08 iyl 20:53siyaset

"Minsk qrupunun vasitəçiləri üçün İlham Əliyevin çıxışı “master klass” sayıla bilər"

"Minsk qrupunun vasitəçiləri üçün İlham Əliyevin çıxışı  “master klass”  sayıla bilər"İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak edəndən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına verdiyi müsahibədə bir sıra önəmli məqamlara toxundu. Mən Birinci Qarabağ Müharibəsinin iştirakçısı kimi Prezidentimizin işğalçı Ermənistanla və bəzi beynəlxalq təşkilatların Qarabağ münaqişəsinin həlli prosesində hazırki Ermənistan hakimiyyətinin destruktiv hərəkətlərinə qarşı seyrçi mövqeyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirmək istəyirəm. İlham Əliyevin müsahibəsinin bu hissəsi həm Ermənistanın bir dövlət kimi saxtalığını açıb göstərmək və Ermənistan hakimiyyətlərinin xuntaçı, diktatura mahiyyətini ifşa etmək baxımından kifayət qədər parlaq çıxış idi. Həm də ATƏT-in Minsk qrupunun vasitəçiləri üçün İlham Əliyevin bu çıxışı sözün əsl mənasında “master klass” (ustad dərsi) sayıla bilər. Zənnimcə, hörmətli həmsədrlər bu çıxışa təkrar-təkrar qulaq asmalı və özləri üçün ibrət götürməli, nəticə çıxarmalı və ədalətsiz fəaliyyətsizliklərinə son qoymalıdırlar, sülh prosesində real nəticəyə nail olmaq üçün Ermənistan hakimiyyətinə təzyiqləri artırmalıdırlar.

Cənab Prezident ilk növbədə Azərbaycanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verən yeganə ölkənin niyə məhz Ermənistan olması faktına açıqlama verdi, aydınlıq gətirdi. O qeyd etdi ki, bunun əsas səbəbi Ermənistanda hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Ancaq Ermənistan bu hərəkəti ilə heç şübhəsiz ki, özü-özünü çox pis vəziyyətə qoydu, özünü dünyadan təcrid etdi. Belə bir təşəbbüsün əleyhinə çıxmaq həqiqətən də ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur. Həmişə və hər bir məsələdə fərqlənməyə çalışan Ermənistan bu dəfə də çox pis formada fərqləndi. Ermənistanın BMT-dəki səfiri təşkilatın rəhbərliyinə çox qəribə bir məktub ünvanlayıb və bildirib ki, onlar bunun əleyhinədirlər. Lakin bu məktub və bu cür qeyri-sağlam davranışla ermənilər özlərini çox gülünc vəziyyətə qoydular. Maraqlıdır ki, Ermənistanın bu məktubuna heç kəs reaksiya vermədi. Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü 130-dan çox ölkə rəsmən dəstəklədi.

Ermənistanın tutduğu şər mövqeyi isə onun özünə qarşı çevrildi, beynəlxalq imicinə zərbə vurdu. Prezident İlham Əliyevin də vurğuladığı kimi Ermənistanın bu mövqeyi “bir daha onların ksenofob, irqçi və faşist mahiyyətini göstərir. Çünki artıq dünya bunların əsl simasını dəfələrlə görübdür. Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir. Mən demişəm, rejim dəyişə bilər, amma bu ölkənin faşist ideologiyası dəyişməz olaraq qalır. Bu ideologiyanın hədəfində bizik. Onların Azərbaycanafob siyasəti bu gün də özünü büruzə verdi. Onlar özləri-özlərini dünyadan təcrid edirlər. Amma bu addım, əlbəttə ki, heç bir məsələyə təsir edə bilməz. Sadəcə olaraq, dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq, görəcək ki, məhz buna görə bu addım atıldı, buna görə Ermənistan etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı”. Mən dövlət başçımızın bu fikirlərinə əlavə olaraq onu deyə bilərəm ki, Ermənistan növbəti dəfə beynəlxalq miqyasda təkləndi. Diplomatiya dilində bu cür ölkələrə “izqoy ölkə” (“страна изгой”, “rogue country”) deyilir. Və bu cür dağıdıcı, pozucu mövqe tutan ölkələrə beynəlxalq münasibətlər sistemində heç kim hörmətlə yanaşmır.

