Sizin Reklam Burada

Qüdrət Həsənquliyev: “Müharibə təkcə döyüş meydanında getmir”

Qüdrət Həsənquliyev: “Müharibə təkcə döyüş meydanında getmir”Mən fərqindəyəm ki, hərbi əməliyyatlar başlandığı gündən atəşkəs elan olunan ana qədər sərgilənən sərt mövqe və dünən humanitar məqsədlərlə bağlı atəşkəsin elan olunması bəzi insanlar tərəfindən düzgün başa düşülmür,onların bir çoxunda xəyal qırıqlığı yaratmışdır. Ancaq siyasətçilərin borcu nə baş veriyini hər bir Azərbaycan vətəndaşına çatdırmaqdır.

Avrasiya.net xəbər verir ki, bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında belə deyib.

Qüdrət Həsənquliyev bu ilin iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətindən Ermənistanın həyata keçirdiyi hərbi təxribat nəticəsində general Polad Həşimov və bir neçə yüksək rütbəli zabitimizin həlak olduğunu xatırladıb:

“O zaman da cəmiyyətdə oxşar bir ruh düşkünlüyü yarandı. İnsanlar çox pərişan oldular və kədərləndilər ki, niyə biz ermənilərə daha ağır zərbə vurmadıq, irəli getmədik və s. Həmin dövrdə mən mətbuata verdiyim açıqlamada söyləmişdim ki, ruh düşkünlüyünə əsas yoxdur, siz Azərbaycan Prezidentinə güvənin və onu müdafiə edin. Hər addımın zamanı çatmalıdır. Vaxtilə Prezident söyləyirdi ki, bizim əks-hücumlarımız üçün beynəlxalq şərait yaranmalıdır, biz daha güclü olmalıyıq və o zaman torpaqlarımızı işğaldan azad edəcəyik. Düşünürəm ki, əks-hücum üçün əlverişli bir şərait yarandığı üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan bundan istifadə edərək torpaqlarımızın işğaldan azad olunması üçün əks-hücum əmrini verdi”.

BAXCP sədri qeyd edib ki, atəşkəsin elan olunmasıyla bağlı əldə olunan razılıq xalqı ruhdan salmamalıdır: “Biz dünyanın kiçik bir hissəsiyik, burada dünyanın siyasi xəritəsini cızan böyük güclər var. Azərbaycanın işi haqq işidir, biz torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizə aparırıq. Döyüşlər bizim torpaqlarımızda aparılır. Bizim şəhərlərimiz, kəndlərimiz kimin yaşamasından aslılı olmayaraq dağıdılır. Düşmən tərəf bizə alternativ yol tanımayıb. Əlbəttə ki, düşmənin arxasında duran böyük güclər var. Bunun nəticəsidir ki, 30 ilə yaxındır torpaqlarımız işğal altında saxlanılıb. İndi biz çalışmalıyıq ki, diplomatik müstəvidə uduzmayaq.Ermənistan bizə qarşı koalisiya yara bilməsin.Biz belə bir şansı və bəhanəni onlara verməməliyik.Bu addımla bir daha dünyaya göstərdik ki, biz sülhpərvər xalqıq və münaqişənin sülh yolu ilə həllini istəyirik.

Düşünürəm ki, humanitar məqsədlərlə bağlı atəşkəsin elan olunması imkan verəcək ki, biz döyüş meydanında qalmış şəhidlərimizi götürüb onları hörmətlə dəfn edək. Döyüşləri müzakirə edib, ordumuzu yeni qələbələrə hazırlayaq.Atəşkəs o demək deyil ki,biz hərbi yolla torpaqlarımızı azad etmək hüququmuzdan imtina edirik. Əgər Ermənistan Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə razılaşmasa , Azərbaycanın hərbi əməliyyatları davam etdirməkdən başqa yolu qalmayacaq.Bu bizim tək şərtimiz olmalıdır.Onu da əminliklə deyə bilərəm ki,Ermənistanda artıq çoxları başa düşüb ki,Qarabağ onlara vətən yox,məzar olacaq.Onların inadkarlığı Dağlıq Qarabağda normal və sakit həyatı yox edəcək , onlar daim ölüm qorxusu altında yaşayacaq ki,bu da ermənilərin bölgədən köçünü şərtləndirəcəkdir. Beynəlxalq birlik və ermənipərəst xarici dairələr də anladı ki,xalqımız işğalla heç vaxt barışmayacaq.

Biz qeyd etdiyim tək şərtimizi düşmənə qəbul etdirməliyik, bu bizim üçün də son şansdır. Bu şərtsiz heç bir sənəd imzalanmalıdır. Bilmək olmaz ki, bir də daha neçə ildən sonra belə bir imkan yaranacaq, ya yox. Həm də atəşkəs bizə ona görə lazımdır ki, cəbhədə olan əsgərlərimiz dincəlsin,onları silah, sursatla təmin edək, yeni döyüşlərə hazırlayaq. Düzdür, düşmən də bundan istifadə edəcək, amma Ali Baş Komandan real vəziyyətin nədən ibarət olduğunu hər kəsdən daha yaxşı bilir.

Qüdrət Həsənquliyev xalqı ruhdan düşməməyə və Ali Baş Komandanımıza inanmağa çağırıb: “Düşmən çalışacaq ki, əhalimiz, əsgərlərimiz arasında ruh düşkünlüyü yaratsın. Bizim içərimizdə satqınlar var ki, neçə illərdir xarici dövlətlərin, ermənipərəst dairələrin maliyyəsi ilə yaşayırlar. Həmin insanların uşaqları, ətrafları Paşınyanın həyat yoldaşı olan Anna Akopyanın təşəbbüsü ilə sülhə çağırış bəyanatını imzalayıblar. Bu da onu göstərir ki, həmin qüvvələr Azərbaycan xalqına, dövlətinə, Prezidentinə qarşı dayanıblar. Həmin qüvvələr atəşkəsin əldə olunmasından da sui-istifadə edib vətəndaşlarımız arasında ruh düşkünlüyü, qarşıdurma yaratmaqda maraqlı olacaqlar. Qətiyyən buna getmək və imkan vermək olmaz. Hesab edirəm ki, xalqımız qələbəyə inamını itirməməlidir. Mən əminəm ki, bu sadəcə müharibə qanunlarına uyğun atılan bir addımdır. Bu məsələdə Azərbaycan Prezidenti ,qardaş Türkiyənin prezidenti, xarici işlər naziri, müdafiə naziri, parlamentin sədri dünya miqyasında öz nüfuzlarını açıq şəkildə ortaya qoyublar. Ona görə mən əminəm ki, Azərbaycan bu müharibədən alnıaçıq, qələbə ilə çıxacaq. Torpaqlarımız üzərində öz suveren hüquqlarımızı bərpa edəcəyik.

Sadəcə müharibə təkcə döyüş meydanında getmir, həm də diplomatik meydanda aparılır. Bəzən bir addım geri çəkilmək, daha çevik siyasət yürütmək lazımdır ki, düşmənlərin birləşməsinə, öz ətraflarında koalisiya yaratmalarına imkan verməyək. Beynəlxalq ictimaiyyət qarşısında haqlı olduğumuz halda haqsız görünməyək. Bunlar çox önəmli məsələlərdir. Qələbənin tək bir yolu ondan ibarətdir ki, biz qələbəyə, Ali Baş Komandana inamımızı itirməyək. Həm döyüş, həm diplomatik meydanında hansısa taktiki əməliyyatlar həyata keçirmək üçün yeri gələrsə geri çəkilə bilərik, amma bu mövqelərin itirilməsi demək deyil. Döyüş vaxtı sərt ritorikanın olmasını da təbii qəbul etmək lazımdır. Əminəm ki, bu dəfə biz Ermənistanın boğazını əlimizdən buraxmayacağıq və onu Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edəcəyik”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər