Sizin Reklam Burada

Kabus qatar

Kabus qatarI hissə

2011-ci ildə yazdığım bu şeirin qəhrəmanlarının arzularının bir addımlığında ola biləcəyini təsəvvür belə edə bilməzdim.

Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasının 20 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün, Gəncəyə getmişdik. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı qatarla gəlməli olmuşdular. Onlar qaldığımız otelə çatanda Rəşadı heç vaxt görmədiyim ovqatda gördüm. Rəngi qaralmışdı. Hiss olunurdu ki, bütün gecəni yatmayıb. Mən adətən onun zarafatlarına alışmışam. Harda olursa, ora pozitiv enerji ötürür. Bu dəfə isə fərqli mənzərə ilə qarşılaşmışdım. Soruşdum ki, nə olub? Dedi, sonuncu dəfə qatarla 25 il öncə Ağdama getmişdim. İndi qatarla gəlmək məni o illərə apardı, yenidən o hisləri yaşadım. Bura çatana qədər əzab çəkdim. 25 ildir Ağdama gedə bilmirəm. Hər dəfə qatar görəndə bu hala düşürəm. Sonra da dedi ki, istəyirəm, sən bu barədə şeir yazasan. Qəribə də olsa, mən özümü Rəşad Məcidin yerinə qoydum və “Ağdam qatarı” (Kabus qatar) adlı şeir yazdım. Şeir populyarlaşdı, Rəşad şeiri oxuyandan sonra dedi ki, elə bil, qatarda mənimlə birlikdə olmusan. O hisləri olduğu kimi, ən xırda detallarına qədər yazmısan.

Beləliklə, “Kabus qatar” şeiri belə yarandı və mən ilk dəfə idi ki, başqa bir adamın təəssuratlarını, yaşantılarını öz təəssuratlarım, yaşantım kimi qələmə alırdım. Özümü o qatarın içində hiss edirdim...

Nisgil var gecənin qaranlığında,
Sükuta bürünüb Bakı vağzalı…
Gözlərim yol çəkir yol ayrıcında…
İçim başdan-başa gözləmə zalı…

Uyuyur saçımda izi illərin -
Bir kövrək baxışa, sığala möhtac.
Dolaşıb kələfi xatirələrin -
Üfiqlər dolanbac, yollar dolanbac…

Dünənə aparan yollar uzaqda,
Qapısı bağlıdır hələ yolların…
Dayanıb sakitcə dayanacaqda
Yolunu pusuram ayrılıqların…

Sükuta bürünüb vağzal,
Sükuta…
Bir dil istəyirəm dindirə məni…
Bir əl istəyirəm əlimdən tuta
Ağdam qatarına mindirə məni…

…Saata baxıram:
«Hələ vaxta var…»,
Bələdçi perronda kölgə tək susur...
Gözümdə yol gəlir bir kabus-qatar
İçimdə yol gəlir həsrət kabusu…

«Bələdçi, bələdçi!
Niyə donmusan?
Danış!
Din!
Cavab ver!
Açılsın səsin!
De, «qatar Ağdama gedir…»
De, qardaş…
De, «yanlış yazılıb «Gəncə» lövhəsi».

…Bələdçi biletə baxır sakitcə,
…Bələdçi nə bilsin içimdə nə var?
Lövhədə «Gəncə»di,
biletdə «Gəncə»,
Gözümdə…
«Ağdama gedir bu qatar».

…Bu qatar Gəncəyə gedir…
Gəncəyə…
Bəlkə də Ağdama gedib nə vaxtsa.
Bəlkə bir iz tapdım, «təsəlli», - deyə
Dəhlizə boylansam, kupeyə baxsam…

...Kupe də bənzəyir həmin kupeyə,
Dəhliz də bənzəyir, pəncərələr də...
Elə bu qatarla, elə bu yolla...
Qaçmaq istəyərdim xatirələrdən.

Kupedə sükut var...
Bu dəli sükut
Bir yetim təsəlli yoğura bilmir...
Kirpiyim altında titrəyən bulud
Bir damla göz yaşı doğura bilmir.

Xatirə qoxuyur aldığım nəfəs...
Hayqırır geri dön, geri dön, Rəşad!
Mənə divan tutur içimdəki səs:
“Bu qatar Ağdama getmir, en, Rəşad!”.

...Siqaret tüstüsü dolur gözümə
Dumana bürünür xatirələrim.
Hardasan, ey mənim itkin qatarım?!
Hardasan, ey mənim qərib şəhərim?!

…Hər gecə Ağdama bir qatar gedir
Ayrılıq daşıyır…
Qayıtmır geri…
Hər gecə Ağdamdan bir qatar gəlir -
Didərgin ruhlardı sərnişinləri…
Didərgin ruhlardı sərnişinləri….

Gəncə-Bakı, 2011-ci il

II hissə

Ümid var gecənin qaranlığında,
İşıq var...
Seçilmir gecə səhərdən.
Tanrının ən gözəl çılçırağından
Nur yağır...
süslənir minarələr də...

Bu payız geriyə qayıdıb bahar -
Qürub da görünür bizə dan kimi.
Yurda addım-addım dönür dualar -
Tanrı dərgahına qayıdan kimi...

Səhər də açılır azan səsiylə -
Hopur yurd yerinə əsgər nəfəsi.
Ağdama xalqımın iradəsiylə
Dəmirdən yol çəkir əsgər çəkməsi...

***

Qarabağ...
Qara bax Murov dağında...
Elə bir zirvədə qar çiçəkləyir -
Min şaxə ayrılır hər budağından
Kəlbəcər yolunda nar çiçəkləyir.

İndi bütöv elim - bütöv taleyim,
Dünyanın ən gözəl ölkəsindəyəm.
Ən uca zirvəyə könül bağlayan
Üçrəngli bayrağın kölgəsindəyəm.

Gəlir azan səsi minarələrdən,
Kimsə ahəngini pozmasın, Vətən!
Bayraq pıçıltısı, azan sədası
Başımın üstündə...
Susmasın, Vətən!

***

Sən bizi ümidsiz qoymadın, Allah,
Bilirdik...
Ayrılıq bitəcək bir gün.
Didərgin ruhların keşik çəkdiyi
Ağdama qatar da gedəcək bir gün...

Elçin Mirzəbəyli
Bakı, 25 noyabr 2020-ci il

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər