"Ermənistan məğlubiyyətin nəticələri ilə barışmağı bacarmır"

"Ermənistan məğlubiyyətin nəticələri ilə barışmağı bacarmır"Paytaxtımızın beynəlxalq miqyaslı tədbirlərin keçirildiyi məkanlardan birinə çevrilməsi qürurlandırıcı haldır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu da paytaxtımızın mötəbər tədbirlərə ev sahibliyi etmək baxımından kifayət qədər səriştəli olduğunu təsdiqləyir. Bu forum artıq dünyanın siyasi çevrələrini, aparıcı elitalarını, hakim partiyaları, siyasi liderləri, ictimai-fəlsəfi fikir adamlarını düşündürən bir çox aktual məsələlərin eninə-boyuna müzakirə olunduğu çox önəmli bir platformaya çevrilib desək, heç də yanılmarıq.

VIII Qlobal Bakı Forumunu dünya üçün əhəmiyyətli edən daha bir məqam bu forumun işinin dünyanın yeni sınaqlar ərəfəsində olduğu, yeni çağırışlarla üz-üzə qaldığı, böyük dövlətlərin "ikili standart"lardan çıxış etdiyi, dünyanın yeni qütbləşmə prosesinə sürükləndiyi, beynəlxalq münasibətlərdə dəngəsizliyin və xaosun hökm sürdüyü, yeni dünya düzəninin ilkin işartılarının müşahidə edildiyi bir dönəmə təsadüf etməsidir. Foruma qatılan ekspertlər, fikir adamları, sabiq dövlət və hökumət başçıları forumdakı çıxışlarında və forum çərçivəsindəki panel müzakirələrində məhz bu kimi aktual məsələlərə aydınlıq gətirməyə çalışdılar. İştirakçı ölkələrin və beynəlxalq təşkilatların geniş coğrafiyanı əhatə etməsi də dünyanı narahat edən bütün məsələləri ələ almağa, təhlil etməyə imkan verirdi.

Beləliklə, Azərbaycan beynəlxalq təhlükəsizliyi təhdid edən, sülhə və sabitliyə maneələr yaradan, bütün insanlığı imtahana çəkən qlobal problemlərin müzakirə edildiyi və birgə çıxış yollarının axtarıldığı düşüncə mərkəzi kimi, "beyin hücumu" məkanı son iki gündə diqqət mərkəzində oldu. Azərbaycanın buna tam haqqı çatır. Çünki ölkəmiz həm regional müstəvidə, həm də qlobal miqyasda cərəyan edən proseslərin episentrində olan və önəmli rol alan ölkələrdən biridir. Bu baxımdan, Azərbaycanın Qoşulmama Hərəkatına və Türk Şurasına sədrlik edən ölkə kimi istər Cənubi Qafqazda, istərsə də dünyada sülhün, əmin-amanlığın, rifahın, həmrəyliyin və əməkdaşlığın təmin edilməsi işinə verdiyi töhfələr də göz qabağındadır.

Forumda kifayət qədər maraqlı çıxışlar oldu, bölgəsəl və qlobal problemlərə yeni yanaşmalar ortaya qoyuldu. Bütövlükdə forumdakı müzakirələrə yön verən və bir çox natiqlərin istinad mənbəyinə çevrilən ən parlaq çıxışlardan biri isə məhz Prezident İlham Əliyevin çıxışı oldu. Onun çıxışında həm dünyanı narahat edən məsələlər (xüsusən də pandemiya), həm ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu, həm də Azərbaycanın 44 günlük müharibə nəticəsində erməni faşizmini darmadağın etməsi, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq hərbi yolla öz ərazi bütövlüyünün bərpasına nail olması forum iştirakçılarının diqqətinə çatdırıldı. Dövlət başçımızın Azərbaycanın təqribən 30 il ərzində qulaq ardına vurulan məlum BMT qətanamələrini təkbaşına icra etməsini həm forum iştirakçılarının, həm də dünya birliyinin nəzərinə çatdırması beynəlxalq münasibətlərdəki mövcud ədalətsizliyin ifşa edilməsi baxımından olduqca əhəmiyyətlidir.

Prezidentin çıxışında hazırda Ermənistandan fərqli olaraq Azərbaycanın konstruktiv mövqedən çıxış etməsinin vurğulanması da əsas məqamlardan biri idi. Bəli, Azərbaycan 30 ilə yaxın işğalın əziyyətlərinə, azad edilmiş ərazilərdə erməni vandalizminin və barbarlığının ağır izlərinə baxmayaraq maksimum təmkin və konstruktivlik nümayiş etdirir. Bu isə regionda təhlükəsizlik və əməkdaşlığa nail olmaq üçün Azərbaycan tərəfindən edilən ən böyük güzəşt və ən sağlam mövqedir. Lakin əfsuslar olsun ki, Ermənistan haqda isə eyni sözləri demək mümkün deyil. Bu ölkə Azərbaycanın sülh çağırışlarına, əməkdaşlıq təkliflərinə hələ də susqunluq nümayiş etdirir. Çünki nə Ermənistanın hərbi-siyasi rəhbərliyi, nədəki erməni cəmiyyəti yeni reallıqları qəbul etməyi və müharibədəki məğlubiyyətin nəticələri ilə barışmağı bacarmır.

Ermənistan dövləti və erməni toplumu bütövlükdə adekvat olmadığı üçün reallığı olduğu kimi dərk etməkdə və hazırkı situasiyanın tələblərinə uyğun düzgün qərarlar verməkdə də çətinlik çəkir. Prezident İlham Əliyevin məhz bu gerçəklikləri forumda iştirak edən 40-dan çox ölkənin ali və yüksək səviyyəli nümayəndələrinin, sabiq dövlət və hökumət başçılarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin diqqətinə çatdırması sülhsevər mövqeyimizin təbliği baxımından mühüm addımdır. Ümumiyyətlə, bu cür forumlar, toplantılar kimin kim olduğunu dünyaya tanıtmaq və erməni yalanlarını ifşa etmək nöqteyi-nəzərindən faydalıdır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri