Sizin Reklam Burada

Komitə sədri Azərbaycan xalqını təbrik edib

Komitə sədri Azərbaycan xalqını təbrik edibSadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Dəyərli həmvətənlər!

Sizi, başda cənab prezident İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım olmaqla 28 May-Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm!

Tarixdən bildiyimiz kimi hər bir xalqın, millətin öz müstəqilliyi və bütövlüyü uğrunda apardığı şərəfli mübarizələr tarixi var. Azərbaycan xalqı da həmişə müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq arzusu ilə yaşamışdır. Dövlətçilik tariximizdə Azərbaycan torpaqlarında yaradılmış Eldəgizlər, Şirvanşahlar, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər kimi dövlətlərinin olması və mənəvi atributumuz olan dilimizə sahib çıxmağımız dediklərimizə əyani bir sübutdur. Bu da bir taledir ki, XX əsr ərzində iki dəfə müasir anlamda beynəlxalq hüquqla tanınan müstəqil dövlət qurmaq imkanı qazandıq.

Bildiyimiz kimi 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Belə ki, İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılmasının təməlini qoydu.

İstiqlal Bəyannaməsində deyilirdi:
1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
6. Müəssislər Məclisi toplanana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.

Təəssüf ki, 1918-ci il 28 may tarixində qurulan Azərbaycan Xalq Cumhüriyyəti müxtəlif səbəblərdən cəmi 23 ay yaşaya bildi. Amma Cümhuriyyətin yaradılması tarixi hadisə idi, çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz eyni zamanda fəxr edirik ki, təqribən dünyanın üçdə birini təşkil edən müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi məhz Azərbaycan xalqı olmuşdur.

Demokratik Respublikanın 23 ay yaşamasına rəğmən qısa zaman kəsiyində çox böyük işlər görə bilmişdir. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilmiş, 200-dən çox qanun, onların arasında qadınlara səsvermə hüququ verən qanun qəbul edilmiş, Bakı Dövlət Universiteti, milli ordu yaradılmış və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmişdir və. s

Amma çox təəssüf ki, 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi və yeni qurulmuş respublika süqut etdi. Bu süqut bir daha onu sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətin işdir.
Azadlıq ruhunu daimi yaşadan xalqımız yalnız bundan 70 il sonra öz milli müstəqilliyini yenidən bərpa etmək imkanı əldə edə bildi. Tarixi şərait bizə ikinci dəfə bu imkanı yaratdı. Lakin bu dövr elə bir zamana təsadüf edirdi ki, Azərbaycan beynəlxalq sahədə təklənmiş, Türkiyə istisna olmaqla başqa xarici dövlətlərdən dəstək ala bilmirdi, hətta informasiya qıtlığı üzündən ABŞ konqresi təcavüzə məruz qalmış Azərbaycana Ermənistanı guya «blokada»ya aldığına görə 1992-ci ildə «Azadlığı müdafiə aktı»na 907 saylı əlavəsini tətbiq etmişdi.

Belə bir dövrdə qazanılmış müstəqilliyimizi bir daha itirməmək üçün Azərbaycan xalqının öndə gedən ziyalıları yeganə cıxış yolunu Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında görürdülər və ziyalılarımız, xalqımız gözəl bilirdi ki, düşdüyümüz bu çıxılmaz vəziyyətdən başqa çıxış yolu yoxdur. Çünki Ümummilli Liderimiz fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görmüşdür.

Onun gücü hər kəsə bəlli idi.

Bu güc ikinci dəfə xalqın gücü ilə birləşdikdən sonra qarşısıalınmaz bir qüvvəyə çevrilərək, dağılmaq üzrə olan bir məmləkəti, sabit inkişaf edən bir ölkəyə çevirdi.
Xüsusi olaraq onu da qeyd etməliyəm ki, 1993-cü ilə qədər müstəqilliyimiz formal xarakter daşıyırdı, ölkəmiz müstəqil siyasət apara bilmirdi. Bu dövrlər idi ki, Heydər Əliyevin paytaxta gəlməsini istəməyən o vaxtkı siyasi hakimiyyət onun Naxçıvandakı fəaliyyətini qısqanclıqla uzaqdan izləyir və əks tədbirlər görürdülər. Ümummilli Liderimiz isə bütün bunlara fikir verməyərək milli dövlətçilik ənənələrinin bərpa olunması yönündə işlər aparırdı.

Belə ki, görülən işlər arasında Muxtar Respublikanın dövlət rəmzlərinin bərpa olunması və milliləşdirmə siyasətinin həyata keçirilməsi vurğulanmalıdır. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi.

Heydər Əliyevin xalq qarşısında xidmətlərindən biri də o idi ki, ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar apardı. Danılmaz faktır ki, müasir, müstəqil Azərbaycanın həyatının ən möhtəşəm anlarını, uğurlarını və tarixi qələbələrini məhz ümummilli liderimiz Heydər Əliyev və onun layiqli varisi İlham Əliyev yazıb.

Ümummilli Liderimiz müstəqil Azərbaycan dövlətini qurdu, onun layiqli davamçısı isə torpaqlarımızı 30 illik işğaldan xilas etdi.

Bu gün dünya hərb və diplomatiya cəbhəsində cənab İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini əyani surətdə gördü. Bu gün cənab İlham Əliyev nəinki Cənubi Qafqaz regionunun lideri kimi, eyni zamanda müasir dünyanın taleyində mühüm rol oynayan liderlərdən biri kimi qəbul olunur. İftixar hissi ilə demək istəyirəm ki, bütün xalqımız cənab İlham Əliyevin rəhbərliyi, yüksək səviyyədə yerinə yetirdiyi tarixi sərkərdə missiyası nəticəsində tariximizin ən şərəfli anlarını yaşamasından qürur duyur. Tarix isə öz şərəf səhifəsinə Ali Baş Komandanımızın adını qızıl hərflərlə əbədi həkk etdi.

Bu gözəl gün münasibəti ilə bir daha başda sədrimiz cənab İlham Əliyev və dəyərli Mehriban xanım Əliyeva olmaqla bütün xalqımızı bir daha təbrik edir, gözəl-firəvan həyat arzulayıram!

Yaşasın müstəqil Azərbaycan!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər