Sizin Reklam Burada

“Fit müxalifəti”nin “qarın ağrısı”

“Fit müxalifəti”nin “qarın ağrısı”Müharibədə hər şey aydındır... Düşmən qarşındadır. Hətta dünyanın ən şərəfsiz, dəyər tanımayan, insanlıqdan anlayışı olmayan, vəhşi, qaniçən zümrəsini təmsil etsə də, onun səninlə eyni kimliyi, eyni mədəniyyəti, eyni əxlaq normalarını daşımadığını bilirsən, kəsəyən kimi min bir yerdən lağım atıb arxana keçsə də belə... onu qarşında görürsən! Çünki düşmənçiliyini açıq şəkildə edir, özünü “dost”, “qardaş”, “həmvətən” adlandırmır, niyyətini və hədəfini bəlli edir. Nə qədər ləyaqətsiz olsa da, yenə düşmən olduğunu gizlətmir.

Amma bəzən özünü bu xalqdan sayan, yaxud azərbaycanlı olduğunu, Azərbaycanı sevdiyini iddia edənlərin dirçələn qürurumuzu əzmək, haqqımızın əlimizdən almaq, milli birliyimizi sarsıtmaq, mübarizə əzmimizi zədələmək cəhdlərini görəndə, düşmənin sərhəd, ölçü tanımayan layaqətsizliyinə təəccüblənə bilmirsən. Donub qalırsan...

44 günlük Vətən müharibəsi dövründə candərdi, “xala xətri qalmasın” üslubunda açılamalar verən, hikkələrindən və ölkədəki misli görünməmiş siyasi qatarın fitinə belə yetişməyəcəklərini anlayıb sosial şəbəkələrdə qaçaraq düşən “fit müxalifəti”nin klassik nümayəndələri Ordumuzun qələbəsindən sonra yenə “qarın ağrısı”na düşüblər. Müharibədən öncəki düşmənçiliklərini aldıqları sifarişin “doza”sından dəfələrlə artıq bir şəkildə davam etdirməklə, 44 günlük müharibə dövründə zorən cızıqdan kənarda qoyduqları ayaqlarının izini silməyə çalışırlar.

Şübhəsiz ki, bu, Azərbaycanın qələbəsinin şokundan indi-indi çıxmağa başlayan xaricdəki SOROS fondu kimi mərkəzlərin, güclü, öz qüdrətinə inanan, dövlətinə arxalanan xalqın qələbəsini əlindən almaq, onu sarsıtmaq istəyən qüvvələrin sifarişidir. Məhz bunun üçün xalqa və Azərbaycan dövlətinin maraqlarına, nüfuzuna qarşı cəbhə açılır. Və bu missiyanın icrası yenə əvəzolunmaz “liderlərə” – Kərimli, Həsənli, Hacıyeva, Yaqublu kimilərə həvalə olunub.

Bu gün Ermənistan prezidenti Armen Sarkisyandan başlamış davamlı etiraz aksiyaları keçirən erməni müxalifətinə qədər – bütün erməni cəmiyyəti - 44 günlük müharibədə sarsıdıcı məğlubiyyətə uğradıqlarını, minlərlə itki verdiklərini, darmadağın olduqlarını, hərbi və iqtisadi kollapsla üz-üzə qaldıqlarını, hakimiyyətsizlik, anarxiya və vətəndaş qarşıdurmasına sürükləndiklərini etiraf edirlər.
Təcavüzkar ölkənin ənənəvi himayəçiləri, işğalın 30 illik dəstəkçiləri, erməni diasporunun, lobbisinin təmsilçiləri və onların təsiri altında olan çeşidli qütblərin siyasiləri Azərbaycanın möhtəşəm qələbəsindən sarsıldıqlarını, Ermənistanın bir dövlət kimi dalana dirəndiyini açıq şəkildə dilə gətirir, çaşqın bir şəkildə qəbul etdikləri “qətnamə”lərdən başqa çıxış yolu tapa bilmirlər.
Dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələri, beyin mərkəzləri, hərbi və siyasi ekspertləri Azərbaycanın apardığı 44 günlük müharibənin hələ uzun illər araşdırılacağını, təhlil ediləcəyini və bir çox ölkələrin bu təcrübədən yararlanacağını deyirlər...

Amma Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu, Gültəkin Hacıyeva və daha bir neçə şəxs hamını inandırmağa çalışır ki, Azərbaycan qələbə qazanmayıb. Maraqlıdır, o zaman nə qazanıb Azərbaycan?
44 gün ərzində dünyaya mücadilə əzmi, döyüş ruhu, vətənpərvərlik nümunəsi göstərən hansı ordunun əsgərləridir?

İşğal altında olan Azərbaycan torpaqlarını – hər qarışına şəhidlərimizin müqəddəs qanı hopmuş yurd yerlərimizi kim azad edib?

Bəs Cəbrayılda, Füzulidə, Zəngilanda, Mincivan, Ağbənd və Bartazda, Xocavənddə, Hadrutda, Qubadlıda, Şuşada, Laçında, Kəlbəcər, Ağdam və Laçında, azad edilən digər qəsəbə və kəndlərdə dalğalanan üçrəngli, müqəddəs bayraq hansı ölkənin bayrağıdır?
Bəlkə özgə bayraqlarının və maraqlarının kölgəsində Azərbaycan bayrağının rənglərini də unudublar?
Görünür Ermənistan və və bu işğalçı ölkənin himayəçiləri ilə yanaşı adlarını sadaladığım və sadalamadığım “fit müxalifəti” nümayəndələrinin də itirdikləri var. Vətən müharibəsindən öncə itirdiklərini, onsuz da bilirik, təkrarlamayacağam. O zaman Azərbaycanın öz ərazilərini yenidən qazandığı 44 günlük Vətən müharibəsindən bu adamların itirdikləri nədir?

İllər boyu Qarabağ mövzusu ilə manipulyasiya etmək, gündəmdə qalmaq imkanlarını, bu müstəvidə saysız-hesabsız iddia və bəhanələrini itiriblər.

İctimai nüfuzları Yerlə bir olan bu şəxslər Azərbaycan ordsunun şanlı Zəfərindən sonra birdəfəlik siyasi səhnədən silinmək təhlükəsini hiss edirlər və çaşqınlıq içərisindədirlər. Dövlətimizin bu illər ərzində həyata keçirdiyi tədbirlərin mahiyyət üzrə ardıcıllığını, görülən işlərin təməl fəlsəfəsini dərk edə bilmədikləri üçün durmadan üyütdükləri yalan və böhtanlarının ən böyük bəhanəsi – tutarğacı əllərindən çıxıb...

Və bu manipulyasiya mövzusunu itirməmək, eyni müstəvidə siyasi mövcudluqlarını qoruyub saxlamaq üçün Azərbaycan Ordusunun rəşadəti, minlərlə şəhidin qanı bahasına, onminlərlə əsgər və zabitimizin misilsiz şücaəti, əzmi, fədakarlığı hesabına qazanılan qələbəni xalqın əlindən oğurlamağa cəhd etməkdən belə çəkinmirlər. “Dur” deyə bilmirlər, çünki durduqları yer özgə maraqlarının keşikçi “postları”dır.

Bu adamlar nifrət, kin, aqressiya, başqalarının əzabı, göz yaşları ilə qidalanırlar. Xalqın ruh yüksəkliyi, sevinc və fərəh hissinin olduğu yer onların siyasi varlıqları üçün edam kötüyüdür. Məhz bu səbəbdən də qarşıya bir məqsəd qoyulublar – qələbəmizi gözdən salmaq, insanlarımızda minlərlə şəhidin və qazinin qanı və sağlamlığı bahasına qazanılmış zəfərlə bağlı tərəddüd, şübhə yaratmaq, sevinc hissini narahatlıq hissi ilə əvəz etdirmək. Azərbaycanın bütövlüyü kimi Azərbaycan xalqının birliyi, həmrəyli də bu şəxslər üçün göz dağıdır. O səbəbdən ki, əldə olunan Böyük Zəfər nəticəsində cəmiyyətimizdə sarsılmaz ruh yüksəkliyi, özünəinam və yüksək yaradıcı potensial formalaşıb. Bu potensialla və yaradıcı enerji ilə çox böyük uğurlara imza atmaq olar. Azərbaycan xalqı və dövləti özünün yeni inkişaf mərhələsi ərəfəsindədir.

Bu mərhələ isə mövcudluqlarını sosial şəbəkələrə və digər internet resursları üzərinə daşıyan “siyasi bayquşlar”ın bütün iddialarının qarşısına layiq olduqları durğu işarəsini qoyacaq. “Qarabağ Azərbaycandır” şüarının qarşısına əbədiyyətədək qoyulan nida işarəsi kimi, onlar da “siyasi fəqərələri”nə uyğun əyri belli sual işarəsinə layiq görüləcək, incəldikləri yerdə, siyasi səhnənin “unudulmuşlar” köşəsində “dincələcəklər”.
Qeyd edim ki, “fit müxalifəti”nin Zəfərimizi gözdən salmaq cəhdləri, onların fəaliyyətində nəzərə çarpan yeni üslub deyil. Daha öncə də onlar Azərbaycan üçün taleyüklü və önəmli məsələləri həmişə əhəmiyyətsizləşdirməyə, ucuzlaşdırmağa, yükünü, çəkisini azaltmağa cəhd göstəriblər. Vaxtilə regionun geosiyasətini dəyişən qlobal enerj və nəqliyyat layihələrini, Bakıda keçirilən dünya əhəmiyyətli siyasi və ya idman tədbirlərini “mənasız”, “perspektivsiz”, “gərəksiz” kimi təqdim edənlər bu gün Ordumuzun zəfərini də eyni üslubda və eyni rəzilliklə gözdən salmağı düşünürlər.

Belələri vaxtilə Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsini “demokratiyanın təntənəsi” kimi təqdim edir və belə iddialar irəli sürürdülər ki, Azərbaycanda da guya “demokratiya olmayınca” Ermənistan-Azərbaycan münaqişəsini həll etmək, torpaqları qaytarmaq mümkün olmayacaq. O zaman sual olunur: bəs nə oldu, paşinyansevdalılar? Oxunuz yaydan çıxmamış daşa dəydi?

Deyiləcək, yazılacaq söz yoxdur artıq... Təəssüf...
Baş verənlər bu insanların bütün mənəvi sərhədləri keçdiyinin daha bir göstəricisidir – bu, yalnız xalq-hakimiyyət qarşıdurması yaratmağa cəhd deyil, bu, həm də minlərlə şəhidin ruhuna hörmətsizlikdir. Və yalnız buna görə təəssüflənirəm.

Elçin Mirzəbəyli
Əməkdar jurnalist, “Xalq cəbhəsi” qəzetinin Baş redaktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər