28 fev 10:26siyaset

Rusiya və Türkiyəni Suriyada ABŞ üz-üzə gətirir - Politoloq

Rusiya və Türkiyəni Suriyada ABŞ üz-üzə gətirir - PolitoloqRusiya-Türkiyə münasibətlərinin perspektivini bir qədər acı görürəm. Fikrimcə, Türkiyənin indiki hakimiyyəti Rusiyanı yaxşı tanımadı və həddən artıq hiyləgər siyasət yürütdüyünü qəbul etmək istəmədi. Nəzərə almadılar ki, son 400 ildə Rusiya Türkiyə ilə üz-üzə gələndə məkirli siyasət yürüdüb. Yəni, həmin vaxtda Türkiyə və Rusiya arasında 10 müharibə olubsa, əvvəlki 6-nı türklər, sonuncu 4-ü isə ruslar udub. Hesab edirəm ki, Türkiyə tarixinə nəzər salmalı idi.

Bu fikirləri Rusiya-Türkiyə münasibətlərini Teleqraf.com-a şərh edən politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun fikrincə, Türkiyə İdlibə daxil olmamalı idi.

Onun sözlərinə görə, Rusiya və Türkiyəni Suriyada ABŞ üz-üzə gətirir:

“Deyə bilmərəm ki, cənab Ərdoğan bunu bilərəkdən edir. Sərhəd məsələsini başa düşürəm, amma Hataya görə İdlibə daxil olmağı doğru saymıram. Əlbəttə, Türkiyə istəyir ki, bu bölgəni öz nəzarətində saxlasın. Amma Türkiyəni bura Suriya dövləti çağırmadığı üçün bu qəbul edilmir. Hesab edirəm ki, Türkiyənin uzunmüddətli müharibəyə cəlb edilmək ehtimalı var. Düzdür, Putin-Ərdoğan görüşü var. Amma Rusiya tərəfi çalışacaq ki, bu proses uzansın. Rusiya tərəfi öz ordusu ilə deyil, Bəşər Əsədin əli ilə türklərlə savaş aparacaq. Yenidən müsəlmanın müsəlmana qırdırılması yenə də ABŞ-ın planıdır. Adama elə gəlir ki, Türkiyə Rusiya və ABŞ-ın razılaşmasının qurbanına çevrilir. Hər halda Türkiyə İdlibdən çıxsa yaxşı olar. Oturub öz sərhədində dövlətini qorusunlar. Həm də 2-3 milyon ərəbə görə, Türkiyəni ağır vəziyyətə salması da doğru olmazdı. ABŞ arzu edir ki, Türk ordusu uzunmüddətli müharibəyə girsin. Həm Əsəd çöksün, həm də Türkiyə iqtisadiyyatı”.

Müsahibimiz qeyd edib ki, gözlənilən Ərdoğan-Putin görüşündə kompramist əldə edilə bilər:

“Məsələn, mümkündür ki, Türkiyə bir addım geri çəkilər. Bu, Rusiya üçün qəbul olunan variantdır. Çünki Rusiyanın hərbi bazalarından biri İdlibə yaxındır. O tərəfdən Hələb yolunu açmaq istəyirlər. Eyni zamanda Amerika Suriya neftində maraqlıdır və hazırda ona nəzarət edir. Yəni üç marağın toqquşduğu yerdə Türkiyə səbrlə gözləməli və ABŞ-Rusiya maraqlarının üz-üzə gəlməsi anında dvidentlərini götürməli idi.

Qənaətimcə, ən ağıllı variant o olardı ki, müvəqqəti olaraq Türkiyə Rusiya ilə razılaşsın. Yəni, bir addım geri çəkilsin ki, sonradan iki addım irəli gedə bilsin. Hər halda mən bu məsələdə bir yaxşı perspektiv görə bilmirəm”.
XƏBƏR LENTİ
SORĞU