"Ermənilər reallıqla barışmaq məcburiyyətində qalacaqlar"

"Ermənilər reallıqla barışmaq məcburiyyətində qalacaqlar"Bizim siyasi camiədəki bəzi ağzıgöyçəklərimizin və nihilist-pessimist ekspertlərimizin hər nə qədər cığal fikirlər səsləndirməsindən asılı olmayaraq Moskva görüşünü birmənalı şəkildə Azərbaycan üçün uğurlu, faydalı görüş kimi dəyərləndirmək olar. Biz bu görüşdən heç nə itirmədik.

Əksinə, bu görüşdən daha da özünəinamlı və qazanclı çıxdıq. Görüşün nəticələri Azərbaycan tərəfini tam qane edir. Qane olmayan, narazı qalan tərəf isə həmişəki kimi yenə də Ermənistan tərəfi oldu. Çünki Ermənistanın baş naziri Nikol Paşinyanın dünənki görüşün sonunda mətbuat üçün verilən açıqlama zamanı əsirlər məsələsinin öz həllini tapmaması və “Dağlıq Qarabağın statusu” məsələsinin açıq qalması barədə gileylənməsi, şikayətçi düşməsi üçtərəfli görüşdə onun təkliflərinin qulaqardına vurulduğunu sübut edir.

Paşinyan “status” məsələsi ilə çığır-bağır salsa da və münaqişənin sonacan nizamlanmadığını bildirərək şikayət etsə də, lakin bütün hallarda başa düşdü ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Bunu Azərbaycan və Rusiya prezidentlərinin görüşün yekunları ilə bağlı çıxışlarından da görmək olur. Elə Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskinin bununla bağlı ”30 ildir davam edən Dağlıq Qarabağdakı münaqişə indi getdikcə daha çox tarixə çevrilir və bu torpaqlara dayanıqlı sülh gətirir”, deyə əminliklə söylədiyi fikir də bizim bu mövqeyimizi təsdiqləyir.

Ermənistanda bir çoxlarının dünən Moskvada imzalanmış üçtərəfli bəyanata qarşı çıxması isə tamamilə təbii və gözlənilən idi. Erməni müxalifəti ümumiyyətlə, dünənki görüşü Ermənistan üçün növbəti məğlubiyyət kimi qiymətləndirir. Bu barədə parlamentdə təmsil olunan “İşiqlı Ermənistan” partiyasının sədri Edmon Marukyanın açıqlaması xüsusilə diqqəti cəlb edir. Marukyan üçtərəfli bəyanatın ancaq Azərbaycanın maraqlarına xidmət etdiyini deyib. Bir sözlə, erməni ictimaiyyəti də, erməni siyasətçiləri də hələ görüşdən öncə bu görüşü Ermənistan üçün növbəti faciə adlandırırdılar. Lakin nəticələr o qədər də faciəli olmasa da, hər halda Ermənistan Baş naziri Nikol Paşinyan bu görüşdə istəklərinin, məqsədlərinin bir çoxuna nail ola bilmədi və sadəcə şikayətlənməklə kifayətlənməli oldu.

Paşinyan bu görüşdə özünü psixoloji baxımdan autsayder vəziyyətində hiss edirdi. O bu görüşün əsas fiquru sayılmadığını başa düşürdü. Çünki təxminən 4 saata yaxın davam edən müzakirələr əsas etibarilə İlham Əliyevlə Vladimir Putin arasında aparılıb. Rusiya prezidentinin görüş zamanı İlham Əliyevə və Nikol Paşinyana fərdi münasibətindəki fərq də çox şeydən xəbər verir. Bu mənada tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenkonun qeydləri olduqca diqqətəlayiqdir: “Putinlə Əliyev eyni səviyyədə danışırdılar, bir-birinə hörmətlə yanaşırdılar. RF Prezidentinin Ermənistanın Baş naziri ilə görüşündən isə hiss edilirdi ki, elə bil, Putin Paşinyan üçün siyasi psixoterapevt rolunda çıxış edir”.

Münasibətlərdəki bu fərq görüşün nəticələrinə də öz təsirini göstərdi. Belə ki, Rusiya prezidenti bu dəfəki çıxışında qətiyyən “status” məsələsinə toxunmadı və “status məsələsinin həlli gələcək nəsillərin öhdəsinə buraxılır” kimi qıcıqlandırıcı bir fikir səsləndirmədi . Bu, Azərbaycan üçün həddindən artıq önəmli məqamdır.

Digər önəmli məqam isə bölgədə çoxtərəfli iqtisadi və nəqliyyat əlaqələrinin qurulması ilə (o cümlədən Naxçıvan-Zəngəzur dəhlizi ilə) bağlı razılıq əldə olunması idi. Bu məqam görüş nəticəsində imzalanmış sənəddə – üçtərəfli bəyanatda öz əksini tapdı. Sözügedən bəyanat 10 noyabr Bəyanaməsinin 9-cu maddəsinin icrasına, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və bütün bu işlərin həyata keçirilməsi üçün işlək mexanizmin yaradılmasına xidmət edir. Deməli Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılacağı gün elə də uzaqda deyil. Ermənilər bununla hesablaşmaq istəsələr də, istəməsələr də belə, bu bütün hallarda qaçılmazdır. Ermənilər reallıqla barışmaq məcburiyyətində qalacaqlar.

11 yanvar Moskva görüşü barədə fikir və təəssüratlarımızı ümumiləşdirəsi olsaq, mən bu görüşün nəticələrini ölkəmiz üçün irəliyə doğru atılmış böyük bir addım kimi dəyərləndirirəm. Bu görüş 44 günlük müharibə dövründə döyüş meydanında və 10 noyabrda isə siyasi müstəvidə qazandığımız qələbələri daha da möhkəmləndirdi və görüşün sonunda imzalanmış üçtərəfli Bəyanat faktiki olaraq 10 noyabr Bəyanatının 9-cu maddəsinin icra mexanizmini təsdiqlədi. Bu isə bir daha onu göstərir ki, 10 noyabrda əldə edilmiş razılaşmalar kağız üzərində qalmayacaq. Həmin razılaşmaların hər bir bəndi zamanla icra olunacaq, həyata keçəcək. Bu isə Azərbaycanın maraqlarına tam cavab verir. Yetər ki, sadəcə biraz səbirli olaq.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri