“Siyasi partiyaların sayı qanunla məhdudlaşdırıla bilməz”

“Siyasi partiyaların sayı qanunla məhdudlaşdırıla bilməz”Elçin Mirzəbəyli: “Bu ölkə Konstitusiyasının 25-ci və 58-ci maddələrinə ziddir”

“Siyasi partiyalar haqqında” qanun dəyişməli və ölkədə həyata keçirilən islahatların məzmununa uyğunlaşdırılmalıdır


Yeni Azərbaycan Partiyası (YAP) ölkənin hakim partiyasıdır və bu partiyanın önəmini artıran əsas amillərdən biri və mənim qənaətimə görə birincisi Prezident İlham Əliyevin bu siyasi təşkilatın sədri, Birinci vitse-prezident Mehriban Əliyevanın isə sədrin birinci müavini olmasıdır. Məhz bu baxımdan, YAP-da baş verən dəyişikliklərin ictimai-siyasi mesaj xarakteri daşıyacağı, ölkənin siyasi sistemində həyata keçirilən islahatların bir hissəsi kimi önəm kəsb edəcəyi şübhəsizdir.

Avrasiya.net xəbər verir ki, bu sözləri BayMedia-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Elçin Mirzəbəylıi deyib.

BAXCP təmsilçisi qeyd edib ki, bizim necə düşünməyimizdən və arzularımızdan asılı olmayaraq, reallıq belədir. Məhz bu baxımdan da ölkənin siyasi sistemi barədə fikir yürüdərkən xəyallarımıza, arzularımıza deyil, reallığa münasibət bildirməliyik: “Bu barədə dəfələrlə danışsam və yazsam da, yenidən toxunmaq istəyirəm: Siyasi partiyalar çoxpartiyalı sistemin, hüquqi və dünyəvi dövlətçiliyin təməlini təşkil edir. Əgər ölkədə siyasi sistemin daxilində Azərbaycan dövlətçiliyinin təməl ideoloji prinsiplərinə, strateji hədəflərinə, inkişafına, maraqlarına münasibətdə vahid mövqe nümayiş etdirməyi və sadaladığım prinsipləri fəaliyyətinin “qırmızı cizgisi” elan edib, digər müstəvilərdə sivil, intellektual mübarizə aparmağı bacaran partiyalar yoxdursa, yaxud real təsir gücünə malik deyillərsə, onların yerini “beşinci kolon”, radikal və dövlət modelimiz üçün təhlükə sayıla biləcək qruplar, şəxslər, ideyalar tutacaq. Məhz bu səbəbdən də, siyasi fəaliyyətə və rəqabətə real məzmun vermək, siyasi partiyaların cəmiyyətdəki rolunu artırmaq və bunun üçün stimullaşdırıcı addımlar atmaq lazımdır. Bildiyim qədər, bu sahədə 2020-ci ilin əvvəllərindən başlayan islahatların daha geniş vüsət alacağı gözlənilir. Ola bilsin ki, bir qrup adam xroniki narazılıq daşıyıcısı olduqlarından, digər qrup isə prosesin içərisində yer aldıalqrından dəyişiklikləri hiss etmirlər. Amma ölkəmiz də, siyasi sistemimiz də sürətlə dəyişir. Və bu dəyişiklərin içərisində ağrıverici, ilk baxışda anlaşılmayan məqamlar da var. Bu da təbii qəbul olunmalıdır.

Məhz bu baxımdan, 6 siyasi təşkilatın Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı xəbərə sayğı duyduğum bəzi həmkarlarımın yarıironik münasibətini təqdir etmirəm. Təbii ki, bu yanaşmaların ironiyadan uzaq məqamlarına sayğıyla yanaşıram. Bu onların hüququdur və düşünürəm ki, insan hüquq və azadlıqları kompleks anlayış olduğu üçün, başqalarının da öz siyasi fəaliyyət platformalarını müəyyənləşdirmək, seçim etmək hüquqlarına hörmətlə yanaşmaq lazımdır.

