Sizin Reklam Burada

"Azərbaycan 30 illik ədalətsizliyə son qoydu"

"Azərbaycan 30 illik ədalətsizliyə son qoydu"Qələbə qazanmaq və onun ildönümlərini qeyd etmək möhtəşəm və qeyri-adi hadisədir. Biz bu günlərdə doğrudan da olduqca fərəh verici anlar yaşayırıq. Qarabağın azadlığının birinci ildönümünə yaxınlaşırıq. Qarşıdan möhtəşəm Şuşa bayramı gəlir. Mədəniyyət paytaxtımızın işğaldan azad edildiyi gün həqiqətən də əsl bayramdır. Ona görə də biz bu günlərdə hamımız bir-birimizi təbrik etməliyik. Ən ümdəsi isə Qəhrəman Ordumuzu təbrik etməliyik, Müzəffər Ali Baş Komandanımızı təbrik etməliyik. 44 günlük Vətən müharibəsinin Vətənimizin Qələbəsi ilə bitməsində əməyi keçən, xidmətləri olan hər kəsi ürəkdən təbrik etməliyik.

Zəfər Günü yaxınlaşdıqca hamı yenidən bir il öncəki əhval-ruhiyyəyə köklənir. Bir il öncə hər gün cəbhədən böyük bir coşqu və ümid hissilə qələbə xəbərləri gözləyən insanlarımız bu gün yenidən o günlərin xoş həyəcanın təkrar yaşayır. İlahi, necə böyük, necə sarsılmaz ruh vardı o günlərdə millətimizdə! Uşaqlı-böyüklü hər bir kəs cəbhə havası ilə, qələbə eşqi ilə yaşayırdı. Hər bir insanımız özünü ön cəbhədəki əsgərlərin yanında hiss edirdi. Ordu ilə Xalq bütünləşmişdi. Və bu Orduya, bu Xalqa dəmir iradəli Prezident, dəmir yumruqlu Ali Baş Komandan rəhbərlik edirdi. Azərbaycan Ordusu müharibənin ilk günündən son anına kimi Xalqın və Ali Baş Komandanın ümidlərini layiqincə doğrultdu. Qəhrəman əsgər və zabitlərimiz anbaan, günbəgün tarix yazdılar. Şəhidlərimiz öz fədakarlıqları ilə yeni tarix yaratdılar. O tarixin zirvə nöqtəsi isə Şuşa oldu. Şuşanın azad olunması ilə müharibənin taleyi həll olundu.

Əlbəttə, biz bu günlərə heç də asanlıqla gəlmədik. Biz 44 günlük müharibənin qələbə sevincini dadmazdan öncə, 27 sentyabra qədər uzun və keşməkeşli bir tarix yaşadıq. Azərbaycan xalqı düz 30 il dünya birliyindən ədalət gözlədi. Lakin kimsə Azərbaycan xalqının ədalət istəyinə ədalətli münasibət sərgiləmədi. Prezident İlham Əliyev bunu vaxtında başa düşdüyünə görə təkcə diplomatik danışıqlar aparmaqla kifayətlənmirdi. O, paralel olaraq Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması və hərbi-texniki təchizatının təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparırdı.

İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 17 il ərzində dövlətimizi və ordumuzu bugünkü qələbəyə addım-addım hazırlaşdırdı və yaxınlaşdırdı. Az öncə də qeyd etdiyim kimi o, paralel iş aparırdı, həm diplomatik müstəvidə mübarizəni davam etdirir, həm də ordu quruculuğu sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirirdi. Cənab Prezident iştirakçısı olduğu bütün beynəlxalq tədbirlərdə, habelə rəsmi görüşlərdə Qarabağ həqiqətlərini ilk növbədə hamının diqqətinə çatdırır və Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğunu, BMT qətnamələrinin yerinə yetirilməsinin, “ikili standart”lara son qoyulmasının, ərazilərimizin işğal altında saxlayan təcavüzkar Ermənistana qarşı beynəlxalq sanksiyaların tətbiq edilməsinin vacibliyini israrla bəyan edirdi.

Lakin dövlət başçımızın bütün bu səylərinə baxmayaraq dünya birliyi Ermənistanı 30 il ərzində işğalçılıq siyasətindən çəkindirmək istiqamətində heç bir kəsərli addım atmadı. Xüsusən də ATƏT-in Minsk Qrupu münaqişəni həll etmək əvəzinə onu dondurmağa, ermənilərin maraqlarına uyğun olaraq “status-kvo”nu qoruyub saxlamağa və Azərbaycan xalqını daim yalançı sülh vədləri ilə aldatmağa çalışması ilə yadda qaldı. Onlar bu illər ərzində səmərəsiz danışıqlar prosesini süni surətdə uzatmaqla Azərbaycan xalqını işğalın nəticələri ilə barışdırmaq üçün əllərindən gələni etdilər. 2018-ci ildə isə Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsindən, onun qızışdırıcı bəyanatlarla çıxış etməsindən və işğal olunmuş ərazilərimizə təxribatçı səfərlərindən sonra danışıqlar prosesi ümumiyyətlə “dalan”a dirəndi. Ermənistan sülh danışıqlarından imtina edib davakar ritorikaya keçdi.

