“Azərbaycanın KTMT-yə üzv olmasından heç bir fayda görmürəm”

“Azərbaycanın KTMT-yə üzv olmasından heç bir fayda görmürəm”İyunun 1-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlament Assambleyasında yeni ölkələrin üzvlükləri məsələsi müzakirə olunub.

Rusiya Dövlət Dumasının spikeri Viçeslav Volodin bir sıra ölkələrin təşkilata qatılmaqda maraqlı olduğunu qeyd edib.

Eyni zamanda, Dumanın MDB İşləri üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov iclasdan sonra jurnalistlərə verdiyi açıqlamasında KTMT-yə üzv olmaq istəyən ölkələr haqqında danışıb:

“Bir çox dövlətlər təşkilata qatılmaqda maraqlıdır. Xüsusilə də, Azərbaycan və Pakistanın adını çəkə bilərəm. Məsələn, rəsmi İslamabad uzun müddət öncə həm müşahidəçi, həm də üzv olaraq KTMT-yə qatılmaq istədiyini bildirib”.

Təbii ki, Azərbaycan hansısa hərbi bloka üzv olmamaq məsələsini özü üçün prioritet hesab edir və bu istiqamətdə addımlar atmağa çalışır. Rusiyanın Azərbaycanı KTMT ilə yaxınlaşdərmaq üçün müşahidəçi statusunu təsis etməsi onu deməyə əsas verir ki, Azərbaycana mümkün qədər təsir imkanları əldə etməyə çalışsın. Şübhəsiz ki, Azərbaycana qarşı bu təsir mexanizmlərinin işlək olacağı inandırıcı görünmür.

Şərqi Avropada Təhlükəsizlik İnstitutunun İdarə Heyətinin sədri Anatoliy Pinçuk "Xalq Cəbhəsi"nə açıqlamasında deyib ki, KTMT Rusiya tərəfindən Qafqazda və Asiyada nüfuzunu gücləndirmək, həmçinin İslamın hərbiləşdirilmiş birləşmələrinə qarşı mübarizə aparmaq üçün yaradılan qurumdur. İndi orada iştirak yalnız Putin rejiminə tamamilə sadiq olan ölkələr üçün "faydalı" ola bilər: “KTMT-nin Putn tərəfindən Amerika qoşunlarının Əfqanıstandan çıxarılması əsasında Asiyadakı nüfuzunu artırmaq üçün istifadə oluna biləcəyini istisna etmirəm. Azərbaycanın isə KTMT-yə üzv olmasından heç bir fayda görmürəm. Üstəlik, Azərbaycan rəhbərliyi birdən-birə belə bir addım atmağa qərar verərsə, bu, Ermənistanla ərazi mübahisələrində Rusiyanın tam onurğa sütununa çevriləcəkdir”.

Politoloq onu da qeyd edib ki, keçmiş SSRİ ölkələrinin ərazi bütövlüyünün əsas problemləri məhz Rusiya ilə bağlıdır: “Əslində, Qafqaz respublikaların zahiri müstəqilliyi altında öz ərazilərinin Rusiya tərəfindən birbaşa işğalından danışırıq. Bu məsələnin iki həlli yolu var - Ya Rusiyada liberal inqlab yolu ilə Putin rejimin dəyişilməsi, halbuki buna hələ ki, işarələr yoxdur. Ya da ki, Gürcüstan, Ukrayna və Moldova ilə koordinasiya olub onların ərazilərinin bərpa olunması. Hər halda siyasi-hərbi vəziyyət düzəlməsə, Rusiya sərhədləri ətrafında vəziyyət stabil olmıyacaq”.