26 fev 13:16siyaset

Xocalı soyqırımı ssenarisində gizli məqamlar - Politoloq rəyi...

Xocalı soyqırımı ssenarisində gizli məqamlar - Politoloq rəyi...
Bu gün Xocalı soyqırımından 28 il ötür.

Bu illər ərzində Azərbaycanın müxtəlif beynəlxalq səviyyəli müraciətlərinə baxmayaraq, Xocalı faciəsi hələ də soyqırımı kimi tanınmayıb.

Ekspertlər də hesab edirlər ki, bu hadisə dünya ölkələrində soyqırımı kimi tanınmalıdır.

Tanınmış politoloq Arzu Nağıyev BAKU.WS-ə açıqlamasında bildirib ki, Xocalı faciəsi XX əsrin ən ağır və işgəncəli soyqırımılarından biri kimi dəyərləndirilməlidir.
“613 nəfərin qətlə yetirilməsi hansısa çərçivəyə sığmır. Bu qətlin məhz erməni zabitlərindən təşkil olunmuş 366-cı alay tərəfindən həyata keçirilməsi və onların havadarlarının bu məsələdə müsbət rol oynaması onu göstərir ki, məqsəd, doğurdan da, bir millətə qarşı etnik təmizləmə olub.
Ermənistanın keçmiş prezidentləri, istər Koçaryan, istərsə də Sarkisyan birbaşa bu məsələlərin iştirakçısı olub. Düşünürəm ki, onların həbsindən sonra beynəlxalq məhkəmələrdə, Haqa məhkəməsinə qədər buna hüquqi qiymət veriləcək”, - deyə Arzu Nağıyev bildirib.
Politoloq deyir ki, 366-cı alayda olanlar, ümumiyyətlə bu proseslərdə iştirak edənlərin siyahısı məlumdur:
“Ermənistanın keçmiş müdafiə naziri Ohanyanın həmin dövrdə batalyon komandiri olması və azərbaycanlıların etnik təmizlənməsində, Xocalı soyqırımında birbaşa iştirakı artıq sübut olunub. Bu məsələlər bir daha qaldırılmalıdır.
Məlumdur ki, Xocalı soyqırımı ilə bağlı Azərbaycan hərbi prokurorluğu tərəfindən cinayət işi qaldırılıb. Bu iştirakçılar bir-bir aydınlaşdırılıb.

Sadəcə olaraq beynəlxalq məhkəmələr tərəfindən bu proses davam etməlidir. Erməni tərəfin hətta Münhen konfransında cənab prezident İlham Əliyev Paşinyanla görüşdü.
Həmin görüşdə Paşinyan istədi sübut etsin ki, Xocalı faciəsi ermənilər tərəfindən deyil, 3-cü şəxslər tərəfindən törədilib.

Lakin cənab prezident İlham Əliyev Paşinyanın bu yalanını da sübut və sənədlərlə, tarixi və diplomatik çıxışları ilə ifşa etdi.

Azərbaycanın iştirak etdiyi müxtəlif görüşlərdə də mühüm əhəmiyyət kəsb edən dəlillər ortaya qoyulur.
Azərbaycan xalqına qarşı törədilən etnik təmizləmə və Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən də birmənalı şəkildə qarşılanmamalıdır.
Bunun, həqiqətən də, soyqırımı olduğunu büruza verməli və qəbul edilməlidir.

Bu istiqamətdə də istər diplomatik kanallarda, istərsə də informasiya istiqamətində çox mühüm işlər görülür.
Lakin tam şəkildə doğrudan da bunun soyqırımı olmasını sübuta yetirmək Azərbaycan qarşısında duran ən mühüm məsələlərdən biridir.

Ermənilərin törətdiyi soyqırımı bütün Azərbaycan xalqına görk olmalıdır.

Çünki ermənilər bu soyqırımını törədəndə və icazə verəndə ki, bu görüntüləri çəksinlər, əsas məqsəd işğal edə biləcəkləri ərazilərdəki azərbaycanlıları qorxu altında saxlamaq idi.

Həmin o qorxudan istifadə edərək hansısa rayonun işğalında məhz Xocalını misal gətirdilər. Bu, birbaşa Sarkisyan və Koçaryanların taktikası idi.
Bu taktikanın da qarşısını almaq üçün Azərbaycan xalqı birmənalı şəkildə onların dərsini vermək imkanına malikdir. 2016-cı il aprel döyüşləri və digər hadisələr də bunu sübut etdi.

Xocalıda həlak olmuş şəxslərə Allah rəhmət eləsin.
Düşünürəm ki, Azərbaycan xalqı onların qanını yerdə qoymamağa qadirdir”.

Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirdi.

Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu.
106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.

Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
XƏBƏR LENTİ
SORĞU