Rəfail Becanov: "Seçki prosesi finala yaxınlaşdıqca, münasibətlər də gərginləşir..."

Rəfail Becanov: "Seçki prosesi finala yaxınlaşdıqca, münasibətlər də gərginləşir..."“Ermənistanda seçki prosesi finala yaxınlaşdıqca, münasibətlər gərginləşir, nəticələri proqnozlaşdırmaq çətinləşir. Paşinyanla QATİL Köçəryan arasındakı fərq artıq 2 fazidən də azdır. Bu, Ermənistanda və erməni cəmiyyətində şovinizmin hələ də dominant olduğunun göstəricisidir. Nə qədər “ermənilər müharibə istəmir”, “Ermənistan artıq uduzması ilə barışıb” və s. kimi fikirlərimiz olsa da, necə deyərlər, ehtiyatı əldən vermək olmaz”.

Avrasiya.net xəbər verir ki, bunu Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rafail Becanov deyib.

Baş redaktor bildirib ki, Ermənistanın kapitulyasiya aktını tam yerinə yetirməsi baxımından bizə Paşinyanın qalib gəlməsi sərf edir:

“Əslində Paşinyanın qələbəsi Ermənistanın özü üçün də strateji baxımdan əhəmiyyətlidir. Çünki Paşinyan Azərbaycanla razılaşdırılan aktları yerinə yetirməklə, Rusiyadan şəxsən özünə olan təzyiqi azaldacaq, Türkiyə ilə isə dövlətinin münasibətlərini yaxşılaşdırmağa cəhd edəcək. Bu da Ermənistanın sosial-iqtisadi inkişafı üçün əsas stimuldur.

Digər seçki bloklarının, xüsusilə ayrı-ayrılıqda 3-4 fazilik reytinqlə Paşinyana dəstək verməsi gözlənilən “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” blokları sona qədər duruş gətirə bilsələr Paşinyan üçün seçki yaxşı bitəcək. Lakin onların Rusiyanın təkidi ilə son anda Köçəryanla da yaxınlaşması mümkündür. Bu gediş və ordunun dəstəyi Köçəryanı daha güclü və şanslı edə bilər. Belə olanda isə Ermənistanda yenidən şovinizm güclənəcək. Çünki Ermənistan nə qədər məğlub olsa da, şovinizm, dövlət və cəmiyyət olaraq işğalçılıq siyasətindən tam imtina etməyib.

Təbii ki, gücdən düşmüş, məğlub olmuş Ermənistan istər Köçəryan, istərsə də bir başqası hakimiyyətə gəlsin, heç bir halda müharibə taktikasını əl ata bilməz. Çünki ağır məğlubiyyət onlara yaxşı dərs verib. Yəni müharibə ehtimalı yoxdur. Lakin başqa formalarda mövqelərini gücləndirə bilər. Birinci üçtərəfli bəyanatın bəndlərini yerinə yetirməyə, xüsusən Zəngəzur dəhlizinin açılmasını uzada, eyni zamanda ATƏT-in lazımsız olan Minsk Qrupunun fəallaşmasına təkan verə bilər. İkincisi isə atəşkəsin pozulması, Azərbaycanın əsəblərinin tarıma çəkilməsi üçün müxtəlif addımlar gözləniləndir. Kəlbəcər istiqamətindən atəş səslərinin gəlməsi də bunu göstərir. Bütün bu təxribartlarla ATƏT-in Minsk Qrupunu diriltmək, ardınca Lavrovun da artıq dövriyyəyə buraxdığı status məsələsini gündəmə gətirmək istəyəcəklər. Azərbaycan tərəfi buna hazır olmalıdır.

Bizim üçün Qarabağ münaqişəsi bitib. Lakin Rusiya və Ermənistandakı şovinist qüvvələr üçün inteqrasiya və birgəyaşayışdan çox problemin davam etməsi maraqlıdır. Biz isə birgəyaşayış və inteqrasiya məsələsi ilə nəzarətin hüquqi cəhətdən tam əlimizə keçməsinə çalışmalıyıq”.