Sizin Reklam Burada

İlham Əliyev Ali Baş Komandan kimi öz iradəsini ortaya qoydu

İlham Əliyev Ali Baş Komandan kimi öz iradəsini ortaya qoyduPrezident və Ali Baş Komandan İlham Əliyevin iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı etdiyi çıxış bir sıra önəmli mesajlar və yaxın tariximizə ekskurslar edilməsi ilə ölkədə və dünyada maraqla qarşılandı. Dövlət başçımızın proqram xarakterli həmin çıxışına damğasını vuran əsas məqamlardan biri də məhz şəhidlərimizin qisasının alınması ilə bağlı fikirlər oldu. İlham Əliyev çıxışında şəhidlərin qisasının mütləq alınacağı barədə əvvəllər xalqa verdiyi sözünü xatırladaraq bildirdi ki, "Biz şəhidlərimizin qisasını döyüş meydanında aldıq.

Dəfələrlə demişdim ki, bizim şəhidlərimizin qanı yerdə qalmayacaq. Belə də oldu. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir".

Bu, bir tərəfdən cənab Prezidentin sözü ilə əməlinin vəhdət təşkil etməsini təsdiqləyən real tarixi fakt və günümüzün danılmaz həqiqətidirsə, digər tərəfdən isə bu hadisə dövlət başçımızın bir strateq kimi gələcəyi proqnozlaşdırma və planlaşdırma qabiliyyətini, onun bir lider və sərkərdə kimi strateji düşünə bilmək xüsusiyyətini ortaya qoyur. Biz bunun əyani təsdiqini Prezidentin sözügedən çıxışında toxunduğu digər məqamlardan da görürük. Belə ki, dövlət başçısı İkinci Qarabağ müharibəsinin qaçılmazlığına toxunaraq, bu müharibənin başlanacağını hər kəsin bildiyini qeyd etdi. Bəli, bunu hər kəs bilirdi. Azərbaycan ictimaiyyəti də bilirdi, beynəlxalq vasitəçilər də bilirdi, biz də bilirdik. Sadəcə olaraq, ümidlər var idi ki, Ermənistan rəhbərliyində heç olmasa özünüqoruma instinkti özünü büruzə versin və onlar öz xoşları ilə bizim torpaqlarımızdan çıxsınlar. Əgər bu olsaydı, müharibəyə ehtiyac qalmazdı. Biz müharibə istəmirdik, bu gün də istəmirik. Ancaq biz bu müharibəni aparmağa məcbur idik. Bunu bizdən həm şəhidlərimizin qisasının alınması tələb edirdi, həm milli qeyrət və “torpaqdan pay olmaz” fəlsəfəmiz tələb edirdi, həm də Vətənimizin ərazi bütövlüyünün, suverenliyinin bərpası tələb edirdi.

Bu, biz azərbaycanlılar üçün sadəcə torpaq itkisi deyildi. Bu eyni zamanda hər birimiz üçün psixoloji travma idi, milli məğlubiyyət sindromu idi. Birinci Qarabağ müharibəsindəki itkilərimiz, məğlubiyyətimiz toplum olaraq hamımızda yarımçıqlıq, milli natamamlıq kompleksi yaratmışdı. Biz toplum olaraq ağır psixoloji zədə almışdıq. Prezident İlham Əliyev də sözügedən çıxışında məhz bu həssas məqama toxunaraq Birinci Qarabağ müharibəsinin bizim üçün böyük faciə idi, milli faciə olduğunu qeyd etdi. Prezident bu məqamı vurğulamaqda tamamilə haqlı idi. Çünki həmin vaxt ərazilərimizin işğalı ilə ölkədəki daxili siyasi böhran və iqtisadi çöküş üst-üstə düşmüşdü. Bütün bunlar isə öz növbəsində böyük humanitar fəlakətə gətirib çıxardı. Bir milyon insanımız qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur oldu. Biz buna əsla hazır deyildik. Belə bir həssas məqamda tərs kimi iqtisadiyyatımız da demək olar ki, tamamilə dağıdılmışdı, sənaye potensialı məhv edilmişdi, iqtisadi inkişaf haqqında isə ümumiyyətlə, söhbət belə getmirdi. Bir sözlə, həmin vaxt ölkəmiz bir dövlət kimi tamamilə məhv olmağın lap astanasında, bir addımlığında idi. Hansı ki, hal-hazırda Ermənistanın özü də oxşar situasiya ilə üzləşib.

