"Bütün dünya ulu öndər Heydər Əliyev siyasi kursunun daha bir təntənəsinin şahidi oldu"

"Bütün dünya ulu öndər Heydər Əliyev siyasi kursunun daha bir təntənəsinin şahidi oldu"Bu il Azərbaycan xalqı öz xilaskar oğlu və ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü hər zaman olduğu kimi, dərin ehtiram və sonsuz sevgi ilə, eyni zamanda da hər zaman olduğundan daha böyük coşqu və fəxarət hissi ilə qeyd edir. Ötən il Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu erməni təxribatlarına son qoymaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsilə başa çatdı. Beləliklə, bütün dünya ulu öndər Heydər Əliyev siyasi kursunun daha bir təntənəsinin şahidi oldu. Məhz bu siyasi kursu inamla və uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı əraziləri işğal altında olan ölkədən qalib ölkəyə çevirdi.

Heydər Əliyev siyasi kursu müasir Azərbaycan dövlətinin mövcudluğunu təmin etmiş əsas amildir

Məlumdur ki, 1993-cü ildə, Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışı ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət artıq böhran həddinə çatmışdı. Ulu öndərin qarşısında başlamaqda olan vətəndaş müharibəsini dayandırmaq, erməni işğalını qarşısını almaq, separatçı qüvvələrə ölkəni parçalamağa imkan verməmək kimi mürəkkəb, demək olar ki, icrası mümkünsüz olan vəzifələr dururdu. Lakin ümummilli liderin dühası bu vəzifələrin öhdəsindən misilsiz bir məharətlə gəldi. Xaosa sürüklənən Azərbaycan ulu öndərin hakimiyyətə gəlişi ilə parçalanmaqdan və məhv olmaqdan qurtuldu. Bundan sonra müstəqil dövlət quruculuğunu həyata keçirmək üçün Heydər Əliyev siyasi kursunun üç əsas istiqaməti müəyyənləşdi. Bunlar güclü iqtisadiyyat yaratmaq, daxili sabitliyi təmin etmək və geosiyasi mənzərəni Azərbaycanın xeyrinə dəyişməkdən ibarət idi. Artıq 1994-1996-cı illərdə həmin Azərbaycanda sosial-iqtisadi vəziyyət sabitləşdi, ölkə davamlı inkişaf xəttinə çıxdı.

Ümummilli lider Heydər Əliyevin siyasi kursu çoxtərəfli, müasir tələblərə tam cavab verən və çevik manevrlər etmək imkanlarına sahib olan mükəmməl idarəetmə sistemidir. Məhz bu günün reallıqlarına əsaslanaraq biz əminliklə deyə bilərik ki, illər keçdikcə ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyində və demokratikləşməsindəki əvəzsiz rolu daha aydın görünür. Hər keçən gün bu siyasi kursun bir-birini sürətlə əvəz edən vəziyyətlərə uyğunlaşmaq imkanlarının unikallığını və möhtəşəmliyini sübut edir. Ulu öndərin siyasi kursu XXI əsrin bütün sınaqlarından uğurla çıxmaqdadır. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün və dünyada formalaşan yeni ictimai-siyasi münasibətlərin tələblərinə cavab verən konsepsiyalarla zənginləşdirilən Heydər Əliyev siyasi kursu malik olduğu sonsuz potensialı ilə Azərbaycanı dünyanın ən güclü və firavan dövlətləri sırasına çıxarmaq imkanına malikdir.

Bu gün bütün dünyada təhlil olunan və öyrənilən Heydər Əliyev siyasi kursu müasir Azərbaycan dövlətinin mövcudiyyətini təmin etmiş əsas amildir. Məhz buna görə də ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan dövləti yaşadıqca, Heydər Əliyev bu ölkənin vətəndaşlarının, bütün dünya azərbaycanlılarının qəlbində əbədi yaşayacaq.

Azərbaycançılıq məfkurəsinin banisi

Sovet Sosialit Respublikalrı İttifaqı adı altında 14 ölkəni faktiki olaraq Rusiyanın müstəmləkəsi vəziyyətində saxlayan sovet imperiyası 70 il ərzində beynəlmiləlçilik şüarları altında fərqli ideologiya təbliğ edirdi. İnsanların beyinlərinə yeridilən bu ideologiyanın əsas məqsədi SSRİ xalqlarını öz milli dəyərlərindən məhrum etmək və perspektivdə onlara milli mənsubiyyətlərini unutdurmaq idi. Əlbəttə ki, bu ideoloji siyasətin əsas məqsədi çoxmillətli imperiyanı dağılmaqdan qorumaq idi. Lakin öz müdrikliyi və uzaqgörənliyi sayəsində İttifaqın tezliklə süqut edəcəyini görən Heydər Əliyev artıq o dövrdə möhkəm milli əsaslara malik olan müstəqil Azərbaycan dövlətinin bünövrəsini formalaşdırırdı. Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi misilsiz xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından həyati əhəmiyyət kəsb edən azərbaycançılıq ideyasını irəli sürməsi, onu bir ideologiya şəklində formalaşdırması olmuşdur. Bütün bu illər ərzində möhtəşəm nailiyyətlərin qazanılmasına səbəb olmuş uğurlu daxili və xarici siyasət də məhz Heydər Əliyev dühasının formalaşdırdığı azərbaycançılıq konsepsiyasının tərkib hissəsidir. XX əsrin 30-cu illərində formalaşmağa başlayan azərbaycançılıq vətənpərvərlik, milli özünüdərk dünyagörüşünün təşəkkülü ilə bağlı olmuşdur. Bu mənada Heydər Əliyev ən böyük azərbaycanlıdır. Ulu öndər deyirdi: “Hər bir kəsin milli mənsubiyyəti onun üçün qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.” Azərbaycançılıq dünyagörüşü ulu öndərin siyasi fəaliyyətinin bütün sahələrində geniş kontekstdə öz ifadəsini tapmışdır. O cümlədən, 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Xalqın nəzərində bütöv, milli şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev dühası Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır.

Aqrar islahatlar ulu öndərin yürütdüyü iqtisadi siyasətin əsas tərkib hissəsi olmuşdur


Keçən əsrin 70-ci illərinə qədər Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsalında sovet respublikaları arasında ən aşağı göstəricilərə malik idi. Kənd təsərrüfatının bütün sahələrində məhsuldarlıq çox aşağı olmaqla yanaşı torpaqlardan səmərəli istifadə olunmurdu, kolxoz və sovxozların əksəriyyəti ziyanla işləyirdi. Elmin və texnikanın tətbiqi hiss olunmurdu, kadr hazırlığı bərbad vəziyyətdə idi. Kənd təsərrüfatı üçün maşınqayırma və kimya sənayesi inkişaf etdirilmirdi. Meyvə, tərəvəz, çay və digər məhsulların emalında sistemsizlik, hər-mərcilik vardı. Həmçinin ət, süd, pambıq strateji məhsulların emalı da primitiv sexlərdə və çox cüzi miqdarda həyata keçirilirdi. Lakin ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublikanın rəhbərliyinə gəlişi ilə vəziyyət qısa müddət ərzində kəskin şəkildə dəyişdi. 1982-ci ilə qədərki fəaliyyəti dövründə Heydər Əliyev Azərbaycanda aqrar-sənaye kompleksinin yaradılmasına nail oldu. Bunun üçün öncə ümummilli lider Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti, tələbkarlığı, işgüzarlığı və əzmkarlığı sayəsində kənd təsərrüfatı məhsullarının istehsalının artırılması təmin edildi. Heydər Əliyev respublikanın kənd təsərrüfatında mövcud olan potensial imkanların müvafiq proqramlar əsasında rallaşdırılmasını gələcək inkişafın mühüm istiqaməti kimi qiymətləndirdi və ittifaq hökumətinin bu məsələyə dair bir neçə qərar qəbul etməsinə nail oldu. Qısa müddət ərzində respublikada kənd təsərrüfatının bütün sahələrində əsaslı dönüş yarandı, məhsul istehsalının dinamik artımı təmin edildi. Ulu öndər Heydər Əliyev ittifaq rəhbərlərinə sübut etdi ki, onun rəhbərliyi altında Azərbaycan xalqı kənd təsərrüfatının inkişaf etdirilməsində yeni zirvələr fəth etməyə qadirdir və bu sahəyə yönəldilən sərmayə qısa müddətdə öz bəhrəsini verir.

