"Ermənistan heç olmasa bu acı sonluqdan düzgün nəticə çıxarmağa çalışmalıdır"

"Ermənistan heç olmasa bu acı sonluqdan düzgün nəticə çıxarmağa çalışmalıdır"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri

İki qardaş ölkə - Azərbaycan və Türkiyə birlikdə tarix yazmağa, tarix yaratmağa davam edirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa növbəti səfəri və onun Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində, eləcə də Zəngəzur dəhlizinin təməlinin qoyuluşunda iştirakı çox mühüm tarixi hadisədir.

Prezident İlham Əliyevin də vurğuladığı kimi həddindən artıq sıx iş qrafikinə baxmayaraq Türkiyə liderinin Qarabağa və Şərqi Zəngəzura növbəti dəfə səfər etməsi bir daha sübut etdi ki, qardaş ölkəmiz hər zaman Azərbaycanın yanındadır. Əlamətdar haldır ki, son dörd ay ərzində Ərdoğan artıq ikinci dəfə işğaldan azad edilmiş ərazilərimizə səfər edir. Bu səfər ilk növbədə Azərbaycan və Türkiyə arasındakı siyasi birliyin parlaq təzahürüdür və Azərbaycan-Türkiyə münasibətlərinin gündən-günə artan xətlə inkişaf etməsinin göstəricisidir.

Sözsüz ki, bu prosesdə iki dövlət başçısının şəxsi dostluq və qardaşlıq münasibətləri də olduqca mühüm rol oynayır. Bu gün Azərbaycan-Türkiyə münasibətləri ən yüksək strateji səviyyəyə yüksəlib və bu da məhz hər iki ölkə liderinin xüsusi səyləri, onların siyasi iradələri nəticəsində mümkün olub. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “iki dövlət, bir millət” fəlsəfəsinə söykənərək Azərbaycan və Türkiyənin münasibətlərini bütün tariximiz boyu ən yüksək səviyyəyə qaldırmağı bacardılar. İkinci Qarabağ müharibəsində Türkiyənin bizə verdiyi sıx dəstək isə dostluq və qardaşlıq münasibətlərimizi daha da möhkəmləndirdi. Və bu dəstək təkcə 44 günlük müharibənin bitməsi ilə yekunlaşmadı. Bu dəstək bu gün də davam edir. Türkiyə dövləti və türk şirkətləri bu gün Qarabağın bərpa və quruculuğu prosesində yaxından iştirak edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycandan qayıdarkən jurnalistlərin suallarına cavabında “Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirak etməkdən qürur duyur" deməsi də bu həqiqəti təsdiqləyir. Qardaş ölkənin liderinin çox sevdiyi məşhur bir sözü var: “Mənim kitabımda geri addım atmaq yoxdur”. Bəli, Ərdoğanın sözündə və əməlində həqiqətən də geri çəkilmək anlayışı yoxdur. Onun Azərbaycana münasibəti də bu faktı təsdiqləyir. Ərdoğanın Azərbaycana dəstəyi davamlıdır, ardıcıldır və sabitdir. Türkiyə Prezidentinin səfəri onun Azərbaycana dəstəyinin bütün dünyaya nümayiş etdirilməsi demək idi.

Bu səfərin sonunda Zəngilanda keçirilən birgə mətbuat konfransında Prezidentlərin səsləndirdikləri fikirləri və çağırışları hələ də düşmənçilikdən əl çəkə bilməyən ermənilərə, habelə qonşularımıza və bütövlükdə dünya ictimaiyyətinə verilən mesajlar kimi qiymətləndirmək olar. Əsas mesajlar və şərtlər heç şübhəsiz ki, ilk növbədə Ermənistana, onun rəhbərliyinə ünvanlanmışdı. Ərdoğan Şərqi Zəngəzurun bir parçası olan Zəngilandan Ermənistana səsləndi və bəyan etdi ki, əgər ermənilər Azərbaycanla sülh şəraitində yaşamaq yolunu tutsalar, o zaman Ermənistanın Türkiyə ilə əməkdaşlıq etməsi üçün də heç bir problem olmayacaq. Türkiyənin dövlət başçısı bu çağırışı etməklə Ermənistanın qarşısına “öncə Azərbaycan!” şərtini qoymuş oldu. Başqa sözlə desək, Ərdoğan bildirdi ki, Ermənistan yalnız Azərbaycanla münasibətlərini yaxşılaşdıracağı halda Türkiyə ilə əməkdaşlığa, mehriban qonşuluğa ümid bəsləyə bilər. Bu Ərdoğanın təməl şərti idi.

Bir sözlə, istər təxribatçı Ermənistan dövləti, istərsə də pərdə arxasından Ermənistanı revanşizmə təhrik edən dünya gücləri Azərbaycan və Türkiyə liderlərinin Zəngilandan səsləndirdikləri mesajlara diqqətlə yanaşmalı və yanlış addımlardan çəkinməlidirlər. Ermənistan hansısa güclərə güvənərək Azərbaycan və Türkiyəyə qarşı düşmən mövqedən çıxış etmək siyasətinə son qoymalıdır. Zatən Ermənistanın 30 il ərzində dünya güclərinə söykənərək yürütdüyü davakar siyasət sonda bu ölkənin rüsvayçı vəziyyətə düşməsi ilə, 44 günlük müharibədə məğlubiyyətə uğraması ilə nəticələndi. Ermənistan rəhbərliyi heç olmasa bu acı sonluqdan düzgün nəticə çıxarmağa çalışmalıdır. Azərbaycan və Türkiyənin siyasi birliyi, iqtisadi birliyi və hərbi birliyi qarşısında Ermənistan kimi miskin bir ölkə heç vaxt duruş gətirə bilməz. Paşinyan birdəfəlik anlamalıdır ki, Ermənistanın nicatı ənənəvi siyasətin davam etdirilməsində yox, Azərbaycan və Türkiyə ilə sülh və əməkdaşlığa başlamaqdadır.