Lakin həmin vaxt Azərbaycan xalqı kritik məqamda müdriklik göstərərək Ulu Öndər Heydər Əliyevə üz tutdu, onu hakimiyyətə dəvət etdi. Heydər Əliyevin Bakıya dönüşü və böyük siyasətə qayıdışı ilə Azərbaycan parçalanmaqdan və xaosdan xilas ola bildi, proseslər müsbət məcrada cərəyan etməyə başladı. Toparlanmağımızın və dirçəlişimizin təməli də məhz həmin vaxt qoyuldu. O cümlədən ordu quruculuğu sahəsində də mühüm addımlar atıldı. Nizami ordu quruculuğu prosesinə start verildi. Biz İkinci Qarabağ müharibəsindəki böyük Qələbəni birdən-birə, asanlıqla qazanmadıq. Bunun üçün bir xeyli zaman və uzun hazırlıq prosesi tələb olunurdu. Heydər Əliyevin qayıdışı ilə başlayan milli dirçəliş prosesini eyni uğurla, ardıcıllıqla davam etdirmək və məntiqi sonluğuna çatdırmaq lazım idi. Bu böyük missiya da məhz Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin üzərinə düşdü. Bu olduqca çətin və şərəfli missiya idi. Lakin İlham Əliyev bu missiyanın öhdəsindən gəlməyi bacardı. Biz bunu açıq etiraf etməliyik. İlham Əliyevin opponentləri də bunu kişi kimi etiraf etməlidirlər.

İlham Əliyev az qala hamımızın böyük bir ümidsizliyə qapıldığı bir zamanda Ali Baş Komandan kimi öz iradəsini ortaya qoydu və Milli Ordumuzun gücünə, rəşadətinə söykənərək tarixi Zəfərə imza atdı, Qarabağı mənfur erməni işğalından azad etdi. Nəzərə alsaq ki, münaqişələrdən əziyyət çəkən postsovet ölkələrindən heç biri son 30 ildə öz torpaqlarını işğaldan azad etməyi bacarmayıb, bizim Qarabağı (xüsusən də Şuşanı) işğaldan azad etməyimizin nə qədər böyük bir tarixi hadisə, hərbi-siyasi uğur olduğu bir daha hər kəsə məlum olar. Ancaq az öncə də qeyd etdiyimiz kimi biz bu tarixi Zəfər anına birdən-birə gəlib yetişmədik. Biz bu günlərə qovuşmaq üçün uzun və ağrılı, məşəqqətli proseslərdən keçdik – dövlət olaraq, xalq olaraq.

Mən fürsətdən istifadə edib bu məqamda cənab Prezidentin olduqca ibrətamiz sözlərini hər kəsin diqqətinə çatdırmaq istəyirəm: “Bəzən hər birimiz müxtəlif situasiyalarda fikirləşirik ki, ədalət yoxdur, ədalət niyə bərqərar olunmur? Sadəcə olaraq, dözümlü olmaq lazımdır. Düzgün vaxtı gözləmək lazımdır və məqsədə çatmaq üçün hər gün çalışmaq lazımdır. Hər gün biz bu günü yaxınlaşdırırdıq. Qarabağ məsələsi Prezident kimi hər gün mənim gündəliyimdə birinci məsələ idi. Hər gün. Hər gün fikirləşirdim ki, bu Qələbəni əldə etmək, torpaqlarımızı azad etmək üçün əlavə nə etmək lazımdır. Biz bunu nümayiş etdirdik. Biz bu günü yaxınlaşdırmaq üçün hazırlaşırdıq. Mən öz çıxışlarımda dəfələrlə demişdim ki, hər gün biz bu günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırdıq. Görəndə ki, dünyada beynəlxalq hüququn norma və prinsipləri kobudcasına pozulur, aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoyulmur, işğalçı Ermənistan daha da azğınlaşır, bizim torpağımızdan çıxmaq istəmir, əlbəttə, biz daha ciddi hazırlaşmalı idik. Bu hazırlıq hərtərəfli olmalı idi. Bu hazırlıq işlərinə biz vahid konsepsiya çərçivəsində yaxınlaşırdıq və bunu müəyyən edirdik".

