06 apr 20:47siyaset

Beşinci kolon siyasi mübarizə adı altında milli maraqlara xəyanət edir

Beşinci kolon siyasi mübarizə adı altında milli maraqlara xəyanət edir Anar Məmmədov
Milli Məclisin deputatı


Bu gün dünyada, eləcə də ölkəmizdə koronavirusla bağlı vəziyyət olduqca gərgindir. Əsas diqqət problemin qarşısının alınmasına yönəlib. Azərbaycan hökuməti tərəfindən pandemiyaya qarşı mübarizə tədbirləri görüldüyü halda bütün bunların müqabilində bir sıra destruktiv qüvvələr - xüsusilə ölkədəki sabitliyi pozmaq istəyən sözdə müxalifət öz rüsvayçılıqlarını gizlətməkdən ötrü uğursuz cəhdlərə əl atıb, heç bir əsası olmayan bəyanat yayırlar. Fəaliyyəti daha çox Azərbaycanda xaotik bir durumun formalaşmasına köklənmiş köhnə təfəkküründən əl çəkə bilməyən radikal müxalifətin istək və əməli bunun real təcəssümüdür.

Adını müxalifət qoysa da, əməlləri daha çox xalqa və onun formalaşdırdığı müstəqil dövlətə qarşı yönələn, beləliklə də əsl mahiyyətini istər - istəməz ifşa edən radikal qüvvələrin Azərbaycanda nədən hər vəchlə sabitliyin pozulmasına, anarxiyanın yaranmasına çalışmasının səbəbi əslində heç kimə sirr deyil. Bu gün müəyyən marginal qrupların fəaliyyəti müstəqil Azərbaycana zidd çıxan qüvvələrin əməlləri ilə faktiki olaraq eyni bir şəbəkəyə bağlıdır. Digər tərəfdən müxalifətin sözügedən qanadına elə antiazərbaycançı mövqedə dayananlar tərəfindən vəsait ayrılması, bunun əvəzində müxalifət təmsilçilərinin, onların rəhbərlərinin həmin qüvvələr qarşısında müəyyən öhdəliklər götürməsi, vədlər verməsi elə radikalların öz düşərgəsində tez - tez etiraf edilən həqiqət, bəzən isə bir - birlərinə qarşı səslənən ittihamdır.

Bir neçə gün bundan öncə Milli Şuranın Azərbaycan hakimiyyətinin pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə ölkədə tətbiq olunan rejimdən sui - istifadə ilə bağlı yaydıqları bəyanatın məzmunundan açıq şəkildə görmək olar ki, bu şəxslər yenidən antiazərbaycançı mövqedə dayanaraq ölkədə çaxnaşma yaratmaq niyyətindədirlər. Belə bir həssas məqamda bütün dünya ölkələri, eyni zamanda Azərbaycan hökuməti virusla mübarizə apardığı halda Milli Şura cinayətkarların və hansısa psixoloji problemi olan şəxslərin müdafiəsinə qalxıb, qərbdəki ermənipərəst dairələrin əli ilə ölkəmizin beynəlxalq imicinə xələl gətirməyə çalışır. Lakin bir məqamı unudurlar ki, Azərbaycan dövləti hüquqi dövlətdir və kimliyindən asılı olmuyaraq hər kəs qanun qarşısında bərabərdir və etdiyi əmələ görə məsuliyyət daşıyır. Həbs olunanlar konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunub.

Çünki ölkəmizdə bütün hüquq və azadlıqlar qorunur buna görə də heç kimi öz siyasi fəaliyyətinə görə təqib etmirlər. Azərbaycan hökuməti bu gün tam müstəqil siyasət yürüdür və bəzi təşkilatların da bu gün kimlərinsə diktəsi ilə ölkəmizin daxili məsələlərinə qarışmağa ixtiyarı yoxdur. Bəyanatın məzmunundan açıq şəkildə anlamaq olur ki, kimlərinsə həbsini siyasiləşdirib divident qazanmaq istəyənlər yenidən öz əməlləri ilə xalqın iradəsinə qarşı çıxırlar. Cəmiyyətimizdə isə belə dağıdıcı, eləcə də öz ambisiyalarına müxtəlif don geyindirənlərə yer yoxdur və olmayacaq. Çünki xalq qanuni yolla seçdiyi iqtidarına sadiqdir və onun siyasətini dəstəkləyir. Bir sözlə, xalq kimin kim olduğunu yaxşı bilir. Ona görə də Azərbaycan ictimaiyyəti radikal müxalifətin milli maraqlara zidd mövqeyini və təxribatçı hərəkətlərini qınayır, ciddi etiraz və narazılıqla qarşılayır.
XƏBƏR LENTİ
SORĞU