"Minsk qrupu məsuliyyətdən qaça bilməz"

"Minsk qrupu məsuliyyətdən qaça bilməz" Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Rəsmi Bakının bu gün Vaşinqtondakı görüşlərdən hər hansı bir irəliləyiş, nəticə gözləməməsini tamamilə təbii hesab edirik. Çünki Minsk Qrupunun digər həmsədrləri kimi ABŞ-ın da problemin sülh yolu ilə həll edilməsi üçün göstərdiyi səylər indiyə qədər heç bir səmərə verməyib. Ümumiyyətlə, həmsədrlərin fəaliyyəti turistik səfərlər çərçivəsi ilə kifayətlənib. Onlar problemin həllinə yox, işğalın, status-kvo vəziyyətinin işğalçı Ermənistanın xeyrinə davam etməsinə dəstək veriblər.

30 il də danışıq olar? Xalqımız düz 30 il bu həmsədrlərdən ədalətli mövqe gözləyib. Azərbaycan diplomatiyası 30 ildir müzakirələr aparır ki, problem çözülsün, torpaqlarımız işğaldan azad edilsin. Lakin Minsk Qrupunun vasitəçiləri daim buna mane olublar. Odur ki, indiyə qədər aparılan danışıqların heç bir nəticə verməməsinin və bu qədər qan tökülməsinin məsuliyyəti həmçinin Minsk Qrupu həmsədrlərinin üzərinə düşür.

Onlar bu məsuliyyətdən qaça bilməzlər və nəticəsiz danışıqları bundan sonra da davam etdirməklə bizim haqq işimizə mane olmağa, Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı mücadiləni dayandırmağa ixtiyarları yoxdur. Həmsədrlərin "sülhpərvər"liyi tələdən başqa bir şey deyil.