Azərbaycan Ermənistana elə bir ağır zərbə vurub ki...

Azərbaycan Ermənistana elə bir ağır zərbə vurub ki...44 günlük müharibənin Azərbaycanın qələbəsi bu gün Ermənistan hakimiyyətini hələ də qorxu, çaxnaşma, qarşıdurma içində saxlamaqla yanaşı, acı etiraflara səbəb olub. Erməni xalqı baş nazir Paşinyanı dalana dirəyib, istefasını tələb edir. Səbəb – acı məğlubiyyət, minlərlə erməni gəncin ölümü, itkilər, Paşinyanın xalqını aldatması, üstəgəl sosial-iqtisadi durumun gündən-günə ağırlaşmasıdır. 30 il özünü “qalib” kimi hiss edən işğalçı ölkə 44gün içində Azərbaycan qarşısında diz çökdü. Bu acı məğlubiyyət Ermənistanı parçalnmaya gətirib çıxarıb, ölkə yeni ili faciələrlə qarşılayır.

Başda Paşinyan olmaqla, hakimiyyət rəsmiləri Ermənistanda əsaslı sosial, iqtisadi böhranın, xalqın gərgin mənəvi-psixoloji duruma düşdüyünü, ölkədə daxili qarşıdurmanın pik həddə çatdığını etiraf edirlər.

Mövzuyla bağlı Azərbaycan Liberal Demokrat Partiyasının sədri (ALDP) Fuad Əliyev BayMedia-ya açıqlamasında bildirib ki, Azərbaycanın müzəffər ordusunun işğalçıya üzərində qələbəsi bu gün bütün dünya erməniləri və onların havadarlarını hələ də şokda saxlamaqdadır: “İnanmırdırlar, ağıllarına belə gətirə bilmirdilər ki, Azərbaycan 44 gün ərzində işğal edilən bütün ərazilərini terrorçulardan təmizləyəcək. Okeanın o tayında da, bu tayında da rəsmi Bakının münaqişənin hərb yolu ilə həll edə biləcəyinə və bu məqsədlə riskə gedəcəyinə inanmırdılar. Amma Azərbaycan bunu sübut etdi, gücünü, iradəsini ortaya qoydu. Xalq-hakimiyyət-ordu birliyinin, həmrəylinin nəticəsində 30 il işğal altında saxlanılan bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalandı. Bu qələbə uzun illər Ermənistanı və onu himayə edən dövlətləri təşvişdə saxlayacaq”.

ALDP sədri qeyd edib ki, Sovet İttifaqı dağılandan bu yana işğalçı Ermənistanda həyat heç də öz axarıyla getməyib. Ölkə iqtisadi, sosial çətinliklərlə üzləşib, demoqrafik balans kəskin pisləşib. Ermənistanda gənclər arasında işsizlik yüksək səviyyədə olub, əhalinin artım tempi isə azalıb. Ermənistan əhalisinin sayı növbəti illərdə daha da azalacaq. Buna səbəb ölkədə yoxsulluğun səviyyəsinin artması, ölkə iqtisadiyyatının çökməsidir. Hazırda Ermənistanın xarici dövlət borcu ümumi daxili məhsulun 60 faizindən çoxdur. Bu isə ölkə iqtisadiyyatının tənəzzülü deməkdir. Bundan başqa, Azərbaycanla müharibədə Ermənistana bir neçə milyard ABŞ dolları civarında ziyan dəyib və bu da ölkə iqtisadiyyatını tamamilə dalana sürükləyib. Ölkə əhalisi vəziyyətdən çıxış yolunu yenə də ölkədən qaçmaqda, başqa dövlətlərdə iş axtarmaqda görür.

Müharibədəki məğlubiyyət və cəmiyyətdə yaranmış xaos, qorxu insanların xaricə axınını daha da artırıb: “Həmişə xalqına yalan vədlər verən hakimiyyət indi acı həqiqətləri etiraf etməyə başlayıb. Ermənistan prezidenti Armen Sarkisyan minlərlə gəncin ölümünün həm cəmiyyət, həm də onların ailələri üçün faciə olduğunu dilə gətirib. Bu faicə təkcə insan itkisi ilə deyil, bütün sahələrdə Ermənistanı cənginə alıb. Səhiyyə, maliyyə, iqtisadi, psixoloji, humanitar və s. - bütün sahələrdə böhrandır. Ağır məğlubiyyət yükünü təkcə Ermənistanın bugünkü nəsli deyil, gələcək nəsil də daşıyacaq. Ermənistana elə bir ağır zərbə vurulub ki, 15-20 ilə çətin özünə gələ bilsin. Ermənistanın bu duruma düşməsinin əsas səbəbi isə onun rəhbərlərinin apardığı işğalçılıq siyasəti, Azərbaycanın məqsədyönlü siyasi kursu və möhtəşəm qələbəsidir”.

Fuad Əliyev bildirib ki, bu vaxtadək Ermənistana demokratik düşüncəli insan rəhbərlik etməyib. Onun sözlərinə görə, terror siyasəti yürüdən ölkənin rəhbərləri də heç vaxt azad fikirli, humanist, sülhpərvər ola bilməzlər: “Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan1988–ci ildən Qarabağı Azərbaycandan qoparmaq üçün erməni millətçilərinin yaratdığı "Qarabağ komitəsi"nin üzvü və "Erməni İctimai Hərəkatı"nın rəhbərlərindən biri olub.

Robert Köçəryan da 1988-ci ildən Qarabağda erməni millətçilərinin başlatdığı “Miatsum” hərəkatına qoşulub və bir müddət sonra separatçıların liderlərindən birinə çevrilib.

Köçәryan azərbaycanlı əhaliyə qarşı qırğınlar törədən Qarabağ ermənilərinin və erməni diasporunun təşkil etdiyi silahlı dəstələrə başçılıq edib.
Köçəryandan sonra Ermənistanda hakimiyyətə gələn Serj Səkisyan da 1989-cu ildən 1993-cü ilə kimi separatçı "Dağlıq Qarabağ Respublikası"nın özünümüdafiə qüvvələri komitəsinə rəhbərlik edib. Bu gün isə işğalşı ölkənin başında Paşinyan durur. Həbsdə olan bu adam inqilab yolu ilə hakimiyyəti ələ keçirib. Paşinyan da Ermənistanda Qarabağ hərəkatı zamanı 1988-ci ildə tələbə etirazları, yürüşləri və nümayişlərini təşkil edib. Fikir verin, bu şəxslər nə ölkələrinə, nə də ermənilərə bir xeyir gətirməyiblər. İnsanların faciəsi üzərindən hakimiyyəti ələ keçiriblər, Azərbaycan torpaqlarının işğalında iştirak ediblər, azərbaycanlılara qarşı soyqırım həyata keçiriblər. Belələri heç vaxt dövləti demokratik yolla idarə edə bilməzdilər. Çünki təfəkkürlərinə terror, işğalçılıq siyasəti hopub. Bu gün Ermənistanın acınacaqlı duruma düşməsində onların rolu böyükdür”.

Fuad Əliyevin fikrincə, terrorçu, küçədən gətirilən “lider”lərin hakimiyyəti zəbt etməsi bu gün Ermənistanı fəlakətlə üz-üzə qoyub: “Çıxış yolu, məğlubiyyətdən nəticə çıxarmaqdır. Ölkədə demokratik seçkilər keçirilməlidir, Ermənistan qonşularla münasibətlərini normallaşdırmalıdır, işğalçılıq siyasətindən, torpaq iddialarından əl çəkməlidir, kölə olmamalıdır, başqa dövlətin əlinə baxmamalıdır. Amma fikrimcə, bu Ermənistan üçün ağır prinsiplərdir. Çünki, ermənilər başqa dövlətlərin qoltuğuna sığınmadan ayaq üstə dura bilməzlər”.