"Düşmən üzərində zəfər dövlət-xalq-ordu həmrəyliyinin bəhrəsidir"

"Düşmən üzərində zəfər dövlət-xalq-ordu həmrəyliyinin bəhrəsidir"Bunu Avrasiya.net-ə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə ölkədə “Hərbi vəziyyət elan edilməsi”nə münasibətində bildirib.

Xatırladaq ki, fərmana görə, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilib. Bu gündən saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq ediləcək.

S.Qurbanov qeyd edib ki, ölkədə “Hərbi vəziyyət elan edilməsi” vətəndaşların hüquqlarını qismən məhdudlaşdırsa da, tez bir zamanda Ali Baş Komandanımızın əmri və şanlı ordumuzun gücü ilə 30 ilin Qarabağ həsrətinə son qoyacağıq: "Son iki gündə ordumuzun işğalçı Ermənistanın hərbi birləşmələrini darmadağın etməsi dünyada yaşayan bütün azərbaycanlıları ruhlandırıb, ordumuza, onun Ali Baş Komandanına inamını, etibarını artırıb. Bu iman, etibar ölkədə tətbiq edilən hərbi vəziyyət rejimini arxa plana salıb. Bu günün aktual mövzusu ordumuzun işğalçılardan torpaqlarımızı azad etməsinə dəstəkdir. Bunun üçün hər bir çətinliyi, məhdudiyyəti qəbul etmişik. Azərbaycan 30 ildir beynəlxalq hüquq normalarını ayaqları altına salan, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı məlum 4 qətnaməsinə, Avropa Şurası, ATƏT-in qəbul etdiyi qərarlara əhəmiyyət verməyən işğalçı Ermənistana güzəşt edib. İşğalçını münaqişənin beynəlxlaq hüquq normaları çərçivəsində həlli ilə bağlı sülh danışıqlarına dəvət edib. Lakin işğalçı Ermənistan bütün normaları ayaqlar altına ataraq tez-tez Azərbaycanla sərhəddə təxribatlar törətmiş və nəticədə əsgərlərimiz və hətta mülki vətəndaşlarımız hədəfə götürülüb. Bu dəfə isə Ordumuz silahla sözünü dedi və işğalçıya yerini göstərdi.Cənab Prezidentin qeyd etdiyi kimi, bu gün Azərbaycanın yalnız real addımlara ehtiyacı var".

S.Qurbanov onu da vurğuladı ki, ölkədə tətbiq edilən hərbi vəziyyət vətəndaşlarımızın birliyinə, həmrəyliyinə xidmət edir. Bu prinsiplər bizi Qarabağa aparır: "Ölkə əhalisində ruh yüksəkliyi var, hər bir gənc döyüşə inamla, qorxmadan atılır, vətən naminə canından keçməyə hazır olduğunu bəyanlayır. Azərbaycan dünyəvi, demokratik, humanist bir dövlətdir, insan haqlarına, hüquqlarına hörmətlə yanaşır. Eyni zamanda beynəlxaq hüquq və Cenevrə Konvensiyasının müddəalarına hörmətlə yanaşır və riayət edir. Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanıdır, sülhpərvər ölkədir. Amma bundan sui-istifadə edən işğalçı həddini aşarsa, o zaman Azərbaycan ona yerini göstərəcək. Artıq o zaman yetişib, Azərbaycan haqqını tələb edir və qoruyur. Bu gün xalq orduya inanır, ordu xalqa güvənir. Ordumuzun cəbhədə qazandığı zəfərlərin əsasında xalq-ordu birliyi dayanır. Bu gün hər bir əsgər dövlətin və xalqın dəstəyini hiss edir. Düşmən üzərində zəfərlərin qazanılması dövlət-xalq-ordu birliyi, milli həmrəyliyin bəhrəsidir. Yaxın zamanlarda yenilməz ordumuzun gücüylə Azərbaycan bayrağının Şuşada dalğalanacağına hər kəs inanır və fəaliyyətini bu istiqamətə yönəldib".