Ən pisi də budur ki, Ermənistanın xarici siyasəti necə uğursuzdursa, bu ölkənin daxili durumu ondan da bərbaddır və bu gün bu ölkənin daxilində də demokratiyanın, insan haqlarının pozulması halları geniş vüsət alır. Lakin təəssüf ki, bəzi beynəlxalq təşkilatlar isə bütün bunlara göz yumur. Prezident tamamilə haqlı olaraq qeyd etdi ki,
“Ermənistanda insan haqlarının və demokratiyanın pozulması təkcə bu günün işi deyil. Ermənistanda heç vaxt demokratiya olmayıb. Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar”. Elə indiki Ermənistan rəhbərliyi son 20 ildə (1998-ci ildən 2018-ci ilə qədər) demokratiyadan anlayışı olmayan quldurlar rəhbərlik etdiyini etiraf edir. Paşinyan öz sələflərinin oğru və cinayətkar olduğunu, önların hakimiyyəti dövründə Ermənistanda insan haqqlarını kobud surətdə pozulduğunu faktlarla açıb ortaya qoyur. Prezident İlham Əliyev də məhz bu məqama toxunaraq qeyd etdi ki, əgər 20 il ərzində Ermənistana rüşvətxorlar, cinayətkarlar, oğrular rəhbərlik edibsə, bu ölkə cinayətkarlar, oğrular, rüşvətxorlar ölkəsidir:”Onların dırnaqarası müstəqillik tarixi rüsvayçılıq tarixidir. Müstəqilliyin ilk illərində Azərbaycan xalqına qarşı törədilmiş ərazi iddiası, Xocalı soyqırımı, işğal və Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarından didərgin salınması, ondan sonrakı mərhələdə qanunsuz yollarla hakimiyyətin zəbt edilməsi. Bütün Ermənistan rəhbərləri hakimiyyətə qanunsuz yollarla gəliblər. Bu ölkənin, sadəcə olaraq, tarixinə baxmaq kifayətdir. 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror hadisəsi onların əsl mahiyyətini üzə çıxarır. Bu, terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxardı. Belə çıxır ki, Ermənistan prezidentləri rüşvətxor olublar və ikisi də indi cinayət məsuliyyətinə cəlb edilib. Onların generalları oğru olublar, əsgərlərin tuşonkasını bazarlarda satdırıblar. Onların qəhrəmanları faşist, terrorçu və cinayətkar olublar. Bax, budur, bugünkü Ermənistan”.

Heç indi də bu ölkədə siyasi və iqtisadi vəziyyət ürəkaçan deyil. Paşinyanın hakimiyyətə gəlişi Ermənistanda ciddi dəyişikliklərə gətirib çıxarmadı. Sıravi ermənilərin arzuları yenə də puç oldu. Son iki il ərzində Ermənistanda sözün əsl mənasında siyasi diktatura rejimi formalaşıb. Bu gün düşmən ölkədə insan haqları kobudcasına pozulur, jurnalistlər həbs olunur. Həmçinin siyasi rəqiblər təqib edilir, siyasi partiya rəhbərlərinin deputat toxunulmazlığı götürülür, onlar həbs edilməklə hədələnir. Biz bunu müxalifət lideri Q.Sarukyana qarşı baş verən olaylardan da aydın şəkildə görürük. Paşinyan öz rəqiblərini vurub sıradan çıxarmaq üçün qanuni və qeyri-qanuni olan bütün üsullara əl atır. Prezident İlham Əliyev də Ermənistan Baş nazirinin bu cür dərəbəyliyini nəzərdə tutaraq müsahibəsində bildirdi ki,”Baş nazir həm hakimdir, həm prokurordur, həm icra orqanının rəhbəridir, həm də sanki parlamentin sədridir. Qanunvericilik, məhkəmə-hüquq və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib və Ermənistanda diktatura artıq formalaşıbdır”. Bu isə bir daha onu göstərir ki, Ermənistanda sadəcə siyasi vitrin dəyişib, məzmun və mahiyyət isə olduğu kimi qalır. Daha doğrusu, xunta gedib, onun yerinə isə diktatura gəlib. Başqa sözlə desək, erməni ictimaiyyəti yağışdan çıxıb, yağmura düşüb.

Lakin çox maraqlıdır ki, beynəlxalq təşkilatlar saxta “demokrat” mantiyasını əyninə geyinmiş Paşinyanın ölkəsində baş verən bütün bu rəzalətə heç bir reaksiya vermir. Dövlətimizin başçısı bu mənada tamamilə haqlı olaraq sual verir ki, “haradadır ATƏT-in media üzrə nümayəndəsi? Hansı ki, gecə-gündüz Azərbaycan haqqında iftiralar uydurur və indi dəridən-qabıqdan çıxır ki, öz vəzifəsində qala bilsin.

Niyə səsini çıxarmır? Niyə həbsxanada jurnalist öləndə səsini çıxarmayıb? Niyə pozuntular olanda səsini çıxarmayıb? Haradadır Avropa Şurası? Niyə Ermənistan tənqid olunmur? Niyə Ermənistan üzrə, siyasi məhbus üzrə məruzəçi təyin edilmir? Mən bütün bu sualları verirəm və bu suallar cavabsız qalır, bu suallara cavab verilmir. Çünki sərf etmir. Nə cavab verəcəklər? Cavab verəcəklər ki, biz saxtakarıq? Deməyəcəklər. Sadəcə olaraq, susmağa üstünlük verirlər”. Bütün bunlar onu göstərir ki, artıq beynəlxalq təşkilatların və onların ayrı-ayrı təmsilçilərinin bütün bu riyakarlıqlarının üstü tam açılıbdır. İndi heç kimdə şübhə yoxdur ki, bütün bu qurumlar tərəfindən verilən qərarların əksəriyyəti siyasi xarakter daşıyır və siyasi sifarişdir. Onlar Ermənistan kimi onların qarşısında baş əyən, diz çökən ölkələrin başını sığallayır, lakin özünü qürurlu, ləyaqətli aparan, öz müstəqil mövqeyi olan və özünə qarşı hörmət tələb edən Azərbaycan kimi ölkələrə qarşı isə müxtəlif bəhanələr və saxta tezislərlə, ittihamlarla hücum edirlər. Əlbəttə ki, hücumun da əsas tezisi ya insan haqları, yadaki demokratiya şüarları olur. Biraz da konkret desək, beynəlxalq təşkilatlar Ermənistanda total şəkildə baş verən insan haqlarının pozulması hallarını görməzdən gəlir, lakin Azərbaycanda karantin rejimini pozanların İXM-ə (İnzibati Xətalar Məcəlləsi) əsasən saxlanılmasını və ya cərimə edilməsini isə əllərində bayraq edir və bunu bütün dünyaya Azərbaycanda insan haqlarının pozulması kimi təqdim etməyə çalışırlar. Yəni ki, həmişəki kimi yenə də “ikili standart”lardan çıxış edirlər. Lakin Prezident İ.Əliyevin də qeyd etdiyi kimi, bütün bunlar saxta iradlardır.

Prezident müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də geniş şəkildə toxundu və bildirdi ki, danışıqlar prosesində Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur və ola da bilməz. Çünki bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır. İlham Əliyev bir daha qeyd etdi ki, “heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir”. Minsk qrupunun məlum bəyanatına toxunan dövlət başçımız tamamilə haqlı olaraq qeyd etdi ki, biz Minsk qrupundan başqa bəyanatlar, konkret bəyanatlar gözləyirik və onu eşitmək istəyirik. Prezident İlham Əliyev “Ermənistanın baş naziri deyir “Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir?” sualını səsləndirməklə əslində Minsk qrupunun həmsədrlərini real və konkret fakt qarşısında qoydu. Doğrudan da, həmsədrlər niyə cavab vermirlər? Axı Paşinyanın bu məsuliyyətsiz ifadəsi birbaşa Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətinə zidd çıxır və onu alt-üst edir. Daha doğrusu, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Bəs, belə olan halda Minsk qrupunun həmsədrləri nə üçün buna adekvat reaksiya vermirlər?

