Sizin Reklam Burada

"İnsanların ümid dolu gözləri ümummilli lider Heydər Əliyevə dikilmişdi"

"İnsanların ümid dolu gözləri ümummilli lider Heydər Əliyevə dikilmişdi"Bu gün Bakı Dövlət Universitetində 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş onlayn elmi-praktiki konfrans keçirilib. Deputatların, BDU rəhbərliyinin, ziyalıların iştirakilə keçirilən konfransda əsas məruzəçi qismində Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxış edib. S.Qurbanovun məruzəsini təqdim edirik:

- Tarixin bütün mərhələlərində şəxsiyyətin rolu danılmazdır. Bəzən güclü şəxsiyyətlər tarixin mühüm mərhələsinin başlanğıcı kimi çıxış edirlər. Belə mühüm tarixi şəxsiyyətlərdən biri də ümummilli lider Heydər Əliyevdir. Xalqın taleyində böyük önəm daşıyan elə tarixlər də var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən əhəmiyyətli başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir.

Ulu öndərimizin həyat fəlsəfəsi onun müstəqil dövlətçilik və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması və hərtərəfli inkişaf etdirilməsi Azərbaycanımızın işıqlı gələcəyi naminə mühüm məsələlərdəndir. Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər əsasında yaradaraq, onu real həyatda gerçəkləşdirmiş müdrik şəxsiyyət kimi hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası ən yeni tariximizdə məhz Heydər Əliyevə məxsusdur. Böyük rəhbərin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət və iradə sonsuz Vətən sevgisinin parlaq nümunəsidir. Əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider kimi o, millətini, torpağını labüd fəlakətlərdən qurtarıb, çevriliş, qiyam cəhdlərindən qoruyaraq cəmiyyətdə özünəinam hissini bərpa edib, ölkəmizdə sabitlik və firavanlığa təminat yaradıb.

Zaman ötdükcə, olkəmiz bütün sahələr üzrə inkişaf edib möhkəmləndikcə bu şərəfli tarixin önəmi daha aydın dərk olunur. Xalqımız bu tarixi, yəni ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışının rəsmiləşdiyi tarixi sonsuz minnətdarlıq hissi ilə xatırlamağı özünə mənəvi borc hesab edir. Çünki danılmaz həqiqət ortadadır. Hər kəs bilir ki, 15 İyun-Milli Qurtuluş Günü olmasaydı müstəqil dövlət kimi mövcudluğumuz 1918-1920 ci illərdə əldə etdiyimiz müstəqillikdən də qisa olacaqdı. Ulu öndərin böyük qayıdışı nəinki, Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyinin itirilməsinin qarşısını aldı, eyni zamanda ölkəmizi sabitliyə, davamlı inkişafa, sosial rifaha istiqamətləndirdi. Əslində, bizim 2-ci müstəqillik tariximiz 15 iyundan başlamışdır desək, yanılmarıq. Çünki 1991-ci ildə əldə edilmiş müstəqillik formal, şərti xarakter daşıyırdı. O zaman idarəetmə düyməsi Moskvanın əlində idi. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu.

1991-1993-cu illərin qısa xülasəsini versək, onu deyə bilərik ki, bir tərəfdə 70 il mövcud olmuş imperiyanın dağılması prosesi gedirdi, digər tərəfdə isə xalqda milli oyanış baş qaldırırdı. Yaranmış siyası börhan çevik idarəetmə və yeni yanaşma tələb edirdi. Amma təəssüf ki, yaranmış bu siyasi böhrana bir tərəfdən öz hakimiyyətini qoruyub saxlamaq istəyən, imperialist təfəkküründən çıxa bilməyən Ayaz Mütəllibov və komandası, digər tərəfdən isə nəyin bahasına olursa-olsun, hakimiyyəti əla almaq, qamarlamaq yanğısı ilə meydanlara atılan cəbhəçi-musavatçı bəylər öz “töhfə”lərini verirdilər. Qütbləşmə, qarşıdurma getdikcə kəskinləşir və ölkə uçuruma yuvarlanırdı. Xocalı faciəsi, Şuşa və Laçının işğalı məhz bu xəyanətkar qarşıdurmanın nəticəsi oldu. Və nəhayət ki, 1992-ci il mayında AXC-Müsavat cütlüyü dövlət çevrilişi edərək, hakimiyyətin güc yolu ilə zəbt etdi. Bundan sonra vəziyyət daha da ağırlaşdı. AXC-Müsavat hakimiyyəti ölkədə xaos, anarxiya, özbaşınalıqa rəvac verdi. Mənfur ermənilər isə bundan istifadə edərək torpaqlarımızı işğal edir və çoxsaylı qaçqınlar-köçkünlər ordusunun yaranmasına səbəb olurdular. Problemlər getdikcə artırdı, səriştəsiz idarəetmə, savadsız kadr siyasətinin nəticəsində müstəqilliyimiz və bütövlükdə ölkəmiz çox ciddi təhdidlərə məruz qalmışdı. Hakimiyyət idarəetmə strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirərək, 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydular. Qisa fəaliyyətlərinin xülasəsi o oldu ki, ölkənin bir sıra regionlarında silahlı birliklər seperatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar nəinki vəziyyəti düzəltmədi, əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə Prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxmışdı, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. 1993-cü ilin iyunun 4-də iqtidarın fərsizliyi ucbatından Gəncədə qardaş qanı töküldü. Hadisələrin ertəsi günü - iyunun 5-də Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi hadisə ilə əlaqədar bəyanat verdi. Bəyanatda qəhrəman Cavad xanın nəvələri - gəncəlilərə müraciət edilərək onların imperiya nökərlərinə layiqli cavab verəcəklərinə, müstəqilliyimizi və gənc Azərbaycan dövlətini qoruyub saxlayacaqlarına böyük inam ifadə olunurdu.

Bakıda isə özlərini itirmiş yuxarı dairələrdə qədim Gəncə əhalisinin köçürülməsi, şəhərin bombardman edilməsi barədə sərsəm fikirlər səslənirdi. İyunun 8-də isə Əbülfəz Elçibəyin Milli Məclisdəki məntiqsiz çıxışı və AXC-nin bəyanatı hamını sarsıtdı. Bu düşünülməmiş avantürist hərəkətlərin məntiqi nəticəsi kimi Gəncə elliklə ayağa qalxdı. Vəziyyətin ciddiliyini nəzərə alan siyasi partiyalar, cəmiyyətlər və digər təşkilatlar iqtidara qarşı etiraz bəyanatı imzaladılar.

Belə ağır məqamda insanların ümid dolu gözləri Naxçıvana, hətta düşmən blokadasında belə muxtar respublikanı qorumağı bacaran ümummilli lider Heydər Əliyevə dikilmişdi. AXC-Müsavat iqtidarının yarıtmaz rəhbərliyindən cana doyan xalq, Vətənin bu ağır günündə öz sınanmış dahi oğlu Heydər Əliyevin Bakıya - Azərbbaycanın siyasi rəhbərliyinə gəlməsini qətiyyətlə tələb edirdi. Buna qədər AXC-Musavat hakimiyyəti də əvvəlki iqtidarlar kimi Heydər Əliyevin nüfuzuna qısqanclıqla yanaşır, hər vəchlə onu respublikada baş verən siyasi proseslərdən təcrid etməyə cəhd göstərirdi. Ancaq xalqın taleyinə biganə qala bilməyən ziyalılar, sadə zəhmət adamları başa düşürdülər ki, ölkəni, gözləyən fəlakətlərdən ancaq Heydər Əliyev müdrikliyi xilas edə bilər. Bu məqsədlə onlar “Səs” qəzetində “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciətlə çıxış edərək, Heydər Əliyevin rəhbərliyi altında yeni bir siyasi partiyanın yaradılması barədə görkəmli dövlət xadiminə müraciət etdilər. Bundan qorxuya düşən Xalq Cəhbəsinin silahlı qüvvələri 1992-ci il oktyabrın 24-də Naxçıvanda çevriliş etməyə, Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd göstərdilər. Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq dövlətçiliyə balta vurmaq istəyənlərin məkrli niyyətlərinin qarşısını aldı. Həmin xəyanətkar qüvvələr 4 iyun hadisələrində Surət Hüseynovun “dar ağacından” qorxaraq yenə xalqı yox, öz talelərini düşünərək xalqın böyük oğlu, xilaskarı Heydər Əliyevə yalvararaq Bakıya dəvət etdilər. Yaranmış vəziyyətdə hakimiyyətə gəlməyin çox böyük riskləri olmasına baxmayaraq, həmişə Azərbaycanın taleyini öz taleyi bilən Heydər Əliyev ona ünvanlanan çoxsaylı müraciətləri, xalqın çağırışını cavabsız qoymadı və iyunun 9-da Bakıya gəldi. Ulu öndər 13 iyunda parlamentdə çıxış etdi, Gəncəyə gedib oradakı vəziyyətlə tanış oldu. 15 iyunda isə ulu öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Beləliklə, respublikamız diletant, naşı və həris insanların hakimiyyətindən qurtuldu.

Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi.

Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən kənar saldı”.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb, ona mane olmağa çalışdı. Vəziyyətdən səbrlə çıxan Prezident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.Azərbaycanın sabitlik və inkişafla səciyyələnən qurtuluş tarixi başladı. Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə qoca Qafqazın bu bölgəsində yeni bir siyasi dövr, yeni təfəkkür mərhələsi başlandı.

Heydər Əliyevin xalq tərəfindən sevilərək, təkidlə hakimiyyətə dəvət edilməsinin bir çox səbəbləri var idi:

1. Azərbaycanın rəhbəri kimi 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər, Azərbaycanın inkişafı, quruculuq və abadlıq işləri xalqın yaddaşında əziz xatirə kimi qalmışdır. Məhz onun rəhbərliyi ilə 1970-ci illərdə Azərbaycan sovet məkanında ən geridə qalmış yerdən ən qabaqcıl yerə yüksəlmişdir.

