Status məsələsi və münaqişə vəziyyəti arxada qalıb

Status məsələsi və münaqişə vəziyyəti arxada qalıbNail Cəlil: “Hədəf yekun, davamlı sülhün əldə edilməsidir”

“Prezident İlham Əliyevin Rusiyaya iyulun 20-də baş tutan işgüzar səfərinin yekunları Azərbaycanla Rusiya arasında regional tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin davamlı olduğunu, getdikcə dərinləşdiyini, möhkəmləndiyini göstərir. Dövlət başçısının Rusiya prezidenti Vladimir Putinlə səmimi fikir mübadiləsini, işgüzar müzakirələrin gedişini izlədikdə aydın olur ki, tərəflər arasında regionun problemlərinə münasibətdə ciddi anlaşma, siyasi etimad mövcuddur. Eyni zamanda, həm Azərbaycan, həm də Rusiya üçtərəfli 10 noyabr sazişinin müddəalarının tam həyata keçirilməsində maraqlıdırlar. Belə vəziyyətdə Ermənistanın üçtərəfli sazişdən irəli gələn öhdəliklərə birmənalı şəkildə əməl etməkdən başqa alternativi qalmır”.

Bu fikirləri “Xalq Cəbhəsi”nə eksklüziv açıqlamasında Azərbaycan Prezidentinin Rusiyaya son səfərinin siyasi motivlərini şərh edən politoloq Nail Cəlil səsləndirib. Siyasi ekspert qeyd edib ki, ABŞ və Avropa Birliyi ölkələri ilə fikir ayrılıqlarına, üzləşdiyi müəyyən sanksiyalara baxmayaraq, Rusiya dünyanın nüfuzlu güc mərkəzlərindən biri olaraq qalır və Güney Qafqazda baş verən geosiyasi proseslərə əhəmiyyətli təsir imkanlarına malikdir: “Proseslərin axarı bir daha təsdiqləyir ki, Azərbaycan dünyanın aparıcı, nüfuzlu güc mərkəzləri, o cümlədən, Rusiya ilə çoxtərəfli əməkdaşlıqda, münasibətləri genişləndirməkdə, inkişaf etdirməkdə qərarlıdır. Səfərin Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin Güney Qafqaz ölkələrinə gəlişindən sonraya təsadüf etməsində də məqsədyönlülük və qanunauyğunluq var. Bu, onu göstərir ki, Azərbaycan dünya güclərinin toqquşduğu deyil, uzlaşdığı, anlaşdığı, bərabər fayda götürdüyü siyasi əməkdaşlıq məkanıdır”.

Nail Cəlil əlavə edib ki, dövlət başçılarının son görüşünün nəticələri nikbin geosiyasi proqnozlar üçün əsas yaradır. Bu, bir daha təsdiqləyir ki, Azərbaycanla Rusiya arasında hər hansı mübahisəli, soyuqluq, fikir ayrılığı doğura biləcək məsələ yoxdur. Digər tərəfdən, regionun inkişaf hədəflərinə, geosiyasi prioritetlərinə münasibətdə rəsmi Bakı ilə Moskvanın yanaşması, baxışları əhəmiyyətli dərəcədə üst-üstə düşür: “Önəmli məqamlardan biri də budur ki, Şarl Mişellə görüşdə olduğu kimi, Vladimir Putinlə aparılan müzakirələrdə də status və münaqişə məsələlərinə toxunulmayıb. Əksinə, Azərbaycan Prezidenti bu görüşlərdə vurğulayıb ki, hazırda əsas diqqət münaqişədən sonrakı məsələlərin tənzimlənməsinə, həll olunmasına yönəlib. Tərəflərin uzlaşdırdığı, anlaşdığı mühüm məsələlərdən biri də yekun sülhün əldə edilməsi istiqamətində birgə səylərin gücləndirilməsidir”.