İrəvanda təşviş: Türk ordusu Naxçıvana gəldi
Türkiyə və Azərbaycan ordularının hərbi təlimlərini məlum Tovuz hadisələri ilə əlaqələndirmək doğru deyil. Lakin istənilən lokal müharibədə Türkiyə Azərbaycanın yanında olacaq. Məhz təlimlərin özündə ehtiva etdiyi məna da budur.
Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə keçiriləcək təlimləri şərh edərkən deyib. O vurğulayıb ki, Türkiyə ilə birgə hərbi təlimlər Ermənistanı hər zaman ciddi narahat edir:
“Hazırda Ermənistan kütləvi informasiya vasitələrinə nəzər salsaq, görə bilərik ki, bu hərbi təlimləri fərqli məcrada şərh etməyə çalışırlar. Xüsusilə də son Tovuz hadisələri fonunda bunu özlərinə qarşı təhdid adlandırırlar. Əslində isə bu kimi təlimlər vaxtaşırı keçirilir. Bundan əlavə, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında saziş mövcuddur. Adətən bu təlimlər mövsümi xarakter daşıyır və hazırda da yay mövsümü ilə əlaqədar keçirilir. Bununla belə, düşmən tərəfi indidən qorxuya düşüb. İstənilən halda düşmənin qorxu içində qalması yaxşıdır. Azərbaycan bu təlimlər olmasa belə, Ermənistanı qorxuya salmağa qadirdir”.
Politoloq bildirib ki, Tovuz hadisələrindən sonra Ermənistan onsuz da ciddi narahatlıq içində idi:
“Çünki faktiki olaraq Rusiyadan və çox güvəndiyi KTMT-dən gözlədiyi dəstəyi ala bilmədi. Türkiyə isə birmənalı olaraq Azərbaycana dəstək verdiyini açıqladı. Yəni Ermənistanda hərbi əməliyyatların hər an başlaya biləcəyi yönündə bir təlaş var. Mövcud hərbi təlimlərə erməni mediasının reaksiyası bunun sübutudur”.