Dövlət başçımızın Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayındakı çıxışında səsləndirdiyi bu fikirlərdən də açıq-aydın görünür ki, biz 44 günlük müharibəyə və müharibədə imza atdığımız Zəfərə addım-addım, planlı-proqramlı şəkildə, konseptual əsaslarla hazırlaşmışıq və yaxınlaşmışıq. Bu mənada cənab Prezidentin müharibə günlərində çıxışlarından birində səsləndirdiyi ibrətamiz bir ifadə - “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” ifadəsi tam da yerinə düşür. Doğrudan da, yaxın tarix dəfələrlə bunu göstərib. Həm siyasi müstəvidə, həm diplomatik müstəvidə, həm də döyüş meydanında dəfələrlə bu həqiqətin şahidi olmuşuq. Bu gün 44 günlük müharibənin nəticələri də bir daha onu göstərir ki, İlham Əliyev həqiqətən də nəyi edibsə, dəqiqliklə edib. Azərbaycan həmin günlərdə hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi. Status-kvo dəyişdi, “təmas xətti” anlayışı aradan qaldırıldı, Minsk Qrupunun ermənipərəst addımlarının, təşəbbüslərinin qarşısı alındı və beləliklə, istər hərbi sahədə, istərsə də siyasi-diplomatik proseslərdə şərtləri Azərbaycan diktə etməyə başladı. Prezident və Ali Baş Komandan İlham Əliyev böyük təmkin və səbr nümayiş etdirərək, həm döyüş meydanında, həm də diplomatiya sahəsində vəziyyəti kökündən dəyişməyə və həlledici uğurlara imza atmağı bacardı.

Azərbaycan Prezidenti şəhidlərin qisasının alınmasının, torpaqlarımızın işğaldan azad edilməsinin bizim üçün sıradan bir hadisə olmadığını, mənəvi borc, milli şərəf və ləyaqət məsələsi olduğunu və ən əsası isə ədalətin bərpa edilməsi üçün labüd olduğunu bütün dünyanın diqqətinə çatdırmış oldu. Bu mənada İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsində yer almış bir məqam da olduqca ibrətamizdir.

Telekanalın əməkdaşı soruşur:
“ - Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?
Azərbaycan Prezidentinin cavabı:
- Elzas və Lotaringiya sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”.

Prezidentin dərin diplomatik təcrübə sahibi kimi alman jurnalistin sualına verdiyi bu lakonik və tutarlı cavabı eyni zamanda dünya ictimaiyyətinin üzünə çırpılmış sərt həqiqət idi. Bu, Azərbaycanın dünya birliyinin 30 il ərzində göz yumduğu ədalətsizliyə qarşı mübarizə aparmasını nümayiş etdirən xüsusi ismarıc idi. Beləliklə, Prezident İlham Əliyev 44 gün davam edən Vətən müharibəsinə uğurla sərkərdəlik etməklə həm tarixi ədaləti bərpa etdi, həm də şəhid ruhlarının narahatlığına son qoydu. Şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan Ordusu tariximizin ən şərəfli salnaməsini yazdı, yaratdı.

Əlisahib Hüseynov,
Milli Haəmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər