Sizin Reklam Burada

27 sentyabr təkcə Anım Günü yox, həm də Şərəf günümüzdür

27 sentyabr təkcə Anım Günü yox, həm də Şərəf günümüzdürƏlisahib Hüseynov: “Biz bu müharibədə Ordu ilə xalqın sarsılmaz birliyini, dövlət başçısı ilə siyasi qüvvələrin həmrəyliyini də əyani surətdə müşahidə etdik”

Biz bir müstəqil dövlət, azad xalq olaraq sentyabrın 27-də tarixi bir gün yaşadıq. Daha doğrusu, böyük tarixi hadisənin birinci ildönümünü geridə qoyduq. Sentyabrın 27-i İkinci Qarabağ müharibəsində Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın ilk Anım günü idi. 27 sentyabr bizi qələbəyə aparan günün başlanğıcı kimi tarixə qızıl hərflərlə yazılıb. 30 il ərzində bizim milli qürurumuzun, ləyaqətimizin tapdalanmasına çalışan erməni faşizmini darmadağın etdiyimiz müharibənin start nöqtəsidir 27 sentyabr. Odur ki, biz 27 sentyabrı sadəcə təqvimin sıradan bir günü kimi yaşamadıq. 27 sentyabr bizi böyük Zəfərə aparan 44 günlük müharibənin ilk günü kimi dövlət səviyyəsində qeyd edildi. Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində rəsmi səviyyədə yürüş təşkil edildi.

Bunu “Xalq Cəbhəsi”nə aşıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.
MHP sədri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və terrorçu Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdirdilər. Neftçilər prospektindən başlayan yürüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün təməli qoyulan Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinədək davam etdi: “Bu yürüşü dünən bütün azərbaycanlılar böyük qürur hissilə və şəhidlərimizin xatirəsinə ehtiramla izləyirdilər. Amma bu yürüşü izləyənlər təkcə biz deyildik. Dost ölkələr də, düşmənlərimiz də bu yürüşü şübhəsiz ki, diqqətlə izləyirdi. Bu yürüş müasir dünyamızda faşizmin beşiyinə çevrilən, ancaq 44 günlük müharibədə Şanlı Azərbaycan Ordusu tərəfindən məğlubiyyətə uğradılan Ermənistanda da anbaan izlənilirdi. Bunu Ermənistan KİV-nin Bakıda keçirilən yürüşə verdiyi reaksiyalar da təsdiqləyir. Bəli, sentyabrın 27-də Bakıda keçirilən yürüş qalib xalqın yürüşü idi. Odur ki, biz 27 sentyabrı təkcə Anım Günü kimi yox, həm də Şərəf günümüz kimi dəyərləndiririk. 44 günlük Vətən müharibəsi düşmənə dərs olduğu kimi, dünənki yürüş də ermənilərə sözün əsl mənasında göz dağı idi”.
Ə.Hüseynov onu da vurğulayınb ki, məğlub Ermənistanda İkinci Qarabağ müharibəsində ölmüş erməni əsgərlərinin valideynləri və yaxınları baş naziri və prezidenti Erablur panteonundakı əsgər məzarlarına yaxın buraxmadığı halda, qalib Azərbaycanda isə biz tam fərqli bir mənzərəni müşahidə edirik. Qazilərlə, şəhid ailələri ilə tez-tez görüşən Azərbaycan Prezidenti və birinci xanım Anım Gününə həsr olunmuş yürüşün önündə gedirdi. Onlar əllərində şəhid portretləri tutmuşdular. Dövlətimizin başçısı yürüşdə şəhid Adil Asəm oğlu İbrahimlinin fotosu əks olunmuş plakatı aparırdı. Birinci xanım Mehriban Əliyeva isə yürüşdə şəhid Narin Teymur qızı Xalıqovanın fotosu əks olunmuş plakatla irəliləyirdi. Bu, ölkə rəhbərliyi səviyyəsində şəhidlərin xatirəsinə göstərilən yüksək ehtiramın nümayişi idi.

Möhtəşəm yürüşün ardınca paytaxtdakı 8 Noyabr prospektində Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməlqoyma mərasimi baş tutdu. Dövlətimizin başçısı və birinci xanım Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoydular. Təməlqoyma mərasimindən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Saat 12:00-da isə bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Xəzər dənizinin sahil sularında sıralanan hərbi gəmilərdən fasiləsiz fit səsi verildi, yaylım atəşi açıldı. Binaların eyvanlarından üçrəngli bayraqlarımız asılmışdı. Qardaş Türkiyə və Pakistanın bayraqları da hər yanda diqqəti cəlb edirdi. Bu, insanlarımızın qədirbilənliyinin təntənəsi idi. İnsanlarımız 44 günlük müharibədə bu ölkələrin bizə verdikləri dəstəyi bir an da olsun unutmadıqlarını bu yolla nümayiş etdirirdilər: “Bir sözlə, biz dünən millət və dövlət olaraq hamımız ayaqda idik, bir il bundan öncəki kimi hamımız yenidən bir araya gəldik, milli həmrəyliyimizin davam etdiyinə şahidlik etdik. Bizi Qələbəyə daşıyan 44 günlük müharibənin birinci ildönümü əzəmətli görüntülərlə, möhtəşəm bir Anım Günü mərasimləri ilə yadda qaldı. Birinci ildönümünü qeyd etdiyimiz İkinci Qarabağ müharibəsinin başlandığı ilk günə - 27 sentyabr 2020-ci il tarixinə doğru 30 il ərzində keçib gəldiyimiz yol isə hər şeydən öncə fundamental tarixi tədqiqat əsərlərinin, dərin siyasi araşdırmaların mövzusudur. Bəli, 2020-ci il 27 sentyabrda xalqımız üçün böyük Vətən müharibəsinin başlandığı tarixi an nəhayət ki, gəlib çatmışdı. Ancaq həmin tarixi ana birdən-birə və asanlıqla gəlib çatmadıq”.

MHP sədrinin fikrincə, biz bir millət və dövlət olaraq bu ana yetişmək üçün 30 illik bir “marafon”u qət etdik: “Biz 30 il ərzində necə deyərlər, böyük bir testdən, imtahandan keçdik, özümüzü və özgələrini daha yaxşı və daha yaxından tanımaq imkanı əldə etdik, kimin kim olduğunu bildik, başımızın üzərindən beynəlxalq səviyyədə oynanılan oyunların pərdəarxasını gördük və mübarizə qaydalarını mənimsədik, özümüzü hazırladıq, toparladıq və gözlədik. 30 il beynəlxalq hüququn prinsip və normalarına əməl ediləciyini, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələrin yerinə yetiriləcəyini, işğalçı Ermənistanın beynəlxalq birlik tərəfindən sanksiyalara məruz qoyulacağını və sülhə məcbur ediləcəyini, ədalətin qalib gələcəyini gözlədik. Lakin 30 ilin sonunda bu gözləntilərimizdən yalnız sonuncusu doğruldu. Beynəlxalq hüququn norma və prinsipləri, BMT-nin qətnamələri, dünya birliyinin obyektivliyi isə zorlandı və Anadolu türklərinin ifadəsi ilə desək, çöplüyə atıldı”.

Beləliklə, Azərbaycan 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti dəfə hərbi mövqelərimizə və mülki əhalimizə qarşı genişmiqyaslı hücuma başlamasına cavab vermək məqsədilə, BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı və bununla da BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin, digər beynəlxalq hüquqi normativlərin hərbi yolla icrasının təmin edilməsi missiyasını öz üzərinə götürdü. Beynəlxalq hüquq normalarına qarşı saymazyana davranan, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı, Avropa Şurası Parlament Assambleyasının 1059,1119, 1416, 1553, 2085 saylı, habelə Avropa Parlamentinin 2216, 2315 saylı qətnamələrini yerinə yetirməkdən boyun qaçıran Ermənistan 44 günlük müharibənin gedişində tarixi ədalət mühakiməsi ilə üz-üzə qaldı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan düşməni cəmi 44 gün ərzində darmadağın etdi və Azərbaycanın ərazi bütövlüyünu təmin etməyə nail oldu.

Sevindirici haldır ki, biz bu müharibədə Ordu ilə xalqın sarsılmaz birliyini, dövlət başçısı ilə siyasi qüvvələrin həmrəyliyini də əyani surətdə müşahidə etdik. Şanlı Ordumuzun Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında qazandığı tarixi Qələbəmizdə siyasi dialoq və milli birlik, həmrəylik amili həqiqətən də mühüm rol oynadı. Belə ki, Vətən müharibəsinin ilk günlərindən 50 siyasi partiyasının Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair verdikləri birgə bəyanat milli və siyasi həmrəyliyin parlaq göstəricisi olmaqla yanaşı, həm də torpaq, Vətən məsələsində bütün Azərbaycan xalqının əzmini bütün dünyaya nümayiş etdirdi. Yeri gəlmişkən, Prezident İlham Əliyev də 44 günlük müharibə günlərində siyasi qüvvələrin birlik-bərabərlik nümayiş etdirməsinin və milli həmrəyliyin Qələbəmiz üçün əhəmiyyətini öz çıxışlarında dəfələrlə qeyd edib.
Beləliklə, 44 günlük Vətən müharibəsinin birinci ildönümü milli iradə, milli ruh, milli ləyaqətimizin təntənəsi kimi təzahür etdi. Prezident İlham Əliyevin də xalqa müraciətində qeyd etdiyi kimi biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücümüzü səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Odur ki, indi ürək dolusu qürur hissilə deyə bilərik: Qələbən mübarək, Azərbaycan!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər