"Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu ilə inamla addımlayır"

"Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu ilə inamla addımlayır" Tarixdə o kəslərin izi qalır ki, onların şərəfli, mənalı və zəngin həyat yolunu dövlətin və xalqın tarixindən kənarda təsəvvür etmək mümkün deyil. Ümummilli lider Heydər Əliyev də Azərbaycan xalqının yetişdirdiyi nadir şəxsiyyətlərdən biri olaraq müasir tariximizin bütöv bir epoxasının müəllifidir.

Xalqımız müasir dövrdə tarixi dövlətçilik ənənələrini Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına salmış, millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını və özünü idarə etmək bacarığını yüksək səviyyədə nümayiş etdirmişdir. Ona görə də həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndər bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla xatırlanır.

Anadan olmasının 97-ci ildönümündə xalqımız öz dahi oğlunun əziz xatirəsini qədirbilənliklə, minnətdarlıqla anır.
Azərbaycanın dərin iqtisadi və mənəvi böhran keçirdiyi 1969-cu ildə ölkəyə rəhbərliyə başlayan Heydər Əliyev işıqlı gələcəyə doğru aparan yolun əsasını qoydu. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq və milli intibah salnaməsinin ən dolğun və şərəfli səhifələrini təşkil edir. Azərbaycanın bir dövlət olaraq müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasına görə Heydər Əliyevə minnətdardır. Öz tarixi missiyası ilə ulu öndər müasir Azərbaycan dövlətini yaratdı, xalqımızı yenidən müstəqilliyini itirməkdən, əsarət altında yaşamaqdan xilas etdi.

Bu gün Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu ilə inamla addımlayır, öz tarixinin yeni şərəfli səhifələrini yazır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 17 ildə qazanılan hər bir uğur göstərir ki, ulu öndərin ideyaları bu gün dövlətimizin yüksəlişinə, xalqımızın rifahına xidmət edir. Cənab İlham Əliyevin elmi əsaslarla yeritdiyi sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açmışdır.

Dövlətimizin qazandığı möhtəşəm uğurlar həm də bizə Heydər Əliyev fenomeninin milli dövlətçilik qarşısındakı əvəzsiz xidmətlərini mahiyyəti üzrə dərk etmək imkanı yaradır. Ölkəmizin müstəqillik tarixində baş verən proseslərə nəzər saldıqda bir daha aydın olur ki, Azərbaycanın tərəqqisinin, qüdrətlənməsinin və dövlətçiliyimizin əbədiliyinin yolu məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsindən, ulu öndərin ideyalarının gerçəkləşdirilməsindən keçir. Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir qloballaşma dövründə xüsusi aktuallıq kəsb edir.

Bu baxımdan Heydər Əliyev Fondu ulu öndərin ideyalarını, xeyirxah və müqəddəs əməllərini yaşatmaq üçün ictimai həyatın ən müxtəlif sahələrində fundamental, çoxşaxəli layihələr həyata keçirir, hər bir vətəndaşın istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə həm maddi, həm də mənəvi dəstək verir. Yarandığı gündən bu ali məqsədi qarşıya vəzifə kimi qoyan ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan Heydər Əliyev fondu fəaliyyətilə insanların ümid yerinə çevrilmişdir.

Respublikamızın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlətimizin inkişafına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın dünya birliyində layiqli yerini tutmasına doğru istiqamətlənmiş tədbirlərini inamla davam etdirir.

Mehdi Balabəyov
Şabran rayon İcra hakimiyyəti başçısının birinci müavini,
YAP Şabran rayon təşkilatının sədri