Eləcə də, Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası “lider”ləri ilə danışıqlar aparmalıdır. Minsk qrupu buna da reaksiya vermir. Versə də, mücərrəd diplomatik sözlərlə, qeyri-müəyyən şəkildə reaksiya verir. Lakin Prezident İlham Əliyev isə haqlı olaraq onlardan konkretlik, dəqiqlik və aydın mövqe tələb edir:”Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik. Bu addımlar kim tərəfindən atılır? Ermənistan tərəfindən. Biz danışıqlar formatına da sadiqik, danışıqların mahiyyətini də əsas götürürük. Əlbəttə ki, o mahiyyətdə bizi heç də hər şey qane etmir. Ancaq biz demişik, bizi nə qane etmir və nə qane edir. Ermənistan nə edir? “Qarabağ Ermənistandır” deməklə tamamilə danışıqların mahiyyətini yerə vurur. “Formatı dəyişmək lazımdır” fikri danışıqları əhəmiyyətsiz edir. Yəni, buna adekvat reaksiya verilməlidir, yoxsa yox?!”. Azərbaycanın həmsədrlərdən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar və addımlar gözləməyə tam haqqı çatır.

Bu gün faktiki olaraq danışıqlar prosesinin getmədiyini diqqətə çatdıran Prezident də sözügedən müsahibəsində çox aydın şəkildə həmsədrlərin və Ermənistan rəhbərliyinin diqqətinə çatdırdı ki, biz danışıqları imitasiya üçün aparası deyilik, biz danışıqları mahiyyət üzrə aparmaq istəyirik:”Bilirsiniz, indi biz də dözümlülük göstəririk və konstruktiv olmağa çalışırıq. Amma bu gün faktiki olaraq danışıqlar prosesi getmir. Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur.

Bu, sadəcə olaraq, Minsk qrupunun sanki fəaliyyətdə olmasını göstərir. Yaxşı, nə qədər olar? Fəaliyyətdə olmaq fəaliyyətdə olmaq deməkdir. Mən demişəm ki, biz danışıqları imitasiya üçün aparası deyilik. Biz danışıqları mahiyyət üzrə aparmaq istəyirik. İndi onlar bir söz çıxarıblar – substantiv danışıqlar. Özləri bu sözü çıxarıblar, aydındır bunun mahiyyəti nədir - bəli, mahiyyət üzrə danışıqlar formatı dəyişmədən və masa üzərində olan danışıqlar predmetinə əlavə etmədən. Belə olan halda, əlbəttə, biz danışıqlarda iştirak edəcəyik. Əks halda, mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq. Bax, biz Minsk qrupundan bunu gözləyirik”. İndi Minsk qrupunun həmsədrləri də buyursunlar, öz missiyalarını real şəkildə yerinə yetirməyə başlasınlar. Prezidentimiz də, xalqımız da, biz qazilər də ATƏT-in bu yüksəkçinli diplomatlarından konkret nəticə gözləyirik. Artıq söz diplomatiyası ilə başımızı qata bilməzlər!

Prezident İlham Əliyevin müsahibəsində bir məqam da xüsusi olaraq diqqətimi çəkdi. Müsahibəsinin sonunda cənab Prezident net şəkildə bildirdi ki, “biz öz mövqeyimizdə möhkəm dayanmışıq, haqq-ədalət bizim tərəfimizdədir. Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın”. Prezidentimizin çıxışındakı bu əminliyi, bu qətiyyəti çox bəyəndim. Biz qazilər də hər zaman Ali Baş Komandanımızın yanındayıq, onu tam şəkildə dəstəkləyirik və döyüş əmrinə də hazırıq!

Əlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.