MHP Zəfər Gününə həsr olunmuş tədbir keçirdi
Milli Həmrəylik Partiyası (MHP) 44 günlük Vətən müharibəsində qazandığımız misilsiz Qələbənin birinci ildönümünün tamam olması münasibətilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş bir sıra tədbirlər keçirib.
MHP mətbuat xidməti xəbər verir ki, əvvəlcə partiyanın mərkəzi qərargahında Zəfər Gününə həsr olunmuş bayram toplantısı keçirilib. Toplantıda partiya fəalları və qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Həmrəylik Partiyasının sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlisahib Hüseynov tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib və 44 günlük Vətən müharibəsinin nəticələri və tarixi əhəmiyyəti barədə geniş nitq söyləyib.
Partiya sədri qeyd edib ki, 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi işğal altındakı ərazilərimizin mənfur erməni işğalından azad edilməsi ilə nəticələndi, tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi: “Bir il bundan öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 illik işğala cəmi 44 gündə son qoydu. Bununla da tariximizə yeni və həm də ən parlaq səhifə yazıldı. Şanlı Ordumuzun qazandığı bu Zəfər nəticəsində biz xalq olaraq qamətimizi düzəltdik, yenilməz ruhumuzu bütün dünyaya nümayiş etdirdik, beynəlxalq təşkilatların və həmsədrlərin illərdir göz yumduğu ədalətsizliyi özümüz təkbaşına aradan qaldırdıq, illərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən fəxarətli günlərini yaşayırıq. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü göstərdi”.
Ə.Hüseynov qazandığımız bu Qələbədə milli həmrəylik amilinin də olduqca mühüm rol oynadığını vurğulayıb: “Ordu-Xalq-Ali Baş Komandan birliyi bu savaşın bizim qələbəmizlə nəticələnməsində əsas faktora çevrildi. Müharibənin ilk günlərindən bir tərəfdən xalqımız, digər tərəfdən isə siyasi partiyalar Ordumuzun və Ali Baş Komandanımızın ətrafında bir yumruq kimi sıx birləşdi. Bizim partiyamız da dövlət başçımıza və Ordumuza birmənalı dəstək verdi. Biz ölkədə milli birlik və həmrəylik mühitinin formalaşması üçün nə bacarırdıqsa onu da etdik. Qəhrəman Ordumuz isə açıq döyüş meydanında Ali Baş Komandanın əmrlərini şərəf və fədakarlıqla icra edərək düşmənə ağır zərbələr endirdi, Ermənistan ordusunun və erməni xalqının “məğlubedilməz”liyi barədə illərdir təbliğ edilən bütün mifləri darmadağın etdi. Xalqımızın, Ordumuzun və Liderimizin Dəmir Yumruğu düşmənin başını əzdi. Beləliklə, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi Qələbə qazandı, ölkəmizin ərazi bütövlüyü, suverenliyi bərpa olundu və məhz 8 noyabrda qəhrəman oğullarımız müqəddəs Şuşa şəhərini düşmən tapdağından azad etdilər. Bu gün Azərbaycan tarixinə Zəfər Günü kimi yazıldı”.
Tədbirdə çıxış edən partiya fəalları da 44 günlük müharibədə qazandığımız böyük qələbə ilə bağlı öz fikirlərini bildiriblər, təəssüratlarını bölüşüblər.
Tədbir iştirakçılarının yekdil qərarı ilə Prezident və Ali Baş Komandan İlham Əliyevə Milli Həmrəylik Partiyasının adından Zəfər Günü münasibətilə təbrik məktubunun ünvanlanıb.
Milli Həmrəylik Partiyasının sədri və İdarə Heyətinin üzvləri İkinci Fəxri xiyabanı ziyarət edərək Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsini anıblar. Xiyabanda kövrək anlar yaşanıb. Qəhrəman oğullarımızın məzarlarının üzərinə tər çiçəklər qoyulub və şəhidlərimizin müqəddəs ruhları üçün dualar oxunub.