"Azərbaycanın hər hansı xarici hərbi gücə ehtiyacı yoxdur"

"Azərbaycanın hər hansı xarici hərbi gücə ehtiyacı yoxdur"“Əcnəbilərə ehtiyacımız yoxdur, Vətənimizi azad edənlər Azərbaycan əsgərləri və zabitləridir!”

“Bu gün İkinci Qarabağ müharibəsinin başlanma səbəbi və tarixçəsilə bağlı işğalçı ölkə hər nə qədər bəhanə və ittihamlar səsləndirsə də, reallıq ondan ibarətdir ki, sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçdi. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi...”

Avrasiya.net xəbər verir ki, bunu “AzPolitika.info”-ya açıqlamasında millət vəkili Sadiq Qurbanov bildirib.

S.Qurbanov qeyd edib ki, üç aya yaxın müddətdə davam edən erməni təxribatlarının məqsədi yeni ərazilərin işğalı və Azərbaycanın beynəlxalq əhəmiyyətli enerji nəqli infrastukturunu təhdid altında saxlamaq, hətta ona nəzarti ələ keçirmək idi: "Beynəlxalq müşahidəçilərin və ekspertlərin rəyi də göstərir ki, Ermənistan Azərbaycana qarşı hücum edib və məqsəd yeni ərazilərin işğalı olub. Ermənilər dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər. Trans-Adriatik boru kəməri demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir və Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək, bununla da Azərbaycanı, həmçinin Avropa istehlakçılarını şantaj etmək idi. Həmin vaxt Azərbaycan tərəfindən onlara ciddi cavab verildi.

Nəzərə almaq lazımdır ki, Azərbaycanın infrastruktur layihələrinə yatırdığı sərmayələr nəqliyyat üzrə çox geniş beynəlxalq əməkdaşlıq formatının yaradılması ilə nəticələnib. Heç kimə sirr deyil ki, Azərbaycandan keçən neft və qaz kəmərləri artıq çox mühüm enerji təhlükəsizliyi mənbəyinə çevrilib. Həmçinin, Azərbaycan informasiya texnologiyaları sektoruna böyük sərmayələr yatırır və bunun nəticəsində Azərbaycanda internetdən istifadə təqribən 80 faizdir. Əlbəttə ki, həm də coğrafi və infrastruktur nöqteyi-nəzərdən Azərbaycan bu gün çox vacib regional tərəfdir.”

Ermənistanın planlarının Azərbaycan dövləti və Ordusu tərəfindən vaxtında pozulduğunu bildirən millət vəkili qeyd etdi ki, artıq ermənilərin döyüş meydanından qaçmaqdan başqa çarəsi qalmayıb: “Günümüzün xoş reallığı ondan ibarətdir ki, məmləkətimizdə hər gün azad edilmiş yeni şəhər və kəndlər haqqında məlumat verilir. Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığını və potensialını nümayiş etdirir. Ermənistan döyüş meydanında məğlub olur və qaçmaq məcburiyyətindədir. Artıq İranla beynəlxalq sərhəd bərpa edilib. Bu sərhədin 130 kilometrdən çox hissəsi işğal atlında idi.

Ermənistan hərbi əməliyyatların aktiv fazası başlayandan sonra əldə olunan atəşkəsi üç dəfə pozub. Onlar birinci dəfə oktyabrın 10-da atəşkəsi kobud şəkildə pozaraq gecə vaxtı Gəncə şəhərinə ballistik raket atıblar, ikinci dəfə bunu oktyabrın 17-də ediblər, bu gün yenə atəşkəsi pozurlar. Azərbaycanın mövqeyi isə ondan ibarətdir ki, razılaşmalara və beynəlxalq hüququn tələblərinə riayət olunmadıqca torpaqların hərbi yolla azad olunması davam edəcək.”

S.Qurbanov düşmənin dezinformasiya cəhdlərinin də uğursuzluğa düçar olduğunu qeyd edərək, Türkiyənin bu münaqişədə iştirakına dair heç bir dəlil ortaya qoyulmadığını vurğuladı: “Ermənistanınsa gücü dezinformasiya yaymağa çatır. Bu, Türkiyənin regiondakı rolu və digər məsələlərlə bağlı məlumatlarda da özünü əks etdirir. Ölkə başçısının da dediyi kimi, Türkiyənin F-16 qırıcı təyyarələri ona görə Azərbaycandadır ki, toqquşmalar başlamadan öncə birgə hərbi təlimdə iştirak edirdilər və onlar yerdədilər, səmada deyillər. Ermənistanın Su-25 təyyarəsi isə dağa çırpıldığı halda onlar bunu guya Türkiyə F-16 qırıcı təyyarəsi tərəfindən vurulduğu kimi qələmə verməyə çalışırdılar. Bu, münaqişənin ilk günlərində, sentyabrda baş verib. Ermənilərsə oktyabrın 10-da ballistik raketlərlə Gəncəyə hücum ediblər. Bu, beynəlxalq terror əməli idi, Gəncəyə edilən bu hücumlara haqq qazandırmaq olmaz və onlar buna görə mütləq məsuliyyət daşıyacaqlar.

