""Sülhməramlı”lar artıq bütün qırmızı xətləri keçir"

""Sülhməramlı”lar artıq bütün qırmızı xətləri keçir"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri


Sülhməramlı olmaq asan məsələ deyil. Rusiya sülhməramlı ölkə olmaq, daha doğrusu, sülhməramlı ölkə kimi görünmək istəyir, lakin bunu heç cürə bacarmır. Rusiyanın dünyanın istənilən nöqtəsində, bu və ya digər münaqişə ocağında ilk baxışdan sülhməramlı missiya kimi görünən fəaliyyətlərinin altından ya geosiyasi oyunlar, yadaki neoimperialist niyyətlərin əlamətləri özünü göstərir. Əfsuslar olsun ki, eyni xoşagəlməz durumu Azərbaycanımızın əzəli və ayrılmaz bir parçası olan Qarabağda da müşahidə etməkdəyik.

Belə ki, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin son dövrlərdə atdığı bütün addımlar, gördüyü bütün işlər məhz erməni separatçılarının nümayişkaranə şəkildə himayə edilməsinə, 10 noyabr razılaşmasının şərtlərinin icra edilməməsinə və Azərbaycanın suverenliyinə hörmət olunmamasına yönəlib. Xüsusən də son günlərdə baş verən olaylar onu göstərir ki, bu dırnaqarası “sülhməramlı”lar artıq bütün qırmızı xətləri keçir və üçtərəfli Bəyanatın çərçivələrindən tamamilə kənara çıxırlar.

Özlərini sülhməramlı hesab edən Rusiya hərbçiləri tərəfindən Xocalı ərazisində rəsmi Bakıdan icazəsiz “Şöhrət xiyabanı” adlı abidə kompleksinin açılması, yenə Xocalıda qanunsuz olaraq pravoslav kilsəsinin inşa edilməsi, “sülhməramlı”ların keçmiş komandanı general Rüstəm Muradovun özbaşına surətdə, özü də məhz İrəvan üzərindən Qarabağa gələrək, 10 noyabr Bəyanatının qəbul edilməsinin 1 illiyi ilə bağlı tədbirlərə qatılması və rusiyalı hərbçilərə medallar paylaması, Xankəndidə “sülhməramlı”lara həsr olunmuş əcaib heykəlin ucaldılması sülhməramlı missiyasının prinsiplərinə birmənalı surətdə ziddir.

Bütün bunlardan belə anlaşılır ki, ya “sülhməramlı”lar 10 noyabr Bəyanatına imza atmış və Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını dəfələrlə bəyan etmiş Rusiya prezidenti Vladimir Putinin siyasi iradəsinin ziddinə hərəkət edir və Rusiya hakimiyyətinin daxilindəki qruplaşmalardan hansısa birinin göstərişlərini yetirirlər, yadaki onlar ümumiyyətlə sülhməramlılıq anlayışından tamamilə bixəbərdirlər. Bütün hallarda, “sülhməramlı”ların son addımları, o cümlədən məhz onların razılığı ilə Ermənistanın müdafiə naziri Arşak Karapetyanın, Xocalı qatilləri Serjik Sərkisyan və Robert Köçəryanın bugünlərdə Xankəndiyə qanunsuz olaraq səfər etmələri yolverilməzdir.

Qeyd olunan neqativ hallar və özbaşınalıqlar rəsmi Bakıya kifayət qədər sərt qərarlar qəbul etməyə imkan verir. Belə ki, Rusiya “sülhməramlı” qüvvələri 10 noyabr Bəyanatının şərtlərini kobud surətdə pozduqlarına görə, hətta onların Azərbaycandan çıxarılması məsələsi də qaldırıla bilər. Rusiyanın sülhməramlı missiyası birtərəfli xarakter daşıyırsa və bu missiya yalnız ermənilərin himayə edilməsinə yönəlibsə, o zaman bizim də Azərbaycan olaraq bu missiyadan imtina etməyə və general-leytenant Gennadi Anaşkinin rəhbərlik etdiyi hərbi kontingentin ərazilərimizdən çıxarılmasını gündəmə gətirməyə tam haqqımız çatır.

Azərbaycan tərəfi 10 noyabr və 11 yanvar Bəyanatlarından irəli gələn öhdəliklərə tam məsuliyyətlə yanaşır və üzərinə düşən bütün öhdəlikləri vicdanla yerinə yetirir. Ermənistan və Rusiya da Azərbaycandan nümunə götürməlidir. Ermənistan dövləti ilk növbədə təcili şəkildə Qarabağdakı erməni silahlılarının oradan çıxarılmasına başlamalıdır. Rusiya tərəfi isə bu məsələdə prinsipiallıq göstərməklə, sülhməramlı missiyasının öhdəsindən ləyaqətlə gəldiyini həm Azərbaycan xalqına, həm də ümumiyyətlə Rusiyanın sülhməramlılığına şübhə ilə yanaşan bütün dünyaya nümayiş etdirməlidir. Rusiya bizi gerçəkdən də sülhməramlı olduğuna inandırmalıdır.