Şəhidlərimizə ucaldacağımız ən böyük abidə BÜTÖV AZƏRBAYCANDIR!

Şəhidlərimizə ucaldacağımız ən böyük abidə BÜTÖV AZƏRBAYCANDIR!BAXCP sədri dünya azərbaycanlılarını təbrik edib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan xalqına 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni təqvim ili münasibəti ilə təbrik müraciəti ünvanlayıb.

Müraciətdə deyilir:
“Əziz həmvətənlər,

Tarixin amansız və ədalətsiz rüzgarlarının dünyanın dörd bir yanına səpələdiyi, öz dədə-baba torpaqlarında, yaxud başqa dövlətlərin ərazilərində yaşayan soydaşlarım,

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, qarşıdan gələn 2021-ci ildə hər birinizə möhkəm cansağlığı diləyir, xoş arzu və niyyətlərinizin həyata keçməsini arzulayıram.

2020-ci il hər birimizin yaddaşında və tarixdə çətin sınaqlar, məhrumiyyətlər və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin yenidən bərpa edildiyi şərəfli və ziddiyyətli il kimi qalacaq. Bu il ərzində əldə etdiyimiz ən böyük uğur müzəffər Azərbaycan Ordusunun işğalçını geriyə otuzdurması, erməni əsgərinin məğubedilməzlik mifinin Ermənistan ordusu kimi darmadağın edilməsi, qəhrəman Azərbaycan övladlarının öz Vətənlərinin hər qarışı üçün öldürməyə və ölməyə hazır olduğunun, döyüşkən ruhumuzun, cəsarətimizin, mücadilə əzmimizin bütün dünyaya nümayiş etdirilməsi, milli birliyimiz, həmrəyliyimizdir. 44 günlük Vətən müharibəsi ərzində iki dövlətin bir millətinin - Azərbaycan və Türkiyə türklərinin, minillərdən bəri bizimlə eyni taleyi, eyni Vətəni bölüşən qardaş xalqların, dünya azərbaycanlılarının həmrəyliyi 2020-ci ildə və bütün uzaq, yaxın tarix ərzində əldə etdiyimiz ən böyük nailiyyətdir. Bu birliyi Vətənimiz kimi qorumalı, sarsılmasına heç bir halda imkan verməməliyik. Çünki qarşıda çox böyük hədəflərimiz var. Vətən müharibəsində nümayiş etdirdiyimiz birlik, mübarizə əzmi, döyüş ruhu, soyuqqanlılıq, cəsarət bizim bütün hədəflərimizə varmaq gücündə olduğumuzun təsdiqidir. Şəhidlərimizin müqəddəs ruhu bizdən bu birliyi qorumağı, onların, uğrunda canlarını fəda etdikləri ali məqsədlərə çatmağımız üçün ağlımızla, ürəyimizlə, iradəmizlə çiyin-çiyinə dayanmağı tələb edir.

2020-ci ilin son günlərində tarix boyu Azərbaycanın bütövlüyü uğrunda canından keçən, müqəddəs üçrəngli bayrağımızı enməyə qoymayan şəhidlərimizi, milli məfkurə və dövlət adamlarımızı sayğıyla anırıq. Onların bizə miras qoyduğu Vətənə və hədəflərə sahiblənməli, mücadilə əzmimizə, milli birliyimizə kölgə düşməsinə imkan verməməliyik!

Şəhidlərimizə ucaldacağımız ən böyük və əbədi abidə BÜTÖV AZƏRBAYCANDIR!

Bu yolda hər birinizə uğurlar diləyirəm!

Tanrı yardımçımız olsun!

Allah Azərbaycanı qorusun!”