Bütövlükdə isə partiyaların birləşməsinə müsbət yanaşıram və düşünürəm ki, ölkədə çoxpartiyalı sistemin inkişafı və siyasi fəaliyyətin real məzmun alması üçün, ideoloji baxışları üst-üstə düşən siyasi partiyaların bir araya gəlməsi, birləşməsi, strukturlaşması, institutlaşması əsas amillərdən biri kimi dəyərləndirilməlidir. Siyasi partiyalarda 10, 20 və daha çox yetkin, təcrübəli, iddialı və tanınmış siyasətçinin olmasından çəkinmək lazım deyil. Əksinə, belə şəxslərin sayı nə qədər çox olarsa, bu, həm partiyadaxili demokratiyaya, həm də siyasi sistemin inkişafına töhfə verə bilər”.

Siyasi partiyaların birləşməsi ənənəsinə gəldikdə isə, Elçin Mirzəbəyli bildirib ki, bu proses təbii şəkildə həyata keçirilməlidir: “Bunun üçün ilk növbədə “Siyasi partiyalar haqqında” qanun dəyişməli və ölkədə həyata keçirilən islahatların məzmununa uyğunlaşdırılmalıdır. Digər tərəfdən, siyasi partiyaların qeydiyyata alınması prosesində, təkcə üzvlərin sayı deyil, struktur və ölkənin inzibati ərazi bütövlüyünə görə təşkilatma faktoru da nəzərə alınmalıdır. Azərbaycan unitar dövlət olduğu üçün, bizim ölkəmizdə, məsələn Rusiyada olduğu kimi regional partiyaların yaranması mümkün deyil. Yaranan və fəaliyyət göstərən bütün partiyalar respublika əhəmiyyətlidir və bu səbəbdən də respublikanın inzibati ərazi subyektlərinin ən azı yarısını əhatə etməlidir. Ölkənin Seçki Məcəlləsində siyasi partiyaların prezidentliyə namizəd irəli sürməsi üçün, namizədin irəli sürülməsinin müdafiəsi məqsədilə 60-dan çox seçki dairəsindən 45 min imza toplanması tələb olunur. Bu, bir o qədər də çox deyil. Təkcə Bakı şəhərində 36 seçki dairəsi var. Bu baxımdan da, siyasi partiyaların qeydiyyata alınması, yaxud təkrar qeydiyyatı prosesində, təxminən 40 rayonda yerli təşkilatın mövcudluğu tələbi qoyula bilər. Qeyd edim ki, Azərbaycanda 11 respublika tabeli şəhər, 66 rayon var.

Siyasi partiyaların fəaliyyətinin stimullaşdırılması və onların siyasi proseslərdəki rolunun artırılması üçün gələcəkdə proporsional seçki sisteminin tətbiqi də vacib şərtlərdən biridir”.

BAXCP-nin hansısa digər bir təşkilatla birgə, yaxud vahid bir platformada fəaliyyəti ilə bağlı suala cavab olaraq, Elçin Mirzəbəyli bunun partiyanın qurultayının səlahiyyətlərinə aid olan məsələ olduğunu deyib: “Ölkədəki siyasi partiyalara yaxından bələd olan bir siyasətçi kimi, birmənalı şəkildə deyə bilərəm ki, BAXCP Azərbaycanda real yerli təşkilatları, fəaliyyətdə olan icra strukturları, seçkili orqanları olan və siyasi proseslərdə fəal iştirak edən azsaylı siyasi partiyalardan biridir. Bu baxımdan, partiyanın növbəti qurultayına qədər, əgər bizə belə bir müraciət, yaxud müraciətlər olarsa, o zaman qurultay prosedur qaydaları çərçivəsində bu məsələyə baxa bilər”.

BAXCP sədrinin müavini siyasi partiyaların sayının qanunla məhdudlaşdırılmasınının yolverilməz olduğunu bildirib: “Əvvala bu ölkə Konstitusiyasının 25-ci və 58-ci maddələrinə ziddir. Digər tərəfdən, siyasi partiyaların sayının qanunla müəyyənləşdirilməsi bu sahədə də inhisarçılığa yol aça, vətəndaşların bərabərlik və birləşmək hüquqlarını məhdulaşdıra bilər”.