Ermənilərin yeni hərbi təcavüzü: iki ölkə sərhədində təxribat...
Estoniyanın “Tribuna.ee” informasiya portalında və “Njuzz.ee” xəbər saytında Azərbaycanın bu ölkədəki səfiri Murad Nəcəfbəylinin "Ermənistanın Azərbaycan qarşı yeni hərbi təcavüzü: iki ölkə sərhədində təxribat" sərlövhəli geniş məqaləsi dərc olunub.
Axar.az xəbər verir ki, yazılarda Azərbaycanın 30 ildir Ermənistanın hərbi təcavüzünə məruz qaldığı, Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu daxil olmaqla beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğalı, iyulun 12-də sərhəddə baş verən hadisələr, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri və onlara Ermənistanın məhəl qoymaması faktları əksini tapıb.
Diplomat yazıda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində ölkəmizin mövqelərinə hücum cəhdi, ordumuzun düşmənə layiqli cavab verməsi, bu əməliyyatlar zamanı hərbçilərimizin şəhid olması ilə bağlı məlumat verib. Bildirib ki, atəşkəs rejiminin tələblərini tez-tez pozan Ermənistan Azərbaycana qarşı müxtəlif istiqamətlərdə təxribatlar törədir, ərazilərimizə hücumlar edir, dinc sakinləri hədəfə alır.
Diplomat qeyd edir ki, Azərbaycan-Ermənistan sərhədində baş verənlər adi sərhəd toqquşması deyil, qeyd olunan təxribat Ermənistan tərəfindən planlı şəkildə hazırlanmış və Azərbaycana qarşı aqressiv siyasətin davamıdır.
Diplomat vurğulayır ki, Ermənistanın bu təxribatı yaratmaqda məqsədi regionda yeni münaqişə ocağı yaratmaq, daha öncə işğal edilmiş ərazilərdən diqqəti yayındırmaq, danışıqlar prosesini pozmaq, Azərbaycan ərazilərini azad etməkdən imtina etməkdir. Eyni zamanda, bu təxribatla o, öz xalqının diqqətini daxili sosial-iqtisadi problemlərdən yayındırmağa cəhd edir və münaqişəyə üzv olduğu hərbi-siyasi təşkilatı da cəlb etməyə çalışır.
Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatının Azərbaycan qazının Avropaya nəqlinin başlanılmasından 3 ay əvvəl baş tutması təsadüf deyil. Qeyd olunmalıdır ki, Azərbaycanın Tovuz rayonu iri regional layihələrin reallaşması nöqteyi nəzərindən strateji əhəmiyyət kəsb edir. Dövlət sərhədinin bu hissəsində strateji yüksəklikləri ələ keçirdiyi təqdirdə, Ermənistan Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən enerji və nəqliyyat infrastrukturuna təhdidlər yarada bilərdi. Bakı-Tiflis-Ceyhan neft boru kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Supsa neft boru kəməri, Bakı-Tiflis-Qars strateji dəmir yolu, Bakı-Tiflis yol magistralı hərbi əməliyyatların bilavasitə yaxınlığındadır.
Ermənistanda Azərbaycanın Mingəçevir Su Elektrik Stansiyasının raket atəşi ilə dağıtmaq və Kür düzənliyində yerləşən onlarla şəhər və kəndləri suda batırmaq təhdidləri vaxtaşırı səsləndirilir.
Həmçinin, Ermənistan Naxçıvana və Azərbaycanın digər ərazilərinə də iddialar irəli sürür. Gənc auditoriya qarşısında çıxış edən Ermənistan rəhbərliyi, uydurma “Böyük Ermənistan”ın yaradılması üçün yeni torpaqlar ələ keçirmək məqsədilə gənclərin gələcək müharibələrdə iştirak etməli olduqlarını bəyan edir. Habelə, Ermənistanın digər qonşu ölkələrə açıq ərazi iddiaları mövcuddur.
“Ermənistanın Azərbaycana qarşı yeni hərbi avantürası Azərbaycan xalqında, eyni zamanda, qəzəb hissləri və vətənpərvərlik coşğusu yaratmışdır. Minlərlə insanlar, Azərbaycan Ordusu və ölkənin Ali Baş Komandanı ilə həmrəyliyini ifadə etmək üçün Bakı və ölkənin digər şəhər və rayonlarında kütləvi mitinqlərə çıxmışlar. Cəbhədə düşmənin layiqli cavabını vermək üçün on minlərlə gənc Azərbaycan Ordusunda könüllü kimi iştirak etmək niyyətini ifadə etmişdir. Bütün Azərbaycan cəmiyyəti dövləti və Azərbaycan Prezidentinin ətrafında sıx birləşmiş və işğal olunmuş torpaqların azad edilməsi uğrunda müharibədə iştirak etməyə hazırdır”, - deyə diplomat fikirlərini tamamlayıb.