O da qeyd edilməlidir ki, bütün iddia və dezinformasiyalara rəğmən Türkiyənin bu münaqişədə iştirakına dair heç bir sübut yoxdur. Və bütün qərəzli iddialara baxmayaraq, reallıq göstərir ki, Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu, dezinformasiyadır. Toqquşmalar başlayandan keçən müddətdə nə Fransadan, nə də Rusiyadan bu iddialarla bağlı heç bir dəlil, sübut təqdim olunmayıb.”

Azərbaycanın hər hansı xarici hərbi gücə ehtiyacının olmadığını xatırladan S.Qurbanov ölkəmizin özünün düşməni qat-qat üstələyən nizami ordusunun olduğuna və öz vəsaitləri hesabına yetərincə silah və hərbi avadanlıqla təmin olunduğuna diqqət çəkdi: “Azərbaycana əcnəbilər lazım deyil, çünki Azərbaycanın 100 min nəfərdən ibarət nizami ordusu, müasir avadanlığı və 30 ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanları var.

Silahlanma səviyyəsi, bu silahların mənşəyi və tərəflərin döyüş zonasındakı hərbi potensialına gəldikdə, dövlət başçısının qeyd etdiyim kimi, Azərbaycana hərbi avadanlığı ən çox tədarük edən heç də Türkiyə və İsrail deyil. Bu ölkə Rusiyadır. Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyadan aldığı silahlara görə pul ödəyir və əlbəttə ki, bu gün Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə kömək edən müasir silahları almaq imkanı var!”

İranın son zamanlar tez-tez sərhəddəki durumla bağlı narazılıqlarına gəlincə, S.Qurbanov Azərbaycan Ordusunun şanlı zəfəri sayəsində artıq bu narahatlığa əsas qalmadığını bildirdi: “Bu məsələdə İran faktoru da nəzərə alınmalıdır. İranın rəhbərləri Azərbaycan və Ermənistan tərəfi ilə əlaqə yaradıb, çünki toqquşmalar İranla sərhəd olan Araz çayının yaxınlığında gedirdi və təsadüfən mərmilərin bəziləri sərhədi keçirdi. Lakin bu gün Azərbaycan-İran sərhədi erməni işğalçılarından tamamilə təmizlənib. Buna görə orada artıq heç bir toqquşma baş vermir və Araz çayının o biri tərəfində - İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacaq.”

Vasitəçilərin 28 illik yarıtmaz fəaliyyətinə də toxunan millət vəkili qeyd etdi ki, bu günə qədər həmsədr ölkələr Ermənistana işğala son qoyması üçün hər hansı ciddi təzyiq göstərməyiblər və bu səbəbdən Azərbaycana ədaləti güc yolu ilə bərpa etməkdən başqa seçim qoymayıblar: “Əlbəttə ki, ATƏT-in Minsk Qrupu hadisələrin tam mərkəzində olmalı olan təşkilatdır. Həmsədr ölkələri 28 ildir ki, heç bir nəticə olmadan vasitəçilik etməyə və tərəflərə həll yolunu tapmağa kömək etməyə çalışırlar. Bu üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləridir. Onlar Azərbaycanın istinad etdiyi və erməni qoşunlarının çıxarılmasını tələb edən qətnamələri qəbul edib. Lakin onlar işğal olunmuş əraziləri boşaltmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün Ermənistana kifayət qədər beynəlxalq təzyiq göstərməyiblər. Buna görə də Ermənistanın növbəti hərbi hücumundan sonra Azərbaycan özünü müdafiə etməli və ədaləti güc yolu ilə qorumalı idi. Bunu da uğurla edir!

Vasitəçilərə gəlincə, Amerika Birləşmiş Ştatları, Rusiya və Fransadan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə bağlı indiyədək heç bir plan təqdim olunmayıb və oluna da bilməzdi. Çünki bu torpaqlar Azətrbaycanın suveren ərazilərinə daxildir. Sülh planında isə bənd var ki, Dağlıq Qarabağın ətrafında yerləşən, 700 mindən çox azərbaycanlının yaşadığı işğal olunmuş bütün ərazilər Azərbaycana qaytarılmalıdır, vəssalam!”

Nəhayət, qardaş Türkiyənin bu haqq savaşında Azərbaycanın yanında olmasının müstəsna məna kəsb etdiyini bildirən S.Qurbanov yenə də son sözü döyüş meydanında Azərbaycan əsgərinin dediyini vurğuladı: “Bir daha bu prosesdə Türkiyənin xüsusi rolunun olduğu qeyd edilməlidir. Bütün dünya ictimaiyyətinin gözü qarşısında Rəcəb Tayyib Ərdoğan hələ ilk gündən Azərbaycana güclü dəstəyini açıq şəkildə ifadə etdi. Bu, çox güclü siyasi dəstəkdir və buna görə çox minnətdarıq. Bununla yanaşı, bütün dünya bilməlidir ki, bu gün Azərbaycan döyüş meydanında nə edirsə özü edir. Bəli, bunu müasir silahlarla, avadanlıqlarla edir. Lakin hər kəs bilməlidir ki, Vətənimizi azad edən əsas qəhrəmanlar Azərbaycan əsgərləri və zabitləridir!”