Sizin Reklam Burada

"Kreml Azərbaycanın tələbini anlayışla qarşılayır"

"Kreml Azərbaycanın tələbini anlayışla qarşılayır"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri


Rəsmi İrəvan son günlərə qədər Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın da yer aldığı 10 noyabr və 11 yanvar Bəyanatlarının məlum bəndlərinin icra olunmamasına hər cürə bəhanələrlə səy göstərirdi. Lakin sonda bunun mümkün olmayacağını birmənalı surətdə anladılar. Çünki Bakı Zəngəzur dəhlizinin açılması məsələsində israrlı və qətiyyətlidir. Azərbaycan tərəfi nəqliyyat-kommunikasiya xətlərinin açılmasına dair 11 yanvar Moskva bəyannaməsinin icrasını həm Rusiyadan, həm də Ermənistandan israrla tələb edir.

Putinin "Valday" beynəlxalq klubunun plenar iclasındakı son açıqlamaları da onu göstərir ki, Kreml Azərbaycanın tələbini anlayışla qarşılayır və Rusiya Ermənistana basqı göstərməyə məcburdur. Onlar Zəngəzur dəhlizi ilə bağlı hətta istəməsələr də belə, Azərbaycanla real danışıqlara getməli olacaqlar. Çünki Putin bu məsələyə dair Rusiyanın öz üzərinə vasitəçilik öhdəliyini götürdüyünü yaxşı dərk edir. Rusiya buna təminat verib və indi də təminatçı ölkə olaraq götürdüyü öhdəliyin yerinə yetirilməsinə borcludur. Bu baxımdan Azərbaycan, Ermənistan və Rusiya hökumət başçıları müavinlərindən ibarət üçtərəfli İşçi Qrupunun fəaliyyətinin bərpası labüd idi.

Sözügedən işçi qrupun görüş və müzakirələrinin bərpası Zəngəzur dəhlizinin açılması ilə bərabər, digər məsələlərin də necə deyərlər, "ölü nöqtə"dən tərpənməsinə təkan verəcək. Xüsusən də Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası prosesi sürətlənəcək. Və bundan sonra Ermənistan irili-xırdalı bütün məsələlərdə konstruktiv mövqe tutmağa məhkumdur. Ermənistanın baş naziri də tədricən tam reallıq hissinə qayıdacaq, getdikcə daha konstruktiv və rasional siyasət yürütməyə başlayacaq. Elə ümumi gedişat da bu fikrimizi təsdiqləyir.

Baxın, hazırkı Nikol Paşinyan 6 ay və yaxud, bir il bundan öncəki Nikol Paşinyan deyil. Bu adam son vaxtlar get-gedə daha çox ipə-sapa yatmağa və realist siyasət yürütməyə başlayır. 44 günlük müharibədən sonra hazırda Cənubi Qafqazda tamamilə yeni reallıqların yarandığını Ermənistan siyasətçiləri arasında Paşinyan hamıdan daha yaxşı başa düşür. O dərk edir ki, Ermənistanın Azərbaycan ilə sülh bağlamaqdan, sərhədlərin demarkasiyası və delimitisasiyası prosesini başa çatdırmaqdan, nəqliyyat-kommunikasiya xəttlərini açmaqdan, Türkiyə və Azərbaycana qarşı konfrantasiya siyasətindən əl çəkib regional əməkdaşlıq siyasətinə keçid etməkdən başqa heç bir alternativ yoxdur. Ermənistanın baş naziri çox gözəl anlayır ki, gah Rusiyanın, gah Fransanın, gah da İranın himayəsinə sığınmaq və onlardan dəstək istəmək, yardım diləmək erməni xalqına nə tərəqqi, nədəki xoşbəxtlik gətirməyəcək.

Yeri gəlmişkən, dövlət başçısı İlham Əliyevin istər müsahibələrində, istərsə də işğaldan azad edilmiş rayonlarımıza səfərlərinin gedişində çıxışlarında Ermənistan rəhbərliyinə davamlı şəkildə sülh mesajları ünvanlaması və o cümlədən Zəngəzur dəhlizinin açılmasının labüdlüyü barədə qətiyyətli fikirlər səsləndirməsi Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyinə ciddi psixoloji təsir gücünə malikdir. Prezidentin Zəngilanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı verdiyi nikbin açıqlamalar da hər birimizi gələcəyə inamla baxmağa kökləyir. Dövlətimizin başçısı birmənalı şəkildə bildirdi ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, biz qarşıya qoyduğumuz hədəflərimizə, istədiyimizə nail oluruq.

Ayrı-ayrı kiçik insidentləri və erməni tərəfinin bəzi qeyri-konstruktiv açıqlamalarını nəzərə almasaq, bütövlükdə postmünaqişə dövrü sakit keçir. Nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlərin həll olunması üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrupun görüşləri davam edir. Sərhədlərin müəyyənləşdirilməsi prosesi də tezliklə bərpa ediləcək. Azərbaycan tərəfi bu prosesə tam hazırdır və Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının bu yaxımnlarda keçirilən iclasındakı çıxışında da bir daha bildirdi ki, Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinin təfərrüatlarının müəyyən edilməsi üçün Ermənistanla danışıqların aparılmasına hazırdır. Biz ümid edirik ki, Paşinyan bu tarixi şansı düzgün dəyərləndirəcək və Azərbaycan ilə Ermənistan arasında tezliklə sülh sazişi imzalanacaq. Bu ilk növbədə Ermənistanın öz maraq və mənafelərinə cavab verən bir hadisə olardı.

Ermənistanda hər kəs başa düşməlidir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması zamanın tələbidir. Ermənistan dövləti və erməni xalqı bundan sonra ənənəvi təcavüzkar siyasətlə və şovinist-millətçi dünyagörüşü ilə artrıq öz varlığını qoruyub saxlaya bilməyəcək. O, bütün qonşuları ilə (ilk növbədə isə Azərbaycan və Türkiyə ilə) münasibətlərini normallaşdırmağa məcburdur. 10 noyabr və 11 yanvar bəyanatların müddəalarının reallaşması labüddür və qaçılmazdır. Odur ki, əvvəlkindən fərqli olaraq indi Ermənistan tərəfi ziddiyyətli bəyanatlar verməkdən, danışıqlar prosesini süni surətdə ləngitməkdən çəkinməlidir. Biz ümid edirik ki, son vaxtlar Ermənistan hökuməti tərəfindən verilən müsbət məzmunlu mesajlar yalnız söz olaraq qalmayacaq, danışıqlar hər şeyə rəğmən davam etdiriləcək və yaxın perspektivdə müsbət nəticələr əldə etmək mümkün olacaq. Ermənistan öz sülhpərvərliyini sözdə deyil, əməldə sübut etməyi bacarmalıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər