"1918-ci il sentyabrın 15-i xalqımızın qan yaddaşında özünə layiqli yer tutub"

"1918-ci il sentyabrın 15-i xalqımızın qan yaddaşında özünə layiqli yer tutub"Sadiq Qurbanov
Millət vəkili


Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 103 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib.

Bildiyimiz kimi 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Belə vəziyyətdə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin isə ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi.

Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Sentyabrın 15-də qəhrəman türk əsgərləri və vətənpərvər azərbaycan xalqının şücaəti, qanı bahasına Bakı və digər rayonlar işğaldan azad olundu.

Bununla da yeni qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Məlum olduğu kimi, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin əsas məğzi xalqımızı cismən məhv etmək və "Böyük Ermənistan" xülyasını gerçəkləşdirmək idi. Amma türk qardaşlığı bu mənfur planın reallaşmasına imkan vermədi. Bakının işğaldan azad olunması Azərbaycan istiqlalının elan edilməsi qədər əhəmiyyətli idi. Hələ o vaxt Məmmədəmin Rəsulzadə yazırdı ki, 1918-ci il mayın 28-də Azərbaycan istiqlalını sülh ilə elan etmişdiksə, 1918-ci il sentyabrın 15-də əməl ilə həyata keçirdik.

Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb oldu. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil etdi. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirildi. H. Z. Tağıyev türk ordusunun komandanı Nuru paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim etdi. Təəssüf ki, o zamankı şərait qardaşlarımızın burada uzun müddət qalmasına imkan vermədi. Birinci Dünya müharibəsindən sonra Antanta dövlətlərinin Osmanlı Türkiyəsinə olan təzyiqi getdikcə daha da artırdı. Ona görə də qısa müddətdən sonra türk qoşunları Bakını tərk etməli oldular.

Amma 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisə olaraq xalqımızın qan yaddaşında özünə layiqli yer tutdu. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü olaraq yanlış kontekstdə izah olunmasına baxmayaraq Azərbaycan xalqı hərbi əməliyyatlarda 1130 şəhid verən türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.

Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət səviyyəsində ziyarət olunur. Hər il Şəhidlər xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirlir. Aradan uzun illər keçməsinə baxmayaraq Türkiyə Ordusu tərəfindən göstərilən qardaşlıq köməyi xalqımız və dövlətimiz tərəfindən heç vaxt unudulmur, daim minnətdarlıq hissi ilə xatırlanır.

Azərbaycan xalqı tarix boyu özünün dostu və düşmənini sınaqlardan keçirib. Hər zaman Türkiyə Azərbaycana daim öz dəstəyini nümayiş etdirib. Bu dəstək həm siyasi, həm də hərbi formada təzahür edib. Qardaş Türkiyə xalqı və dövləti işğal altında olan torpaqlarının azadlığı uğrunda 2020-ci ilin sentyabrın 27-də başlatdığı Vətən müharibəsinin ilk günündən Azərbaycana mənəvi və siyasi dəstəyini əsirgəmədi. İlk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və digər hökümət üzvlərinin dəstək yönümlü çıxışları və bəyanatları iki ölkə arasında qardaşlığın təcəssümü idi. Belə ki, göstərilən bu siyasi və mənəvi dəstək Azərbaycanın haqq savaşının zəfər qələbəi ilə yekunlaşmasında mühüm rol oynadı.

Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlətik" müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnək, türkü sevməyənlər üçün isə qorxuların başlanğıcıdır.

Türkiyə-Azərbaycan əlaqələri sürətli yüksələn xətt üzrə inkişaf edir. Bu inkişafın qarşısını heç bir qüvvə ala bilməz. Azərbaycan Prezidenti İlham Əliyev də bu barədə qəti fikirini bildirərək demişdir: " ... Türkiyə - Azərbaycan dostluq, qardaşlıq münasibətləri uğurla inkişaf edir, xalqlarımız biri-biri ilə sıx əməkdaşlıq edir, bütün birgə təşəbbüslərimiz, layihələrimiz uğurla icra edilir".

Bu iki qardaş ölkənin sarsılmaz birliyinin nəinki, türk dünyasının həmrəyliyinə də müsbət təsir edir, eyni zamanda bu birlik bölgə üçün, dünya üçün xüsusi önəm daşıyır.