Bütün mübarizələrin önündə... - Süleyman İsmayılbəyli yazır

Bütün mübarizələrin önündə... - Süleyman İsmayılbəyli yazırNə üçün hər bir istiqamətlərdə apardığımız mübarizədə əsas yük Cənab Prezidentin çiyinləri üzərinə düşməlidir?

Növbəti erməni təxribatı və bu təxribatın qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun başlamış olduğu əks-hücum əməliyyatının 1 ayı tamam olur. Ötən 1 ay müddətində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində uzun illər erməni işğalı altında olan bir sıra şəhər və rayonlarımız, yaşayış məntəqələrimiz və strateji əhəmiyyətli yüksəkliklərimiz azad olunub, düşmən bütün cəbhə boyu geri çəkilməyə məcbur edilib.

Son 1 ay ərzində yaşadıqlarımız, xalq olaraq aldığımız xoş xəbərlər və uzun illər ərzində işğal altında olan ərazilərimizin azad edilməsi müjdəsi bizləri nə qədər sevindirsə də, Azərbaycanın haqq işi uğrunda başladığı mübarizəyə mane olmağa çalışanların, bunun üçün ölkəmizə təzyiq göstərmək istəyində olanların davranışları, ortaya qoyduqları ədalətsiz, qərəzli münasibət də bizləri o qədər məyus edib, hətta qəzəbləndirib, hiddətə gətirib.

Ötən 1 ay müddətində müşahidə etdiklərimiz, qarşılaşdığımız proseslər, situasiya bir reallığı da ortaya qoydu ki, etiraf etsək də, etməsək də hələ də bir sıra sahələrdə çatışmamazlıqlarımız var. Həm də bu çatışmamazlıqlarda bizlərin, vətəndaş olaraq əksəriyyətimizin günahı var. Əgər bu gün beynəlxalq aləmdə, xarici kütləvi informasiya vasitələrinin bəzilərində Azərbaycana qarşı qərəzli münasibət varsa və bu qərəz, ədalətsizlik hər addımda özünü büruzə verir, hətta Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə müsahibələr zamanı belə xarici media təmsilçilərinin mövqeyindən açıq-aydın sezilirsə, deməli belə bir mənzərənin mövcud olmasında biz media təmsilçiləri də müəyyən mənada günahkardır. Yaxud Avropanın, Qərbin, eləcə də digər ölkələrin siyasi təsisatları, partiya və digər bu tipli təşkilatlarında Azərbaycana qarşı münasibət istədiyimiz səviyyədə deyilsə, bunda ölkədə fəaliyyət göstərən siyasi partiyaları qınamaq yerinə düşər. Eyni fikri qeyri-hökumət təşkilatları barədə də söyləmək mümkündür.

Məhz adlarını çəkdiyim təşkilat və qurumların, KİV-lərin yetərli fəaliyyət göstərməməsinin nəticəsidir ki, Azərbaycana qarşı bəzi məqamlarda mənfi münasibət, qərəzli yanaşma özünü büruzə verir. Bütün bu mənfi elementlərə, problemlərə qarşı dayanan, əzmlə mübarizə aparan və onları zərərsizləşdirən isə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevdir. Bu gün Cənab Prezident Ali Baş Komandan kimi döyüş meydanında gedən uğurlu əks-hücum əməliyyatlarına rəhbərlik etdiyi və yeni zəfərlərə imza atdığı kimi, informasiya cəbhəsində də fəal mübarizə aparır, Azərbaycana qarşı bəzi xarici KİV-lərdə özünü büruzə verən mənfi elementləri zərərsizləşdirə bilir. Eyni zamanda dövlət başçısı Qərbdəki, Avropadakı bəzi siyasi təsisatların ölkəmizə qarşı yönəlik təzyiqlərini neytrallaşdıra, haqlı mövqeyimizi dünyaya çatdıra bilir.

Ancaq bütün bunları müşahidə edərkən haqlı olaraq ortaya belə bir sual çıxır? Nə üçün bütün istiqamətlərdə apardığımız mübarizədə əsas yük Cənab Prezidentin çiyinləri üzərinə düşməlidir? Nə üçün istər siyasi, istər media, istərsə də digər istiqamətlərdə Azərbaycana yönəlik təzyiqləri, qərəzli münasibəti yalnız dövlət başçısı zərərsizləşdirməlidir? O zaman ölkədəki siyasi təsisatların, QHT-lərin, bəzi deputatların, eləcə də KİV-lərin fəaliyyəti, işi nədən ibarətdir?. Axı ölkədə adlarını çəkdiyimiz təşkilat və qurumlara, KİV-lərə kifayət qədər dövlət qayğısı var. Son illərdə qeyd etdiyimiz istiqamətlərdə müsbət tendensiya daha çox özünü büruzə verir. Məsələn, götürək siyasi partiya və ictimai birliklərlə iş və bu sahəyə göstərilən dövlət qayğısını. Heç kimə sirr deyil ki, 2016-cı il referendumundan sonra Azərbaycanda yeni bir siyasi mərhələ başlayıb və bu mərhələdə dövlət, hakimiyyətlə siyasi partiyalar, ictimai birliklər arasında sıx əməkdaşlıq elementləri özünü göstərir.

Hakimiyyət siyasi partiyaların uzun illər yığılıb qalan problemlərini həll edir, bir çox partiyaların dövlət qeydiyyatı problemini müsbət mənada həll edir. Müntəzəm olaraq Prezident Administrasiyasında yaradılmış müvafiq şöbənin rəhbəri siyasi partiya rəhbərləri ilə görüşüb onların qayğıları ilə maraqlanır. Yəni ölkədə yeni bir siyasi proses başlayıb. Düzdür, siyasi partiyalar da öz növbəsində hakimiyyətin əməkdaşlıq mühitinin yaxşılaşdırılması istiqamətində atdığı addımlara bəzi hallarda adekvat reaksiya verir. Elə cəbhədə əks=hücum əməliyyatları başlayan ərəfədə ölkədə fəaliyyət göstərən 50-dən artıq siyasi partiyanın birgə bəyanat imzalayaraq Ali Baş Komandanın, dövlət başçısı və dövlətin yanında olmasını bildirməsi bunun əyani sübutudur.

Ancaq onu da etiraf etmək lazımdır ki, yalnız quru bəyanatlar, KİV-lərdə mövqe bildirmək və s. fəaliyyətlərlə hakimiyyətin əməkdaşlıq jestinə adekvat münasibət sərgiləmək kifayət etmir. Bəlkə də yanılıram, indiyə qədər hansısa siyasi partiya rəhbəri beynəlxalq səviyyədə əməkdaşlıq etdiyi tərəfdaşı ilə Azərbaycanın problemini müzakirə edib, erməni təcavüzü barədə ona məlumat veribmi? Yaxud mövcud problemlə əlaqədar istər Bakıda, istərsə də hansısa xarici ölkədə dəyirmi masa, tədbir təşkil edibmi? Hesab edirəm ki, yox. Hətta deyərdim ki, əksər siyasi partiyaların heç birinin beynəlxalq səviyyədə əməkdaşlığı yoxdur. O cümlədən hər hansı partiya rəhbərinin, funksionerinin indiyə qədər xarici mediada Qarabağ problemi, Ermənistanın təcavüzkar siyasəti barədə yazısının dərc edilməsi barədə məlumatsızam. Məgər bu da çətin işdirmi? Eyni problemi QHT-lər barədə də söyləmək mümkündür. Bir neçə QHT-ni çıxmaq şərtilə yerdə qalan bütün vətəndaş cəmiyyəti nümayəndələri QHT Şurasından aldıqları maliyyə dəstəyini paytaxt və respublikanın digər rayonlarında ənənəvi tədbirlər keçirməyə, Qarabağ problemini özümüzə anlatmağa üstünlük veriblər. Təəssüflər olsun ki, Biləcəridən kənara çıxmağa lüzum görməyiblər. Ən yaxşı halda xaricdəki tərəfdaşları ilə ümumilli hüzn günlərində ortaq tədbir təşkil ediblər.

Elə KİV-lərdə də vəziyyət ürəkaçan deyil. Etiraf etmək lazımdır ki, Azərbaycan dövlətinin, şəxsən dövlət başçısının xüsusi diqqət və qayğı göstərdiyi sahələrdən biri də media sahəsidir. Ötən illərdə dövlət qayğısı nəticəsində KİV-lərimiz kifayət qədər inkişaf edib. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu inkişaf yalnız daxillə kifayətlənib və xaricə çıxış elementləri özünü büruzə verməyib. Bəlkə də yazdıqlarım bir çox həmkarlarımın xətrinə dəyər, ancaq mövcud reallıq ondan ibarətdir. Mən daxil olmaqıla KİV-lərdə çalışan media təmsilçilərimizin mütləq əksəriyyyəti ölkəmizin üzləşdiyi erməni təcavüzü barədə xarici KİV-lərə çıxmağa, yazılar, məqalələr dərc etməyə maraqlı olmayıblar. Siyasi partiya və QHT-ləri bəlkə başa düşmək olar. Ancaq biz jurnalistlər üçün bu daha asandır və əgər istəsək əksər ölkələrin KİV-lərində bu tipli yazıların dərcinə nail ola bilıərik. Düzdür, məhdud sayda həmkarlarımız var ki, bunu edir. Ancaq həmin say mənsub olduğumuz çoxluğun içərisində itib-batir. Beləliklə, beynəlxalq media şəbəkəsində Azərbaycan əleyhinə münasibət formalaşır və biz də ancaq həmin şəbəkəni qınamaqla məşğul oluruq. Real bir iş görmək əvəzinə.

Bütün bunların nəticəsidir ki, Azərbaycan Prezidenti bütün cəbhələrdə təkbaşına döyüşür, ölkəmizə qarşı yönəlik təzyiq və təsirləri yalnız özü zərərsizləşdirir. Düşünürəm ki, ötən bir ay ərzində yaşadıqlarımız, üzləşdiyimiz qərəzli münasibət, beynəlxalq təzyiq və təsirlər hər birimiz üçün dərs olmalıdır.

Süleyman İsmayılbəyli
Milli Vəhdət Partiyasının sədr müavini