Düşmənin silahlı qüvvələri 2020-ci ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində xaincəsinə hücuma keçdi, yeni ərazilər ələ keçirməyə cəhd göstərdi. Tarixə “Tovuz döyüşləri” kimi düşən həmin qısamüddətli döyüşlər Ermənistanın məğlub olub geri çəkilməsi ilə nəticələndi. Lakin Paşinyanın təxribat yönümlü siyasəti avqustda təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistanın diversiya-kəşfiyyat qrupunun növbəti dəfə təxribat törətməyə cəhd göstərməsi ilə nəticələndi. Düşmən tərəfin bu cür pozucu, qızışdırıcı təxribatları sonda Azərbaycanın səbr limitinin bitməsi ilə nəticələndi. Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı başladı. Azərbaycan beynəlxalq hüququn tələblərinə uyğun olaraq öz torpaqlarında savaş aparmaqla 30 illik ədalətsizliyə son qoydu, həmçinin xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoyuldu, tarixi ədalət bərpa edildi.

Şuşanın işğaldan azad edilməsi ilə nəticələn 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının isə böyük, məğrur, ləyaqətli və yenilməz xalq olduğunu bütün dünyaya nümayiş etdirdi. Dövlət başçımız da bu müharibədə uğurlu siyasətçi, peşəkar diplomat olmaqla yanaşı, eyni zamanda mükəmməl hərbi strateq olduğunu göstərdi. O, qeyd etdiyim bu keyfiyyətləri ilə Ordu-Xalq-Lider birliyini formalaşdırmağı, həmçinin ölkənin bütün siyasi qüvvələrinin vəhdətinə nail olmağı bacardı. Siyasi partiyalar əsl milli həmrəylik, siyasi birlik nümunəsi göstərərək müharibə günlərində Prezident və Ali Baş Komandanın ətrafında sıx birləşdilər. İlham Əliyev İkinci Qarabağ müharibəsində bütün xalqımızı və gücümüzü bir yumruq kimi birləşdirməyi bacardı və Azərbaycanın bu müharibədə parlaq Qələbə əldə etməsində dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız əvəzedilməz rol oynadı. Biz Şuşanın işğaldan azad ediməsi gününü məhz bu milli birlik ruhu ilə, Ordu-Xalq-Ali Baş Komandan vəhdəti ilə günbəgün yaxınlaşdırdıq.

Əgər Ordumuz Şuşanı azad etməsəydi, Qələbəmiz həqiqətən də yarımçıq olardı. Bunu cənab Prezident də müharibə dönəmindəki çıxışlarında bir neçə dəfə qeyd etmişdi. Müharibədən sonrakı çıxışlarından birində isə dövlətimizin başçısının dilə gətirdiyi bu fikirlərlə şərik olmamaq mümkün deyil: “Məhz Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasi­ya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.

Zənnimcə, Prezidentin bu fikirləri Şuşanın əsgərlərimiz tərəfindən necə böyük rəşadət və igidliklə azad edilməsi barədə tam təsəvvür formalaşdırır. Bu cür qəhrəman əsgər və zabitlərlə fəxr etməmək həqiqətən də qeyri-mümkündür. Dövlətimizin başçısı məhz qəhrəman hərbçilərimizin rəşadətinə güvənərək xalqa hər müraciətində işğal altındakı şəhər və kəndlərimizin tezliklə azad ediləcəyini, üçrəngli bayrağımızın Şuşada dalğalanacağını böyük inam və qətiyyətlə bildirirdi. O, həm də Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirməyin vacibliyini dərk edirdi. Son 17 ildə Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla gerçəkləşdirən Prezident İlham Əliyevin ata vəsiyyətini də müvəffəqiyyətlə yerinə yetirəcəyi şəksiz idi. Biz Ali Baş Komandanın noyabrın 8-i günü Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər Xiyabanından xalqa necə böyük qürur və həyəcan hisssilə çatdırmasını bu gün də yaxşı xatırlayırıq. Prezident həmin müraciətində ata vəsiyyətini də diqqətə çatdırmağı unutmadı: “Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.

Beləliklə, keçən ilin bu günlərində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu döyüş meydanında əsl peşəkarlıq nümayiş etdirərək, torpaqlarımızın işğaldan azad olunması əməliyyatını uğurla həyata keçirdi və noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə Bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. 30 illik işğal 44 günlük savaş nəticəsində tarixi qələbəmizlə başa çatdı, düşmən diz çökdü. Əlbəttə, Vətən Müharibəsinin hər günü və hər epizodu şanlı şücaət nümunəsidir. Amma Şuşa uğrunda döyüşlər 44 günlük müharibənin Zəfər səlnaməsidir.

Ümumiyyətlə, belə demək mümkünsə, müharibənin taleyi məhz Şuşada həll olunurdu. Azərbaycan Ordusu Şuşanı azad etməklə Ermənistanın məğlubedilməzlik mifini darmadağın etdi və erməni xalqının “döyüşkən xalq” nağılı da sabun köpüyü kimi yoxa çıxdı. 44 gün ərzində davamlı şəkildə uduza-uduza geri çəkilən ermənilər nədənsə, məhz Şuşanı işğal altında saxlaya biləcəklərini düşünürdülər. Düşmən bütün ümidlərini Şuşaya bağlamışdı. Şuşa erməni ümidlərinin “qəbristanlığ”ına çevrildi. Bu mənada Şuşanın azad edilməsi həm böyük siyasi, həm də strateji əhəmiyyət kəsb edir və olduqca böyük mənəvi anlam daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və bizim and yerimizdir! Odur ki, biz Şuşaya qayıtmalıydıq, biz Şuşanı azad etməliydik və biz bunu bacardıq. Prezidentin də qeyd etdiyi kimi biz bundan sonra Şuşada əbədi yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq!

Əlisahib Hüseynov,
Milli Həmrəylik
Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər