Ermənistanın nə qədər silahı qalıb? - Statistika

Ermənistanın nə qədər silahı qalıb? - StatistikaPrezident İlham Əliyev xalqa növbəti müraciətində düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikaları barədə məlumatı açıqlayıb.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev müraciəti zamanı Azərbaycan Ordusunun külli miqdarda döyüş texnikası məhv etməsinə rəğmən bəzi ölkələrin Ermənistanı yenə də silahla təchiz etdiyini bildirib.

Məsələnin aktuallığını nəzərə alaraq, hazırda Ermənistan ordusunda qalan hərbi texnikanın miqdarını təqdim edirik. Onu da qeyd edək ki, siyahı müharibədən öncə açıq mənbələrdən (Global Firepower) əldə edilən rəqəmlər əsasında hazırlanıb və bəzi dövlətlərin qeyri-leqal yollarla düşmənə göndərdiyi texnikanın miqdarı nəzərə alınmayıb.

Beləliklə, əslində Ermənistan ordusunun arsenalında qalmalı olan hərbi texnikanın miqdarı:

Tank – 15 ədəd.

Ermənistan ordusunda müharibəyə qədər 320 tank olub. Onlardan 277-sini T-72, 42-sini T-55, 1-ni isə T-90C təşkil edib. Azərbaycan rəsmən bu tanklardan 252-sini məhv edib, 53-nü isə hərbi qənimət kimi götürüb.

PDM – 671 ədəd.

Müharibəyə qədər 750 ədəd (158 ədəd PDM 2, 247 PDM-1, 17 BRM-1K, 120 BRDM -2, 10 BMD-1, 114 BTR 80, 63 BTR-70, 19 BTR-60) olub. Azərbaycan ordusu tərəfindən 50-si məhv edilib, 29-u hərbi qənimət kimi götürülüb.

Yedəkli artilleriya – Müharibəyə qədər açıq mənbələrdə Ermənistanda 200 ədəd yedəkli artilleriya (26 152 mm 2A36 Qiasint B, 34 152 mm D-20, 2 152 mm D-1 haubitsa, 69 122 mm D-30 topu, 36 100 mm MT-12 topu, 35 85 mm D-44 topu) olduğu göstərilib. Azərbaycanın məhv etdiyi bu tip artilleriya sayı təsdiq edir ki, Ermənistan vəsait çatışmazlığına rəğmən qeyri-leqal yollarla əlavə artilleriya qurğuları əldə edib. Rəsmi Bakı indiyə qədər 251 ədəd müxtəlif çaplı topu məhv etdiyini, 24-nü isə qənimət kimi götürdüyünü bildirib.

Reaktiv yaylım atəşi sistemləri

Müharibəyə qədər Ermənistanda 70 ədəd (6 ədəd AR1A, 4 ədəd WM-80, 47 ədəd BM-21 Qrad) bu tip sistem olduğu bəlli olub. Bu sistemlərin adətən Rusiya və Çinə aid olduğu qeyd edilib. Halbuki rəsmi Bakı döyüş meydanında 82 ədəd Qrad qurğusu məhv etdiyini açıqlayıb. Bu isə yenidən Ermənistana gizli silah dəstəyi faktoru halda düşünməyə əsaslar yaradıb.

Bununla bəzi mənbələr Ermənistan ordusunda 91 ədəd BM-21-Qradın olduğunu iddia ediblər. Onların rəqəmlərinə əsasən, bu texnikanın 44 ədədi sadəcə Qarabağda yerləşdirilib və separatçı rejimin “ordusunun” balansına verilib.

Rəsmi Bakı 1 ədər TOS məhv etdiyini açıqlayıb.

Açıq mənbələrdə TOS-ların Ermənistan hərbi arsenalında sayının nə qədər olması haqqında məlumat yoxdur. Bilinən odur ki, Ermənistan bu sistemləri Rusiyadan Aprel döyüşlərindən sonra alıb. Belə ki, Moskva onları Ermənistana İrəvana verdiyi 200 milyon dollarlıq hərbi kredit hesabına tədarük edib.

Hava Hücumun Müdafiə sistemləri

Ermənistan xüsusilə bu sahədə nə qədər kompleksə sahib olduğunu israrla gizlədir. Bununla belə bəzi açıq mənbələrdən bir sıra komplekslərin təxmini sayını müəyyənləşdirmək olub. Belə ki, Ermənistanda müharibəyə qədər 18 ədər “Kruq” sistemi olub. OSA sistemlərinin sayı bəzi mənbələrdə 44, digərlərində isə 70-dən (bilinən odur ki, bu kompleksin 35 ədədi İordaniya ordusunun istismardan çıxardığı silahlardır. Ermənistan onu cari ildə alıb – red.) çox göstərilib.

S-300-lərə gəlincə isə bəzi mənbələrdə onun sayı 2 divizion göstərilsə də, İrəvanın daha çox diviziyaya sahib olduğu, amma onları Qarabağda yerləşdirdiyi bildirilib.

Azərbaycan Ordusu indiyə qədər 40-a qədər OSA sistemi, bir “Kruq”, 6 ədəd S-300 kompleksi (bəzilərinin buraxıcı qurğularını, bəzilərinin isə radiolokasiya sistemlərini tam sıradan çıxarıb) məhv edib.

Raket kompleksləri


Müharibəyə qədər Ermənistan ordusunda 16 raket kompleksi olub. Bunlardan 4-nü “İsgəndər”, 8-ni 9K72 Elbrus, 4-nü isə 9K79-1 Toçka-U kompleksləri təşkil edib.

Azərbaycan Ordusunun zərbələri nəticəsində 2 “Elbrus” və 1 “Toçka-U” kompleksi məhv olunub. Bununla Ermənistanın hərbi arsenalında 6 Elbrus, 3 Toçka-U kompleksi qalıb.