"Azərbaycan heç kimlə münasibətləri korlamaq istəmir"

"Azərbaycan heç kimlə münasibətləri korlamaq istəmir"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri


Prezident İlham Əliyevin Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışını etməsi və Sərhəd Xidmətinə məxsus "HAROP"lara, “Quzğun” PUA-larına, eləcə də tank əleyhinə dəzgahlı qumbaraatanlar, raketlər, minaatanlar, zenit qurğuları, snayper silahları, müşahidə və gecəgörmə cihazları, termal qurğular və nişangahlar, xüsusi təyinatlı avadanlıqlar, həmçinin zirehli transportyorlar, yüksək keçidli avtomobillər, zirehli döyüş maşınlarına baxış keçirməsi son günlərin ən yaddaqalan, möhtəşəm hadisələrindən biridir. Bu addım İranın sərhədlərimizin yaxınlığında keçirdiyi hərbi təlimlərə və molla rejiminin bir sıra rəsmi şəxslərinin təhdid xarakterli açıqlamalarına ən layiqli və ölçülüb-biçilmiş, effektiv cavab oldu.

Dövlət başçımızın Cəbrayıl sakinləri ilə görüşündə İran tərəfinin təxribat xarakterli son addımları ilə bağlı səsləndirdiyi fikirləri də vaxtında və yerində bəyan edilmiş fikirlər, ismarıclar kimi dəyərləndirməliyik. Azərbaycan bir tərəfdən ən son nəsil yüksək texnologiyaya əsaslanan silahlarını nümayiş etdirməklə “heç kim bizimlə güc dili ilə danışa bilməz!” xəbərdarlığını edir, eyni zamanda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılmasını elan etməklə və yeni regional əməkdaşlıq formatının - Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan formatının artıq gerçəkləşməkdə olduğunu bildirməklə həm də İrana mesaj verir ki, Azərbaycanla münasibətləri süni surətdə gərginləşdirmək əvəzinə, dostluğa və iş birliyinə üstünlük vermək lazımdır. Bir sözlə, İlham Əliyev deyir ki, gəlin regionumuzu sülh və sabitlik, iqtisadi əməkdaşlıq və tərəqqi arealına çevirək. Və bunun üçün ideyalar irəli sürür, təkliflərlə çıxış edir.

Ümumiyyətlə, Azərbaycan Prezidenti bölgənin inkişafını əngəlləyən problemlərlə bağlı demək olar ki, hər çıxışında qonşularımıza düşünülmüş mesajlar verir, hamının maraqlarına cavab verən həll yolları və əməkdaşlıq formatlarını ortaya qoyur. Odur ki, indi qonşu ölkələrdən də adekvat münasibət gözləməyə tam haqqımız çatır. Azərbaycan heç kimlə münasibətləri korlamaq istəmir. İran və Ermənistan da bölgədə əməkdaşlığı və sülhü əngəlləmək siyasətindən əl çəkib Azərbaycanın xoş məramlı çağırışlarına müsbət reaksiya verməlidir. Ümumiyyətlə, hər iki ölkənin - İranın da, Ermənistanın hakim elitaları bunu bilməlidir ki, bu iki ölkənin gələcək taleyi və varlığı məhz Azərbaycanla münasibətlərin nə dərəcədə düzgün qurulub, qurulmamasından asılıdır.