29 may 13:40siyaset

"Heç bir xain qüvvə çirkin planına nail ola bilməyəcək"

"Heç bir xain qüvvə çirkin planına nail ola bilməyəcək" “Tamamilə düz fikirdir ki, ümummilli liderimiz Heydər Əliyev hakimiyyətdə olsaydı, bir qarış torpaq da düşmən tərəfindən işğal edilə bilməzdi”.

Bunu “Xalq Cəbhəsi” qəzetinə aşıqlamasında politoloq Mirsamir Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin dünən Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında ermənilər tərəfindən torpaqlarımızın işğalı ilə bağlı işlətdiyi fikirlərə münasibətində qeyd edib.

Politoloq bildirib ki, ümummilli lider H.Əliyev varlığı nəinki erməniləri, onların havadarlarını belə qorxuya salmışdı. 90-cı illərdə ölkədə hakimiyyət davası torpaqlarımızın işğalı ilə nəticələndi: “Ermənilər xarici havadarlarının dəstəyi ilə bundan məharətlə yararlana bildilər. Xaos, özbaşnalıq ermənilərin Dağlıq Qarabağın işğalı, yüzlərlə mülki və hərbçimizin itkisi ilə nəticələndi. Ermənilər, onların havadarları və o vaxtkı Azərbaycanda olan hakimiyyətdəki qüvvələr Heydər Əliyevin ölkəmizə gəlişini belə əngəlləməyə çalışırdı. Amma bunu bacara bilmədilər, xalq liderini, xilaskarını tələb etdi, ona qovuşdu, arxalandı”.

M.Məmmədov onu da qeyd edib ki, 1990-cı ilin yanvar ayının 19-20-nə keçən gecə Qorbaçovun göstərişi ilə Bakıda törədilən faicənin baş sifarişçisi əlbəttə ki, ermənilər idi. Hər an izlənilən H.Əliyev xəstə olduğu halda qorxu bilmədən Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib ölkəyə qarşı imperiyanın təcavüzünü pisləyir, həyəcan təbilini dünya ictimaiyyətinə çatdırır və xalqımıza dərin hüznlə baş sağlığı verir: “Bu cəsarət yalnız ümummilli liderdəydi. Həmin çətin və qorxulu dönəmdə Heydər Əliyev xalqının acısı ilə bir yerdə olduğunu göstərdi. Əgər 90-cı illərdə Azərbaycanda hakimiyyət başında ümummilli lider olsaydı, ermənilər və onların xaricdəki dəstəkçiləri işğal haqqında fikirləşməyə belə cürət etməyəcəkdilər. Onlar ümummilli liderimizin nəyə qadir olduğunu yaxşı anlayırdılar. Onlar Heydər Əliyevin SSRİ rəhbərliyinin və dünya ermənilərinin qurduğu tələdən öz mahir kəşfiyyatçı bacarığı ilə xilas olaraq sağ-salamat çıxdığını görmüşdülər. Onlar bilirdilər ki, Heydər Əliyev Azərbaycanın bir qarış torpağını da güzəştə getməyəcəkdi, xalqını qırğından qoruya biləcəkdi”.

Politoloqun fikrincə, H.Əliyev Kremldən uzaqlaşandan sonra məlum Qarabağ məsələsini reallaşdırmaq üçün ermənilərin və onlara havadarlıq edən Moskvanın əlinə fürsət düşdü: “Dağlıq Qarabağda yaşayan insanlar heç də Azərbaycanın o biri torpaqlarında, rayonlarda yaşayan insanlardan pis yaşamayıblar. Ölkə ərazisində yaşayan bütün vətəndaşlara bərabaər şərait yaradılmışdı. Ancaq Heydər Əliyevin qətiyyəti, iradəsi, cəsarəti imkan vermirdi ki, orada bir dənə də olsun hadisə baş versin. Ümummili liderə qədər Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlı əhalinin sayı 10-14 faiz olub. Heydər Əliyev 1982-ci ildə Azərbaycandan gedəndə bu rəqəm 25 faizə çatmışdır. Əgər o, Azərbaycanda qalsaydı, bir 10 ilə 50 faizə çatacaqdı. Ermənilər və burada yerli satqınlar Heydər Əliyev Moskvada işləyəndə donoslar, anonim məktublar yazırdılar. Azərbaycanda Özbəkistan variantının təkrarlanmasına çalışırdılar. Azərbaycana bir qrup müstəntiq göndərmişdilər ki, işlər yoxlanılsın, lakin ümummilli liderimiz ölkəmizə, xalqımıza böhtanın atılmasına imkan vermədi. Müstəntiq qrupunun ölkədən çıxmasına nail oldu. Baxın, o vaxtdan ümummili liderimizin ürəyi Azərbaycanla döyünüb, Moskvada vəzifədə olduğu zamanlarda da vətən, xalq dərdi çəkib”.

Politoloq bildirib ki, o vaxtları ermənilər və Azərbaycandakı ermənipərəst qüvvələr ümummilli liderimizdən Siyasi Büroya donos yazırdılarsa, bu gün həmin qüvvələr Qərbə üz tutublar: “Fərqlənmirlər, hər iki qüvvə xalq düşmənidir. Onlar da özlərinə başqa ölkədə himayədar axtarırdılar, bunlar da. Hər iki qüvvənin bir məqsədi var – hakimiyyəti ələ keçirmək. 90-cı illərdə torpaqlarımız da elə bu prosesin qurbanı oldu. Nə o vaxtı onların iyrənc və çirkin planları baş tutdu, nə də bu gün baş tutacaq. Xalq öz liderinə arxayındır və arxadır. Azərbaycanda xalq-hakimiyyət birliyi mövcuddur. Bu birlik istənilən xarici və daxili düşmənlərin planlarını alt-üst etməyə qadirdir. Müasir Azərbaycan ümummilli liderimizin bizə əmanətidir, onu qorumaq hər birimizin borcudur”.
XƏBƏR LENTİ
SORĞU