı halda Hatayda, Kilisdə, Hakkaridə, Şanlıurfada, Qaziantepdə gedirdi.

Unutmayaq, türk əsgəri şəhid olmasaydı, İstanbul türk şəhəri olmazdı. Türk əsgəri şəhid olmasaydı bu gün rahat yaşadığımız, müstəqil Azərbaycanın paytaxtı olan Bakı da Ufa, Dərbənd, Həştərxan, Kazan kimi bir rus şəhəriydi, biz isə bu şəhərin etnik azlığının nümayəndəsi. Bu cəhətdən "Türkiyənin Suriyada nə işi var?", "Türk əsgəri niyə İdlibdə şəhid olmalıdır?" suallarını verməmişdən (məqsədli şəkildə təxribat və informasiya manipulyasiyasıyla məşğul olanları bu sıraya aid etmirəm) öncə tarixə diqqətlə nəzər salmaq lazımdır.

Bu gün min kilometrlə uzaq məsafədən gəlib çoxdan instrumentə, şitə çevirdikləri "demokratiya", "azadlıq", "təhlükəsizlik" anlayışlarının arxasında gizlənərək ordularını Türkiyənin sərhədlərinə dayayan dövlətlərin qarşısında geri çəkilmək 568 illin yaddaşıyla İstanbulu "Kanstantinapol" bilənlərin qarşısında əli-qolu bağlı təslim olmaq deməkdir.

Türkiyənin geosiyasi manevrlərini tamamilə başadüşüləndir. İstər terror təşkilatı PYD-yə "İŞİD-ə qarşı mübarizə" adı altında bir ordunun silahını verən ABŞ-la, istərsə də fasilələrlə 350 il müharibə apardığı, Suriya vasitəsi ilə rəsmi Ankarayla quru sərhəddi əldə etməyə nail olan Rusiyayla münasibətlər yalnız Türkiyənin milli maraqlarının təmin olunması məqsədilə dizayn edilir. Situasiyaya, qarşı tərəfin davranışlarına uyğun olaraq bu münasibətlərin dəyişməsi dövlətlərarası əlaqələrdə normal haldır.

Türkiyə bizim üçün dünyadakı 209 dövlətdən biri deyil.Türkiyə o dövlətlərdən birincisidir!

(Azərbaycan təbii ki öz dövlətimizdir). "Hər bir türkün iki ana vətəni var: biri öz dövləti, digəri isə Türkiyə" deyimini hələ ki, təkzib edən elə bir mübarək dövlət mövcud deyil. Bu reallıqdır. Prezident İlham Əliyev fevralın 25-də Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra dediyi "Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir" cümləsinin hansı məna və informasiya yükünü daşıdığını şərh etməyə güman edirəm ki, xüsusi ehtiyac yoxdur. Bu baxımdan düşmənin hansı ölkə, kim olmasından asılı olmayaraq indiyə qədər olduğu kimi bundan sonra da qan qardaşlarımızın, türk millətinin, Türkiyə dövlətinin yanında olmalıyıq.

Qlobal güc olmaq yolunda əzmlə addımlayan qardaş Türkiyə doğru yoldadır. Türk əsgəri güclüdür, müzəffərdir, dualarımız hər zaman onunladır. Dünən İdlibdə xain hücuma məruz qalan türk əsgərlərinin şəhid olması bizi nə qədər üzsə də, içimizdəki əminlik öz sabitqədəmliyini qoruyub saxlayır: Türkiyə dövlətinin bu sınaqdan da dostlarını qürurlandıracaq, düşmənlərini məyus edəcək şəkildə çıxacaq!
Türkiyə resurslarını doğru ölçüb biçərək və onlardan doğru şəkildə istifadə edərək sərhədlərində "kukla" ölkə yaradaraq dövlət təməllərini sarsıtmağa çalışan bütün qlobal güclərə və onların instrumentlərinə qarşı mübarizəni qərarlı şəkildə davam etdirməlidir.

Allah şəhid olan bütün türk əsgərlərinə rəhmət eləsin!