Sizin Reklam Burada

"Suverenliyimizin və ərazi bütövlüyümüzün qeydinə özümüz qalmalıyıq"

"Suverenliyimizin və ərazi bütövlüyümüzün qeydinə özümüz qalmalıyıq"Rusiya sülhməramlılarının Qarabağda xəritə oyunu ilə məşğul olmaları absurddur və onların bu hərəkəti sülhməramlı missiyasının kriterlərinə, eləcə də 10 noyabr atəşkəs razılaşmasının müddəalarına tamamilə ziddir. Bu sülhməramlılara heç kim belə bir səlahiyyət verməyib. Onların Hadrut ətrafındakı erməni terrorçularının təhrikçi, təxribatçı hərəkətlərinə göz yumması və özlərindən yeni xəritə “icad” etmələri birmənalı şəkildə Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında bağlanmış bəyanatın pozulmasına xidmət edir. Həmin xəritədə Xocavənd rayonunun Hadrut qəsəbəsinin Köhnə Tağlar və Çaylaqqala kəndləri rus sülhməramlılarının nəzarətində olan ərazilər kimi qeyd edilib. Ancaq noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış müqaviləyə əsasən həmin kəndlər birbaşa Azərbaycanın nəzarəti altında olan ərazi kimi göstərilib.

Çünki həmin kəndlər 44 günlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilib. Yəni ki, bu kəndlər heç bir halda Rusiya sülhməramlılarının nəzarət zonasına daxil deyildi. Rusiya sülhməramlılarının əvvəldən razılaşdırılmış formatda 23 məntəqədə postları olmalı idi. Əlavə olaraq yeni postların yaradılmasına sülhməramlılar özbaşına qərar verə bilməzlər. Həmin kəndlərin yeni xəritəyə salınması qəti şəkildə yolverilməzdir. Rusiya sülhməramlılarının bu hərəkəti açıq-aydın özbaşınalıq və fürsətçilikdir. Onlar öz səlahiyyət həddini aşaraq bölgədəki prosesləri, reallıqları ermənilərin xeyrinə dəyişməyə cəhd göstərirlər.

Həmin kəndlərdə Ermənistan silahlı qüvvələrinə məxsus bir neçə qrupun guya yolunu azması və bununla əlaqədar Rusiya sülhməramlılarına müraciət etməsi, sülhməramlıların da məhz bu müraciətdən sonra həmin ərazidəki erməni hərbçilərə kömək edib onları vəziyyətdən çıxarması da hamısı quramadır, oyundur. Onlar bu oyunu öncədən planlaşdırıblar. Əslində Köhnə Tağlar və Çaylaqqala kəndlərində olan erməni qruplaşması heç də azmayıb, itkin də düşməyib. Əksinə, onlar son bir ay ərzində yaranmış sakitçilikdən istifadə edib orada öz istehkamlarını daha da möhkəmləndiriblər. Sonra da Azərbaycan Ordusuna qarşı hücum təşkil etdilər. Bu hücum nəticəsində bir neçə hərbçimiz şəhid oldu, eləcə də, “Azercell”in bir işçisi yaralandı. Lakin Rusiya sülhməramlıları bütün bunların fonunda özlərini guya heç nə baş verməyibmiş kimi aparırlar. Əgər biz eyni hücumları ermənilərə qarşı təşkil etsəydik, indi siz təsəvvür edin həmin sülhməramlılar necə isterika yaradar, necə böyük hay-küy qoparardılar. Bu isə o deməkdir ki, sülhməramlılar öz missiyalarını “ikili standartlar” üzərindən həyata keçirir, neytrallıq prinsipini kobud şəkildə pozurlar.

Əlbəttə, biz bütövlükdə sülhməramlı missiyasının əleyhinə deyilik. İndiki həssas durumda Rusiya sülhməramlılıq, sülhyaratma missiyasını öz üzərinə götürmüş bir ölkə kimi Azərbaycanla Ermənistan arasında qalıcı sülhün bərqərar olmasında, oturuşmasında çox önəmli, müsbət rol oynaya bilər. Biz buna şübhə etmirik. Lakin biz konkret olaraq Rusiya sülhməramlılarının hazırki məqamda öz səlahiyyət çərçivələrini aşmalarının, özlərindən xəritə tərtib etmələrinin, sonradan həmin xəritəni təkrar dəyişmələrinin, onların Azərbaycan ərazilərində qalmış erməni silahlıları ilə sıcaq münasibət qurmalarının, əlbir olmalarının əleyhinəyik. Biz sülhməramlıların Xankəndində, Xocavənddə və ətraf ərazilərdə qalmış ermənilərin yenidən silahlanmalarına göz yummalarına etirazımızı bildiririk. Biz bu sülhməramlıların Azərbaycan hərbçilərinə qarşı ermənilər tərəfindən hücum təşkil edilməsinə seyrçi qalmalarından narazıyıq. Bu sülhməramlılıq deyil. Əsl sülhməramlı missiyası belə olmur.

Son günlər baş verən hadisələr onu göstərir ki, Rusiya sülhməramlıları və Ermənistan tərəfi məlum Bəyanatın müvafiq müddəalarına əməl etmək istəmirlər. Və onların arasında hansısa bir işbirliyi, məxfi razılaşma var. Odur ki, biz öz suverenliyimizin və ərazi bütövlüyümüzün qeydinə özümüz qalmalıyıq. Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin silahlı erməni qalıqlarının mövcud olduğu ərazilərdə antiterror əməliyyatları aparmağa tam ixtiyarları var. Bundan əvvəl rəsmi Bakı dəfələrlə qeyd etmişdi ki, erməni silahlıları bu ərazilərdən çıxarılmalıdır, lakin Rusiya tərəfi isə bunu qulaqardına vururdu. Ona görə də son nəticədə Azərbyacanın Xüsusi Təyinatlıları o kəndlərdə antiterror əməliyyatı keçirməli oldu və o kəndləri nəzarətə götürdü. İndi Hadrutun Azərbaycan Ordusu yerləşən hissəsində Rusiya sülhməramlıları gətirib öz blok-postlarını qura bilməzlər. Lakin onlar buna cəhd göstərirlər. Biz Rusiya sülhməramlılarının bu cür açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirməsini qınayırıq. Eyni zamanda onları öz mandatlarından kənara çıxmamağa dəvət edirik. Sizin xəritə oyunlarınız son nəticədə Azərbaycan ictimaiyyətində Rusiyaya qarşı inamın, etimadın azalmasına səbəb olur. Əgər gerçək sülhməramlı ola bilmirsinizsə və yaxud, olmaq istəmirsinizsə, o zaman kənara çəkilin!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər