30 okt 19:29siyaset

Dünya Azərbaycanın yüksək bəşəri dəyərlərə, haqqa, ədalətə tapınan siyasətini təqdir edir

Dünya Azərbaycanın yüksək bəşəri dəyərlərə, haqqa, ədalətə tapınan siyasətini təqdir edirQoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət rəhbərlərinin Bakıda keçirilən XVIII Zirvə Görüşü bir neçə gün əvvəl başa çatsa da, tədbirdəki məruzə və çıxışlarda qaldırılan ciddi problemlər, onların həlli ilə bağlı səslənən dəyərli fikir və təkliflər, qəbul edilən qərarlar dünya və ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Görüşün dünya siyasətinə təsiri və əhəmiyyəti şəksizdir. Azərbaycanın bu prosesdə yeri və rolu barədə söz düşəndə, YAP Səbail rayon təşkilatı sədrinin müavini, politoloq Arzuman Muradlı dedi:

– Əvvəla ondan başlamaq istəyirəm ki, Bakının qlobal əhəmiyyətli belə bir nüfuzlu tədbirə evsahibliyi etməsi və hərəkata sədrliyin qarşıdakı üç il ərzində ölkəmizə keçməsi, şübhəsiz, tarixi hadisədir. Reallıq budur ki, xalqımızın sevimli lideri Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində Azərbaycan dünyanın əsas siyasi mərkəzlərindən birinə çevrilir.

Qoşulmama Hərəkatı (QH) bu gün dünyada BMT-dən sonra ikinci böyük təşkilatdır. Belə bir quruma sədrlik etməklə, Azərbaycan nüfuzunu daha da artıracaq. Ölkəmizin xarici siyasətinin prioritetləri bəllidir. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Bakı dünyada sülhün, tolerantlığın, tərəqqinin, ədalətin bərqərar olunmasının tərəfindədir. Dünya birliyi bunu görür və yüksək dəyərləndirir.

Konkret misallar çəkmək olar. Prezident İlham Əliyev bu il oktyabrın 26-da BMT Baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini xanım Rozmari DiKarlonu qəbul etdi. Zirvə görüşündə iştirakından məmnun qaldığını bildirən hörmətli qonaq fəxrlə qeyd etdi ki, BMT rəhbərliyi Azərbaycan liderinin irəli sürdüyü təşəbbüslərdən məlumatlıdır. Onun fikrincə, bu təşəbbüslər ən yüksək alqışa layiqdir, çünki rəsmi Bakı çoxtərəfliliyin, multikulturalizmin güclü tərəfdarıdır.

Görünən budur ki, Azərbaycanın bütün dünyada dostları ilbəil artır, düşmənləri isə xar olur. Ölkəmizin uğurları işğalçı Ermənistanı, onun rəhbərliyini kəskin narahat edir. Erməni politoloqları etiraf edirlər ki, XVIII Bakı Zirvə Görüşü Azərbaycan dövlətinin, onun lideri İlham Əliyevin beynəlxalq müstəvidə qazandığı növbəti parlaq uğurlardan biridir. Nikol Paşinyan isə İrəvanı öz şovinist, qatı millətçi siyasəti ilə sivil dünyadan təcrid edir. Təsadüfi deyil ki, QH-nin Yekun qərarında Ermənistanın işğalçı siyasətinin pislənilməsi rəsmi İrəvanı şoka salıb.

Hər bir siyasətin uğuru onun yüksək bəşəri dəyərlərə, haqqa, ədalətə tapınmasından asılıdır. Azərbaycan dövləti ədalətli siyasət yürüdür. Xarici və daxili siyasətdəki möhtəşəm uğurlarımız məhz buradan qaynaqlanır. Ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan bütün dünyaya Günəş kimi doğacaq. Bu gün bu arzu əsl həqiqətə çevrilir. Bir Azərbaycan vətəndaşı, ziyalısı kimi bunları görmək, müşahidə etmək çox qürurvericidir.

http://xalqqazeti.com
XƏBƏR LENTİ
SORĞU