Türkiyəni bu bölgədən çıxarmağa çalışırlar - Ağar

Türkiyəni bu bölgədən çıxarmağa çalışırlar - AğarTürkiyəli məşhur hərbi ekspert Abdullah Ağarın Axar.az-a müsahibəsi:

- Abdullah bəy, ötən ilin yanvar ayında Liviya məsələsi ilə bağlı Birinci Berlin Konfransı keçirildi. Ötən gün isə Mövlud Çavuşoğlunun da iştirak etdiyi İkinci Berlin Konfransı başladı. Aradan keçən bu müddətdə nələr dəyişdi?

- Birinci konfransın nəticəsində 55 maddəlik yekun sənəd qəbul edildi. Sənədə görə BMT TŞ Liviyaya silah göndərilməsinin məhdudlaşdırılması haqqında qərar qəbul etdi. Fəaliyyət Avropa Birliyi Dəniz Qüvvələri tərəfindən Aralıq dənizində İRİNİ adı altında həyata keçirilməyə başladı. 22 noyabr 2020-ci il tarixində isə Türkiyə bayrağı altında üzən “Roselina-A” ticarət gəmisinə İRİNİ Hərəkat Mərkəzi tərəfindən əməliyyat təşkil edildi. Əməliyyatı yunan hərbçiləri icra etdilər. Bu, Türkiyə ilə müttəfiqləri arasında böyük bir böhranın ortaya çıxmasına səbəb oldu. Türkiyə və Yunanıstan münasibətləri müharibə həddinə çatdı. Fransa və Almaniya ilə problemlər yaşandı.

Hazırda Liviya məsələsinin realist bir baxış üzərindən həllinə ehtiyac var. İkinci Berlin Konfransı bunun üçün fürsətdir. Ancaq Liviya və Afrika üzərində müstəmləkəçilik maraqları olan qüvvələr yenə yalnız konfransda mənfəətlərinin təmini üçün çalışsalar, mövcud problemlər öz həllini tapmayacaq.

- Türkiyə-Liviya münasibətlərini və digər beynəlxalq aktorların məsələyə baxışını necə dəyərləndirirsiniz?

- Sözügedən tərəflər bütün muzdlu döyüşçülərin Liviyadan çıxması haqda danışırlar. Arxasından isə bütün hərbi qüvvələrin ölkəni tərk etməsinin mühüm olduğunu əlavə edirlər. Ancaq bu, doğru deyil. Çünki Liviya Milli Koalisiya Hökumətinin legitimliyi BMT TŞ-nin 2015-ci ildə qəbul etdiyi Liviya Siyasi Sazişinə görə beynəlxalq aləmdə tanınıb. Türkiyə “Azad İqtisadi Bölgə Anlaşması”nı, "Təhlükəsizlik və hərbi əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu legitim hökumətlə imzalayıb. İndi bəzi qüvvələr bunu fərqli şəkildə şərh etməyə və Türkiyəni oradan çıxartmağa çalışırlar. Hazırda keçirilən konfrans müzakirələr üçün növbəti fürsət olsa da, müxtəlif siyasi fəndlərin istifadəsi maksimum səviyyədə olacaq.

- Sizcə, Türkiyənin Liviyada sıxışdırılması cəhdlərinin arxasında hansı səbəblər var?

- Hər şeydən öncə bütün tərəflər bunu birdəfəlik başa düşməlidir ki, Türkiyə 2019-cu ilin aprel ayında Liviyada vətəndaş müharibəsinin qarşısını alacaq şəkildə münasibətini ortaya qoydu. Çünki Türkiyə vətəndaş müharibəsinin sonunda ölkənin bölünmə təhlükəsi ilə qarşılaşacağını hadisələrin gedişatından oxudu. Nəticədə Türkiyə proseslərin gedişatına yüksək səviyyədə koordinasiyalı və nəzarətli şəkildə müdaxilə etdi. Liviyada mövcud olan bəzi qüvvələr Türkiyənin mövqeyinin həll yolunun ünvanı olduğunu görürlər və bundan narahatdırlar. Səbəb də odur ki, Türkiyə öz mövqeyi ilə Liviyanın müstəmləkəyə çevrilməsinə və istismarına izn vermir. Türkiyənin Liviyadakı fəaliyyətindən narahat olan qüvvələr indi Berlin Konfransından öz mənfəətləri üçün istifadə etmək və oradakı keçid hökumətinin ağlını bulandırmaq niyyətindədirlər. Liviyanın xarici işlər naziri Nəcla Mənquşun son dövrdə verdiyi bəzi açıqlamalar bunun nəticəsidir. Reallıq isə odur ki, Türkiyə və Liviyanın legitim hökuməti arasında imzalanan anlaşmalar var. Türkiyənin Liviyada “pazl”ın hamısını zorla ələ keçirmək kimi məqsədi yoxdur. Türkiyə beynəlxalq hüquqa və ikitərəfli anlaşmalara əsaslanaraq öncəliklə Liviyanın ərazi bütövlüyünün, bölgədəki təhlükəsizliyin, eyni zamanda öz haqlarının qorunması üçün burada siyasi fəaliyyət göstərir. Bunu bütün aktorların görməsi vacibdir. Konfransdan Liviyanın sabitliyinə xidmət edəcək müsbət qərarın çıxacağına ümid edirəm. Ancaq tərəflər, xüsusilə Avropadakı bəzi ölkələr tək maraqlar üzərindən hansısa mexanizmlərin qurulmasını istəsə, onda bölgədə problem qalmağa davam edəcək.