Sülhməramlılar ermənilərin mənafeyi üçün canfəşanlıq göstərir

Sülhməramlılar ermənilərin mənafeyi üçün canfəşanlıq göstərirQarabağda yerləşdirilmiş Rusiya sülhməramlılarının atəş hazırlığı təlimi keçirmələri nəyə gərəkdir? Axı sülhməramlıların əsas və birbaşa işi hərbi təlimlər keçirmək deyil. Onlar ilk növbədə bölgədə real sülhyaratma işləri ilə məşğul olmalıdırlar.

Xəbər saytlarında bildirilir ki, sözügedən təlimlərdə müxtəlif növ atıcı silahlardan istifadə olunub və Rusiya tərəfinin rəsmi açıqlamasına görə, sülhməramlılar bu təlimləri diversiya hücumlarına qarşı döyüş hazırlığı keçmək məqsədilə təşkil ediblər.

Ancaq reallıq budur ki, nə Azərbaycan hərbçiləri, nədəki hal-hazırda Qarabağda gizlənmiş erməni terror dəstələri və Ermənistan silahlı qüvvələrinin qalıqları Rusiya sülhməramlılarına qarşı diversiya hücumları təşkil etməyə hazırlaşmır. Odur ki, sülhməramlılar hərbi təlimlər təşkil etmək əvəzinə, real sülhün bərqərar edilməsi istiqamətində təcili və təxirəsalınmaz işlər görməlidirlər.

Fakt budur ki, 10 noyabr üçtərəfli atəşkəs razılaşmasının imzalanmasının üzərindən bir xeyli vaxt keçsə də, lakin Rusiya sülhməramlıları Dağlıq Qarabağdakı erməni terror dəstələrinin tərksilah edilməsi və Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycan ərazilərindən çıxarılması istiqamətində hələ ki heç bir iş görməyiblər. Erməni silahlıları Xankəndi küçələrində maneəsiz gəzib dolaşır, erməni diversantları isə Hadrut istiqamətində Azərbaycan hərbçilərinə qarşı xaincəsinə hücumlar təşkil edirlər. Ancaq Rusiya sülhməramlıları isə bütün bunları görməzdən gəlir, hadisələrə qarşı seyrçi mövqe nümayiş etdirirlər. Bu isə sülhməramlılıq anlayışına qəti zidd olan davranış nümunəsidir.

Biz hesab edirik ki, Rusiya sülhməramlıları birtərəfli mövqe tutmamalı və təkcə ermənilərin simpatiyasını qazanmağa səy göstərməməlidirlər. Onlar Azərbaycan torpaqlarında yerləşdiklərinə görə, ilk növbədə Azərbaycan ictimaiyyətinin sayğısını, etibarını qazanmağa cəhd göstərməlidirlər. Terrorçubaşı Araik Arutyunyanla illərin həsrətlisi kimi qucaqlaşıb öpüşən general Rüstəm Muradov bir az da bu haqda düşünsə yaxşı olar.

Bu yaxınlarda millət vəkili Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi rəy sorğusunun nəticələri də mənə elə gəlir ki, Rusiya sülhməramlılarını ciddi şəkildə düşündürməlidir. Təsadüfi deyil ki, sözügedən rəy sorğusunda iştirak edən respondentlərin cəmi 1%-i Rusiya sülhməramlılarının fəaliyyətinin müsbət nəticələnəciyinə inanır. Bu isə o deməkdir ki, hazırda Azərbaycan cəmiyyətində sülhməramlılara qarşı etimad göstəricisi həddindən artıq aşağıdır.

Bu da ilk növbədə Rusiya sülhməramlılarının ermənilərin mənafeyi üçün canfəşanlıq göstərmələrindən, erməni silahlılarının hələ də tərksilah edilməməsindən, sülhməramlıların keçirdikləri görüşlərdə və tədbirlərdə qondarma "dqr"in əski parçasının Rusiya bayrağı ilə yanaşı qoyulmasından və sair bu kimi hallardan qaynaqlanır. Lakin biz ümid edirik ki, sülhməramlılar tezliklə öz fəaliyyətlərində obyektivliyə və neytrallığa doğru dönüş yaradacaqlar.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının (MHP) sədri