05 dek 13:50siyaset

Mehdi Balabəyov: “Bu uğurlu yol Heydər Əliyev yoludur”

Mehdi Balabəyov: “Bu uğurlu yol Heydər Əliyev yoludur”“Ümummilli Liderimizin anım günü ərəfəsində bir araya gələrək, bu böyük şəxsiyyət barədə fikirlərimizi bölüşərkən, bir daha hiss edirik ki, Dahi Öndər Heydər Əliyev haqqında nə qədər ibrətamiz fikirlər deyilsə də, yenə də nəyi isə deməyiblər. Bax, bu hiss, bu fikir neçə illərdir ki, yaranır və bunun özü Heydər Əliyev şəxsiyyətinin əlçatmaz bir zirvə olduğunu göstərir”.

Sözügedən fikirləri YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ərəfəsində münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsi nəinki ölkə vətəndaşları, eləcə də, bütün dünya azərbaycanlıları tərəfindən yad edilir: “Ümummilli Lider Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Bu məqam Heydər Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri olması həqiqətinin hər kəs tərəfindən etirafıdır. Ulu Öndərimiz mürəkkəb geosiyasi məkanda Azərbaycan kimi müstəqil dövlət qurmağı bacardı. Təsadüfi deyil ki, Onun adı Azərbaycan tarixinə görkəmli ictimai-siyasi xadim, qüdrətli dövlət adamı, müstəqil dövlətçiliyimizin memarı kimi həkk olunub”.

“Bu gün bütün nailiyyətlərimizə görə, Məhz Dahi Şəxsiyyət Heydər Əliyevə borcluyuq”, deyə qeyd edən YAP Şabran rayon təşkilatının sədri həmçinin bildirib ki, bu gün Azərbaycanı uğura aparan yol Heydər Əliyev ideyalarıdır və bu ideyaların layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyev cənablarının siyasətə sadiqliyidir: “Azərbaycan bu gün cənab İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru addımlayır. Bu uğurlu yol Heydər Əliyev yoludur. Davamı müstəqil Azərbaycan dövlətinin ömrü qədər sonsuz olan bu yolda hər bir fədakar vətəndaş Heydər Əliyev ideyalarına sadiq olmalı, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməlidir. Bu, Azərbaycanın və Azərbaycan xalqının seçimidir. Əbəs deyil ki, bu gün ölkəmizdə reallaşdırılan çoxşaxəli islahatlar da Heydər Əliyev siyasətinin məntiqi davamıdır”.

Mehdi Balabəyov bildirib ki, Heydər Əliyev sözün əsil mənasında, xalqının, millətinin taleyi ilə yaşayan müstəqil Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirmək üçün rahatlıq tapmayan bir şəxsiyyət idi: “Ömrünün qalan hissəsini də xalqına qurban verməyə hazır olan Heydər Əliyev ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra xalqın inamını doğrultmaq üçün yorulmadan çalışdı, Azərbaycanı müstəqilliyini, dövlətçiliyini itirmək təhlükəsindən qurtardı. Təsadüfi deyil ki, Heydər Əliyevin xalqına, xalqın isə zəmanəmizin bu böyük şəxsiyyətinə inamı zərb-məsələyə çevrildi. "Heydər-Xalq, Xalq-Heydər!" Bəli, belə bir birlik yaranmışdır”.

YAP Şabran rayon təşkilatının sədri sonda onu da vurğulayıb ki, Azərbaycanın tarix üçün qısa bir müddətdə, başqa ölkələrin onilliklər boyu keçdiyi bir inkişaf yolunu cəmi bir neçə ildə keçməsi bu birliyin təntənəsi idi: “Xalqımız öz böyük oğlunun xatirəsini daim əziz tutacaq, müəyyənləşdirdiyi yolla daha böyük zirvələr fəth edəcəkdir. Bu gün xalqımız bütün bunların şahididir və eyni zamanda, beynəlxalq aləmin ölkəmizdə gedən prosesləri yüksək qiymətləndirmələri də qeyd olunan fikirlərin məntiqi nəticəsidir”.
XƏBƏR LENTİ
SORĞU