"Regionun xilası Azərbaycanın əlindədir"

"Regionun xilası Azərbaycanın əlindədir""Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında etdiyi çıxış bir sıra mühüm məqamları ilə yadda qaldı. Prezident haqlı olaraq qeyd etdi ki, Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar. Lakin Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq, hazırda əks-hücum əməliyyatları keçirir. Əməliyyatlar uğurla keçirilir. Uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulmuşdur. Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir sıra yaşayış məntəqələri və hərbi əhəmiyyət kəsb edən yüksəkliklər işğalçılardan azad edilib".

Avrasiya.net xəbər verir ki, bunu şərhində Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.

Partiya sədri vurğulayıb ki, ölkə başçısı çıxışında həm xalqımızda, həm bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə böyük ruh yüksəkliyinin hökm sürdüyünü vurğuladı. Əlisahib Hüseynov qeyd etdi ki, Prezident orduya könüllü yazılanların sayının on minlərlə insanı əhatə etməsini də xüsusilə vurğuladı və bildirdi ki, bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir:

"Ali Baş Komandanımız Təhlükəsizlik Şurasındakı nitqində son vaxtlar Ermənistan hakimiyyətinə dəfələrlə etdiyi xəbərdarlıqların və düşmənə verdiyimiz dərslərin üzərində xüsusi olaraq dayandı: “Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Biz onlara 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Bu gün şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücum əməliyyatı keçirir və bu əməliyyat davam edir. Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər”.

Prezidentin bu çıxışı eyni zamanda dünya ictimaiyyətinə ünvanlanmış çıxış idi. İlham Əliyev dünya ictimaiyyətinin diqqətini azərbaycanlıların ocaqlarının, məzarlarının erməni vəhşiləri tərəfindən dağıdılmasına yönəltdi: “Baxın Ağdam şəhərinin qalıqlarına. Baxın Füzuli şəhərinin qalıqlarına. Baxın işğal edilmiş ərazilərdə bizim məscidlərimizin, qəbiristanlıqlarımızın dağılmış vəziyyətinə. Bütün bunları erməni cəlladları törədib və biz tam haqlıyıq. Bizim mübarizəmiz haqq mübarizəsidir”."

MHP sədrinin fikrincə, Prezident bu faktları qabartmaqla yəqin ki, diqqəti dünyanin istənilən nöqtəsində tarixi abidələrin, dini ibadətgahların, məzarlıqların dağıdılmasına dərhal reaksiya verən dünya birliyinin Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən törədilən vandallıqlara göz yummasına çəkmək istəyirdi. Şübhəsiz ki, dünya birliyi bu cür hallara biganə qalmamalı, susmamalıdır:

"Yaşadığımız Cənubi Qafqaz bölgəsi hazırda gün-gündən qızışmaqda olan beynəlxalq siyasətin qasırğası içində yer alır. Bu təlatümlü durumun əsas günahkarı bilavasitə işğalçı Ermənistanın avantürist Baş naziri Nikol Paşinyandır. Çünki məhz onun günahı və avantüristliyi ucbatından Cənubi Qafqaz terrorizm və daimi münaqişə məkanına çevrilir. Nəticədə isə region bütövlükdə xaosa sürüklənir. Ancaq regionun xilası Azərbaycanın əlindədir. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları davam edərsə, Paşinyan nəinki “məxməri inqilab” nəticəsində qazandığı populyarlığı, reytinqi itirəcək, eləcə də bütövlükdə təsadüfən əldə etdiyi hakimiyyətini əldən verəcək və tarixin “arxa bağçası”na, arxiv zibilliyinə atılacaq. Hazırda Ordumuzun sürətli əks-hücumları nəticəsində Ermənistan silahlı qüvvələrinin bir-birinin dalınca döyüş mövqelərini itirməsi Paşinyanın fiaskosunu, rüsvayçı aqibətini yaxınlaşdırır.

İndi Ermənistanın Baş nazirini labüd məğlubiyyətdən nə dünya liderlərinə etdiyi müraciətlər, nədəki yalançı səmimiyyət donuna bürünmüş xalqa “etiraf”ları xilas edə bilməyəcək. O gah Putinə, gah da Makrona zəng vurur və yardım istəyir. Daha doğrusu, yalvarır".

Hazırda bütün dünyanın gözünün Qarabağda olduğunu qeyd edən Ə.Hüseynov vurğuladı ki, BMT-nin Baş katibi Antonio Quttereş açıqlama verir, narahatlığını dilə gətirir və tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa çağırır:

"ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə izlədiyini bildirir. Putin bəyan edir ki, hərbi əməliyyatların genişlənməsi ciddi narahatlıq doğurur. Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edir və Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsindən ölkəsinin narahatlıq hissi keçirdiyini qeyd etmiş və münaqişənin danışıqlar yolu ilə həll olunmasının vacibliyini vurğulayır. Bir sözlə, dünyanın birinci rəsmisindən – Antonio Quttereşdən tutmuş qonşu Gürcüstanın prezidenti Salome Zurabişviliyə qədər hər kəs döyüş əməliyyatlarının bir an öncə bitməsi istəyini dilə gətirir. Azərbaycanın Ali Baş Komandanı isə həm döyüş əməliyyatlarının gedişatını, həm də dünya liderlərinin açıqlamalarını, telefon zənglərini diqqətlə və təmkinlə dinləyir. Lakin bununla belə Ali Baş Komandanımız döyüşlərin sona qədər davam etdirilməsini, işğalçı ermənilərin torpaqlarımızdan tamamən qovulub çıxarılmasını hədəfləyir. Çünki düşmən yalnız bu halda öz təcavüzkar mövqeyindən əl çəkib danışıqlar masası arxasına keçməyə vadar edilə bilər. Etibarlı sülhün təminatı düşmənin iradəsinin qırılmasından keçir. Odur ki, Azərbaycanın Ali Baş Komandanı döyüşən Ordumuza “dur!” əmrini verməyə hələ tələsmir. Zənnimcə, hazırki situasiyada ən doğru mövqe də budur.

Təhlükəsizlik Şurasının iclasında Prezident bir daha qeyd etdi ki, “biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”. Bəli, biz bu savaşda haqlı tərəfik, haqq yolundayıq və bizim haqlı olduğumuzu dünya liderləri də bilir. Məhz bu səbəbdən, Ermənistanın Baş naziri dünən zəng etdiyi dövlət başçılarının heç birindən real siyasi və hərbi dəstək ala bilmədi. Belə ki, Rusiya liderinin Paşinyanın KTMT-nin prosesə qoşulması barədə xahişinə rədd cavabı verməsi barədə KİV-lərdə yayılan məlumatlar da bu arqumentimizin doğruluğunu təsdiqləyir. Çünki hərbi əməliyyatlar Ermənistan-Azərbaycan sərhədində və ya Ermənistan ərazisində yox, Azərbaycanın işğal olunmuş ərazilərində - Qarabağ cəbhəsində aparılır. Beynəlxalq hüquq da Azərbaycana bu haqqı tanıyır.

Biz Ermənistan silahlı qüvvələrinin təxribatına sürətli əks-hücumla cavab vermək hüququmuzu özümüzdə saxlayırıq. Prezident İlham Əliyevin də Təhlükəsizlik Şurasının iclasında vurğuladığı kimi “bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”.

Prezident sözügedən iclasda etdiyi çıxışında həmçinin istər yarımçıq hərbi əməliyyatların, istərsə də yarımçıq sülhün bizi əsla qane etmədiyini və üstəgəl, bizim ərazilərimizdə heç vaxt ikinci erməni dövlətinin yaradılmasına yol verilməyəcəyini qətiyyətlə vurğuladı: “Mən müxtəlif dövrlərdə dəfələrlə demişəm ki, bizə bu məsələnin, bu münaqişənin yarımçıq həlli lazım deyil. Biz öz torpağımızdayıq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verən deyilik. Mən dəfələrlə demişəm, biz heç vaxt imkan verə bilmərik ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövləti yaradılsın. Heç vaxt imkan verə bilmərik və bugünkü hadisələr onu bir daha göstərir”. Bu çox mühüm məqamdır və dövlət başçımızın bu cür prinsipial mövqeyi təqdirə layiqdir. Əgər İlham Əliyevin bu cür prinsipial mövqeyi ortada olmasaydı, ermənilər çoxdan bu məqsədlərinə müvəffəq olardılar. Dünya da ermənilərin bu işğalçılığına göz yumacaqdı. Çünki dünya Ermənistanı deyil, məhz bizi təcavüzkar tərəf kimi tanıyırdı. Prezidentin də qeyd etdiyi kimi münaqişənin ilk illərində dünya erməniliyi Azərbaycanı işğalçı kimi, təcavüzkar kimi təqdim edirdi. Əfsuslar ki, o vaxt Azərbaycan rəhbərliyində olmuş şəxslər bu təbliğata qarşı öz sözünü deyə bilmədilər. Azərbaycan elə bir ağır vəziyyətdə idi ki, torpaqlarımız əldən gedirdi, amma dünyada elə bilirdilər ki, Azərbaycan təcavüzkardır.

Lakin bu gün elə deyil. Bu gün situasiya kökündən dəyişib. Həm də bizim xeyrimizə dəyişib. Bu gün İlham Əliyevin məqsədyönlü və yorulmaz səyləri nəticəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünyada tam geniş təsəvvür formalaşmaqdadır".

Prezident İlham Əliyevin Dağlıq Qarabağın tarixi, keçmişi ilə bağlı beynəlxalq tədbirlərdə müxtəlif kürsülərdən dəfələrlə öz sözünü dediyini, tarixi həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırdığını xatırladan Əlisahib Hüseynov bildirib ki, məhz bunun nəticəsində bu gün dünya ictimaiyyəti Dağlıq Qarabağın bizim əzəli tarixi torpağımız olduğunu bilir və qəbul edir:

"Dövlət başçımızın da qeyd etdiyi kimi, bu gün biz öz torpaqlarımızı işğaldan azad edirik, öz ərazi bütövlüyümüzü bərpa edirik: ”Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun”.

Dövlət başçımızın Azərbaycan Ordusunun əks-hücum nəticəsində əldə etdiyi uğurlar münasibətilə xalqımızı və hərbçilərimizi təbrik etməsi xüsusilə sevindirici hal idi. Prezidentin məcburi köçkün soydaşlarımıza müraciəti bir Ali Baş Komandana yaraşacaq qədər qətiyyət və inamlılığı ilə diqqətimi çəkdi: ”Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq”.

Milli Həmrəylik Partiyası (MHP) olaraq Ali Baş Komandanımız İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirləri yüksək qiymətləndiririk. Şanlı Ordumuza zəfər diləyir, xalqımıza Qələbə xəbəri arzulayırıq! Tarixi Qalamızda – Şuşada üçrəngli Bayrağımızın yenidən dalğalanacağı gün lap yaxındadır!"