Ulu öndərin 1993-cü ildə yenidən ölkə rəhbərliyinə gəlməsi ilə Azərbaycan iqtisadiyyatında yeni inkişaf mərhələsi başlandı. Həmin dövrdə öz müstəqilliyinə yeni qovuşmuş Azərbaycanda iqtisadiyyatın bütün sahələrində olduğu kimi, aqrar bölmədə də çox acınacaqlı vəziyyət hökm sürürdü. Maddi təchizatın pozulması səbəbindən aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməməsi məhsuldarlığın aşağı düşməsinə və məhsul istehsalının azalmasına səbəb olmuşdu. Aqrar-sənaye kompleksinin maşınqayırma və kimya sənayesi bölmələri, emal sənayesi müəssisələri tam gücü ilə işləyə bilmirdi. Müəssisələr bağlanır, işsizlik artır və əhalinin ərzaqla təmintında yaranmış çətinliklər aclıq təhlükəsini getdikcə artırırdı. Lakin ümummilli lider vəziyyəti araşdıraraq, kənd təsərrüfatının inkişafına diqqətin artırılması üçün bütün qüvvələri səfərbər etdi. Ulu öndər 1991-ci ildən iqtisadiyyatda, o cümlədən də aqrar sahədə islahatlar haqqında gedən uzun-uzadı mübahisələrə və müzakirələrə qətiyyətlə son qoydu, sözdən işə keçməyin yolunu müəyyən etdi və eyni zamanda, islahatların keçirilməsi yolları, üsulları və müddəti barədə proqram hazırlanmasının labüdlüyünü əsaslandırdı. Bununla da Heydər Əliyev respublikada aqrar islahatların hüquqi bazasının yaradılması, onun təşkili və həyata keçirilməsi kimi çox mühüm iqtisadi tədbirin həm banisi, həm də təşkilatçısı oldu. Ulu öndər keçirdiyi görüşlərdə və müşavirələrdə dəfələrlə qeyd edirdi ki, ölkəmizdə həyata keçiriləcək aqrar islahatlar öncə Azərbaycan xalqının milli mənafeyinə xidmət etməli, maraqlı tərəflər üçün ağrısız aparılmalı və ədalət prinsipinə əsaslanmalıdır. 1996-cı ildən başlayaraq Azərbaycanda MDB məkanında analoqu olmayan aqrar islahatlarına start verildi. Vahid torpaq fondunun 57 faizi dövlət mülkiyyətində qalmaqla 20 faizi bələdiyyə mülkiyyətinə və 23 faizi xüsusi mülkiyyətə verildi. Xüsusi mülkiyyətə əsasən ən qiymətli torpaqlar, yəni əkin və çoxillik əkmələr altında olan torpaqlar verildi ki, bu da aqrar sahədə sahibkarlığın inkişafına öz müsbət təsirini göstərdi. Aqrar silahatların aparılması və Heydər Əliyevin həyata keçirdiyi təşkilati, siyasi və digər tədbirlər tezliklə öz bəhrəsini verdi və aqrar sahədə dönüş yaranmasına səbəb oldu.

Bu gün də kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının prioritet sahələrindəndir və bu sektorun inkişafına ölkəmizdə böyük dəstək göstərilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı Regionların inkişafına, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, yoxsulluğun azaldılmasına və digər məsələlərə dair Dövlət Proqramlarının icrasının nəticəsidir ki, ölkəmizin bütün bölgələrinin siması kökündən yaxşılaşmış, regionlarda yaşayış məntəqələrinin infrastruktur və kommunal xidmətlərlə təminatı səviyyəsi yüksəlmişdir. Dövlətimizin başçısı aqrar sahəni iqtisadiyyatın qeyri-neft bölməsinin prioritet istiqaməti elan etmiş və ölkənin aqrar siyasətinin əsas məqsədinin ölkənin ərzaq tələbatının tamamilə yerli istehsal hesabına ödənilməsi və bəzi kənd təsərrüfatı məhsulları və ərzaq mallarının xarici bazarlara ixracının təmin edilməsi olduğunu önə çəkmişdir.

Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndərin siyasi kursunu keyfiyyətcə yeni müstəvidə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır. Bu deyilənlərin ən bariz sübutu da Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsi və öz torpaqlarını işğaldan azad etməsidir. Xalqımız 44 günlük Vətən müharibəsinin gedişində Prezident İlham Əliyevə dərin inam və məhəbbət bəslədiyini bir daha təsdiq etdi. Azərbaycanın sürətli, hərtərəfli və dinamik inkişafı Heydər Əliyev siyasi kursu və bu kursu inamla irəli aparan Prezident İlham Əliyevin düşünülmüş və yaradıcı fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır.


İbrahim Cəfərov
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru,
AMEA-nın müxbir üzvü,
Kənd təsərrüfatı elmləri doktoru, professor