Arutunyanın cəzasızlıq mühitindən irəli gələn sərsəmləməsi
MVP rəsmisi: "Qondarma rejimin rəhbərliyinin bu sərsəm açıqlaması dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən ciddiyə alınmalıdır"
"Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Arutunyanın Azərbaycanın Gəncə şəhərini vurmaqla hədələməsi cəzasızlıq mühitindən irəli gələn bəyanatdır. Əks təqdirdə separatçı rejimin rəhbərliyi belə bir sərsəm fikirlər söyləməyə cürət etməzdi". Bu fikirləri Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli Aratunyanın məlum bəyanatına münasibət bildirərkən səsləndirib .
O, qeyd edib ki, separatçı rejimin rəhbərliyinin Azərbaycanı təhdid edən açıqlamalar verməsi dünya birliyinin, beynəlxalq təşkilatların işğalçı Ermənistanı cəzalandırmamasından irəli gəlir: "Əgər son illərə diqqət etsək aydın şəkildə görərik ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimin heç bir qondarma lideri Arutunyan qədər irəli gedib Azərbaycanı təhdid etməyib. Bu da ondan irəli gəlir ki, separatçı rejimin rəhbərliyi də dünyada ədalətsizliyin hökm sürdüyünü aydın şəkildə görürü, işğalçını cəzalandırmaq əvəzinə, ona haqq qazandırmaq, hətta dəstək olmaq kimi mənfi tendensiyaların mövcud olduğunu müşahidə edir. Ən son Ermənistanın Tovuz istiqamətində dövlət sərhədini pozması fonunda bunu aydın şəkildə gördük. Baxmayaraq bu hadisə Ermənistanın Azərbaycana qarşı təcavüzkar, işğalçılıq siyasətinin növbəti mərhələsi idi və dövlət səviyyəsində Azərbaycana yeni bir mühribə elan edildiyini təsdiqləyirdi, buna rəğmən heç bir beynəlxalq təşkilat, hətta münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk Qrupu belə Ermənistanı bu hərəkətinə görə tənqid etmədi, onun cəzalandırılması istiqamətində addım atmadı.
Hətta Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiya Federasiyası Ermənistan Azərbaycan ərazilərini işğal etməyə hazırlaşdığı bir ərəfədə işğalçı ölkəyə hərbi təyinatlı yüklər göndərdi. Digər beynəlxalq təşkilatlar və qurumlar isə yalnız tərəflər arasında atəşkəsin təmin olunması çağırışları etdi. Ona görə də, separatçı rejim rəhbərliyinin son açıqlaması başadüşüləndir və cəzasıqlıq mühiti Arutunyanın belə sərsəm bəyanatlar verməsinə yol açır. Bir sözlə bunu Arutunyanın cəzasızlıq mühitindən irəli gələn sərsəmləməsi saymaq olar". MVP rəsmisi onu da qeyd edib ki, işğalçı ölkənin hərbi obyektlərdən daha çox mülki obyektləri hədəf alması adət halına çevrilib və Gəncə şəhəri ilə bağlı verilən sərsəm bəyanat da bunun əyani sübutudur: "İstər 2016-cı ilin Aprel döyüşləri zamanı, istərsə də Tovuzda baş verən son olaylar ərəfəsində ermənilərin mülki obyektləri, yaşayış evləri, kəndləri hədəf alması bütün dünyaya məlumdur. Xarici KİV-lərdə də bununla bağlı müxtəlif səpkili materiallar əks olunub. Bir sözlə ermənilərin insan qatili olduğu heç kimə sir deyil. Yaxın keçmişimizdə Xocalıda törətdikləri soyqırım da bunu bird aha təsdiq edir".
Süleyman İsmayılbəyli deyib ki, Xocalıda insanlıq əleyhinə cinayət törədib sakinləri xüsusi amansızlıqla qətlə yetirən ermənilərdən istənilən cinayəti gözləmək olar: "O məsələnin başqa tərəfidir ki, Azərbaycanın hərbi potensialı, hava hücumundan müdafiə sistemləri bizə imkan verir ki, havadan gələn istənilən təhlükəni zərərsizləşdirək. Ancaq ümumilikdə götürəndə qondarma rejimin rəhbərliyinin bu sərsəm açıqlaması dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən ciddiyə alınmalıdır. Bu açıqlama konkret olaraq terror hücumu xarakteri daşıyır. Azərbaycanın ikinci böyük şəhərinin vurulması ilə bağlı səslənən hədə dolu bəyanat beynəlxalq təşkilatlar nəzarətə götürməlidirlər. Beynəlxalq birlik Ermənistan hakimiyyətindən bununla bağlı izahat tələb etməlidir".
Süleyman İsmayılbəyli deyib ki, erməni təxribatlarına cavab olaraq Azərbaycan Ordusu hərəkətə keçib işğalçı ölkəni cəzalandıran anda təşvişə düşərək hərəkətə keçən, erməni vandallarının ölməməsi üçün dərhal atəşkəs çağırışı edən ATƏT-in Minsk Qrupu Arutunyanın hədə dolu fikirlərini eşitməməzlikdən gələrək özünü karlığa vurur: "Əgər həmsədrlər ermənilərin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni vurmaq bəyanatına da səssiz qalır, heç bir reaksiya bildirmirlərsə, o zaman vasitəçilərdən birdəfəlik imtina etməkdən başqa bir əlac qalmır. Deməli, həmsədr ölkələr də bu məsələdə erməni cinayətkarlarla eyni fikirdə və mövqedədirlər".