"Fransa özünü demokratiyanın qatili kimi aparır"

"Fransa özünü demokratiyanın qatili kimi aparır"Avropa Birliyi (AB) Gürcüstan və Ukrayna münaqişələrində Rusiyaya uduzandan, Suriya, Liviya, Livan, Şərqi Aralıq dənizi və Qərbi Afrika cəbhələrində isə Türkiyəyə məğlub olandan sonra, indi də özünün əsas aparıcı üzvünün - Fransanın timsalında Güney Qafqaz bölgəsində mövqelərini möhkəmləndirməyə çalışır. Lakin AB burada da eyni vaxtda iki ciddi rəqiblə - Rusiya və Türkiyə ilə üzləşməli olur.

Fransa Senatının 25 noyabrda qondarma "dqr"in tanınması zərurəti barədə 145 saylı qətnaməni qəbul etməsini AB-nin Cənubi Qafqazda revanşı kimi, təşəbbüsü ələ almaq və proseslərin iştirakçısına çevrilmək cəhdi kimi də dəyərləndirmək olar. Ancaq Azərbaycanın məşhur bir zərb-məsəlində deyildiyi kimi "daldan atılan daş" hazırda Fransanın və AB-nin öz "ayağına" dəyir. Yəni ki, Senatın məlum qərarı qəbul etməsi onsuz da 10 noyabrda imzalan üçtərəfli Bəyanatın yaratdığı reallıqları dəyişmək iqtidarında deyil. Tam əksinə, Senatın bu qərarı Fransa-Azərbaycan və AB-Azərbaycan münasibətlərinə ciddi zərbə vurur.

Üstəgəl, Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi öz neytrallığını qoruya bilmədiyinə və münaqişə tərəflərindən birini - işğalçı Ermənistanı açıq-aşkar dəstəklədiyinə görə öz etibarını və həmsədrlik missiyasını davam etdirmək haqqını itirir. İşğalçını nümayişkaranə şəkildə müdafiə edən və separatçılığı dəstəkləyən bir ölkə heç bir halda vasitəçi ola bilməz. Bu mənada, Makronun Fransanın həmsədr statusunu davam etdirməyə cəhd göstərməsi siyasi reketlikdir. BMT və ATƏT Makron Fransasının "cəngəllik qanunları" ilə hərəkət etməsinə və BMT-nin məlum qətnamələrinə saymazyanalıq göstərməsinə göz yummamalıdır.

Həmçinin, AB-nin qlobal siyasətini formalaşdıran dairələr Fransanın islamafob, anti-Türkiyə və anti-Azərbaycan addımlarının son nəticədə Qərb dəyərlərinin, Avropanın demokratiya, ədalət prinsiplərinin gözdən düşməsinə, tamamilə dəyərsizləşməsinə səbəb olacağı perspektivini də nəzərə alsınlar. Universal dəyərləri bu dərəcədə kobud şəkildə "çeynəmək" və ayaqlar altına atmaq olmaz. Özünü "demokratiyanın beşiyi" sayan Fransa hazırda özünü DEMOKRATİYANIN QATİLİ kimi aparır.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri