Ata, gözün aydın, Qubadlı azad edilib!

Ata, gözün aydın, Qubadlı azad edilib!Arzu Şirinova

Qubadlı rayonu işğal olunandan 27 ildir yuxularımda hər zaman uşaqlığım, gəncliyim keçən Mahmudlu kəndini görürəm. Əsasən də Mahmudlu qəbristanlığını. O qəbirstanlıq ki, yazda təbii gül-çiçək, lalələrlə bəzənərdi. Ora tez-tez yolum düşərdi. 27 yaşlı qardaşım, ulu babam, nənəm orada dəfn olunmuşdu. Gedən zaman gül-çiçəklərdən, lalələrdən dərib sinə daşlarına sərərdim. Evə dönəndə anama “narahat olma, gülləri dərib hər kəsin sinə daşına qoydum”, deyərdim. Gözləri dolardı. Və deyərdi :”Bir gün atan, mənim üçün də güllər qoyarsan!”

...Bir ay bundan əvvəl də yuxu gördüm. Uşaqlarımla birgə kəndə getmişdim. Maşından düşüb həyətə girdik. Atamla anam masa arxasında oturub çay içirdilər. Havalar isinən kimi tut ağacının altında, qızıl gül kollarının yaxınlığında masa qoyulardı, ta soyuqlar düşənə kimi. Bizi görcək durub gəldilər. Hər ikisinin gözləri doldu. Özlərinin təbirincə desəm, mən onların nəfəsiydim. Qardaşım dünyasını dəyişəndən sonra yeganə övladları olduğum üçün üstümə titrərdilər. Üç uşaq anası olmağıma baxmayaraq, yenə də uşaqmışam kimi davranardılar:”Yaxşı gein, ayağını isti saxla”, deyərdilər.

Atam uşaqlarla gəldiyimi görcək soruşdu:”Bəs nəvələri niyə gətirməmisən?” Söylədim ki, onlar sonra gələcəklər. Güllərin qoxusun içimə çəkib masa ətrafında əyləşdik. Atam elə hey deyirdi:”Bala nə yaxşı gəldiniz. Gözümüz yollarda qalmışdı”. Anam hər zamankı kimi əl-ayaq edirdi, bizə çay süfrəsi hazırlayırdı. Bu dəfə nəvələri Günel və Aysellə birlikdə. Bu mənzərə atama ayrı cür ləzzət edirdi...

Masanın üzərində nələr yox idi-qaymaq, bal, motal pendiri, təzə şor, cürbəcür mürəbbələr və kənd yuxası. Baldan başqa bütün nemətlər öz həyətimizdən idi...

....Yuxudan ayıldım, kəndimizlə, atalı analı günlərimlə bağlı xoşbəxtliyim də sona çatdı. Cəmi 4 gündən sonra erməni cəlladlarının növbəti təxribatlarına cavab vermək üçün Vətən müharibəsi başlandı. Ali Baş Komandan qismən hərbi səfərbərlik qərarı verdi, ölkədə komendant saatı elan olundu. Artıq bir aya yaxındır ki, Qəhrəman Ordumuz 20 faiz torpaqlarımızı qarış-qarış erməni cəlladlarından azad edir. Qubadlının qonşu rayonları-Cəbrayıl, Zəngilan da erməni murdarlarından təmizlənib. Və nəhayət, o gün bu gün oldu-oktaybrın 25-də rəsmi olaraq Ali Baş Komandan İlham Əliyev biz qubadlıları da sevindirdi.

Qubadlının bəzi kəndləri və Qubadlı şəhəri düşməndən azad edildi! Etiraf edim ki, Zəngilan işğaldan azad olununda hönkür-hönkür ağlamışdım. Növbədə azad ediləcək Qubadlı olduğu üçünmü, bilmirəm. Ancaq Qubadlının azadlığını eşidəndə bilmədim ağlayım, sevinim, yoxsa qışqırım. Elə hey həyat yoldaşım da mən də Allaha şükürlər edib, erməni cəlladlarına yerlərini göstərən, tarix yazan ordumuza dualar dilədik. Gecə saat 2-yə kimi hər ikimizin telefonu susmadı. Bizi təbrik edənlər gözaydınlığı verir, sevincimizə şərik olurdular. Torpaqlarımız işğaldan azad edildikcə hərdən mənə elə gəlir ki, gözəl bir tyxu görürəm və yuxudan ayılsam bu gözəllik nisgillə əvəzlənəcək. Ancaq artıq bu, yuxu deyil, həqiqətdir. Ordumuz Ali Baş Komandanın əmrlərini yerinə yetirir-torpaqlarımız erməni murdarlarından təmizlənir. 27 illik həsrətə son verilir. Alnımızdan qara ləkə silinir. 27 ildir əyilən çiyinlərimiz qalxır. Bütün dünyaya şərəfli xalq olduğumuzu sübut edirik...

...Qubadlı rayonu işğal olunandan 3 il sonra, 1996-cı ildə atam insult keçirdi. Bir gün əvvəl bizə gəlmişdi. Mətbəxtdə olduğum üçün uşaqlar qarşıladı. Hərəsi bir tərəfdən atamın boynuna sarıldı. Mən də boynunu qucaqlayanda hönkür-hönkür ağladı. Qoluna girib otağa apardım. Qardaşım dünyasını dəyişəndə atamın ağladığını görmüşdüm. Ancaq bu ağlamaq ona bənzəmirdi. Bu ağlamağın içində fəryad vardı, nisgil vardl. Nə baş verdiyini soruşanda içini çəkərək “ axı biz qaçqın deyilik, ermənilər bizi gülüstan yerlərimizdən zor gücünə, cəlladcasına çıxarıblar”, deyə fəryad elədi. Gözlərini sildim, boynunu qucaqlayıb ona qoşuldum ürəyimiz boşalınca ağladıq...

...Atam cəmi bir həftə yataq xəstəsi oldu. Danışmırdı, elə hey gözlərindən yaş axırdı. Həkilmər dava-dərmanın mənasız olduğunu dedilər. Atamı itirirdim. Arxam, dayağım, əlim dara düşəndə əilimdən tutub məni ayaq üstə qaldıranım, anamın güvənc yeri bizdən ayrılıb gedirdi. Atamın bu dünyadan köçhaköç etdiyini bilsəm də əlimdən heç nə gəlmirdi. Atam torpaq həsrətilə bu dünyadan köçürdü və mən yalan da olsa bu həsrətə son verməyi qərarlaşdırdım. Ölümünə bir gün qalmış əllərini əlimə alıb dedim:”Ata, gözün aydın, Qubadlı ermənilərdən azad edilib. Hazırlaş Qubadlıya gedirik”. İlahi, onun gözlərindəki sevincin təsvirini verməkdə söz də acizdi. Sol əlini tərpədə bilmirdi. Sağ əlini qaldırıb elə hey Allaha şükür edirdi gözləriylə. Mənə minnətdarlıq dolu baxışlarıyla sanki deyirdi:”Məni oğlumun yanında dəfn edərsən”. Səhəri torpaq həsrətli, “qaçqın” sözünün yükünü daşıya bilməyən atam bu dünyadan köç elədi. ..

...24 ildən sonra həqiqəti deyirəm:”Ata, gözün aydın, Qubadlı azad edilib”. Bu həqiqəti bizlərə yaşadan Allahıma şükürlər olsun! Şükürlər olsun ki, Ali Baş Komandanımızın qərar verməsi, Milli Ordumuzun torpaqlarımızın hər qarıçında zəfər çalması üçün yolumuzu işıqlandırdın!