2. Heydər Əliyev xalqımız üçün ən ağır məqamlarda daim xalqla birlikdə olmuşdur, böyük müdriklik, cəsarət göstərmişdir. Qanlı Yanvar faciəsindən dərhal sonra - 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Sovet hakimiyyətini, Kommunist Partiyasını törətdiyi cinayətə görə pisləmişdir, tənqid etmişdir, o qanlı faciəni qınamışdır, Azərbaycan xalqının ağrılarını bütün dünyaya çatdırmışdır.

3. Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə Ulu Öndər Naxçıvanı erməni işğalından qoruya bilmişdir, o da çox çətin vəzifə idi. Naxçıvan düşmənin əhatəsində idi və orada özünümüdafiə qrupları təşkil edilmiş və düşmənə layiqli cavab verilmiş, düşmən yerinə oturdulmuşdur.

4. 3 sentyabr 1991-ci il sessiyasında Naxçıvan Ali Sovetində "Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında" məsələ müzakirə edilərək, Kommunist Partiyasının fəaliyyətini dayandırılması haqqında qərar qəbul edərək, Azərbaycan Respublikasının Ali Sovetindən Sovet İttifaqı Kommunist Partiyası və qurumlarının fəaliyyətinin dayandırılmasını xahış etmişdir.

5. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağını ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında dövlət bayrağı kimi məhz Heydər Əliyev təsdiq etmişdir. Sovet İttifaqının saxlanmasına dair referendum Azərbaycanın bütün başqa yerlərində keçirilməsinə baxmayaraq, Naxçıvanda keçrilməsinə imkan verməmişdir.

6. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirmiş və “Sovet Sosialist” sözlərini oradan çıxarmışdır.

7. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində sovet ordusu hissələri MR ərazisindən çıxarılmışdır və.s

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan tarixindəki rolu haqqında dünya siyasətinin tanınmış simalarından olan Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin dəyərli sözlərini xatırlayıram: “Çörçill ingilis millətinə 40 il xidmət etdi, ancaq bu, xidmətin sonunda, 1940-cı ildə lazım oldu. O zaman Çörçilin edəcəyi xidməti göstərəcək ikinci adam yox idi. Bəşər tarixində insanlar hər zaman millətinə xidmət edir, ancaq bəzən lazım olurlar. Ruzveltin 1942-ci ildə, de Qollun 1958-ci ildə, Adenauerin 1946-cı ildə lazım olduğu kimi... Hörmətli Heydər Əliyev Azərbaycan millətinə çox xidmət etmişdir, amma 1993-cü ildə lazım idi. Onun gördüyü işi görəcək başqa heç kim yox idi. Yaxşı ki o vardı!...”

Ümummilli liderimizin həyata keçirdiyi xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, ölkəmizi gələcəyə inamla baxan güclü bir dövlətə çevirmişdir. Bu gün isə Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru addımlayır. Bu yol Heydər Əliyev yoludur. Bəli, tam əminliklə demək olar ki, Azərbaycanın gözəl gələcəyi var.

Bu gün tam əminliklə deyə bilərik ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, müasir-müstəqil Azərbaycanımızın sağlam dövlətçilik əsasının dayanıqlı təməlləri üzərində, bu şərəfli siyasi yolun layiqli davamçısı Prezident İlham Əliyev çox məharətlə davam etdirir.

Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Beləliklə də, Azərbaycan indi nəinki regionda söz sahibidir, eyni zamanda dünya masştabında siyasi fiqura çevrilməkdədir.

Prezident İlham Əliyevin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasətini uğurla davam etdirməsi nəticəsində Azərbaycan bu sahədə əsas oyunçulardan birinə çevrilib. Dövlətimizin başçısının enerji siyasəti ilə bağlı təşəbbüsləri və reallaşan layihələr regional çərçivələrdən çıxaraq qlobal miqyas alıb. Bir qədər geri qayıdıb tarixə nəzər salmaq lazım gəlir. 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verildi. 2014-cü il sentyabrın 20-də Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirildi. TAP layihəsinin icrası isə qrafik üzrə davam etdirilir.

Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görüldü. Təməli 2007-ci ildə qoyulmuş Bakı–Tbilisi–Qars dəmir yolunun 2017-ci il oktyabrın 30-da Bakıda rəsmi açılışı oldu. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikildi.

Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Bu gün Azərbaycanda dünya miqyasında ən güclü ordulardan biri formalaşıb və bu ordu işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdir.

Elə təkçə son dövr dünyada tüğyan edən koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsilə Azərbaycanda da yayılması və bununla bağlı təxirəsalınmaz ardıcıl işlərin aparılması və onun əksər dünya dövlətlərilə müqayisədə müsbət nəticələri göz önündədir.

Bir sözlə, cənab Prezident İlham Əliyev və ölkəmizin Birincı vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanı xoş gələcəyə inamla aparırlar!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər